“Təhlükəsiz şəhər” yalanı: Bakıda kamera çoxluğunun sinfi mahiyyəti

“Təhlükəsiz şəhər” yalanı: Bakıda kamera çoxluğunun sinfi mahiyyəti

Bakıda minlərlə kameranın quraşdırılması hakimiyyət tərəfindən “təhlükəsizlik”, “müasirlik”, “rahatlıq” kimi sözlərlə bəzədilir. Sanki küçənin başına bir kamera vurulan kimi şəhər daha ədalətli olur, insan daha rahat nəfəs alır, həyat da birdən-birə düzəlir, amma bu məzhəkənin saxta maskasını bir az qırağa itələyəndə tamam başqa mənzərə görünür. Həqiqət bundan ibarətdir ki, kameralar vasitəsilə şəhər təhlükəsizləşdirilmir, o izlənilir və nəzarət altına alınır.

Bakıda artıq minlərlə kamera var və onların böyük hissəsi üz tanıma funksiyası ilə işləyir. Təsadüfi texniki yenilik kimi görünən bu hadisə dövlətin xalqın üzərinə daha çox göz dikməsidir. Hakimiyyət bu gözləri divarlara, dirəklərə, binalara, küçələrə, keçidlərə yerləşdirib. Məqsəd isə xalqı görmək, tanımaq, seçmək, lazım gələndə isə sıxışdırmaqdır.

Dövlət neytral deyil. O, hamının xeyrinə işləyən, hamıya bərabər məsafədə duran, səmavi ədalət paylayan mexanizm deyil. Sinifli cəmiyyətdə dövlət hakim sinfin əlində təşkilatlanmış gücdür. Onun polisi də, qanunu da, məhkəməsi də, kamerası da bu gücün xidmətində dayanır. Buna görə kamera məsələsinə “texniki rahatlıq” kimi baxmaq siyasi korluqdur.

Hakimiyyət deyir ki, kameralar cinayətkarlığın qarşısını alır. Bəs onda niyə bu qədər kamera olan ölkədə vətəndaş yenə də öz hüququnu sübut edə bilmir? Niyə polis zorakılığı qarşısında görüntülər çox vaxt ya tapılmır, ya da əlçatan olmur? Niyə küçədə vətəndaşların hər addımı görünsə də, məmurların kabineti qəribə şəkildə dumanlı qalır? Cavab sadədir, kamera hamını eyni şəkildə izləmək üçün deyil və əsasən aşağıya – xalqa, işçilərə, etiraz edənlərə baxır. Gözünü yuxarı dikmək isə dövlətin işi deyil.

Kameralar sadəcə görüntü çəkmir. Mişel Fukonun təbirincə desək, kameralar insanın davranışını dəyişir. Adam bilir ki, izlənilir, dərhal yığışır, susur, özünü saxlayır. Danışanda daha ehtiyatlı olur, etiraz edəndə iki dəfə düşünür, işdə başını qaldırmağa çəkinir. Yəni kameranın ən böyük gücü elə həmin an insana “öz yerini bil” deməsindədir.

Məhz buna görə kamera kapitalist hakimiyyət üçün çox rahat alətdir. Çünki küçədəki narazılığı qeyd edir, aksiyada iştirak edənləri seçir, jurnalistin, siyasi fəalın, təşkilatçının hərəkət trayektoriyasını yadda saxlayır, iş yerində işçini nəfəs aldığı ana qədər nəzarətdə tutmaq üçün patrona əlavə imkan verir. Təhlükəsizlik kameraları etiraz aksiyalarında kimlik müəyyənləşdirməni, fəalların və jurnalistlərin izlənməsini, iş yerlərində isə işçilər üzərində təzyiqi asanlaşdırır. Bu, problemin lap düz yerindən tutulmuş müşahidədir.

Bunun adı isə təhlükəsizlik yox, elektron intizamdır. Bunun adı görünməz dəyənəkdir. Bunun adı şəhərin divarlarına bərkidilmiş itaət maşınıdır.

Hakimiyyət hamının təhlükəsizliyindən bəhs etsə də, öz təhlükəsizliyini nəzərdə tutur. Onun üçün təhlükəsiz şəhər o şəhərdir ki, orada insanlar çox sual verməsin, çox toplaşmasın, çox etiraz etməsin, çox tənqid etməsin. Onun üçün təhlükəsizlik küçənin sakit qalmasıdır, yoxsulun susmasıdır, işçinin başını aşağı salmasıdır, gəncin geri çəkilməsidir.

