Bu gün Bakı vaxtı ilə saat 12:00-da Qəzza üzərində səssizlik endi, dronların səsi, sirenlərin iniltiləri, bombaların partlayışları dayandı. Qəzetlər yazır ki, İsrail və Həmas arasında atəşkəs razılaşması imzalanıb. Donald Tramp bu xəbəri öz sosial şəbəkəsində paylaşaraq “bütün girovların azadlığına doğru tarixi addım” adlandırıb. Lakin əgər tarix bizə nəyisə öyrədibsə, o da budur: kapitalın dili ilə yazılmış sülh yalnız yeni müharibənin ssenarisidir.
Qəzzanın səmasında yaranan bu sükut, əslində, fələstin xalqının əsarətinin növbəti formasına keçiddir. Fələstinlilər bu sükutu artıq neçə onillikdir ki, tanıyırlar, hər dəfə “sülh” elan ediləndə bir az daha çox torpaq itirirlər, hər dəfə “sülh” sözü istifadə ediləndə bir az daha çox mühasirəyə alınırlar. Atəşkəs bu dəfə də eyni qaydada “humanitar” pərdə altında, imperialist diplomatiyanın iqtisadi məntiqinə uyğun şəkildə imzalanıb. Çünki bu sülhün müəllifi Vaşinqtondur. O Vaşinqton ki, İsrailin hərbi sənayesinə ildə milyardlarla dollar sərmayə yatırır. Bu atəşkəsin “zəmanətçisi” elə həmin silahların istehsalçısı olan “Lockheed Martin”, “Raytheon” və “Northrop Grumman” şirkətləridir. Kapitalın qanla dolu balans hesabatları bu gün “sabitlik” adlandırılan yeni mərhələyə daxil olur. Yəni atəşkəs təkcə müharibənin yox, həm də kapital dövriyyəsinin nizamlanmasıdır.
Trampın bəyanatı sanki “Amerika kapitalizmi yenidən dünyaya sülh gətirir” obrazını diriltmək cəhdidir. Halbuki bu, sadəcə ritorikadır. ABŞ cari razılaşmanın “müxtəlif tərəflər üçün ədalətli” olduğunu deyir, amma tarix göstərir ki, Fələstin üçün ədalət heç vaxt masaya qoyulmur. Fələstin xalqının torpaqları artıq çoxdan beynəlxalq diplomatiyanın bazarına çevrilib; “barış” isə, investorların və silah istehsalçılarının gəlir gözləntilərini təmin edən ticarət formasıdır.
İsrail bu “sülh”dən əvvəlkilərdə olduğu kimi qalib çıxır, yeni sərhədlər, yeni təhlükəsizlik zonaları, yeni nəzarət mexanizmləri. Fələstin isə yenə “təşəkkür edən tərəf” roluna salınır. Qəzzada bu gün insanlar küçələrə çıxaraq sevinclə xəbər paylaşırlar, amma o sevincin içində dərin yorğunluq var, çünki fələstinlilər artıq bilirlər ki, atəşkəs yalnız yeni hücumun əvvəlinə qədər davam edəcək.
Bu münaqişə heç vaxt yalnız İsrail və Həmas arasında olmayıb, o, imperialist kapitalizmin periferiyasında yaranan, sinfi, iqtisadi və ideoloji ziddiyyətlərin cəmləşdiyi sahədir. İsrail burada hərbi güc olmaqla yanaşı həm də Qərbin texnoloji və maliyyə sərvətlərinin Yaxın Şərqdəki qalasıdır. ABŞ üçün İsrail həm silah bazarı, həm enerji siyasətinin qarantı, həm də ərəb dünyasının birləşməsinin qarşısında dayanan divardır. Fələstinin müqaviməti isə bütün üçüncü dünyanın dirənişidir, neokolonial asılılıq zəncirinə qarşı qaldırılmış bir yumruqdur.
Atəşkəs sənədi imzalananda Qəzzanın bir çox yerində elektrik yox idi. Uşaqlar tozlu küçələrdə su paylayan könüllülərə baxır, yaşlı qadınlar sığınacaqlarda Qurandan ayələr oxuyurdu. Bu səhnələrdə “sülh” yoxdur, yalnız dərin dəyərsizlik, dünyanın gözləri qarşısında yaşanan soyqırımın indi bir diplomatik sənədlə “müvəqqəti sabitlik” kimi adlandırılması hissi var.
