“Müqavimət” nədir və biz nələr uğrunda mübarizə aparırıq?

“Müqavimət” nədir və biz nələr uğrunda mübarizə aparırıq?

Bu cəmiyyətin bütün sərvətini yaradan bir sinif var və o sinif öz yaratdığı dünyanın sahibi deyil. İşçilər işləyirlər, amma hökm etmirlər. Müəllimlər öyrədirlər, amma cəmiyyətin istiqamətini müəyyənləşdirmirlər. Həkimlər həyatlar xilas edirlər, amma səhiyyənin taleyi onların əlində deyil. Kuryerlər şəhəri hərəkətdə saxlayırlar, amma onların öz həyatları dayanmadan aşınır. Qadınlar evdə, işdə, küçədə bu nizamın görünməz dayaqlarını daşıyırlar, amma onların zəhməti ya ucuzlaşdırılır, ya da ümumiyyətlə əmək sayılmır. Dünyanı hər gün yenidən quranlar başqaları üçün yaşayır, başqaları üçün yaradır, başqaları üçün dözürlər. Onların payına isə borc, qorxu, yorğunluq, itaət və qeyri-müəyyən sabah düşür.

“Müqavimət” bu ziddiyyətin içindən doğur. Biz xəbər bolluğunun ortasında həqiqətin boğulduğu, söz azadlığının bazar və senzura arasında sıxışdırıldığı, siyasətin peşəkar yalançılara həvalə edildiyi bir dövrdə meydana çıxırıq. Bizim üçün media neytral sahə, nəzəriyyə akademik məşğuliyyət, mətbuat isə peşə texnikası deyil. Bunların hamısı sinfi mübarizənin sahələridir. Hakim sinif sərvəti necə təkəlləşdirirsə, həqiqəti də elə təkəlləşdirmək istəyir. O, yalnız fabrikə, banka, torpağa və dövlət aparatına yox, insanların düşüncəsinə, dilinə və təsəvvürünə də sahib olmaq istəyir. Biz bu hökmranlığa qarşı çıxırıq.

Biz “Müqavimət”ik, çünki dünyanı yuxarıdan deyil, aşağıdan görürük. Nazirlərin bəyanatlarından, sahibkarların müsahibələrindən, parlamentlərin tamaşasından deyil, iş yerlərindən, yataqxanalardan, xəstəxanalardan, məktəblərdən, emalatxanalardan, zavodlardan, tikintilərdən, neft platformalarından və borcla nəfəsi kəsilmiş evlərdən baxırıq. Baxış nöqtəmiz də, tərəfimiz də, dilimiz də buradadır.

Bilirik ki, mövcud quruluşun fəlakətləri – işsizlik, aşağı əməkhaqqı, bahalaşma, mənzil böhranı, senzura, korrupsiya, qadınların əzilməsi, milli ayrı-seçkilik, dini fanatizm, polis zorakılığı, təbiətin dağıdılması, müharibə təhdidi təsadüf və ya sistemin “səhvi” deyil. Bunlar onun iş üsuludur. Kapitalizm çoxluğun həyatını azlığın sərvətinə çevirən ictimai münasibətlər sistemidir. O, insanın əməyini alır, məhsulunu mənimsəyir, zamanını oğurlayır, sonra da bu qarəti “azad bazar”, “normal iqtisadiyyat”, “milli maraq”, “sabitlik” və “realizm” adı ilə satır.

Biz bu nizamı islah olunası qüsur kimi yox, aşılmalı maneə kimi görürük. “Müqavimət” üçün məsələ bir neçə pis məmurun, bir neçə acgöz oliqarxın və ya bir neçə korrupsioner siyasətçinin tənqidi ilə bitmir. Problem şəxslərdə yox, sinif hakimiyyətindədir. Dövlət bu cəmiyyətdə hamının dövləti deyil, mülkiyyət sahiblərinin, kapitalın, oliqarxların və onların siyasi qulluqçularının təşkilatlanmış gücüdür. Polis, məhkəmə, bürokratiya, daimi ordu, rəsmi media, inzibati aparat bitərəf mexanizmlər deyil. Bunlar mövcud qaydanın keşiyində duran alətlərdir. Ona görə biz sadəcə hakimiyyət dəyişikliyi yox, hakimiyyətin sinfi məzmununun dəyişməsi uğrunda mübarizə aparırıq.

