Xalqlar niyə ayağa qalxır? Nepal və dünyanın yeni üsyan coğrafiyası

Dünya son onilliklərdə ardıcıl etiraz dalğalarının şahidi olur. 2025-ci ilin sentyabrında Nepalda sosial media qadağalarına, korrupsiyaya və nepotizmə qarşı başlayan kütləvi etirazlar əslində neoliberalizmin Asiya miqyasında necə böhran yaratdığının nümunəsidir. Burada ən diqqətçəkən cəhət gənclərin, yəni “Gen Z”in əsas qüvvəyə çevrilməsidir. Nepal hökuməti sosial mediaya qadağa qoyaraq, gənclərin həm ifadə, həm də təşkilatlanma vasitəsini əlindən almağa çalışdı. Amma nəticə əksinə oldu, etirazlar küçələrə daşdı, hökumət devrildi, ölkənin ilk qadın baş naziri müvəqqəti hakimiyyətə gətirildi. Bu hadisə göstərdi ki, neoliberal dövrdə texnologiyanı nəzarətə götürmək mümkün deyil, əksinə, qadağa qəzəbi radikallaşdırır. Nepal etirazları həm də gəncliyin artıq yalnız gələcəyin yox, bu günün siyasi subyekti olduğunu sübut etdi.

Nepalda korrupsiya və nepotizmə qarşı ayağa qalxan gənclərin nümunəsi nadir hadisə deyil. Planetin ən fərqli hissələrində meydanlarda müxtəlif dillərdə eyni həqiqəti səsləndirilir: mövcud sistem artıq nəfəs ala bilmir! Maraqlıdır ki, bu etirazlar ildən-ilə daha kəskin, daha radikal xarakter alır. Sual yaranır: nəyə görə bu gün radikalizm, sanki, xalqın yeganə seçiminə çevrilib?

Məsələyə cavab üçün öncə son illərdə dünyada baş verən etirazları xatırlamaq olar.  Fransada sosial dövlətin çöküşünə qarşı mübarizə bu mənada xüsusilə diqqət çəkir. 2023–2024-cü illərdə bu ölkədə pensiya yaşının artırılmasına qarşı baş qaldıran milyonlarla insan küçələrə çıxdı. Maraqlı məqam budur ki, Fransa Avropanın ən güclü sosial dövlət ənənəsinə malik ölkələrindən biridir. Lakin neoliberal islahatlar bu ənənəni sarsıtmağa cəhd göstərirdi. Fransalı müəllimlər, işçilər və gənclər əslində bir tələbi dilə gətirirdilər: “Biz sadəcə işləmək yox, həm də insan kimi yaşamaq istəyirik”. Bu şüar Marksın iş gününün uzunluğu ilə bağlı yazdıqlarını xatırladır. Kapital üçün pensiya islahatı büdcənin balanslaşdırılması vasitəsidir, amma işçi üçün ömürdən qopan illərdir. Buna görə də Fransa etirazları göstərdi ki, sosial dövlətin məhv edilməsi Avropanın ürəyində belə xalqı radikal mübarizəyə aparır.

Latın Amerikası neoliberal eksperimentlərin laboratoriyasıdır. 2019-cu ildə Çilidə metro biletlərinin qiymət artımı qığılcım oldu, amma milyonlarla insan küçəyə çıxdı. Söhbət yalnız biletdən getmirdi, xalq bunu sadəcə bir peso deyil, bütövlükdə cəmiyyət üzvlərinin həyatlarının dəyərsizləşdirilməsi kimi qiymətləndirdi. Kolumbiyada isə 2021-ci ildə vergi islahatları əleyhinə başlayan etirazlar dövlətin repressiyası ilə toqquşdu. Amma maraqlı cəhət bundadır ki, Latın Amerikası ölkələrində etirazlar təkcə iqtisadi tələblərlə bitmir, həm də yeni konstitusiya, yeni sosial müqavilə tələb edilirdi. Yəni xalq yalnız “çörək” yox, sistemin dəyişməsini istəyirdi. Latın Amerikası nümunələri göstərir ki, neoliberalizm yalnız iqtisadi model deyil, bütöv həyat tərzini məhv edir. Ona görə də etirazlar qaçılmaz olaraq radikal xarakter alır.

