Meksika etirazları: narkomüharibə, femisid və kapitalizmin qana batmış laboratoriyası

Meksikada yeni etiraz dalğası baş verir və küçələrə çıxan minlərlə insanın əlində tutduğu plakatlarda korrupsiya, zorakılıq, kartellər, “Morena rədd olsun” şüarlarını görmək mümkündür. Formal olaraq, söhbət yalnız anti-korrupsiya aksiyalarından getsə də, əslində bu, Meksika cəmiyyətinin illərlə yığılan ziddiyyətlərinin partlamasıdır. Bu hadisələrə marksist baxış bizi “pis məmurlar” və “yaxşı islahatlar” səviyyəsindən çıxarıb, Meksikanı periferik kapitalizmin laboratoriyası kimi görməyə məcbur edir.

1 noyabr 2025-ci ildə Miçoakan ştatının Uruapan şəhərinin meri Karlos Manzo Ölülər Günü (“Día de los Muertos”) tədbiri zamanı yüzlərlə insanın gözü qarşısında güllələndi. O, açıq şəkildə təşkil olunmuş cinayətkarlığı tənqid edən, federal hökumətdən kömək istəyən, kartellərə qarşı sərt mövqe tutan fiqur kimi tanınırdı. Miçoakanda bir neçə mer öldürülüb, bu region Jalisko Yeni Nəsil Karteli və digər qrupların mübarizə meydanına çevrilib. Manzonun ölümündən dərhal sonra Miçoakanın paytaxtı Moreliya şəhərində minlərlə insan küçəyə çıxdı, “Yetər artıq!”, “Manzo ölmədi, onu hökumət öldürdü” şüarları səsləndi. Aksiyanın bir hissəsi hökumət sarayını basdı, binada dağıntılar törədildi, polis gözyaşardıcı qazla cavab verdi.

15 noyabrda isə etiraz dalğası ölkəmiqyasına çıxdı. Mexiko şəhərində təxminən 17 min nəfər, Quadalaxara, Nuevo-Leon, Miçoakan, Aqvaskalyentes və digər ştatlarda on minlərlə insan meydanlara toplandı. “Generation Z Mexico” adlı qrup sosial mediada çağırışlar edərək özünü zorakılıqdan, korrupsiyadan və hakimiyyət sui-istifadəsindən bezmiş gəncliyin səsi kimi təqdim etdi və 12 maddəlik manifest yaydı. Həmin sənəddə prezident Klaudiya Şeynbaum üçün dərhal geriçağırma referendumu, kartel zorakılığının yüksək olduğu ştatlarda təhlükəsizlik siyasətinin sərtləşdirilməsi, korrupsiyaya və səlahiyyət sui-istifadəsinə qarşı daha sərt qanunvericilik, məhkəmə sisteminin yenidən qurulması kimi tələblər irəli sürülür.

Mexiko şəhərində yürüş əvvəlcə dinc başlasa da, etirazçılar Zokalo meydanına çatanda vəziyyət kəskinləşdi: “qara blok” tipli maskalı qrup Milli Sarayı qoruyan metal baryerləri sökməyə başladı, xüsusi təyinatlı polis gözyaşardıcı qazdan istifadə etdi. Nəticədə 20 mülki şəxs, 100-dən çox polis yaralandı, onlarla insan saxlanıldı. Prezident Şeynbaum zorakılığı pislədi, “dəyişiklik üçün zorakılıqdan istifadə olunmamalıdır” dedi və aksiyaların əsasən gənclər tərəfindən deyil, sağ müxalifət və oliqarx maraqları tərəfindən ələ keçirildiyini iddia etdi.

Formal xronika belədir. Lakin hadisələrin mahiyyəti onların arxasındakı sinfi və struktur məzmunu açdıqda anlaşılır. Meksikanın “narkomüharibə” reallığı çox vaxt kriminal dram kimi təsvir olunur, sanki normal, “sivil” kapitalizm var, bir də onu pozan “kartel cinayətkarları”. Halbuki kartellər bu sistemin xarici “şişi” yox, onun öz periferik iqtisadi modelinin daxilində yetişmiş formasıdır. 1970–ci illərdən bəri kənd təsərrüfatında kiçik fermerliyin və kollektivi xatırladan strukturların dağıdılması, NAFTA/USMCA kimi müqavilələrlə Meksika kəndinin ABŞ bazarına asılı hala salınması, şəhərlərdə qeyri-sabit, aşağı maaşlı işlərin artması yüz minlərlə gənci ucuz əmək, qeyri-formal iqtisadiyyat və narkotik biznesi arasında seçimə məhkum edib.

