Maskalarını atmış imperialism: Venesuela presedenti və növbədəki ölkələr

ABŞ-ın 3 yanvar 2026-cı il əməliyyatı ilə Venesuela prezidenti Nikolas Maduronun və həyat yoldaşının ələ keçirildiyini Trampın elan etməsi, ardınca da “ABŞ Venesuelanı müvəqqəti idarə edəcək” deməsi, əslində, imperializmin özünü gizlətmədən danışdığı nadir anlardan biridir. İdeoloji pərdəni yırtan detallar isə tamamilə iqtisadidir: Trampın Venesuelanın neft sənayesində ABŞ-nin “çox güclü şəkildə iştirak edəcəyini” vurğulaması klassik “demokratiya ixracı” nağılını bir cümlə ilə real məzmununa qaytarır. Bu məzmunun adı nədir? Siyasi suverenliyin zəiflədilməsi və strateji sərvətlərin nəzarətə götürülməsi. Venesuela kimi resurs ölkələrində “xilaskar” ritorikası həmişə neftin qoxusunu verir, bəzən bunu diplomatiya ətiri ilə örtürlər, bəzən də Tramp kimi birbaşa “qazanclı infrastrukturu düzəldəcəyik, işlədəcəyik” deyirlər.

İmperializm kapitalın inkişaf mərhələsinin məntiqi, iri kapitalın, maliyyə gücünün və dövlət zor aparatının bir-birinə calandığı, bazarın “azad rəqabət” nağılı ilə deyil, güc münasibətləri ilə işlədiyi mərhələdir. Venesuelada bu mexanizm addım-addım görünür, əvvəl narko-terror xarakterli ittihamlar, sonra “təhlükəsizlik” dili qərarlı əməliyyat, ardınca isə “keçid dövrü” gətirmək haqqında çıxışlar. Qəribəsi odur ki, bu ardıcıllıq elə qurulur ki, hər mərhələdə zorakılıq “qanun” adı ilə təmizə çıxarılsın. Hətta BMT rəhbərliyinin belə bunu “təhlükəli presedent” kimi görməsi təsadüfi deyil, bu hadisə dünyanın hər yerində suverenliyi şərtli, “icazə ilə yaşayan” kateqoriyaya çevirir.

Trampın “növbədə Kuba var” açıqlaması və “İran etirazçılarına dəstək verərəm” hədəsini də eyni xəttin davamı kimi oxumalıyıq. Tramp Venesuela əməliyyatının fonunda diqqətin Kubaya da yönələ biləcəyini açıq şəkildə siqnal verir. Bu hadisələr çox aydın şəkildə göstərir ki, Latın Amerikası ABŞ tərəfindən idarəetmə zonası kimi təsəvvür olunur. Yəni “xalqlar nə istəyir?” sualı ikinci plana atılır, əsas sual belə qurulur: “Bu bölgə hansı güc mərkəzinin orbitində olacaq?” İmperializm üçün xəritə, xalqların tarixi və ağrısı sadəcə logistika lövhəsində əhəmiyyət daşımayan mənasız məqamlardır.

İran məsələsində də mexanizm eynidir, sadəcə dekorasiya dəyişir. Tramp İran hakimiyyətini etirazçıları öldürməkdən çəkindirdiyini iddia edir və hətta açıq hərbi hədələmə ritorikasına keçir. İrandakı etirazların arxasında dərin iqtisadi sıxıntılar, inflyasiya və kollap dayanır. Əgər ABŞ-ni doğrudan da insan haqları narahat etsəydi, niyə eyni həssaslığı dünyanın digər yerlərində hüquqları pozulan insanlara, məsələn, Azərbaycandakı siyasi məhbuslara yönəltmir? Niyə “etirazçıya dəstək” aləti bu qədər selektivdir? Geopolitik xəritədə rəqib sayılan rejimlərə qarşı birdən-birə “xalqsevər” olan ABŞ müttəfiq avtoritarizmlərə qarşı korluqdan əziyyət çəkir. Deməli, mövzu mərhəmət yox, rəhbərlik dəyişikliyini alətə çevirmək, daxili narazılığı xarici strategiyanın mühərrikinə bağlamaqdır. Etirazın sosial kökü real ola bilər, amma imperializm həmin kökü sağaltmağa yox, onu öz siyasətinə qoşmağa gəlir.

Trampın xarici siyasətlə bağlı bütün açıqlamalarının alt mətnində eyni təkəbbür var: ABŞ özünü regional və qlobal hakim kimi təqdim edir. Bir dövlətə qarşı açıq idarəçilik iddiası, o birinə müdaxilə hədəsi, üçüncüsünə isə növbəti hədəfi elan edən ultimatum tonunda “gözləyin, sizə də çatacaq” açıqlamaları imperializmin zərurət olanda maska taxdığını, zərurət olanda maskanı çıxardığını göstərən tarixi hadisələrdir. Tramp fenomeni burada sadəcə imperializmin uzun illər PR-la örtülmüş cümlələrini ifşa edir.

Bu mahiyyətin sinfi nəticəsi ağırdır və adətən eyni adamlara dəyir. Ölkələrin yuxarı təbəqələri yeni himayədarlarla anlaşma kanalları axtaranda, aşağı təbəqələr bombardmanın, sanksiyanın, qiymət şokunun, işsizliyin, miqrasiyanın içində “geosiyasət” sözünün nə demək olduğunu öz dərisi ilə anlayırlar. Venesuela əməliyyatı artıq regionda qaçqın axını riskindən danışdırır, qonşular sərhəddə hazırlıq görür, beynəlxalq təşkilatlar həyəcan siqnalı verir. İranda etirazın fonunda iqtisadi kollapsdan danışılır, bu kollapsın necə dərinləşəcəyini isə hərbi hədələr və daha sərt sanksiya ehtimalları artırır. Yəni “xilas” paketinin içindən çox vaxt yeni dağıntı çıxır, halbuki onu ABŞ dünyaya “demokratiya”, “nizam” adı ilə satır.

Marksist nəticə sərtdir, amma aydındır: ABŞ imperializmi Venesuelada etdiyi kimi, dünyanın müxtəlif nöqtələrində dövlət suverenliyini şərtli edir, daxili siyasəti “keçid planı”na çevirir, resursu “bərpa və investisiya” adı altında yenidən bölüşdürmək istəyir. Kuba “növbə” söhbəti ilə bu, regional xəttə yayılır; İran etirazçılarına “dəstək” bəyanatı ilə bu, daxili narazılıqları geosiyasi leverə çevirir.

Nə Maduro rejimini romantikləşdirmək, nə də İran hakimiyyətinə “anti-imperialist” don geyindirmək lazım deyil. Marksist mövqe xalqların suverenliyini və əməkçi siniflərin həyatını həm daxili avtoritarizmdən, həm də xarici zorakılıqdan qoruyan xətt qurmaqdır. Trampın cümlələri isə gücün özünü kifayət saydığı üçün maskaları ata bildiyini göstərir. Əgər Venesuela presedenti normallaşarsa, qanun anlayışı güc mərkəzlərinin cibində gəzən sənədə çevriləcək və heç bir həqiqi əhəmiyyəti qalmayacaq.