İranda 2022-ci ildə başlayan “Qadın, həyat, azadlıq” şüarı altında etirazlar yalnız mədəni-mənəvi məsələlərə aid deyildi. Əslində, bu etirazların arxasında da işsizlik, iqtisadi qeyri-bərabərlik, gənclərin gələcəyə inamsızlığı dayanırdı. Avtoritar rejim bu narazılığı zorakılıqla boğmaq istədi, amma bu, radikalizmi daha da artırdı. İran nümunəsi göstərir ki, neoliberalizmin böhranı avtoritar rejimlə birləşdikdə, etirazlar həm sinfi, həm də siyasi-mədəni xarakter daşıyır. Burada küçələrdəki mübarizə sadəcə iqtisadi ədalət uğrunda deyil, həm də insan ləyaqəti uğrunda bir savaşa çevrilir.

ABŞ da etirazların yaşandığı, lakin bəzən daha local xarakter daşıması ilə fərqlənir. Məsələn, “Black Lives Matter” hərəkatı polisin zorakılığına qarşı başlasa da, sonradan sosial-iqtisadi bərabərsizliyin də simvoluna çevrildi. 2020-ci ildə minlərlə insan pandemiya dövründə işsizlik və səhiyyə böhranı ilə üzləşərkən küçələrə çıxdı. ABŞ nümunəsi maraqlıdır, çünki neoliberalizmin doğulduğu və ixrac edildiyi ölkənin özündə də legitimlik böhranı yaşanır. Demokratiyanın “beşiyi” kimi təqdim olunan bu ölkədə seçkilərə inamın zəifləməsi, korrupsiyanın artması, işçi sinfinin təşkilatsız qalması etirazları radikallaşdırır. Bu, kapitalizmin öz ürəyində dağılmaqda olduğunu göstərən işarələrdir.

Ümumilikdə neoliberal ideologiya dünyaya özünü azadlıqların daşıyıcısı kimi təqdim edir. Söz azadlığı var, mətbuat azadlığı var, seçki hüququ var Və doğrudan da, bu hüquqlar konstitusiyalarda yazılıb, beynəlxalq konvensiyalarda təsbit olunub. Lakin bu azadlıqların praktikası tamam başqa mənzərə yaradır. Danışmaq olar, amma efir kanallarının hamısı oliqarxların əlindədir. Yazmaq olar, amma reklam bazarından pay almadıqca qəzetin ömrü bir mövsüm sürəcək. Seçmək olar, amma seçiləcək şəxsi çoxdan beynəlxalq maliyyə qurumları və kapital maraqları müəyyən edib.

Neoliberalizmin əsas mahiyyəti də elə hüquqların formal mövcudluğu ilə onların faktiki istifadəsi arasındakı uçurumdadır. Hüquqlar vitrin kimi saxlanılır, içi isə boşaldılır. Nəticədə insan azadlığa sahib olduğunu bilir, amma onu tətbiq etmək istədikdə qarşısında görünməz divarlara dəyir. Bu uçurum dərinləşdikcə xalq radikallığa sürüklənir. XIX əsrdə işçilər hüquqların yoxluğu səbəbindən barikadalar qururdularsa, XXI əsrdə gənclər hüquqların illüziya olması səbəbindən küçələrə çıxırlar.

Parisdə müəllimlər “çörək”dən çox “hörmət” tələb edirlər. Katmanduda gənclər sadəcə iş yox, gələcək istəyirlər. Buenos-Ayresdə avtobus sürücüsü maaşla yanaşı, ləyaqət tələb edir. Bu günkü etirazların dili iqtisadi tələblərlə paralel, əxlaqi üsyanı da ifadə edir. Və əxlaqın pozulduğu yerdə qəzəb qaçılmaz olaraq radikallaşır.