Manzonun qətlində şübhəli şəxs kimi tanıdılan 17 yaşlı yeniyetmə qatil metanfetamin asılısı, kriminal qruplar tərəfindən istismar edilən gənc idi. Bu, Meksikada yüz minlərlə uşaq və yeniyetmə kartellərin “işə götürmə bazası”na çevrilib.  Və bu mənzərədə kartel kapitalı, maliyyə və sənaye kapitalı, həmçinin dövlət aparatı bir-birindən tam ayrılmış sahələr kimi yox, eyni sinfi marağın – kapital yığımının müxtəlif fraksiyalarıdır. Bu ölkəyə silahlar ABŞ-dən gəlir, narkotiklər yenə ABŞ bazarına gedir, Meksika bu dövriyyənin qana batmış tranzit zonasıdır. Burada narkomüharibə əslində sinfi müharibənin konkret formasıdır, məhv edilənlər əsasən işçi sinfi və kənd kasıblarıdır, qazanılan avanqard mənfəət isə qlobal kapitalist zəncirlərə daxil olur.

“Generation Z Mexico” öz tələblərini korrupsiyaya, zorakılığa və səlahiyyət sui-istifadəsinə qarşı mübarizə kimi formalaşdırır. Bu baxımdan etirazçılar haqlıdırlar, Meksikada rüşvət, cinayətkar qruplarla gizli anlaşmalar, cəzasızlıq real sosial fəlakətə çevrilib. Amma diqqət edək, nə kartel iqtisadiyyatının xüsusi mülkiyyət bazasına, nə Meksikanın ABŞ imperializminə struktur asılılığına, nə də işçi sinfinin kollektiv təşkilatlanmasına toxunulur. Tələb olunan, mahiyyətcə, “təmiz, şəffaf, effektiv kapitalizm”dir. Yəni problem kapitalizmin özündə yox, sanki “pis məmurlar”da və “pozulmuş institutlar”dadır. Bu, qəzəbi sistemin özündən çəkib, onun idarəçilik formalarına yönəldən klassik liberal ideologiyadır. Korrupsiya burjua ideoloqları üçün kapitalizmin “səhvi”dir; marksist baxış üçün isə o, sistemin periferiyada normal iş mexanizmlərindən biridir. Təsadüfi deyil ki, sağçı partiyalar və oliqarxlar, o cümlədən Visente Foks və Rikardo Salinas bu etirazları “ümid işığı” kimi təqdim edir, hakim Morena partiyasını “narkodövlət” elan edərək, cəmiyyətin qəzəbini öz siyasi kapitallarına çevirirlər.  Beləliklə, gəncliyin haqlı qəzəbi, əgər sinfi şüurla birləşdirilməzsə, liberal və sağ-populist layihələr üçün yanacaq materialına çevrilir.

Bu aksiyalarda iştirak edənlərin sosial tərkibi qarışıqdır, tələbələr və şəhər orta təbəqəsinin gənc nümayəndələri, prekariat, qeyri-sabit işlərdə çalışan gənc işçilər, həmçinin  sağçı/liberal fəallar, influenserlər etirazçılarlar kütləsində təmsil olunur. Qəzəbin maddi baza­sı işsizlik, güvəncsizlik VƏ zorakılıq qorxusu tamamilə sinfi xarakter daşıyır. Amma bu qəzəb ideoloji cəhətdən formalaşmayanda, iki əsas istiqamət görünür:

  1. Sağ-populist həll – kapitalın hakimiyyətinə toxunmadan daha çox polis, daha çox həbsxana, “Meksikalı Bukele” tipli “güclü əl”;
  2. Sinfi istiqamət – real alternativ kimi ictimai mülkiyyət, sosialist demokratiya, kartel iqtisadiyyatının və oliqarx sərvətinin kollektiv nəzarət altına alınması perspektivi.

Bugünkü etirazlarda ikinci xətt hələ çox zəifdir. Hərəkat nə qədər “yalnız gənclərin səsi” kimi təqdim olunsa da, artıq indi burjua müxalifətinin və xarici güclərin onu öz hegemoniyasına qatmaq cəhdləri aydın görünür.

