Madaqaskar nümunəsi Azərbaycan üçün niyə aktualdır? Etirazların və prezidentin qaçmasının səbəbləri

Dünya mediası Madaqaskarı “Afrikanın ada-möcüzəsi”, “bioçeşidliliyin cənnəti” kimi təsvir edir. Lakin bu cənnət obrazının altında kapitalizmin ən vəhşi, kolonial laboratoriyası, yəni istismarın tropik vitrini gizlənir. Burada istehsal münasibətləri nə Avropadakı kimi sənayeləşmiş, nə də sosialist sistemlərdəki kimi kollektiv xarakter daşıyır; burada imperialist güclərin qlobal istismarı ilə yerli oliqarxiyanın yarı-feodal korrupsiyası birləşib.

Prezident Andri Radzuelina bu sistemin sinfi mahiyyətini təcəssüm etdirirdi. “Texnokrat lider” obrazı arxasında o, beynəlxalq kapitalın yerli komissarına çevrildi, Fransa, ABŞ və BMT-nin maliyyə institutları ilə “inkişaf” adı altında imzaladığı kredit razılaşmaları xalqın üzərinə yeni borc yükü gətirdi, kəndlilərin torpaqları xarici şirkətlərə satıldı, dövlət müəssisələrinin özəlləşdirilməsi ilə minlərlə insan işsiz qaldı.

Burjua mətbuatı bu gün Madaqaskar hadisələrini “korrupsiyaya qarşı etirazlar”, “enerji böhranı”, “gənclərin narazılığı” kimi izah edir. Amma bu, əlamətlərdir, səbəb deyil. Əsas səbəb kapitalizmin özüdür. Elektrik kəsintiləri, su çatışmazlığı, infrastrukturun dağılması kapitalist istehsal münasibətlərinin təbii nəticəsidir, çünki bu münasibətlərdə əsas məqsəd insan tələbatının yox, kapitalın öz-özünü artırmasının təmin olunmasıdır. Əgər dövlət enerjiyə subsidiya vermirsə, o, xalqın deyil, investorun dövlətidir. Əgər kəndlilər məhsullarını satmaq üçün bazara çıxanda dövlətin dəstəyini yox, polis dəyənəyini görürlərsə, bu, korrupsiya yox, burjua dövlətinin sinfi mahiyyətidir.

Prezident Radzuelinanın qaçması təsadüfi deyil. O, nə “satqın general”, nə də “zəif lider” deyildi, sadəcə, kapitalist dövlət aparatının ziddiyyətləri kəskinləşdi. Marks yazırdı ki, hər dövlət, nəticə etibarilə, hökmran sinfinin zorakılıq aparatıdır. Madaqaskarda bu zor aparatının içində parçalanma baş verdi: ordunun bir hissəsi CAPSAT kimi elit bölmələr şəklində xalqın tərəfinə keçdi. Bu, formal olaraq “hərbi çevriliş” kimi görünsə də, mahiyyətcə sinfi parçalanmadır: dövlət aparatının bir hissəsi artıq kapitalist nizamı qorumaq iqtidarında deyil, çünki proletar və plebey təzyiqi altında dağılır. Bu baxımdan prezidentin “qaçışı” fərdi qorxaqlıq deyil, sistemin problemdən qaçış cəhdidir. Kapitalın qaçışı, hakim sinfin panikası, öz dayaqlarının itirilməsidir.

Etirazların aparıcı qüvvəsi gənclərdir. Onların çoxu işsiz, təhsilsiz və gələcəksizdirlər, yəni klassik mənada “lümpenləşmiş proletar təbəqə”dir. Lakin bu təbəqə artıq sosial şəbəkələrdə təşkilatlanma, sinfi refleksiya və beynəlxalq əlaqələr sayəsində özünüdərkin yeni mərhələsinə keçir. Onların etirazı “romantik idealizm” yox, yeni tipli sinfi reaksiyadır, yəni kapitalizmin qlobal səviyyədə yaratdığı “ümidsiz gənclik” sinfi özünü fərqli formalarda ifadə edir. Madaqaskarda bu, sosial ədalət, su, işıq, həyat tələbi şəklindədir; sabah başqa ölkədə eyni tələb “demokratiya”, “azadlıq”, “ekoloji ədalət” adı ilə səslənəcək, amma mahiyyət eyni qalacaq: kapitalist münasibətlərin ləğvi tələbi.

