Ağ Evin qanlı manifesti:Çarli Kirkin ölümü və “Müharibə Nazirliyi”

Siyasətində təsadüf yoxdur. Xüsusilə də söhbət ABŞ-dan gedirsə. Ağ Evin ətrafında hər qəfil ölüm, hər “ad dəyişikliyi” imperiyanın qapalı otaqlarında hazırlanan böyük planların parçasıdır. Çarli Kirkin qəfil qətli belə planın hissəsi olmasa belə, rəsmi Vaşinqton üçün bir çox cəbhədə faydalıdır: daxildə müxalif səsləri susdurmaq, kütlələrin enerjisini boğmaq və yeni bir mərhələyə – açıq müharibə kursuna keçidi təmin etmək.

ABŞ-da artıq Müdafiə Nazirliyi adlanan struktur yoxdur, indi bu qurum Trampın təşəbbüsü ilə Müharibə Nazirliyi adlanır. Bu açıq elan olunan hücum kursudur. İmperiya artıq özünü müdafiə etmir, imperialist müharibəni bütün dünyaya ixrac etməyə hazırlaşır.

Bu gün ABŞ-ın hərbi büdcəsi 877 milyard dollardır. Bu rəqəm dünyanın ən yaxın 10 ölkəsinin hərbi büdcəsinin cəminə bərabərdir. Çində bu rəqəm 224 milyarda, Rusiyada 109 milyarda, Hindistanda isə 81 milyarda bərabərdir. Yəni Ağ Ev təkbaşına dünyanın qalan hissəsini silahlanma yarışına məcbur edir. Bu pulların 50 faizindən çoxu birbaşa hərbi əməliyyatlara, yeni texnologiyaların hazırlanmasına və dünya boyu hərbi bazaların saxlanmasına xərclənir. ABŞ-ın hərbi maşını yalnız ölkənin özünü qorumaq üçün deyil, kapitalın maraqlarını təmin etmək üçün qurulub. Çarli Kirk kimilərin qəfil ölümü isə bu kursun daxili təminatıdır. Onların yoxluğu xalq üçün təxminən belə məzmunlu mesajdır: “Susun, biz sizin adınızdan dünyanı qan gölünə çevirəcəyik”.

Bəs ABŞ Müharibə Nazirliyi konkret olaraq harada fəaliyyət göstərir?

Yaxın Şərq – bu, ABŞ imperializminin ən böyük eksperiment meydanıdır. 2003-cü ildə İraq işğal edildi, bir milyondan çox insan öldü, milyonlarla insan aclıq və xəstəliklərlə mübarizədə həyatını itirdi. Əfqanıstanda 20 il davam edən müharibə ölkəni məhv etdi, amma “Lockheed Martin”, “Raytheon”, “Boeing” kimi silah şirkətləri milyardlarla qazanc götürdü. Suriyada “demokratiya ixracı” adı altında ölkə parçalara bölündü, yüz minlərlə insan qətlə yetirildi. Burada müharibə xalqlar üçün ölüm, ABŞ kapitalı üçünsə milyardlıq gəlir deməkdir.

Afrika hazırda yeni müstəmləkəçilik xəritəsidir. 2007-ci ildə AFRICOM adlı xüsusi komandanlıq yaradıldı. Formal məqsəd “terrorla mübarizə” olsa da, gerçək məqsəd Afrikanın qızılını, kobaltını, uranını nəzarətə götürmək. Bu gün ABŞ-ın Niger, Mali, Somali, Konqo kimi ölkələrdə hərbi bazaları var. Nəticə nədir? Çevrilişlər, vətəndaş müharibələri, resurs uğrunda qırğınlar. ABŞ Afrika xalqlarını bir-birinə qırdırmaqla həm rəqiblərini zəiflədir, həm də silah bazarını böyüdür.

Latın Amerikası isə imperiyanın “arxa bağçası”dır. XX əsrdə ABŞ Çilidə, Braziliyada, Qvatemalada saysız-hesabsız çevrilişlər etdi. XXI əsrdə bu siyasət yenidən qayıdıb. Venesuelada Maduroya qarşı çevriliş cəhdləri birbaşa ABŞ-ın dəstəyi ilə həyata keçirildi. Kuba on illərlə mühasirə altında saxlanılır. Nikaraquada xaos planları ard-arda hazırlanır. “Demokratiya ixracı” adı altında əslində xalqların taleyi kapitalla qumar masasında satılır.

Bütün bunların arxasında duran isə sadə həqiqətdir: kapital müharibəsiz yaşaya bilmir. ABŞ silah ixracında dünya bazarının 40 faizinə sahibdir. Bu, milyardlarla dollarlıq bazardır. Əgər müharibə dayanarsa, bu fabriklər dayanacaq, milyarderlərin gəliri yox olacaq. Ona görə də imperiya daim yeni cəbhələr açmağa məcburdur. İraq və Əfqanıstan müharibələri ABŞ-a 6,4 trilyon dollara başa gəldi. Bu məbləğin böyük hissəsi əsgərlərin həyatına yox, silah şirkətlərinin ciblərinə axdı.

Tarix bunu dəfələrlə göstərib. Napoleon daxildə səs-küylü fiqurları məhv etdi, sonra Avropanı işğal etdi, amma sonda yıxıldı. Hitler daxildəki “təhlükəli fiqurları” susdurdu, müharibə maşınını hərəkətə gətirdi, amma faciəvi sonluqdan qaça bilmədi. ABŞ da bu gün eyni yolu gedir – daha müasir texnologiyalarla, daha hiyləgər diplomatiya ilə, amma eyni qanlı məntiq ilə.

Marks yazırdı: “Kapital 300 faiz qazanc üçün hər cinayətə əl atar”. Bu gün cari sözlər Vaşinqtonun qapılarında qanla yazılıb. Lenin isə əlavə edirdi ki, imperializm kapitalizmin ən yüksək mərhələsidir, xalqları yalnız müharibəyə aparır. Bu gün Müharibə Nazirliyinin qurulması, yeni cəbhələrin açılması kimi ABŞ-ın atdığı addımlar bu həqiqətin canlı sübutudur.Amma imperiyaların həmişə xalqların susqunluğunu əbədi hesab etdikləri həqiqətini də unutmamalıyıq. Tarix isə başqa cür danışır. Xalqlar gec-tez ayağa qalxır, bu qanlı maşını dayandırır və imperializmi öz yaratdığı xarabalıqlar içində basdırırlar. ABŞ kapitalizmi bu gün bomba ilə, güllə ilə, qanla özünün son akkordlarını çalır, hərçənd hər imperialist mahnının son akkordu həmişə eyni olur: xalqların üsyanı.