Kobanidə müqavimət davam edir: İmperializm, regional rejimlər və səbəblər

2026-cı ilin 18-21 yanvar tarixlərində Suriyanın şimal-şərqindəki qüvvələr nisbətini dəyişdi: Prezident Əhməd əş-Şaraanın rəhbərlik etdiyi, mənşəyi “Heyət Təhrir əş-Şam” terrorçu qruplaşmasına dayanan Şam hökuməti Rəqqa və Deyr əz-Zor daxil olmaqla bir sıra ərazilərdə irəlilədi, Suriya Demokratik Qüvvələri (SDQ, ingiliscəsi SDF) isə əsasən kürd-əksəriyyətli rayonlara çəkildi. ABŞ-nin xüsusi elçisi və prezident Donald Trampın yaxın müttəfiqi Tom Barrakın vasitəçiliyi ilə SDQ-nin Şam strukturlarına inteqrasiyası barədə 14 maddəlik çərçivə müzakirəyə çıxarıldı, lakin proses gərginlik və qarşılıqlı ittihamlarla müşayiət olundu. Bu, romantik şüarların yox, sərt materialist sualların vaxtıdır: kim hansı sinfi marağa söykənir, kim kimi istifadə edir, hansı təşkilati xətt xalqı müdafiə edir, onu danışıqlar masasında “xırda pul”a çevirir?

18-21 yanvar tarixlərində baş verənlərin qısa xronikasını sistemləşdirsək, belə mənzərə ilə rastlaşarıq:

  •  
  • 18 yanvar: Şam qüvvələri və onlara bağlı ərəb tayfa dəstələrinin Deyr əz-Zor bölgəsində əl-Omar neft yatağı və “Conoco” qaz obyektini ələ keçirdiklərinə dair məlumatlar yayıldı. Eyni gün Rəqqa və Deyr əz-Zorda SDQ-nin geri çəkilməsi sürətləndi;
  • 19 yanvar: SDQ-yə inteqrasiya üçün məhdud vaxt verilən yeni mərhələnin konturları ortaya çıxdı. Tom Barrak bu razılaşmanı “ən yaxşı fürsət” kimi təqdim etdi;
  • 20 yanvar: Dörd günlük atəşkəs pəncərəsi elan olundu, inteqrasiya detallarının işlənməsi üçün vaxt ayrıldığı bildirildi;
  • 21 yanvar: Şamın əl-Hol düşərgəsi kimi obyektlərdə nəzarəti artırması və SDQ-nin ərazilərin böyük hissəsindən çəkilməsi barədə məlumatlar yayıldı.

Bu xronika iki nüansı aydın şəkildə göstərir. Birincisi, məsələnin mərkəzində təkcə ideologiya yox, neft, sərhəd-keçid və dövlət nəzarəti kimi çox konkret resurslar var. İkincisi, “himayə” nağılı, imperialist patronaj ümidləri bir daha real siyasətin dəmir məntiqi qarşısında puça çıxdı.

Bir çox media orqanlarında gördüyümüz “ABŞ icazə verdi, proses getdi” cümləsi rahat səslənir, lakin məsələnin bu cür ifadə edilməsi onun mahiyyətini anlamaq və təsirini düzgün qiymətləndirmək baxımından təhlükəlidir. İmperializm kukla teatrı yox, rəqabətli sistemdir. ABŞ, Türkiyə, Rusiya, Körfəz monarxiyaları və regional aparatların hər biri öz payını böyütməyə çalışır. Bu sistemin öz içində çatlar var, fraksiyalar bir-birini yeyir, dünənin müttəfiqləri sabahın yüklənəcək probleminə çevrilir. 2019-cu ildə Trampın telefon diplomatiyası ilə Türkiyəyə “yaşıl işıq” yandırması necə kürdləri zərbə altında qoydusa, bugünkü inteqrasiya təzyiqi də eyni məntiqin başqa forması, məsuliyyət götürmədən nəticə almaqdır. İmperialistlərin kürd kütlələrini və digər sosial qrupları alət kimi istifadə etməsi, iş bitəndə isə “köhnə parça” kimi kənara atması artıq tanış mənzərədir. Bu, moralizm yox, mexanizmdir.

