Kapitalizm vitrininin arxası: bərabər başlanğıc şərtlər olmur

Bakı mərkəzində yeniyetmələr Əli və Mikayıl Ağalarovlara “ilk filial” açdıran şoular bir cümləyə yığıla bilər: vitrinin parıltısı başlanğıc şərtlərini gizlədir. Həqiqət isə kobuddur, kapitalizmdə eyni xətdə start yoxdur. Kiməsə familia, media və start kapitalı miras qalır, kiməsə bərbad təhsil və sıxılmış sosial liftlər. Məsələn, Azərbaycanda 15-24 yaş qrupunda gənclər işsizliyi 2024-cü ildə 13.7% təşkil edib. Bu, “istəyən tapar” nağılını dağıdan mifdir. Gənclərin nə təhsildə, nə məşğulluqda olduğu ilk peşə təhsili göstəricisi də uzun illər yüksək qalıb. Avropa Təlim Fondunun ölkə faylı 2022-ci il üçün 18%-i, üstəlik ciddi cins fərqini qeydə alır. PISA-2022-də Azərbaycan şagirdlərinin riyaziyyat göstəricisi isə 397 baldır, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı göstərir ki, Baku üzrə 15-yaşlıların cəmi 62%-i bir ildən çox məktəbə gedib. Bu iki fakt bərabərsizliyin zəncirinin haradan başladığını açıq şəkildə göstərir. Bu, iqtisadi fərqlərdir. Bu mənzərəni “şəxsi təşəbbüs” nağılı ilə boyayanda nələr gözdən qaçır? Marksist dillə ifadə etsək, üstünlüyün səsi miras mikrofonundadır. Kapital toplananda risklər kiçilir, xərclər azalır, simvolik nüfuz isə bazar payına çevrilir, sonra media bunu “istedad” kimi təqdim edir. Sinfi həqiqət yuxarıda mülkiyyət və renta, aşağıda əmək gücünün ucuz satışında ifadə edilir. “Bərabər imkanlar” şüarı həmin strukturun bəzək kağızıdır.

İndi gələk hamının sevdiyi “sıfırdan milyarda” mifinə. Bu mif üç fəndlə işləyir: seçmə hekayə (milyonlarla uğursuz taleni kəsib atır), başlanğıc şərtlərini gizlədir (ailə kapitalını və şəbəkəni “təsadüf”ə çevirir) və nəticəni fərdiləşdirir (struktur bərabərsizliyi görünməz edir). Faktlar pərdəni qaldırır. Ceff Bezos “sıfırdan” deyildi, valideynləri 1995-də “Amazon”a 245 573 dollar yatırmışdı, o dövr üçün gənc biznesə nəhəng startdır. Bill Geyts? IBM-lə həlledici xətti açan əlaqə anası Meri Geytsin “United Way” şurasındakı mövqeyi və IBM prezidenti Con Opel ilə tanışlığı idi. “Seattle Times” bunu arxivində açıq yazıb. “Atamdan cəmi 1 milyon aldım” deyən Donald Tramp necə? NYT araşdırmasında göstərilib ki, faktiki olaraq Donalda atasından yüz milyonlarla dollar köçürmə həyata keçirilib, “self-made” etiketi burada da çat verir.

“Sifirdan milyarder olmaq mümkündür” mifinin ən təhlükəli tərəfi onun siyasi məzmunu görünməz etməsindədir. Başlanğıcın ədalətsizliyini “tənbəllik” kimi yozur, dövlətin erkən uşaqlıq təhsili, zəmanətli ilk iş, peşə təhsili kimi real sosial liftlər qurmaq öhdəliyini kölgədə qoyur. Media isə “yeniyetmənin ilk butik-filialı” formatları ilə imtiyazı normaya çevirir, yoxsulluq və keyfiyyətsiz təhsil fon səsinə çevrilir. Bu arada sərvətin yuxarıda necə qat-qatlandığını rəqəmlər göstərir. “Oxfam”ın 2025 məlumatına görə təkcə 2024-də milyarderlərin sərvəti 2 trilyon dollar artıb və həftəlik orta hesabla dörd yeni milyarder “yaranıb”. UBS-in 2024 “Billionaire Ambitions” hesabatı isə daha sərt bir prosesi təsdiqləyir, növbəti 15 ildə təkcə “böyük varislər” xətti ilə təxminən 6,3 trilyon dollar miras keçəcək, yəni kapitalla birlikdə güc də nəsillər üzrə möhkəmlənəcək. Hətta 2023-də ilk dəfə yeni milyarderlərin ümumi sərvətində miras payı sahibkarlıq payını keçmişdi, mifin “öz gücü ilə” sütunu bir qədər də ovxalandı

Bəs “bacarığın varsa varlanarsan” arqumenti haqqında nə demək olar? Məşhur “Böyük Qeytsbi” əyrisi illərdir göstərir ki, ölkədə gəlir bərabərsizliyi nə qədər yüksəkdirsə, nəsillərarası mobiliklik də o qədər aşağıdır. Yəni pilləkən dikləşdikcə, xüsusi bacarıqların olsa belə, yuxarı mərtəbəyə lift açılmır. Deməli, məsələ mənəvi qınaq yox, ictimai hesab tələbindədir. Əgər şəhərin mərkəzində yüksək renta yaradan torpaq, infrastruktur, kommunal və simvolik resurslardan qeyri-mütənasib fayda götürülürsə, ictimai pay da şəffaf olmalıdır. Bu, “şəxsi təşəbbüs”ün inkarı deyil, onun ictimai reallıqla ölçülməsidir. Real bərabər imkan elə budur ki, hamıya eyni zirvə yox, hamıya eyni başlanğıc olsun. Bunun üçün ən aşağıdan başlamaq lazımdır. Gənclər üçün zəmanətli ilk iş imkanının əlçatan olması, yüksək renta sahələrindən ictimai dividendlər və mirasın konsentrasiyasını yavaşıdan ədalətli vergi çərçivəsi mövcud olmalıdır.

Nəhayət, vitrinin özünə qayıdaq. “Sıfırdan milyarda” mifi butaforiyadır, milyarderlərin arxasında bir qayda olaraq varlı nəsil, əlaqələr, renta, media dayanır. Lakin bərabərlik hamının eyni təltifi yox, hamının eyni xəttdən başlamaq haqqıdır. Kapitalizm bu xətti əyri çəkdiyi üçün, hər yeni parıltılı açılış əslində köhnə pilləkənləri bir mərtəbə də ucaldır. Əgər ictimai sərvəti ictimai məqsədə bağlamasaq, vitrinin arxasındakı qaranlıq zal böyüyəcək və o zalda ən uca səs yenə miraslıların mikrofonu olacaq.