Trampın “bütün girovlar azad olacaq” cümləsi də eyni riyakarlığın davamıdır. Fələstinlilər üçün “girov” təkcə İsrail zindanlarında saxlanılan minlərlə məhbus yox, hər gün keçid məntəqəsində gözləyən ana, su növbəsində ölən uşaq, torpağı hasarlanmış kəndlidir. Bu atəşkəs onları azad etmir, sadəcə onların zəncirlərinin formasını dəyişir.
Marksist baxışla bu vəziyyətin kökü aydındır: Fələstin müharibəsi kapitalist dünyada mülkiyyət münasibətlərinin və sərvətin toplanmasının ən qəddar simvoludur. Bu torpaqda hər şey əmtəəyə çevrilib: torpaq, su, hava, hətta ölüm də. İsrailin “təhlükəsizlik” konsepsiyası, əslində, kapitalın təhlükəsizliyidir; onun sərmayələri, logistik şəbəkələri, tədarük marşrutları üçün təhlükəsizlik. Fələstinlilərin həyatı bu sistem üçün yalnız “risk amili”dir.
Bəs çıxış yolu nədir? Atəşkəslər, diplomatik bəyanatlar, “iki dövlətli həll” planları? Bunların hamısı artıq dəfələrlə sınanıb və hər dəfə eyni nəticə doğurub: işğalın leqallaşdırılması. Fələstinin azadlığı yalnız beynəlxalq diplomatiya ilə deyil, qlobal həmrəylik və sinfi mübarizə ilə mümkündür. İsrailin arxasında dayanan iqtisadi güclər – Qərb bankları, neft şirkətləri, hərbi komplekslər insanlığın gələcəyini girov götürüb. Bu güclərə qarşı çıxmadan sülh yalnız saxta sükutdur. Bəlkə də, bu gün Qəzzada azacıq rahat nəfəs alan insanlar üçün atəşkəs bir möhlətdir. Amma bilirik ki, bu sükutun altında hələ çox bombalar yatır. Fələstinin dirənişi isə o bombalardan daha davamlıdır, çünki o, sadəcə torpaq uğrunda deyil, insanlıq anlayışının özünü qorumaq uğrundadır.
Dünyada çox az dövlət var ki, onun iqtisadiyyatı və ideologiyası bu qədər sıx şəkildə müharibəyə bağlıdır. İsrail kapitalın militarist laboratoriyasıdır. Bu dövlətin doğuluş anından bəri varlığı, bazarının genişlənməsi və beynəlxalq əlaqələri müharibə, təhlükə və düşmən obrazı üzərində qurulub. İsrail iqtisadiyyatının bünövrəsi hərbi sənayedir. Bu sahə ölkənin ixracının təxminən 15-20 faizini təşkil edir və ABŞ, Hindistan, Almaniya, Polşa, Kolumbiya kimi ölkələrə milyardlarla dollar dəyərində silah və müşahidə texnologiyası satılır. İsrailin əsas ixrac məhsulları tank, pilotsuz uçuş aparatı, kibertəhlükəsizlik sistemləri və müşahidə texnologiyalarıdır. Qəzzada sınaqdan keçirilən hər bir bomba, hər bir dron, hər bir nəzarət sistemi sonradan beynəlxalq bazara “combat proven”, yəni “döyüşdə sınaqdan keçmiş” etiketiylə çıxarılır.
