Böyük Oktyabr İnqilabı 108 yaşında! Kapitalizmin alternativi var

Bu gün xatırladığımız hadisə təkcə tarix dərsinin mövzusu deyil. 1917-ci il noyabrın 7-si səhər saatlarında Petroqradda Hərbi-İnqilab Komitəsi Leninin “Rusiya vətəndaşlarına!” müraciətini yayımladı: “Müvəqqəti hökumət devrildi… sülhün dərhal təklifi, torpaq mülkiyyətinin ləğvi, işçilərin istehsal üzərində nəzarəti, Sovet hökumətinin yaradılması təmin edildi”. Beləcə, sosializm abstrakt nəzəriyyə yox, siyasi praktika oldu: sovetlərə söykənən, proletariat diktaturası formasında qurulan yeni dövlət tipi meydana gəldi.

İnqilabın mahiyyəti pafosda deyil, nəticədədir. Bir neçə nümunəni xatırlayaq:

  • Sülh və torpaq: I Dünya Müharibəsindən çıxışın siyasi mexanizmi, torpaq sahibkarlığının ləğvi, kəndli kütlələrinin real azadlığı;
  • İşçi nəzarəti: İstehsalat üzərində demokratik nəzarət, 8 saatlıq iş günü, sosial müdafiənin institusionallaşması;
  • Maarif və səhiyyə: Kütləvi savadlanma, pulsuz və ümumi təhsil, ictimai səhiyyə şəbəkəsi varlılara deyil, hamıya əlçatan oldu;
  • Elmi-texniki sıçrayış: QOELRO-dan kosmosa qədər uzanan xətt, misli görünməmiş sənayeləşmə, elmin ictimai məqsədlərə səfərbərliyi;
  • Millətlər siyasəti: Öz müqəddəratını təyinetmə hüququ, çoxmillətli birgəyaşayışın institusional forması.

Bu siyahı kiminsə nostaljisi deyil, “kapitalizmin alternativi yoxdur” tezisinə faktla verilən cavabdır. Bəli, sonrakı illərdə bürokratik deformasiya, təhriflər və nəhayət, geriyə dönüş baş verdi. Amma bu faciənin özü də bir dərsdir: inqilab qalib gəlməklə bitmir, onu demokratik olaraq qorumaq, genişləndirmək, beynəlmiləlləşdirmək gərəkdir. Burada Lev Trotskinin rolu açar xarakteri daşıyır. 1905-in Petroqradsovetindən Qırmızı Ordunun təşkilinə qədər strategiya, təşkilat və beynəlmiləl perspektivdə onun böyük rolu var. Trotskinin siyasi və nəzəri irsi bu gün də iki nəsihət verir: 1) sinfi mübarizənin mərkəzinə işçi demokratiyasını qoymaq labüddür; 2) inqilabı bir ölkənin sərhədinə həbs etmək olmaz.

Oktyabr İnqilabının çağırışı bu gün də aktualdır. Qlobal bərabərsizlik, müharibələr, iqlim böhranı, platform-kapitalizmin “görünməz” istismarı eyni sualı doğurur: istehsal və həyatımız üzərində kollektiv ağıl və ictimai nəzarəti bərpa edə biləcəyikmi? Oktyabr İnqilabı “bəli”nin – özünüidarə edən sovetlər, fəhlə nəzarəti, planlı inkişaf, ümumi ictimai xidmətlərin mümkün modelini göstərdi.

Bizim üçün vəzifə nə xatirə komitəsi olmaqdır, nə də keçmişi idealizə etmək deyil, onu öyrənmək, uyğunlaşdırmaq və yeniləmək üzərindən iş yerlərində demokratik təşkilatlanma, həmkarlar ittifaqlarının dirçəldilməsi, sosial dövlətin real mexanizmləri, ictimai mülkiyyətin müasir formaları (kooperativlər, şəhər şuraları, rəqəmsal platformaların ictimailəşdirilməsi) və əlbəttə, beynəlxalq həmrəyliyi reallaşdırmaqdır.

Bayramı bu cümlə ilə yekunlaşdıraq: Oktyabr inqilabı keçmişin yadigarı yox, gələcəyin açarıdır. Yaşasın Lenin və Trotskinin inqilabi dühası. İrəli, ağlın, əməyin və həmrəyliyin qurduğu dünyaya doğru. ☭