Bu səbəbdən “təhlükəsiz şəhər” ifadəsinin özü ideoloji hiylədir. Guya məsələ hamının rifahıdır. Əslində isə söhbət hakimiyyətin özünü daha rahat hiss etməsindən gedir. Sosial problemləri həll etmək əvəzinə, xalqın üzərinə kamera qoyurlar. İnsanların niyə narazı olduğunu araşdırmaq əvəzinə, narazı olanları daha tez tanımaq istəyirlər. Bu isə problemin səbəbini aradan qaldırmaq əvəzinə simptomu boğmaq cəhdidir.

Adi müşahidə kamerası ilə üz tanıma sistemi arasında fərq böyükdür. Adi kamera sadəcə çəkirsə, üz tanıma sistemi bizi oxuyur, məlumat bazasına bağlayır, sifətimizi rəqəmsal açara çevirir. Bu, nəzarətin daha amansız mərhələsidir. İnsan artıq işarələnən məlumata çevrilir, onun kimlə görüşdüyü, hansı küçədən keçdiyi, harada dayandığı, hansı çevrədə göründüyü siyasi baxımdan istifadə oluna bilən rəqəmsal xammala çevrilir.

Belə sistemlərin siyasi azadlıqların boğulduğu şəraitdə neytral işləyəcəyini düşünmək, yumşaq desək, sadəlövhlükdür. Hakimiyyətə sərf edən odur ki, onun xoşuna gəlməyən adamı texnologiya özü seçsin, özü xəbər versin, özü ayırsın. Bu, rəqəmsal ovçuluqdur.

Üz tanıma sistemlərinin başqa bir problemi onların səhvsiz olmamasıdır. Yanlış tanıma halları olur, bir adam başqa biri ilə qarışdırılır, sistem isə təsadüfi oxşarlığı “uyğunluq” kimi qəbul edir. Kompüterdə baş verən səhv küçədə polis müdaxiləsinə çevrilə, nəticədə günahsız adam saxlanıla bilər, sorğu-suala çəkilə, alçaldıla, vaxt və pul itirə bilər. Üstəlik, sonra həmin adam öz günahsızlığını sübut etməyə məcbur qalır.

Burada ən iyrənc məqam odur ki, maşın yanılsa da, onu məsuliyyətə cəlb etmək olmur. Dövlət çox vaxt səhvlərinə görə üzr istəmir. Əzab çəkən yenə insan olur. Yəni “ağıllı texnologiya” adlandırılan nəsnə bəzən sadəcə daha soyuq, daha mexaniki və daha qəddar ədalətsizlik formasıdır.

Üz tanıma sistemlərinin işləməsi üçün biometrik məlumat toplanır. Yəni üzlərimiz artıq rəqəmsal məlumatdır. Yığılan, saxlanılan, işlənən, paylaşılması və sızdırılması mümkün olan materialdır. Kapitalizm hər şeyi əmtəəyə və resursa çevirməyə meyllidir. Bu, kapitalizmin inkişafı ilə istismar edilənlərin daha intensiv şəkildə azadlıqdan məhrum edilməsidir. Əvvəl sadəcə əmək gücü mənimsənilirdisə, indi insanın özü məlumat şəklində mənimsənilir.

Bu, texniki olmaqla yanaşı siyasi və sinfi prosesdir. İnsan burada hüquqları olan vətəndaş kimi yox, emal edilən informasiya vahidi kimi görünür. Sifətin dövlətin və ona bağlı strukturların məlumat bazasında fayla çevriləndə, artıq təkcə izlənmirsən, həm də parçalanırsan, özündən ayrılıb məlumat formasında sistemin içinə düşürsən.

Əlbəttə, şəxsi həyatın toxunulmazlığı haqqında qanunlar, konstitusiya və onların gözəl cümlələrlə yazılan maddələri var. Lakin bu ölkədə hüquq çox vaxt kağız üzərində qalır, əvəzində isə divarda kamera peyda olur. Qanunlara görə, insan özünün razılığı olmadan izlənməməlidir. Həyat isə göstərir ki, hakimiyyət özünə lazım olanda qanunu elə yozur, elə bükür, elə dolaşdırır ki, sonda yenə istədiyini edir.