İşğal bu dövlətin iqtisadi motorudur. Qəzzada və Qərb Sahilində həyata keçirilən hərbi əməliyyatlar geosiyasi məqsədlərə ilə parallel olaraq, həm də istehsal və texnoloji sınaq mexanizminə xidmət edir. İsrailin hərbi sənayesi, əslində, Qəzzanı laboratoriya kimi istifadə edir: divar arxasında, real insan bədənləri üzərində, “sülh dövründə” belə silahların performansı test edilir. Bu mənada İsrail, ABŞ-ın və ümumiyyətlə Qərb kapitalizminin Yaxın Şərqdəki forpostudur. ABŞ üçün İsrail həm də investisiya təminatı mexanizmidir. Amerika hər il İsrailə 3,8 milyard dollardan çox “yardım” ayırır. Amma bu yardım, mahiyyətcə, dövriyyə kapitalıdır: ABŞ silah şirkətləri İsrailə məhsul satır, İsrail həmin pulla həmin silahları alır, sonra onları Qəzzada sınaqdan keçirir, nəticədə ABŞ korporasiyaları gəlir əldə edir, İsrail isə daha da asılı hala gəlir. Bu sistemin arxasında duran əsas prinsip Marksın kapitalın özünü-özünə artırma qanunudur. Kapital buradakı “dövlət” formasını, yəni İsraili vasitəyə çevirir. Müharibə bu sistem üçün kapitalın təbii dövriyyəsidir. Müharibə olmasa, nə yeni silahlar satılar, nə kibertəhlükəsizlik bazarı böyüyər, nə də Qərb ictimaiyyətində “təhlükə” psixozu davam edərdi. Amma bu mexanizm təkcə iqtisadi yox, həm də ideoloji müstəvidə işləyir. İsrailin dövlət ideologiyası “əbədi təhdid” konsepsiyasıdır. Yəni İsrailin bütün siyasəti özünü mühasirədə hiss edən dövlət obrazına söykənir, guya onun ətrafında düşmənlər çoxdur, ona görə hərbi büdcə artırılmalı, nəzarət sərtləşməli, “təhlükəsizlik divarı” qalxmalıdır. Halbuki reallıqda bu divarlar Fələstinin deyil, İsrail kapitalının sərhədlərini qoruyur.
Fələstinin iqtisadi mühasirəsi bu sistemin tərkib hissəsidir. Qəzzada 2 milyondan çox insan yaşayır, amma onların 60 faizdən çoxu işsizdir. Enerji resursları, su, səhiyyə və ticarət tamamilə İsrailin nəzarətindədir. İsrailin “blokada” siyasəti, əslində, iqtisadi boğma, əhalini yaşamaqdan çox sağ qalmaq səviyyəsində saxlamaq strategiyasıdır. Çünki aclıq, işsizlik və ümidsizlik ən effektiv nəzarət vasitəsidir. Bu mühasirə Fələstinin özündə kapitalizmin periferik formasını yaradıb. Ən çox işləyən sektor beynəlxalq yardım sferasıdır. Yəni Qəzzada sosial həyat Qərb donorlarının, BMT-nin və Avropa İttifaqının ianələrinə bağlıdır. Bu isə iqtisadi asılılıqla yanaşı, siyasi asılılığı da möhkəmləndirir. Fələstinlilər üçün “yardım” artıq həyatın bir formasıdır, və bu yardım rejimi dirənişin iqtisadi alternativini məhv edir.
İsrailin kapitalı ilə ABŞ, Böyük Britaniya və Avropa kapitalı arasında yaranmış bu simbiotik münasibət təkcə iqtisadi deyil, həm də mədəni hegemoniyadır. Qərb mediası “İsrailin özünü müdafiə haqqı” ifadəsini sanki ritual kimi təkrarlayır, halbuki bu ifadə, ideoloji silahdır, onu səsləndirən hər kəs bilmədən işğalı normallaşdırır. Qərb ictimaiyyəti üçün İsrail, sanki “bizim sivilizasiyamızın bastionu”, Fələstin isə “barbarlığın kölgəsi”dir. Bu sivilizasiya–barbarlıq ikiliyi elə kapitalist ideologiyanın qlobal dilidir.
Bu gün Donald Trampın vasitəçiliyi ilə imzalanan atəşkəs, əslində, bu ideoloji xəritənin yeni mərhələsidir. ABŞ bu razılaşma ilə özünü “sülh bərpaçısı” kimi təqdim edir, amma faktiki olaraq İsrailin işğalını yenidən legitimləşdirir. Vaşinqtonun istəyi Qəzzada bombaların dayanması deyil, bazarın sabitləşməsidir. Hər dəfə Qəzza viran qalanda Qərb şirkətləri üçün yeni “bərpa layihələri” açılır, sement, inşaat, enerji kontraktları. Yəni bu sistemdə dağıntı belə iqtisadi imkan sayılır. Fələstinin əzabının uzunömürlü olmasının səbəbi də budur, o, kapital üçün həm bazar, həm də ideoloji ehtiyacdır. Dünya sistemi “düşmən obrazı” olmadan yaşaya bilmir. Fələstin bu mənada müasir imperializmin güzgüsüdür, kapitalizmin öz cinayətlərini “təhlükəsizlik tədbiri” kimi göstərmək bacarığının canlı sübutudur. Qəzzaya yağan bombalar isə bütün kapitalist ideologiyanın partlayış səsidir. İsrail bu mənada sadəcə bir dövlət deyil, müasir burjua dövlətinin ən ifrat formasına çevrilib: milli ideologiya ilə kapitalın mənafeləri bir-birinə elə bağlanıb ki, onları ayırmaq artıq mümkün deyil.
