Knessetdən dar ağacı qanunu: İsrail fələstinlilər üçün edam rejimi yaradır

Knessetdən dar ağacı qanunu: İsrail fələstinlilər üçün edam rejimi yaradır

Qanunu adətən maddələrdən, bəndlərdən və prosedurlardan ibarət soyuq mətn kimi təsəvvür edirik. Amma son aylar dünyada baş verən narahatedici təbəddülatlı hadisələr göstərir ki, artıq liberalizm maskalarını atır və nə qədər ziddiyyətli görünsə də, qanunların dili açıq şəkildə hüquqi mahiyyət belə daşımır. Amma qanunu soyuq təsəvvür edəndə onun təsiri bəzən gözümüzdən qaçır, abstrakt qalır. Halbuki bəzi qanunların hər sətirinin nəticəsi içərisində uşaqların şirin yuxu ilə yatdığı evin bombalanması, bütün ümidləri tükənən anaların qorxusu, əsassız ittiham edilən siyasi məhbusların mübariz kimliyinin əzilməsinə dair cəhdlər, bütöv millətlərin boyunlarına keçirilən görünməz kəndir olur. İsrail parlamentinin 30 martda qəbul etdiyi son qanun da məhz belə hüquqi aktlardandır. Knesset 62 səslə elə bir hüquqi mexanizm təsdiqlədi ki, Qərb Sahilində hərbi məhkəmələrdə mühakimə olunan fələstinlilər üçün asılaraq edam faktiki əsas cəza xəttinə çevrilir, hökmün 90 gün içində icrası nəzərdə tutulur və əfv imkanı rədd edilir, ömürlük həbs isə yalnız qeyri-müəyyən “xüsusi hallar” üçün saxlanılır. Qanun formal olaraq israilli müttəhimlərə də şamil olunur, amma onun dili və tətbiq məntiqi elə qurulub ki, praktikada əsas hədəf fələstinlilərdir.

Əsas məsələ budur ki, İsrail dövləti eyni torpaqda yaşayan insanlar üçün iki ayrı hüquq yanaşması saxlayır. Qərb Sahilində fələstinlilər hərbi məhkəməyə çıxarılırlar, həmin ərazidə qanunsuz yəhudi yaşayış məntəqələrində yaşayan israillilər isə tamam başqa hüquqi rejimdən yararlanırlar. Bu hərbi məhkəmələrdə məhkumetmə faizinin 96-ya bərabər olduğunu nəzərə aldıqda, belə bir sistemdə edamı qanun halına gətirmək onsuz da birtərəfli olan sistemə daha ölümcül mahiyyət qazandırmaqdır.

İnsanın həyatını əlindən almaq üçün əvvəlcə onun həyatını ucuzlaşdırmaq lazımdır. Hər aparteid rejimi bunu edir. Əvvəl bir xalqı təhlükə, demoqrafik problem, təhlükəsizlik yükü, “mümkün terrorçu” kimi təqdim edir, sonra həmin təhqiri idarəetmə üsuluna çevirir, ardınca da bu idarəetməni hüquq adı ilə möhürləyir. Fələstinlilər üçün qəbul edilən dar ağacı qanunu yoxlama məntəqəsindən, gecə basqınından, inzibati həbsdən, hərbi məhkəmədən, məskunlaşmaçı zorakılığından keçib gəlir. Bu qanun həmin uzun zəncirin son halqasıdır.

Liberal dünyanın siyasi impotensiyası İsraildə baş verənlərin fonunda bir daha bütün çılpaqlığı ilə görünür. Onlar adətən hər dəfə olduğu kimi, zülmün özünə yox, onun artıq gizlədilməsi çətinləşən nəticələrinə etiraz edirlər. BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk bu qanunun beynəlxalq hüquqa açıq şəkildə zidd olduğunu, dərin diskriminasiya məzmunu daşıdığını və işğal altındakı Fələstin ərazilərinin sakinlərinə tətbiq olunarsa, hətta müharibə cinayəti təşkil edə biləcəyini bildirib. Amma problem bundadır ki, liberal siyasət və onun beynəlxalq institutları belə hallarda mahiyyətə toxunmur. Onlar dar ağacına etiraz edirlər, amma onu quran işğal rejiminə, hərbi məhkəmə sisteminə, kolonializmə və bütün bunların arxasında dayanan imperialist himayəyə toxunmurlar. Yəni etiraz edirmiş kimi görünürlər, amma əslində rejimin hərəkət imkanını məhdudlaşdırmırlar. Əksinə, bəzən bu cür “narahatlıq” bəyanatları İsrailə əlavə vaxt qazandırır, ona beynəlxalq legitimlik qalıqları verir və cinayəti dayandırmaq yox, idarə etmək funksiyası daşıyır. Məsələ bundadır ki, İsrail dövləti hüquqi formaya salınmış üstünlük və tabeçilik rejimidir və liberalizm onunla üz-üzə gəlmək iqtidarında deyil, çünki eyni dünya nizamının içində nəfəs alır.