Madaqaskar hələ də formal müstəqilliyinə baxmayaraq, Fransa kapitalının arxa həyətidir. Bütün əsas infrastruktur layihələri, enerji şirkətləri, limanlar və hətta kənd təsərrüfatı sektoru fransız və amerikalı korporasiyalara məxsusdur. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı “islahat” adı altında dövlətin sosial funksiyalarını məhv etdi, enerji və su özəlləşdirildi, ictimai xidmətlər pullu oldu. Belə şəraitdə xalqın etirazı artıq təkcə hökumətə qarşı yox, imperializmə qarşı sinfi başqaldırıdır. Nəticədə Madaqaskar bu gün azərbaycanlılar üçün “Afrikanın uzaq adası” yox, qlobal kapitalizmin gələcəyinin proqnozudur. Burada biz burjua dövlət aparatının çöküşünü, proletar enerjisinin spontan yüksəlişini və imperializmin sarsılmasını müşahidə edirik. Bu, marksist üçün təkcə uzaq hadisə deyil, dünyanın periferiyasında baş verənlərin mərkəz üçün xəbərdarlığıdır. Çünki kapitalizm heç yerdə – nə Antananarivu, nə Paris, nə də Bakıda sabit deyil. O, öz dağılma mexanizmini özü daşıyır.

Madaqaskar dünya kapitalist sisteminin klassik “periferiya ölkəsi” modelidir. Əsas ixrac malları vanil, nikel, kobalt, qəhvə və turizmdir, bu isə ölkəni birbaşa qlobal kapitala asılı iqtisadi struktur halına gətirib. Hər dəfə dünya bazarında xammal qiymətləri düşəndə, Madaqaskarda minlərlə işçi işsiz qalır, çünki istehsal daxili tələbat üçün deyil, imperialist bazar üçün qurulub. Marksist baxımdan bu, “bazis ilə üstqurumun asılılığı” məsələsidir. Yəni iqtisadi struktur (istehsal vasitələrinin kimə məxsus olması) dəyişmədiyi müddətcə, nə siyasi sistem, nə konstitusiya, nə də “islahatlar” xalqa azadlıq gətirə bilməz. Radzuelina hökuməti isə iqtisadiyyatı “liberallaşdırmaq” adı altında əslində onu imperialist kapitala daha da açdı: kənd təsərrüfatında torpaqlar xarici şirkətlərə 99 illik icarəyə verildi, dövlət elektrik şirkəti özəlləşdirildi, nəticədə qiymətlər ikiqat artdı, beynəlxalq kreditlər sosial sektoru yox, məmur aparatını bəslədi.

Bu, tam klassik imperialist istismar sxemidir: Lenin deyirdi ki, imperializm “kapitalın ixracıdır”, lakin bu ixrac təkcə pulla yox, hakimiyyət münasibətləri ilə də baş verir. Yəni, Madaqaskarın iqtisadiyyatı formal müstəqil olsa da, onun sinfi strukturu Parisin və Vaşinqtonun bankları tərəfindən müəyyən olunur.

Etirazların böyüməsi və ordunun bölünməsi göstərdi ki, dövlətin öz daxilində sinfi qarşıdurma pik həddə çatıb. Madaqaskarda dövlət aparatın bir hissəsi (xüsusilə CAPSAT adlı elit hərbi bölmə) artıq burjua hökumətinə xidmət etməkdən imtina etdi. Bunun səbəbi ideoloji yox, maddi sinfi maraqlardır: orduya maaşlar ödənilmirdi, zabitlər sosial təminatdan məhrum idi, inflyasiya maaşların dəyərini sıfıra endirmişdi. Beləliklə, dövlət aparatı içərisində də “proletarlaşma” prosesi baş verdi. Yəni, dövlətin zor mexanizmini qoruyan insanlar artıq sistemin qurbanına çevrildilər. Bu vəziyyətdə Radzuelinanın “qaçışı” labüd idi. Çünki dövlətin zor aparatını itirən bir prezident artıq hakim sinfinin nümayəndəsi olmaqdan çıxır, sadəcə fərd kimi qalır.

Etirazın ilkin mərhələsində tələblər “elektrik, su, həyat şəraiti” idi. Amma marksist baxışla bu tələblər maddi zəmində formalaşan ilkin sinfi reflekslərdir. Proletar sinfi hər zaman əvvəl iqtisadi tələblərlə çıxış edir, çünki onun mübarizəsi istehsal münasibətlərində başlayır. Amma bu tələblər getdikcə siyasi formaya keçir: “nəyə görə bizdə işıq yoxdur?” sualı “nəyə görə dövlət bizim deyil?” sualına çevrilir. Bu, artıq sinfi şüurun oyanmasıdır. Burada maraqlı məqam ondan ibarətdir ki, etirazın əsas iştirakçıları klassik sənaye proletarları deyil, informal sektorda çalışan, işsiz gənclər və tələbələrdir. Yəni kapitalizmin qlobal mərhələsində proletariat təkcə fabrik işçiləri ilə məhdudlaşmır, “Uber” sürücüsü, internet frilanseri, ofisi olmayan işçi, hətta diplomlu işsiz də kapitalizmin eyni zəncirində istismar olunur. Madaqaskar etirazları bunu açıq şəkildə göstərdi: proletariatın sinfi forması dəyişib, amma onun mahiyyəti dəyişməyib.