Rojavanın XXI əsrdə tarixi mahiyyəti

Rojavanın tarixi əhəmiyyəti təkcə bir coğrafiya və ya bir müharibə epizodu olmaqda deyil. XXI əsrin Yaxın Şərqində dövlət aparatlarının çürüdüyü, cəmiyyətlərin ya avtoritar mərkəzçilik, ya da məzhəbçi/kimlikçi nifrət siyasəti ilə qidalanan və silahlı milis dəstələri tərəfindən icra olunan zorakılıq arasında sıxışdığı bir dövrdə Rojava “üçüncü yol” iddiası ilə etnik-dini parçalanmaya qarşı birgə idarəetmə, qadın azadlığını şüar yox, institut kimi qurmaq cəhdi, yerli səviyyədə özünüidarə mexanizmləri, müharibə içində sosial həyatın yenidən təşkil edilməsi prinsipləri ilə ortaya çıxdı. Bu mənada Rojava XXI əsrdə “siyasətin alternativləri bitdi” deyənlərə verilən canlı cavab idi.

Bu təcrübənin simvolik gücü ondan gəlir ki, o, həm regional rejimlərin, həm də islamçı-mürtəce güclərin ideoloji monopoliyasını sındırdı, qadını yalnız “şərəf” predmetinə çevirən patriarxal qaydanın içində qadınların kollektiv siyasi-subyekt kimi çıxış etməsi, millətçilik və məzhəbçilik üzərində qurulan müharibə məntiqinə qarşı çoxmillətli bir idarəetmə iddiası; “dövlət olmadan da nizam olar” fikrinin (bütün məhdudiyyətlərinə baxmayaraq) praktik sınağı Rojavanı sadəcə hərbi xəritənin yox, ideoloji xəritənin də mərkəzinə çevirdi.

Halbuki tarixi mahiyyət yalnız ilhamdan ibarət deyil, həm də xəbərdarlıqdır. Rojava göstərdi ki, mülkiyyət münasibətlərinə və sinfi hakimiyyətə toxunmadan, kapitalist dünya sisteminin içində və üstəlik imperalist patronaja bağlanaraq yaranan hər bir muxtariyyət daimi təzyiq altında qalacaq, ya “inteqrasiya” adıyla udulacaq, ya da hərbi-siyasi boğma əməliyyatlarının hədəfi olacaq. Deməli, Rojavanın XXI əsrdə tarixi dərsi ikiqatdır: bir tərəfdən kütlələrin özünü təşkil etməsinin real imkanlarını nümayiş etdirir, digər tərəfdən isə bu imkanların yalnız sinfi müstəqillik və regional-inqilabi perspektiv ilə qorunub genişlənə biləcəyini sübut edir.

Bu səbəbdən Rojava marksistlər üçün “romantik simvol” yox, özünüidarə institutları yalnız paralel strukturlar kimi qaldıqda kövrəkdir, onlar ya işçi hakimiyyətinin real orqanına çevrilməli, ya da gec-tez güc balansının qurbanı olması məzmununda sərt nəticələr çıxarılacaq sınaq meydanıdır. XXI əsrdə Rojavanın tarixi mahiyyəti məhz budur ki, o həm mümkünlüyü, həm də mümkün olanın hansı şərtlərdə yaşaya bildiyini və hansı şərtlərdə satıldığını göstərdi.

Bəs Rojava niyə sıxışdırılır?

Burada bir-birinə düyünlənən üç material amil var:

1) Resurs və gəlir bazası: Deyr əz-Zor xətti təkcə coğrafiya yox, pul və logistika xəttidir. Neft-qaz sahələrinə nəzarət maaş ödəmək, silahlı aparat saxlamaq, patronaj şəbəkələri qurmaq deməkdir. Bu baza əlindən alınanda muxtariyyət kağız üzərində qalır.