Bu mənzərəni Ben-Qvirin ibtidai qəddarlığına və ya Netanyahunun siyasi həyasızlığına bağlamaq rahat olardı, bəlkə də, amma yetərli deyil. Marksist baxışın üstünlüyü elə bundadır ki, o, hadisənin səthində qalan simalara yox, onların arxasındakı ictimai mexanizmə diqqət edir. Fələstinlilərin əzilməsi İsrail rejiminin təsadüfi sapması deyil, onun əsas dayaqlarından biridir. Bu rejim hakimiyyətini ordu və polis ilə yanaşı, milli qorxu, şovinist səfərbərlik və daimi müharibə psixologiyası ilə də qoruyur. Fələstinlilərə qarşı zorakılıq həmin sistem üçün bəzən birləşdirici yapışqandır, çünki hakim sinif cəmiyyəti bunun üzərində səfərbər edir, mürtəce təbəqələri bunun üzərində toparlayır, daha tərəddüdlü qatları isə intizama çağırır.

Bu qanunda təsadüf yoxdur. Onun mətnində dövlət öz sinfi və kolonial mahiyyətinə uyğun davranır. Torpaq qəsbi, blokada, hərbi məhkəmə, məskunlaşma, kollektiv cəza, indi də edam bir-birindən qopuq hadisələr deyil. Bunlar eyni rejimin müxtəlif üzləridir. İşğal bəzən tank kimi görünür, bəzən hakim toxmağı kimi. Amma hər iki halda eyni iş görülür və bir xalqın siyasi iradəsi qırılmaq, həyatı dözülməz hala salınmaq, müqaviməti isə qan və hüquqla boğulmaq istənir.

İsrail dövlətinə qarşı olmaq yəhudi işçiyə qarşı olmaq deyil. Əksinə, bu düyünü açmağın yeganə ciddi yolu yəhudi və ərəb zəhmətkeşləri şovinist zəhərin hər iki növünə, yəni həm sionist dövlət millətçiliyinə, həm də dini-milli reaksiyaya qarşı ortaq sinfi mövqedə birləşdirməkdir. Fələstin azadlığı diplomatik mərasimlərin masasında doğulmayacaq. O, regionun işçiləri, yoxsulları və gəncləri bu çürük nizamın həm işğalçı, həm də yerli dayaqlarına qarşı ayağa qalxanda real məzmun qazanacaq. Kapitalizm və imperializm yerində qaldıqca, bu torpaqda “həll” deyilən şey yalnız növbəti fasilə, növbəti qan dövrəsi olacaq.

Ən dəhşətlisi də budur ki, belə qanunlar əvvəlcə çoxlarına sadəcə xəbər kimi görünür. Bir neçə gün müzakirə olunur, sonra gündəm dəyişir, insanlar alışır. Halbuki bəzi sənədlər hakim sinfin insan həyatı haqqında çıxardığı hökmdür. Knessetin son qanunu da belə sənəddir. O, fələstinliyə baxıb deyir ki, sənin həyatın daha ucuzdur, sənə qarşı məhkəmə daha sərt olacaq, sənin boynuna kəndir keçirmək daha asandır. Bunun qarşısında neytral qalmaq mümkün deyil. Neytrallıq burada dar ağacına öyrəşməkdir.

İsraildəki yeni qanuna bu nöqtədən sonra sadəcə hüquqi dəyişiklik kimi baxmaq mümkün deyil. Çünki yeni maddələrlə bütöv bir xalqın həyatına siyasi qiymət verilir. Dövlət açıq şəkildə bildirirsə ki, fələstinli üçün ayrıca ölüm maddəsi yazıla bilər, deməli, onun üçün ədalət çoxdan bitib, yerini hakimiyyətin soyuq qəddarlığı tutub. Belə bir şəraitdə kənarda dayanmaq, özünü bitərəf kimi göstərmək, yaxud buna bəraət qazandırmaq artıq sadəcə səhv mövqe deyil. İsrailə qarşı olmamaq artıq siyasi tərəfsizlik yox, insanlığa qarşı mövqe tutmaqdır. Bir xalq üçün ayrıca ölüm qanunu yazan dövləti müdafiə edənlər cəza maşınının könüllü şərikləridir.