İsrailin bugünkü aqressiyasının əsasında “təhlükəsizlik” anlayışı dayanır. Bu söz, Qərb ideoloji aparatlarının ən çox istifadə etdiyi manipulyativ anlayışlardan biridir. “Təhlükəsizlik” deyəndə, guya İsrail özünü qoruyur. Amma marksist baxışla bu termin, əslində, kapitalın təhlükəsizliyini ifadə edir, sərvətin, resursların və hegemonluğun təhlükəsizliyini. İsrailin hava hücum sistemləri, sərhəd divarları, nəzarət dronları əslində əməyin nəzarətinə, ictimai hərəkatların boğulmasına, torpaq və su kimi əsas istehsal vasitələrinin təkəl altında saxlanmasına xidmət edir. Bu sistemin daxilində sinif strukturu çox aydın görünür. İsrail daxilində yəhudi burjuaziyası – texnoloji şirkətlərin, hərbi sənaye komplekslərinin, bankların sahibləri iqtisadi yüksəlişin faydasını görür. Onların maraqları üçün həm İsrail ordusu, həm də dövlət ideologiyası işləyir. Digər tərəfdə isə fələstinli işçi sinfi dayanır, onlar İsrail şirkətlərinin aşağı maaşlı əmək qüvvəsi, tikinti, kənd təsərrüfatı və xidmət sektorunda “görünməz” əməkçilərdir.
Bu sosial iyerarxiya təkcə İsrail daxilində deyil, Qərb kapitalının periferiyasına da sirayət edir. Qlobal Şimal, yəni ABŞ, Avropa, Kanada və Avstraliya İsrailin hərbi sistemlərinə sərmayə yatırır və nəticədə həm iqtisadi, həm də ideoloji mənfəət əldə edir. “İsrail özünü müdafiə edir” ritorikası Qərb ictimaiyyətinə vicdan təmizləyici bir ideoloji sabun kimi satılır. Hər dəfə Qəzza bombalananda, Avropa parlamentlərində “terrorla mübarizə” haqqında qərarlar qəbul olunur; halbuki bu qərarlar, əslində, öz sinfi sükunətlərinin bəraətidir.
İsrailin aqressiyası həm də ideoloji mühəndislik üzərində qurulub. Dövlət təhsili, media, filmlər, hətta pop-mədəniyyət “İsrailin əbədi müdafiəsi” mifini təkrarlayır. Bu mif elə ustalıqla qurulub ki, yəhudi xalqının faciəli keçmişi (Holokost) kapitalın immunitetinə çevrilib. İsrail hər bir tənqidi “antisemitizm” kimi damğalayır. Beləcə, ideologiya özünü mənəvi toxunulmazlıqla qoruyur. Bu, müasir dünyada ən təhlükəli təzahürlərdən biridir: tarixi zülm, indiki zülm üçün bəraətə çevrilir.
Fələstinin faciəsi təkcə hərbi işğalda deyil, epistemoloji işğalda da davam edir. Yəni kim danışır, kim susur, kim həqiqət adından çıxış edir, bunlar hamısı Qərb ideoloji aparatlarının nəzarətindədir. CNN, BBC, “Reuters”, “New York Times” kimi media orqanları hər dəfə “İsrail hücuma məruz qaldı” başlığı ilə xəbəri başlayır. Heç kim sual etmir ki, kimdən, kim tərəfindən, hansı kontekstdə? Çünki hegemon media üçün işğalın da, müqavimətin də dili artıq satılıb.
Beynəlxalq hüquq bu sistemin ən səmimi riyakarlığıdır. 1948-ci ildən bəri BMT-nin İsraili qınayan 45-dən çox qətnaməsi qəbul olunub, amma onların heç biri icra edilməyib. Niyə? Çünki beynəlxalq hüquq, əslində, kapitalın hüququdur. O, yalnız zəiflər üçün “universal” olur, güclülər üçünsə “müzakirə predmeti”. ABŞ və Avropa İsrailin bu qətnamələrə əməl etməməsini tənqid etmədiyi kimi, bir çox hallarda onu veto ilə qoruyur. Bu, imperializmin hüquq formasıdır: qanun – yalnız hegemoniyanın idarə mexanizmi.