2) Əhali tərkibi və sinif ittifaqları: Rəqqa və Deyr əz-Zor kimi ərəb-əksəriyyətli ərazilərdə tayfa notabelləri, yerli ticarət-brokerləri, qaçaqmal-renta mexanizmləri və mərkəzi dövlətlə uzlaşma istəyi SDQ-nin dayağını zəiflədir. Bu “xasiyyət” yox, sinfi maraq xəritəsidir.

3) Türkiyə amili: Ankara üçün Suriyada kürd siyasi nüvəsi strateji təhlükədir. Türkiyə burjua dövlətinin daxili sabitliyi anti-kürd şovinizmi və təhlükəsizlik aparatının böyüməsi ilə birgə gedir. Bu, xaricdə basqını, daxildə repressiyanı qidalandırır.

Bu üç amil Rojavanın taleyinin yalnız hərbi manevrlə deyil, sinfi və beynəlxalq strategiya ilə həll oluna biləcəyini göstərir. Əlbəttə, Rojavanın nailiyyətlərini kiçiltmək olmaz. Qadınların ictimai-siyasi çəkisinin artması, özünüidarə təcrübələri, müharibə şəraitində sosial mexanizmlərin qorunması, həmçinin ağır blokada və müharibə şərtləri altında yerli resursların idarə olunması və ekoloji həssaslığın formalaşdırılması istiqamətində atılan addımlar real nailiyyətlərdir. Lakin əsas sual budur: bu nailiyyətlər hansı sinfi dayağa söykənir və hansı istehsal münasibətləri ilə yaşadılır?

Bu gün Rojavada kooperativlər və şuralar bazar-əmtəə məcburiyyəti içində qaldıqca, kapitalın təzyiqi başqa kanallardan geri qayıdır. Dövlət aparatı dağıdılmadan “paralel idarəçilik” daimi təhlükə altındadır, ya udulur, ya da əzilir. ABŞ kimi xarici hərbi dayağa bağlanmaq “müdafiə” deyil, siyasi asılılıq yaradır: qərarı sən yox, sponsor verir. Odur ki, romantikaya qapılaraq Rojavada inqilab olduğunu demək reallıqdan çox uzaq qalmaqdan xəbər vermiş olar.

SDQ rəhbərliyi hərbi dəstək qarşılığında siyasi müstəqilliyini qurban verdi və bu, bugünkü fəlakətin yolunu açdı. Bu cümlə tənqid deyilən şeyin özüdür: çıxış yolunu da buradan başlamaq lazımdır.

Rojavada baş verən hadisələr onu da göstərir ki, mərkəzi inqilabi qüvvə olmadan formalaşan post-marksist üsyanlar bölgəyə inqilabı və xüsusi mülkiyyətin ləğvini yaya bilmir. Bu cür regional hərəkatlar əsasən öz əraziləri ilə məhdudlaşır və yayılmaqda ciddi çətinliklərlə üzləşir.  Bu prosesi “inqilab” kimi təqdim edən sol qüvvələri tənqid etməyimizin səbəbi də budur. Leninin “iki mərhələli inqilab” tezisinin artıq tarixi keçmişdə qaldığını, Leninin özünün də sonradan bu yanaşmadan imtina edərək Trotskinin permanent inqilab nəzəriyyəsinə yaxınlaşdığını bilirik. Az inkişaf etmiş ölkələrdə də sosializm mümkündür və proletariat bu gücə sahibdir. Çünki dünya sisteminin əsas dayağı proletariatdır və onun inqilabı xüsusi mülkiyyəti ortadan qaldıracaqdır.

Rojava və kürd məsələsi ilə bağlı hansı prinsiplərimiz olmalıdır?