Digər tərəfdən isə Meksikanın yalnız narkozorakılıqla yox, həm də femisid böhranı ilə gündəmdə olması təsadüfi deyil. Rəsmi məlumatlara görə, son illərdə Meksikada gündə orta hesabla 10 qadın öldürülür, femisid faktları yüzlərlədir və bu rəqəmlər artan xətlə gedir.  Bu zorakılıq patriarxal mədəniyyətin məhsulu olduğu qədər, həm də kapitalist sistemin sosial reproduksiya sferasını – ev işləri, qayğı, emosional zəhməti ucuz saxlamaq üçün qadın bədəninə yönəltdiyi struktur təzyiqin nəticəsidir. Dövlət femisidə qarşı qanunlar qəbul edir, kampaniyalar aparır, amma iqtisadi-sosial əsaslara toxunmadığı üçün köklü dəyişiklik yaranmır.  

Eyni zamanda, Meksika şəhərində bu ilin iyulunda baş verən anti-gentrifikasiya etirazlarını xatırlayaq: Kondesa və Roma kimi məhəllələrdə kirayələrin 50%-ə qədər artması, “digital nomad”ların və “Airbnb” dalğasının yerli sakinləri sıxışdırmasına qarşı minlərlə insan yürüş etdi, bahalı mağazalar dağıdıldı, turistlər hədəfə alındı.

Meksikadakı etirazlarda üç xətt birləşir:

  • Narkozorakılıq – kapitalın qanlı dövriyyəsi;
  • Femisid və qadına qarşı zorakılıq – patriarxal strukturun kapitalist reproduksiya ilə birləşməsi;
  • Gentrifikasiya və turizm kapitalizmi – şəhər məkanının sərmayə üçün “təmizlənməsi”, kasıbların mərkəzdən qovulması.

Bu hadisələr bir-birindən ayrı “problemlər” deyil, eyni istehsal rejiminin müxtəlif sahələrdə yaratdığı nəticələrdir. “Generation Z” etirazları bu triadanın içində – zorakılığın və qeyri-bərabərliyin normallaşdığı cəmiyyətin gənclik reaksiyası kimi meydana çıxır. Gənclik qəzəbi haqlıdır, amma hədəfi düzgün seçmək üçün marksist analizin məhz bu əlaqələri açması vacibdir.

Meksikada baş verənlər, əslində, kapitalizmin gələcəyi haqqında xəbərdarlıqdır. Zorakılıq gündəlik həyatın fonuna çevrilir, gənclik ümid və perspektiv görmədiyi üçün qəzəb və apatiya arasında qalıb, qadınlar sistemli olaraq zorakılığın hədəfinə çevrilir, şəhərlər turizm və daşınmaz əmlak kapitalı üçün “oyun meydançası”na çevrilərək yerli əhalini sıxışdırır, dövlət aparatı isə eyni vaxtda həm zəif (kartellər qarşısında), həm də qəddar (etirazçılar qarşısında) görünür.

Bu fonda Meksikadakı etirazları sadəcə “korrupsiyaya qarşı gənclik üsyanı” kimi oxumaq kifayət deyil. Bu, periferiya kapitalizminin dərin struktur böhranının, imperialist asılılığın, patriarxal zorakılığın və gentrifikasiyanın kəsişdiyi nöqtədə yaranmış sinfi narazılıqdır. Sual budur: bu narazılıq hansı istiqamətə yönələcək? Daha sərt polis rejiminə, sağ-populist “güclü lider” arzusuna, “təmiz kapitalizm” illüziyasına, yoxsa kartel və oliqarx sərvətinin ictimai nəzarətə götürüldüyü, şəhər məkanının və əsas xidmətlərin əmtəə olmaqdan çıxarıldığı, zorakılığın mənbəyi olan istehsal və mülkiyyət münasibətlərinin dəyişdirildiyi sosialist perspektivə? Məhz bu sualları açıq şəkildə qoymaq və cavabı “pis məmurların dəyişdirilməsində” deyil, sistemin özündə axtarmaq oxucunu qaçılmaz şəkildə marksizmə yaxınlaşdırır. Meksikaya baxanda gördüyümüz, əslində, bugünkü dünyanın sabahıdır. Məsələ odur ki, bu sabahı hansı cəmiyyət forması ilə qarşılayacağıq.