Dünyanın bir çox yerində 25 noyabr Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü küçələrdə şüarlarla, yürüşlərlə, feminist və sol hərəkatların etirazları ilə qeyd olunarkən, bizim ölkədə rəsmi ideologiya ailə dəyərləri haqqında pafoslu çıxışlar edir, amma həmin ailələrdə döyülən, boğulan, bıçaqlanan, yandırılan qadınların adını çəkməməyə çalışır. Televiziyalarda toy-biznes, “İnstaqram ailələri”, yalançı xoşbəxtlik şousu gedir, eyni saatlarda isə qadınlar həyat yoldaşı, keçmiş əri, oğlu və qohumları tərəfindən öldürülür.
Bütün bunları sadəcə mentalitet problem kimi xarakterizə etdikdə məsələnin əsl mahiyyəti diqqətdən qaçır. Baş verənlər sinfi cəmiyyətin, yəni patriarxal kapitalizmin şüurlu siyasətidir. Hakim sinif üçün qadının bədəni ucuz əmək, pulsuz ev işçisi, cinsi obyekt, seçki kampaniyalarının “ana kultu” üçün dekorasiyadır. Paradoks kimi görünsə də, əslində bu, sosialist feminizmin klassiklərindən Engelsin, Setkinin, Kollontayın yazdıqları kimi, qadın üzərində hökm ailədə başlamır, ailə vasitəsilə dövlətə və bazara bağlanır. Kapitalizm qadına “ana”, “arvad”, “namus” rollarını paylayaraq, onu həm əmək bazarında, həm də evin içində ikiqat istismar edir.
2024-cü ildə rəsmi rəqəmlərlə minlərlə insan məişət zorakılığının qurbanıdır, onların mütləq çoxluğu qadınlardır. Onlarla qadın ərinin, keçmiş ərinin, oğlunun, qohumunun əlində ölür. Qətllərin formasına ölənədək döyülmə, evdə boğma, bıçaqlanma, odlu silahla güllələnmə, üzərinə benzin tökülüb yandırılma daxildir. Bütün bunlar sistemin çılpaq portretidir. Bu ölkədə qadının öldürülmə forması hakim sinfin qadına və ümumiyyətlə “aşağı”lara münasibətinin bədii xülasəsidir: ya itaət et, ya da yox ol.
Dövlət bu reallığı illərdir “məişət zorakılığı” adı altında məhdudlaşdırmağa çalışır, sanki bu, dar bir ailə problemi, “səviyyəsiz insanların faciəsi”dir. Halbuki qadına qarşı şiddət polisin laqeyd münasibətindən, məhkəmələrin “qadın susmaq bilməlidir” əxlaqından, sosial yardım və sığınacaq sisteminin faktiki yoxluğundan, qadının iqtisadi asılılığını dərinləşdirən siyasətdən doğur. Qadın sığınacaqsız, müstəqil gəlirsiz, həmkarlar ittifaqısız, təşkilatsız buraxıldığı müddətdə, “qadına hörmət” haqqında danışmaq sadəcə riyakarlıqdır.
Hər dəfə bir qadın öldürüləndə televiziya aparıcıları və deputatlar susurlarsa, bu, təsadüfi deyil, çünki qadın qətlləri rejim üçün əlverişli səssiz terror formasıdır. Qadın işini, evini, “ailə namusu” deyilən zənciri sual altına almamaq üçün, həm də bütöv sinfi nizamı sarsıtmamaq üçün qorxudulur. Qadınların azadlıq uğrunda mübarizəsi yalnız “gender” məsələsi deyil, bütövlükdə işçi sinfinin azadlıq mübarizəsinin mərkəzidir.
Qadın azadlığı olmadan nə demokratiya, nə sosial ədalət, nə də real azadlıq mümkündür. Engels göstərirdi ki, ailə xüsusi mülkiyyətin və dövlətin kiçik laboratoriyasıdır. Ər arvadı “öz mülkiyyəti” kimi qavradığı müddətdə, kapitalist sinif də işçini “öz mülkiyyəti” kimi görməyə davam edəcək. Buna görə qadınların zorakılığa qarşı mübarizəsi həm də bütün cəmiyyətin sinfi şüurunun sınağıdır. Biz bu cinayətləri “şəxsi faciə” kimi görməyə davam edəcəyik, yoxsa siyasi zorakılıq kimi tanıyıb, ona qarşı təşkilatlanacağıq?
25 noyabr bizə bir daha xatırladır ki, qadın qətlləri fərdi “əhvalat” deyil, sistemin qanunauyğunluğudur. Hər yeni qətl, hər yeni “məişət münaqişəsi zəminində” ifadəsi bizi bir seçim qarşısında qoyur: ya susub bu rejimin şərikləri oluruq, ya da qadınların və bütün əzilənlərin təşkilatlanmış mübarizəsində yerimizi tuturuq. Qadınların həyatı, azadlığı, bədəni heç kimin “namus layihəsi” deyil. O, yalnız onların özünə və onları əzmək istəyən bütün güclərə qarşı birləşmiş kollektivə məxsusdur. Bu gün susmamaq təkcə qadınlara qarşı zorakılığa yox, həmin zorakılığı istehsal edən patriarxal kapitalizmə qarşı da mübarizəyə başlamaq deməkdir. “Müqavimət” kollektivinin bu məsələyə münasibəti birmənalıdır: biz ailə içində, küçədə, iş yerində, mediada, parlamentdə, bir sözlə, hər yerdə qadına qarşı zorakılığın siyasi mahiyyətini ifşa etməyə və onu istehsal edən sistemi məhv etmək üçün mübarizənin yanında olmağa davam edəcəyik.