Hökumətlər isə xalqın bu qəzəbinə polisin dəyənəyi ilə cavab verir. Parlamentlər korporasiyaların lobbi ofisinə çevrilib, məhkəmələr korrupsiya bataqlığında boğulub, media sahibkarın reklam müqaviləsinin əsirinə dönüb. Belə bir mühitdə xalqın əlində yalnız bir yol qalır – küçə. Küçə isə tarix boyu hakimiyyətin ən böyük kabusu olub. Lenin  əbəs yerə yazmırdı ki, inqilab günlərində xalq bir neçə saatda elə dərslər öyrənir ki, illərlə parlamentdə bunları öyrənə bilmir.

Əslində, bu mənzərə tarixi dejavü effekti yaradır. XIX əsrdə Avropanın mədən işçiləri və toxucuları kapitalın amansızlığına qarşı ayağa qalxırdı. Bu gün isə qlobal gənclik neoliberalizmin riyakar vitrinlərinə qarşı üsyan edir. Fərq yalnız budur ki, indi texnologiya bu qəzəbin həm katalizatoru, həm də tribunasıdır. Sosial şəbəkələr, “Diskord” kanalları, “Teleqram” qrupları yalnız təşkilatlanma aləti yox, həm də alternativ ictimai meydanlardır. Dövlətlər bu platformaları qadağan etdikcə, gənclər onları daha da radikal mübarizə mərkəzinə çevirirlər.

Akademik baxışdan bu prosesləri kapitalizmin struktur böhranı kimi izah etmək olar. Kapitalizm tarixən iqtisadi (maliyyə böhranları), siyasi (legitimlik böhranları) və sosial (işsizlik, qeyri-bərabərlik) böhranlar üzərində dayanıb. Fəqət neoliberalizm dövründə böhranların bütün formaları eyni vaxtda və bir-birini gücləndirərək baş verir. 2008-ci ilin maliyyə fəlakəti, pandemiya və inflyasiya dalğaları göstərdi ki, neoliberal model həssas və dayanıqsızdır. Parlamentlər artıq xalqın yox, maliyyə oliqarxiyasının maraqlarını ifadə edir. Gənclər işsiz, işçilər zəhmətinin dəyərsizləşməsindən yorğun, orta təbəqə isə yoxa çıxmaq təhlükəsi ilə üz-üzədir. Bu böhranların birləşməsi radikallaşmanı yalnız “emosional partlayış” kimi yox, sistemin obyektiv ziddiyyətlərinin nəticəsi kimi izah edir.

Marksizmin böyük üstünlüyü məhz burada üzə çıxır. O, etirazların təsadüfi yox, sistemli səbəblərin nəticəsi olduğunu göstərir. Marks və Engelsin dediyi kimi, “indiyədək bütün tarix sinfi mübarizələrin tarixidir”. Bugünkü sinfi mübarizə yeni formalar alsa da, mahiyyəti eynidir. Sosial media həmkarlar ittifaqlarının zəifliyini qismən kompensasiya edə bilər, amma real dəyişiklik üçün təşkilatlanmış siyasi güc – işçi sinfinin partiyası zəruridir. Əks halda küçə üsyanları yanıb-sönən alovdan başqa bir şey olmayacaq. Beynəlmiləl həmrəylik də həyati vacibdir. Çünki kapital qlobaldırsa, mübarizə də qlobal olmalıdır. Fransa küçəsindəki müəllimlə Nepal meydanındakı tələbənin qəzəbi eyni kökdən – kapitalın hökmranlığından doğur. Onların mübarizəsi birləşməsə, kapital hər ölkəni ayrı-ayrılıqda məğlub edəcək.

Dünyadakı mövcud vəziyyətdə xalqın barışmaz radikalizmə sürüklənməsi nə romantik seçki, nə də “ekstremist əhval” deyil, sistemin diqtəsidir. Çünki kapitalizm yalnız iqtisadiyyatın yox, insan ləyaqətinin də talançısıdır. İnsan ləyaqəti yeyildikdə isə ən sonuncu üsyan başlayır. Marksist cavab aydındır, bu üsyanı xaos və terrora yox, təşkilatlanmaya və sosialist proqramın həyata keçirilməsinə çevirmək. Çünki küçələrin qəzəbini tarixin lokomotivinə çevirmək yalnız o zaman mümkündür ki, xalq öz siyasi gücünə sahib çıxır.