Sinifli cəmiyyətdə hüququn taleyi güc münasibətlərindən ayrı deyil. Kimin əlində dövlət aparatı varsa, hüququ da öz mənafeyinə uyğun dartmağa daha çox imkanı olur. Buna görə problem hakimiyyət məsələsidir və hakimiyyətin nə etdiyini görmək üçün divarlardakı gözlərə baxmaq kifayətdir.

Şəhəri yalnız kameralar vasitəsilə təhlükəsiz hala gətirmək mümkün deyil. Həqiqi təhlükəsizliyin təmin olunması və cinayətkarlığın səviyyəsinin aşağı düşməsi üçün işsizlər işlə təmin edilməli, yoxsullar sosial təminat sistemi üçün görünən olmalı, heç kəs alçaldılmamalı, gənclərin sabaha ümidi olmalı, bütün xəstəliklər üçün müalicə əlçatan xarakter daşımalı, heç kim siyasi fikrinə görə təqib edilməməli, hər kəsin ləyaqətlə yaşaya bilməsi təmin edilməlidir.

Yoxsulluq, işsizlik, hüquqsuzluq, mənzil böhranı, istismar və ümidsizlik yerində qaldıqca, hər küçəyə kamera sancmaq təhlükəsizlik yaratmır. Sadəcə nəzarəti böyüdür. Cinayəti doğuran ictimai səbəblərə toxunmayan hakimiyyət cinayət qorxusunu özü üçün siyasi silaha çevirir. Çünki bu sistem ədaləti yaratmaqdansa hər yerə kamera düzməyə üstünlük verir.

Məsələyə liberal narazılıqla yanaşmaq kifayət etmir. Problem təkcə məxfiliyin pozulması səviyyəsində deyil, burada daha dərin məsələ var və o, texnologiyanın hakimiyyətin əlində xalqı daha yaxşı görmək, tanımaq, seçmək və susdurmaq vasitəsinə çevrilməsindən ibarətdir. Bu, sistemin məntiqidir.

Ona görə cavab da sistemli olmalıdır. Üz tanıma texnologiyalarının yayılmasına, biometrik izləmənin normallaşdırılmasına, iş yerlərində rəqəmsal nəzarətin dərinləşməsinə qarşı açıq mövqe formalaşmalıdır. İnsanlar anlamalıdır ki, məxfilik texniki məsələ deyil, siyasi məsələdir. Amma bununla yanaşı əsas həqiqət də açıq deyilməlidir: bu nəzarət mexanizmlərini doğuran sistem dəyişmədən, problem başqa formada yenə qayıdacaq.

Texnologiya imtiyazlı azlığın qazancı, hakimiyyəti və rahatlığı üçün yox, cəmiyyətin ümumi ehtiyacları üçün işləməlidir. O, işçini sıxmaq, fəalı izləmək, jurnalisti xəritələndirmək üçün yox, əmək yükünü azaltmaq, insanların həyatını asanlaşdırmaq, bilik və imkanları genişləndirmək üçün olmalıdır. Bunun üçün isə tək-tək şikayət yox, kollektiv siyasi güc lazımdır. Öz ayağı üstündə duran, müstəqil xətti olan, hakim sinfin heç bir qanadına bağlanmayan işçi sinfi siyasəti lazımdır.

Hakimiyyət şəhəri kameralarla doldurduqca öz zəifliyini gizlədir. Çünki xalqın etimadı ilə idarə edə bilməyən hər rejim sonda obyektivin arxasına sığınır. O, insanın üzünü tanımaq istəyir, çünki onun dərdini tanımır. O, küçəni izləmək istəyir, çünki küçənin niyə qəzəbli olduğunu həll edə bilmir. Ona görə də bu mübarizə sadəcə məxfilik məsələsi olmaqla kifayətlənməməlidir, çünki o, sinfi hakimiyyət məsələsidir. Kapitalizm insanı həm iş yerində istismar edir, həm küçədə izləyir, həm də rəqəmsal məkanda məlumat bazasına çevirir. Buna qarşı çıxış yolu da parça-parça etirazlarda yox, təşkilatlanmış siyasi mübarizədədir. Texnologiya bir ov aləti kimi yox, bəşəri ehtiyacların xidmətçisi kimi işləməlidir. Bunun üçün isə xalqı izləyən hakimiyyət aradan qaldırılmalı, zəhmətkeşlər özlərinin yaradacaqları hakimiyyət formalaşdırılmalıdır.