“Avropa İttifaqının üzvü olmaq hər şeyin “Qərb standartlarına” uyğun, steril, texnokratik, səliqəli aparıldığı nizam deməkdir” mifinin onilliklərlə yaşı var. Bolqarıstanda baş verən etirazlar bu yalanın üzərinə balta kimi düşdü, nəticədə rəngli broşürlərdəki Avropa görüntüsü bir anın içində dağıldı, tozlu küçələrdə polisin dəyənəyi və gənclərin “bəsdir artıq!” çığırtısı eşidildi. Kapitalizmin “mədəni üzü” ilə “real üzü” arasında uçurum birdən-birə görünən oldu.
Bolqarıstan hökumətinin planı çox sadə idi: büdcə kəsirlərini doldurmaq üçün xalqı bir az da sıxmaq, vergiləri qaldırmaq, sosial ödənişləri artırmaq, insanları “bir az daha dözün” sözləri ilə aldatmaq. Amma bir şeyi unutmuşdular. Marksın dediyitək, kapital, xalqın səbrini faizsiz kredit kimi qəbul edir, ta ki, xalq borcunu birdən geri tələb edənə qədər. Bolqarıstanlılar da elə bunu etdilər, tədricən yığılan əsəb, artmayan maaşlar, korrupsiyanın boğazdan yuxarı gəlməsi nəticəsində insanlar küçələrə axdı və “büdcə layihəsi” dedikləri kağız parçasını hökumətin üzünə çırpdılar.
Bu etirazlar Avropanın daxilindəki sinfi savaşın çılpaq formasıdır. Gənclərin “mafiyasız Bolqarıstan” şüarı əslində korrupsiyadan daha böyüyünü hədəfləyir: iqtisadi hökmranlığı bir ovuc oliqarxın əlində saxlayan quruluşu. Bolqarıstanlılar fərqinə vardılar ki, hansı partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq, dövlət aparatının real sahibi xalq deyil, “kapitalın kollektiv komitəsi”dir. Həmin komitə isə büdcəni xalqın hesabına yox, özlərinin kapital dövriyyəsinə uyğunlaşdırır.
Burada ən gülməlisi də hökumətin “büdcəni geri götürdük, çünki xalqı eşitmək istəyirik” deməsi oldu. Kapitalist hökumətin “xalqı eşitmək” istədiyini iddia etməsi canavarın veqan olduğunu elan etməsi dərəcədə inandırıcıdır. Hökumət geri çəkildi, lakin səbəb “xalqın səsi” yox, şəhərin mərkəzini sarsıdan kütlənin qəzəbi idi. Əks halda büdcə çoxdan qəbul olunmuşdu bile.
Bu hadisə bizə bir daha göstərdi ki, Bolqarıstanla Azərbaycan arasında fərq yalnız pasportun rəngindədir, siyasi-iqtisadi anatomiyalar isə eyni xəstəlikdən əziyyət çəkir: “büdcə” xalqın ehtiyaclarına yox, hakim sinfin iqtisadi planlarına uyğun yazılır. Bolqarıstanda bu planın xarab olmasına səbəb bolqarıstanlıların səbr kasasının daşması oldu. Bizdə isə bu kasa hələ də dözür, çünki “dözmək” ideologiyası bu cəmiyyətə on illərdir sistematik şəkildə yeridilib.
Etirazların nəticəsinə gəlincə: hökumət bir layihəni geri götürməklə özünü xilas etdiyini düşünür, amma siyasətdə belə geri addımlar, əslində, hakimiyyətin zəif damarını göstərir. O damar görünən kimi isə cəmiyyətin siyasi nəfəsi dəyişir. Bolqarıstan üçün bu etirazlar, bəlkə də, illərlə tozlanmış sinfi şüurun yenidən oyadılmasıdır. İnsanlar anladılar ki, iqtisadi taleləri texnokratların deyil, onların öz əllərindədir. Və ən önəmlisi, “Avropa stabilliyi” adlanan mif bir gecənin içində əriyib getdi.
Nəticə odur ki, bu etirazlar təkcə Bolqarıstanın işi deyil. Bu, qlobal kapitalizmin bütün zəif həlqələrində gizlənən partlayıcı maddənin kiçik alovlanmasıdır. Və bəli, həmin maddənin qoxusu Azərbaycana da tanışdır.