İsrailin aqressiyası həm də mədəniyyətin militarizasiyasıdır. Bu ölkədə orduda xidmət “vətəndaşlıq borcu” deyil, həm də sosial statusun göstəricisidir. İsrail gəncləri 18 yaşında silahlanır, dron idarə etməyi öyrənir, müharibəni “sadiqlik testi” kimi mənimsəyir. Beləcə, müharibə bir həyat forması, etnik kapitalizmin təbii davamı olur. Bu müharibə yalnız xaricə qarşı deyil, İsrail daxilində də “təhlükəli azlıqlar”a, yəni ərəb, solçu və pasifist yəhudilərə qarşı ideoloji repressiyaya çevrilir. Fələstinin dirənişi isə bütün bunlara qarşı insan ləyaqətinin son cəbhəsidir. Qəzzada bir uşaq dağıntılar altında bir dəftər tapıb adını yazırsa, bu, sadəcə emosional jest deyil, bu, tarixə düşmək istəyən sinfin hərəkətidir. O uşaq “müqavimət” anlayışını bədənində daşıyır. O, marksist mənada “ümidsizlik içində inqilabçı varlıq”dır, çünki onun itkisi, bir xalqın kollektiv xatirəsinin davamıdır. Əgər kapitalizmin ideoloji əsaslarından biri “yaddaşsızlıq”dırsa, fələstinlilər yaddaşla müqavimət göstərirlər. Onlar dünyaya, “unutmaq yaşamaqdır” deyən Qərb sivilizasiyasına qarşı “xatırlamaq var olmaqdır” deyirlər. Onların dirənişi yalnız güllə ilə deyil, xatirə, sənəd, rəsim, dua, mahnı və uşaq adlarında yaşayır. Bu mənada Fələstin təkcə siyasi yox, poetik mübarizədir.
Qəzzada atəşkəs elan olunan gün dünya bir anlıq rahat nəfəs aldı. Diplomatik dillə desək, “sülh prosesinin birinci mərhələsi” başladı. Lakin bu cümlə artıq neçə onillikdir ki, öz mənasını itirib. “Sülh prosesi” – sanki kapitalizmin vicdan teatrıdır: hər dəfə bir az daha qan axdıqdan sonra dünya azacıq susur, bəyanatlar səslənir, humanitar yardımlar göndərilir, amma heç nə dəyişmir. Çünki dəyişiklik istəməyən sistemin özü “sülhün” sponsorudur.
Beynəlxalq münasibətlərdə Fələstin məsələsi uzun müddətdir ki, diplomatik simvola çevrilib. Avropa dövlətləri və ABŞ hər dəfə “iki dövlətli həll”dən danışır, amma bu “həll”in reallaşması üçün heç bir real addım atmır. Niyə? Çünki “iki dövlətli həll” ideyası əslində bir müqavimət yuxusu, xalqları sakitləşdirmək, kapitalın isə nəzarətini qorumaq üçün ideoloji mexanizmdir. Hər dəfə bu formul səslənəndə İsrail yeni məntəqə tikir, Fələstin isə yeni kəndini itirir.
Beynəlxalq hüquq adlandırılan sistem də bu ədalətsizliyin simvoludur. BMT qətnamələri, Beynəlxalq Cinayət Məhkəməsinin çağırışları, Qərb diplomatlarının “narahatlığı” məzmunsuz humanizm ritorikasıdır. Kapitalist sistem üçün hüquq heç vaxt bərabərlik vasitəsi olmayıb; o, yalnız mülkiyyətin qorunma formasıdır. Mülkiyyət isə bu torpaqda Fələstinə deyil, kapitala məxsusdur. BMT-də “veto” hüququna malik dövlətlərin hər biri, yəni ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin əslində, Fələstin məsələsində müxtəlif maraqların ortaq cinayət ortaqlarıdır. Onlardan bəziləri İsrailə silah satır, bəziləri onunla ticarət edir, bəziləri isə Qəzzadakı fəlakəti öz geosiyasi manevrləri üçün istifadə edir. Fələstinin faciəsi həm Qərbin, həm Şərqin kapitalist maraqlarını bəsləyən universal bazara çevrilib.
