Azərbaycan xalqının öz polisini sevməsinin qarşısında duran maneələr: Polis qanunun keşiyindədir, ya hakimiyyətin dəyənəyidir?

Azərbaycan xalqının öz polisini sevməsinin qarşısında duran maneələr: Polis qanunun keşiyindədir, ya hakimiyyətin dəyənəyidir?

“Tilov” serialında polis obrazını canlandıran aktyor Amid Qasımov son “Podkast kimi adam” kanalına müsahibəsində problemli fikir səsləndirərək Azərbaycan polisini hətta qüsurları olsa belə, hamının sevməli olmasını bildirib. İlk baxışda “pozitivlik” kimi təqdim edilməsi mümkün olan bu mövqe, əslində tənqid və sorğulamanı istəməyən, mövcud vəziyyətlə barışmağa təşviq edən ideoloji çağırışdır.

Məsələ burasındadır ki, sevgi inzibati göstəriş ola bilməz. Ümumiyyətlə, Azərbaycan polisini sevmək niyə bu qədər çətindir? Bunu anlamaq üçün “Polis nədir və kimə xidmət edir?” sualını cavablandırmalıyıq.

Dövlət neytral mexanizm deyil və ola bilməz. Dövlət sinfi hakimiyyət alətidir və onun bütün institutları, o cümlədən polis cəmiyyətin ümumi rifahını qorumaq yox, mövcud istehsal münasibətlərini və hakim sinfin maraqlarını mühafizə etmək üçün formalaşır. Bu baxımdan polis qanunun keşiyində duran qüvvə deyil.

Azərbaycan reallığında isə bu məsələ daha konkretləşir. Polis daha çox hansı hallarda aktivdir? İşçilərin hüquqları tapdalananda, əmək haqqı gecikəndə, sosial ədalətsizlik artanda, yoxsa xalqın etiraz səsləri yüksələndə? Təcrübə göstərir ki, polis ən çevik şəkildə məhz ikinci halda “effektiv” olur. Yəni burada funksional prioritet artıq özünü açıq şəkildə göstərir ki, polis sosial problemləri həll etmək yox, onların doğurduğu narazılığı nəzarətdə saxlamağa xidmət edir.

Bu nöqtədə “qüsurları ilə sevmək” ideyası ideoloji maskaya çevrilir. Çünki qüsur deyilən şey əslində sistemin mahiyyətidir. Əgər polis sistemli şəkildə vətəndaşı qorumaqdan daha çox onu nəzarətdə saxlamaq funksiyasını yerinə yetirirsə, bu artıq fərdi səhv deyil, struktur xüsusiyyətdir. Struktur problemini isə emosional münasibətlə, məsələn, sevgi ilə həll etmək mümkün deyil.

Burada daha incə məqam da var. Hakim ideologiya tez-tez polisi “xalqın içindən çıxmış” insanlar kimi təqdim edir. Bu, doğrudur, polis də əməkçi ailələrin övladlarıdır. Amma bu fakt onların hansı funksiyanı icra etdiyini dəyişmir. Marksın dili ilə desək, fərdin sinfi mənşəyi ilə onun sinfi funksiyası eyni şey deyil. Polis əməkçi ailədən çıxsa belə, o, dövlət aparatının bir hissəsinə çevrildiyi andan etibarən artıq fərdi yox, institusional rolu yerinə yetirir.

Məhz buna görə də problem “pis polis – yaxşı polis” dilemması deyil. Problem daha dərindir. Polis institutu hansı ictimai münasibətlərin qorunması üçün mövcuddur? Əgər bu münasibətlər bərabərsizliyi, istismarı və siyasi monopoliyanı qoruyursa, o zaman polis istər-istəməz bu sistemin icraedici mexanizminə çevrilir. Belə şəraitdə “polisə sevgi” çağırışı əslində siyasi neytrallaşdırma cəhdidir. Cəmiyyətə deyilir ki, siyasi məsələlərə dair münasibət bildirməyin, analiz etməyin, sadəcə qəbul edin və sevməyə çalışın. Bu isə tənqidi düşüncənin yerinə itaətin qoyulması deməkdir.

Halbuki tarix göstərir ki, heç bir hakimiyyət tənqiddən sığortalanmayıb. Polisə münasibət də yalnız bir halda dəyişə bilər: o zaman ki, polis həqiqətən cəmiyyətin geniş təbəqələrinin maraqlarını qoruyan, sosial ədalətin təminində rol oynayan instituta çevrilir. Əks halda, sevgi tələb etmək, sadəcə, reallığı dəyişmir, onu ört-basdır edir.

Polisin kimə xidmət etməsini xalq hətta dərin siyasi şüura malik olmadan belə anlaya və dərk edə bilir. Bu səbəbdən polisi sevməyə dair cəfəng çağırışlar cəmiyyətin reaksiyasını dəyişməyəcək. Çünki insanlar romantik şüarlarla yox, gündəlik təcrübələri ilə hökm verirlər.