  • Kürd xalqının öz müqəddəratını təyinetmə hüququ şərtsiz müdafiə olunmalıdır;
  • İmperialist “himayə”yə sıfır etibar lazımdır, ABŞ, Aİ və s. kürdləri öz sövdələşmələrində alət kimi istifadə etməməlidirlər;
  • Türkiyə müdaxiləsinə və islamçı-reaksion zorakılığa qarşı fəal mövqe göstərmək mütləqdir,“Əllərinizi çəkin” prinsipi əməldə kütləvi həmrəylik, həm də təşkilatlanmada əksini tapmalıdır;
  • Milli dar çərçivədən çıxış: yalnız milli hərbi müdafiə ilə azadlıq gəlmir, kürd və qeyri-kürd işçi-kəndli kütlələrinin birgə mübarizəsi həlledicidir;
  • Sinfi müstəqillik: burjua və xırda-burjua rəhbərliklərin kapitalizm içi manevrlərinə siyasi kredit verməmək;
  • Çıxış yolu regional sosialist perspektivdir: Yaxın Şərqin Sosialist Federasiyası şüarı boş romantika deyil, milli düyünün yeganə real açarıdır;
  • İnqilabi partiya və işçi hakimiyyəti orqanları: şuralar “paralel qurum” kimi yox, hakimiyyət iddiası kimi qurulmalıdır.

Bu prinsiplər Rojavanı boğacaq sövdələşmələrə qarşı siyasət qurmaq üçün zəruridir.

Azərbaycanlı gənclər Rojava mövzusundan hansı dərsləri çıxara bilərlər?

Birincisi, Rojavada baş verənlər kiçik xalqların böyük sövdələşmələrdə necə satıldığını çox yaxşı göstərən nümunədir. İmperializm həmişə “təhlükəsiz məsafə”dən işləyir, bizdən də loyal kadrlar, sakit cəmiyyət və susmuş bölgə olmaq istənilir.

İkincisi, Rojava müzakirəsi Azərbaycan sinif siyasətinin niyə zəruri olduğunu izah etmək üçün poliqondur. Əgər sinfi müstəqillik yoxdursa, ən cəsur müqavimət belə bir gün “inteqrasiya paketi”nə çevrilir.

Rojavanı müdafiə etmək istəyən gənclər ilk növbədə romantik paylaşımlar etməyi yox, təşkilatçılıq, yəni müstəqil sinif mövqeyi, beynəlxalq həmrəylik, şovinizmə qarşı təbliğat, işçi və tələbə birləşdirilməsini düşünməlidir.

Kobani yenə hədəfə çevrilibsə, deməli, söhbət “kim haqlıdır?”dan çox “kim güclüdür?”dən gedir. Bizə şüar yox, güc istehsal edən aparat, yəni təşkilat, proqram, ayıq hesablamalar lazımdır. Yoxsa tarixin ən iyrənc xəyanəti yenə baş verəcək və “müdafiə edəcəyik” sözünü verənlər yenə ilk fürsətdə satqınlığa yol verəcəklər. İdbar olanı isə budur ki, imperialist güclər hər zaman bunu “zərurət” kimi izah edirlər. Çünki anlayırlar ki, mülkiyyət münasibətləri dəyişmədikcə mövcud sistemdə qarşılarını ala biləcək obyektiv və subyektiv qüvvə yoxdur. Deməli, bizim – istismar edilənlərin missiyası məhz müqavimət apara biləcək təşkilatı formalaşdırmaqdır.

Bu gün Kobani hədəfdədirsə, deməli, haqlılıq yetmir, güc lazımdır. Bu güc isə şüarlar əvəzinə təşkilat, həyəcan əvəzinə proqram, qəzəb əvəzinə ayıq analizlə əldə edilə bilər. Əks halda imperialistlər tərəfindən yenə eyni nağıl danışılacaq, “qoruyuruq” deyənlər satacaq, satdıqlarını da “zərurət” kimi bəzəyəcəklər. Bizim işimiz sadə, lakin ağırdır. Bu bizim, yəni istismar edilənlərin satılmayan gücünü – müstəqil sinif təşkilatı qurmaqdır.