Radzuelinanın hakimiyyəti illərlə “modernləşmə” və “investisiya axını” mifləri üzərində qurulmuşdu. Bu, postkolonial ölkələrdə çox yayılmış burjua ideologiyasıdır: guya xarici kapital ölkəyə gələrsə, iş yerləri açılar, rifah yüksələr. Lakin marksist baxımdan kapitalın gəlməsi rifah yox, artıq dəyərin çıxarılması deməkdir. Madaqaskarda da belə oldu: 10 il ərzində ÜDM artsa da, real maaşlar azaldı, orta sinif yox oldu, urban proletariat kütləsi böyüdü. Bu, Marksın dediyi kimi, kapitalizmin daxili ziddiyyətidir: “Kapital elə sistem yaradır ki, məhsuldarlıq artır, amma zənginlik azlığın, yoxsulluq çoxluğun payına düşür”. Etirazlar bu ideoloji yalanı dağıtdı, xalq artıq “inkişaf” sözünə inanmır, çünki inkişaf yalnız kapitalın inkişafıdır, insanın yox.

Madaqaskar hadisələrində proletar enerjisi parladı, amma hələ təşkilatlanmadı. Bu, marksist nəzəriyyədə spontan hərəkat mərhələsi adlanır: yəni, sinfi narazılıq var, amma ideoloji mərkəz və nizamlı təşkilat yoxdur. Bu mərhələ olmadan növbəti – inqilabi mərhələyə keçmək mümkün deyil. Madaqaskar bu baxımdan tarixi sınaqdır: əgər etirazlar marksist-sosialist istiqamətə yönəlməsə, nəticə Efiopiya və ya Sudan ssenarisi kimi olacaq, “demokratik çevriliş” adı altında yeni burjua hökumətinin qurulması. Amma əgər bu enerji öz sinfi özünüdərk səviyyəsinə qalxsa, o zaman Madaqaskar periferiyadan qlobal inqilab zəncirinin yeni həlqəsinə çevrilə bilər.

Marksizm üçün “coğrafi məsafə” anlayışı yoxdur, çünki sinfi münasibətlər universal xarakter daşıyır. Madaqaskar da, Azərbaycan da, adları, dinləri və dilləri fərqli olsa belə, eyni iqtisadi mexanizm üzərində dayanır:

  • hər iki ölkədə kapital az sayda oliqarxın əlində toplanıb,
  • resurslar (Madaqaskarda vanil, Azərbaycanda neft və qaz) ixrac yönümdür;
  • dövlətlər sosial yox, burjua maraqlarına xidmət edir;
  • xalqların rifahı beynəlxalq bazarların dəyişkənliyindən asılı hala gətirilib.

Bu mənada Madaqaskar hadisələri Azərbaycan kapitalizminin gələcəyinin güzgüsü kimi oxunmalıdır. Yəni bu gün Madaqaskarda baş verənlər – enerji kəsintiləri, su böhranı, etirazlar, prezidentin qaçışı sabah enerji gəlirləri tükənəndə və iqtisadi struktur çökməyə başlayanda Azərbaycanda da eyni şəkildə təkrarlana bilər.

Madaqaskar hökuməti illərlə “inkişaf”, “modernləşmə” və “turizm potensialı” kimi şüarlarla öz burjua hakimiyyətini qorudu. Azərbaycan da bu gün eyni diskursla idarə olunur: “modern şəhərlər”, “ağıllı kəndlər”, “yaşıl enerji zonaları” kimi layihələr təqdim olunur. Hərçənd vacib sual budur: bu “inkişaf” kim üçündür?

Əgər ölkənin ÜDM-i artır, amma müəllim, həkim, fəhlə, kəndli eyni səviyyədə yaşayırsa, bu, inkişaf yox, kapitalın mərkəzləşməsidir. Azərbaycan da, Madaqaskar da bu modelin içindədir. İstehsalın məqsədi xalqın rifahı deyil, izafi dəyərin ixracıdır. Bütün “islahat” ritorikası bu reallığı ört-basdır etmək üçündür. Bu səbəbdən Madaqaskarda “enerji böhranı” deyilən şey əslində siyasi iqtisadi böhrandır, necə ki, Azərbaycanda hər qiymət artımı, hər subsidiya azaldılması, hər özəlləşdirmə dalğası eyni sinfi məzmun daşıyır.


Madaqaskar hadisələri bizə bir daha sübut edir ki, kapitalizm öz böhranlarını kənara ixrac edə bilmir; istismar harada varsa, orada etiraz da yetişəcək. Azərbaycan da bu prosesdən kənarda deyil, yalnız zaman fərqlidir. İndi məsələ budur: biz bu tarixi küləyi gözləyəcəyikmi, yoxsa onu şüurlu inqilabi küləyə çevirəcəyik?