Humanitar yardım belə bu sistemin hissəsidir. Qəzzaya göndərilən hər qutu yardım, əslində, siyasi susdurma mexanizmidir. İnsanlara aclıq həddində yaşama imkanı verilir, amma azadlıq haqqı verilməz. Bu, kolonializmin yeni forması, “yardım kolonializmi”dir: torpağını al, amma ona bir kisə un göndər; ailəsini məhv et, amma ona dərman ver. Bu şəkildə vicdan təmin edilir, sistem davam edir. Bütün bunlar fonunda Fələstinin dirənişi bəzən “romantik qəhrəmanlıq” kimi təqdim olunur. Halbuki bu dirəniş romantika yox, sinfi mübarizənin universal formasıdır. Fələstinlilər həm də insan əməyinin dəyəri üçün mübarizə aparırlar. Onlar göstərirlər ki, kapitalın sərhədləri qanla çəkilərsə, azadlıq yalnız bu sərhədləri pozmaqla mümkündür. Fələstinin azadlığı qlobal sistemin gələcəyi üçün simvolik açardır. Çünki Fələstinin azadlığı, əslində, kapitalizmin iflasını, imperialist nizamın dağılmasını və yeni beynəlxalq həmrəyliyin doğulmasını ifadə edəcək. O gün gələndə Qəzza yeni dünyanı doğuran bəşəri laboratoriya olacaq. Paris Kommunası kimi, Kubanın, Vyetnamın və Çilinin tarixi kimi. Amma bu o vaxt mümkün olacaq ki, biz “həmrəylik” sözünü sosial şəbəkə paylaşımı səviyyəsindən çıxaraq, praktiki, iqtisadi, sinfi həmrəyliyə çevirək. İsrailə silah satan şirkətlər boykot edilməli, Qərb universitetlərinin tədqiqat qrantları ifşa olunmalı, beynəlxalq əmək birlikləri bu müharibə mexanizminə qarşı real mövqe tutmalıdır. Fələstinlə həmrəylik demək — sadəcə rəhm hissi deyil, kapitalın universal mexanizminə qarşı çıxmaqdır.
Bu, həm də mənəvi məsələdir. Çünki Fələstində öldürülən hər uşaq, bizim susqunluğumuzun qiymətidir. Fələstində dağıdılan hər ev, bizim mədəniyyətimizin saxta bünövrəsini ifşa edir. Hər partlayan bomba, dünyaya “sivilizasiya” adıyla təqdim edilən sistemin içi boşluğunu göstərir. Amma bu qaranlıqda da bir işıq var. Fələstin bir xalqın tükənməz yaddaşı kimi yaşayır. Hər dağıntıdan sonra bir uşaq daftərini tapır, bir ana torpağını öpür, bir qoca dua edir. Onlar dünyanın ən azad adamlarıdır, çünki onlar mülkiyyətsizliyin içində mənəvi sahibliyi kəşf ediblər: torpağa deyil, həqiqətə sahib olmaq azadlığı. Bir gün bu sistem dağılacaq. Kapitalın sərhədləri sonsuz deyil. Marksın yazdığı kimi, “kapital öz məzarqazanlarını özü yaradır.” O məzarqazanlar bəlkə də fabriklərdə deyil, bu gün Qəzzanın uşaq sığınacaqlarında doğulur. O uşaqlar bir gün dünya tarixini dəyişəcək, çünki onların ilk öyrəndiyi söz “sülh” yox, “ədalət” olacaq.
İsrail – Fələstin münaqişəsi təkcə Yaxın Şərqin deyil, bütün kapitalist dünyanın vicdan aynasıdır. Bu aynada biz öz laqeydliyimizi, riyakarlığımızı, sistemə bağlılığımızı görürük. Hər dəfə “atəşkəs” elan olunanda biz bir az daha “normal” oluruq, çünki müharibə səsini eşitmirik. Amma sükut, ədalətin yoxluğu ilə doludursa, o sülh olmur, ölümün yeni forması kimi çıxış edir. Fələstinin azadlığı yalnız bir xalqın qurtuluşu deyil. O, bəşəriyyətin kapitalın zəncirlərindən azad olmasının başlanğıcı ola bilər. Qəzzanın tozlu küçələrində, uçulmuş evlərin kölgəsində bir uşaq bu gün hələ də eyni cümləni pıçıldayır: “Biz hələ buradayıq”. Bu cümlə, bəlkə də, XXI əsrin ən dərin siyasi manifestidir. Çünki Fələstin üçün kim isə hələ varsa, ümid də, dirəniş də, gələcək də hələ mümkündür.
