2001-ci ildən etibarən Azərbaycan hər il bu gün Neftçilərin bayramı kimi qeyd edilir. Televiziya ekranlarında pafoslu reportajlar, afişalarda gülümsəyən fəhlə şəkilləri, tribunadan oxunan tərifli sözlər… Amma bu pafosun fonunda acı həqiqət gizlənir: bir tərəfdə SOCAR-ın İtaliyada 2,5 milyard avro dəyəri olan “Italiana Petroli” neft emalı zavod alması xəbəri, digər tərəfdə isə SOCAR tərəfindən Azərbaycanda son 15 ildə 31 500 iş yerinin bağlanması barədə məlumat. Paradoks burada açıq görünür, kapital sərhədləri aşır, sərvət Avropaya daşınır, amma azərbaycanlı işçilər öz ölkəsində işsiz qalır.
Kapitalın təbiəti insanı yox, mənfəəti mərkəzə qoyur. SOCAR da bu məntiqdən kənarda deyil. Bu struktur günümüzdə artıq təkcə milli şirkət deyil. 2023-cü ildə onun gəlirləri 40 milyard dollardan artıq olmuşdu. İşçi sayı isə əvvəlki onilliklərlə müqayisədə kəskin azalıb: 2010-cu illərin əvvəlində bütün ölkələrdə 100 minə yaxın işçi çalışırdısa, 2023-cü ildə bu rəqəm təxminən 45-50 min arasında dəyişir. Bu, texnologiyanın tətbiqi, idarəetmədə “səmərələşmə”, yəni işçi qüvvəsinin kütləvi ixtisarları deməkdir. İndi də üstəlik rəsmi açıqlanır ki, Azərbaycanda ümumilikdə 31 500 iş yeri bağlanıb. Bu rəqəm minlərlə ailənin çörəyinin kəsilməsi, minlərlə uşağın sabahının təhlükəyə düşməsi deməkdir.
Eyni zamanda dövlətin əsas gəlir mənbəyi olan Azərbaycan Respublikası Dövlət Neft Fondu 2024-cü ildə 53 milyard dollardan artıq aktivə malik idi. Amma bu sərvət işsizlərin sosial təminatı üçün yox, xaricdə dövlət istiqrazlarına, daşınmaz əmlaka yatırılır. Norveçin Neft Fondu isə, müqayisə üçün deyək, artıq 2 trilyon dollara yaxın aktiv idarə edir və bu sərvət xalqın sosial təminatına – pensiyalar, təhsil, səhiyyə və gələcək nəsillərin rifahı yönəlir. Azərbaycanda isə neft fondu xalqın sosial təminatını gücləndirmək əvəzinə, kapitalın beynəlxalq hərəkətinə xidmət edir. Burada sual yaranır: niyə SOCAR İtaliyada zavod alır, amma Azərbaycanda minlərlə iş yeri bağlanır? Cavab sadədir. Kapital həmişə sərfəli bazarlar axtarır. İtaliyada hazır infrastruktur var, Avropa bazarı daha gəlirlidir, hüquqi mühit sərmayəni qoruyur. Azərbaycanda isə kapital üçün əsas hədəf yalnız hasilatdır, daxili bazar və istehsal isə “ikinci dərəcəli”dir. Marksın dediyi kimi, kapitalın vətəni yoxdur, onu yalnız qazanc maraqlandırır.
Neftçilərin bayramı əslində işçilərin zəhmətinə ehtiram günü olmalı idi. Lakin bu gün bayram daha çox kapitalın şənliyinə çevrilib. Əmək adamı isə dövlət təmtərağında yox, işsizliyin səssizliyində qalır. İşçilər yalnız zəhməti ilə sərvət yaradır, amma həmin sərvətin bəhrəsi ona qayıtmır. Buradan çıxarılan nəticə təkcə iqtisadi yox, həm də sosial-fəlsəfi xarakter daşıyır. Kapitalizmin qanunauyğunluğu bir daha təsdiqlənir:
- Sərvət və kapitalın vətəni yoxdur, o daha çox qazanc gətirən yerdə məskunlaşır, sərhədləri aşır;
- İşçinin isə vətəni var, o, öz torpağında qalır, amma çox vaxt işsizliyə, yoxsulluğa və gücsüzlüyə məhkum edilir.
- Dövlət isə xalqa yox, kapitala xidmət edir; milli sərvət xalqa yox, qlobal bazara işləyir.
Bu mənzərənin marksist izahı bizə göstərir ki, tarixin hərəkətverici qüvvəsi sinfi mübarizədir. SOCAR-ın İtaliyada zavod alması da, Azərbaycanda 31 500 iş yerinin bağlanması da bu mübarizənin təzahürüdür. Kapital öz bayramını qeyd edir, işçi isə yalnız mübarizə ilə öz bayramını qazanacaq.
Əgər sabah SOCAR yenə başqa bir ölkədə zavod açsa, bizdəki bayramlar daha da mənasız görünəcək. Çünki sərvətimiz öz evindən, xalqından uzaqlaşıb yad torpaqlara axacaq, amma işçilər öz vətənində yenə işsizliyin və yoxsulluğun qaranlığında qalacaq. Əsl bayram yalnız o gün gələcək ki, neftin gəliri xaricə daşınmasın, xalqın çörəyinə çevrilsin; neft fondu kasıbı və işsizi unudub qlobal bazarlara deyil, öz xalqına dayaq olsun; istehsal vasitələri bir ovuc oliqarxın əlindən alınaraq, bütün cəmiyyətin ixtiyarına verilsin. O zaman bu günlər sadəcə “bayram” yox, işçinin, xalqın öz zəhmətinin həqiqi şənliyi olacaq.
