Bakı küçələrinin daş döşəmələri üzərindən mühərrik uğultusu keçəndə sanki şəhərin nəfəsi dəyişir. Qədim İçərişəhərin divarları, minillərin sükutunu qoruyan məscidlər və saraylar birdən-birə texnogen gurultunun kölgəsində qalır. Dünya televiziyalarında parıltılı kadrlar görünür, sanki Şərqlə Qərbin kəsişdiyi yerdə müasirlik və zənginlik əl-ələ verib xalqa tamaşa qurur. Amma hər tamaşanın arxasında görünməyən aktyorlar olur. Burada bu rolu xalqın özü – susdurulmuş tamaşaçılar icra edir.
Dövlət və media bir ağızdan rəqəmlər səsləndirir: 85 faiz artan turist xərcləri, yüz milyonlarla dollarlıq “gəlir”, transmilli peşəkar xidmətlər şəbəkəsi PwC-nin “hörmətli” hesabatları. Fəqət motorların gurultusunu kəsib diqqətlə qulaq asanda başqa səs eşidilir və orada dövlət büdcəsinin boşaldılan sandığı, milyonların naməlum şirkətlərin ciblərinə axan yerindən bəhs edilir. Çünki “Formula 1” yalnız asfalt üzərindəki yarış yox, həm də maliyyə transfuziyası, xalqın cibindən kapitalın damarlarına axan pul axınıdır. Bu, kapitalizmin incə texnologiyasıdır, bayraq dalğalandırılır, “milli qürur”dan danışılır, halbuki əslində ictimai sərvət özəl sərmayəyə çevrilir. Büdcədən çıxan milyonlar məktəblərə, xəstəxanalara, kənd yolların deyil, bolidlərin bir neçə dəqiqəlik sürət şousuna sərf olunur. Ən acınacaqlısı isə budur ki, bütün bunlar xalqın adına, “Azərbaycanın qlobal imici” naminə edilir. Halbuki xalq bu imicin içində yalnız fon olaraq – stadiondakı tamaşaçı kimi qalır.
“Formula 1”in özünə nəzər salaq, bu, idmandırmı? İdman tarixi boyunca insan öz gücünün hüdudlarını aşmağa çalışıb, daş atan kəndli də, çöllərdə qaçan gənc də, topu torun içinə göndərən uşaq da eyni fəlsəfəyə – bədənin və ruhun ahəngi, sadə vasitələrlə sınanmış iradəyə xidmət edir. İdmanın gözəlliyi ondadır ki, o, kütləvi ola bilir; kasıbın da, varlının da meydançada bir yerdə gücünü sınadığı məkandır. İdman hər kəsin bərabər ayaqla daxil olduğu sahədir, lakin “Formula 1” bu fəlsəfəni alt-üst edir. Burada meydançaya çıxmaq üçün ayağın yox, milyardlıq texnologiyan olmalıdır. Burada qalib gələn əzələ gücü deyil, sponsor müqaviləsinin qalınlığıdır. Burada “idmançı”nın uğuru onun fiziki sərhədlərini aşması yox, bolidinin mühərrikinin saniyədə neçə dövrə vurması ilə ölçülür. “Formula 1” bədənlərin deyil, bank hesablarının yarışıdır, idmanı insandan alıb maşına, xalqdan alıb korporasiyaya, meydandan alıb laboratoriyaya həbs edir. Bu səbəbdən də “Formula 1” sadəcə “elit tamaşa”dır, xalqın oyunu deyil.
Bəs Azərbaycan bu “Formula 1” tamaşasının nəyinə xidmət edir? Prestij kimi təqdim edilən nədir? Prestij sadə vətəndaşın dərman tapa bilmədiyi xəstəxananın yanından keçib gedən, amma televiziyada milyonluq bolidlərin yanıb-sönən şoularını izləməyə məcbur qalan vəziyyət deməkdir. Prestij kənd müəlliminin maaşının artmaması, halbuki “Formula 1”in hosting haqqı üçün on milyonlarla dolların bir nəfəsdə ödənməsi deməkdir. Prestij xalqın gündəlik çörəyinə qıymadığı pulun, kapitalın qürur tamaşasına sərf olunmasıdır.
Mühərriklərin gurultusu hər il Bakının dar küçələrindən boylananda, şəhərin səması üzərinə bir musiqi yayılır. Yalnız bu musiqi xalqın mahnısı yox, kapitalın maskarad musiqisidir, süni işıqlar altında çalınan, parıltısı ilə göz qamaşdıran, içi boş melodiyadır. Həmin gurultu şəhərin daş döşəmələrini titrədir, ancaq xalqın qəlbini isitməz. Çünki o, əslində təkərlərin deyil, kasıbların cibindən qopan sonuncu manatların səsidir. Xalq isə susur. Susur, çünki ona ayrılan rol budur: fon olmaq, tamaşaçı olmaq, vitrində dekor olmaq. Susur, hərçənd bu susqunluğun içində də bir güc yatır. Çünki hər maskaradın, hər tamaşanın, hər saxta musiqinin bir sonu var.
Bolidlərdən gələn səs dayananda, küçələr yenidən boşalanda, təmtərağın yeri sükutla dolanda qalacaq tək bir sual: bu bütün sərvət, bu bütün dəbdəbə, bu bütün “prestij” xalqın hansı yarasını sağaltdı? Əgər cavab tapılmırsa, deməli, bu musiqi heç vaxt bizim deyildi. Və xalq bir gün öz mahnısını yenidən çalacaq, motor uğultusunun yox, azad nəfəsin, ədalətli paylaşımın, bərabərliyin musiqisini.