“Müqavimət” olaraq biz kommunistik mövqedəyik. Bu, nostalji, yaxud əxlaqi jest deyil, tarixi zərurətin dərkidir. Cəmiyyətin maddi həyatını yaradan sinif, gec-tez, onun siyasi taleyini də öz əlinə almalıdır. İstehsal ictimai xarakter daşıdığı halda mülkiyyətin xüsusi qalması, əmək kollektiv olduğu halda sərvətin şəxsi toplanması, həyat milyonların əməyi ilə qurulduğu halda qərarların bir ovuc adam tərəfindən verilməsi kimi ziddiyyətlər sonsuza qədər davam edə bilməz. Biz bu ziddiyyətin həllini istismar olunanların hakimiyyətində görürük.

“Müqavimət” olaraq nələr uğrunda mübarizə aparırıq? Biz kapitalın hakimiyyətinə qarşı əməyin hakimiyyəti uğrunda mübarizə aparırıq. Bankların, iri sənayenin, enerji mənbələrinin, nəqliyyatın, rabitənin, təbii sərvətlərin və digər strateji sahələrin ictimai mülkiyyətə keçirilməsi uğrunda mübarizə aparırıq. Cəmiyyətin əsas damarları bazarın kor mexanizminə və bir ovuc xüsusi sahibin mənfəət iştahasına tabe qala bilməz. İqtisadiyyat mənfəət üçün deyil, ehtiyac üçün işləməlidir. Bunun yolu isə demokratik planlı təsərrüfatdan keçir.

Biz işçi nəzarəti uğrunda mübarizə aparırıq. İşçilər yalnız işləyən əl yox, qərar verən qüvvə olmalıdır. Zavodda, müəssisədə, xəstəxanada, universitetdə, redaksiyada, anbarda, platformada və hər yerdə seçkili işçi komitələri real nəzarət orqanlarına çevrilməlidir. İstehsalı quranlar idarəetməni də qurmalıdır. İqtisadi demokratiya olmadan siyasi demokratiya şüardan ibarətdir.

Biz döyüşkən və demokratik həmkarlar ittifaqları uğrunda mübarizə aparırıq. İşçini sakitləşdirmək üçün qurulmuş, rəhbərliklə uzlaşan, mübarizə anında qeybə çəkilən bürokratik qabıqlar deyil, həqiqi sinfi müdafiə orqanları istəyirik. Həmkarlar ittifaqları əmək bazarının əlavəsi yox, işçi sinfinin müqavimət məktəbi olmalıdır.

Biz iş saatlarının azaldılması, əməkhaqlarının artırılması, bütün gecikmiş və oğurlanmış haqların ödənilməsi, təhlükəsiz iş şəraiti, işsizlərin təminatı və tam əmək hüquqları uğrunda mübarizə aparırıq. İnsan ömrü mənfəətin xammalı deyil. Hər qeyri-insani iş rejimi, hər ödənilməmiş artıq saat, hər təhlükəli iş yeri kapitalın açıq cinayətidir.

Biz borc əsarətinin, mənzil böhranının və sosial təcridin dağıdılması uğrunda mübarizə aparırıq. Mənzil spekulyasiya obyekti deyil, insan haqqıdır. Boş mənzillər durduğu halda insanların kirayə altında əzilməsi, bankların və tikinti kapitalının minlərlə ailənin həyatını girov saxlaması “iqtisadi qanun” deyil, təşkilatlanmış qarətdir.

Biz pulsuz və keyfiyyətli səhiyyə, təhsil və elm uğrunda mübarizə aparırıq. Xəstəlikdən qazanc götürən, biliyi imtiyaza çevirən, gəncliyi diplom bazarında alver predmetinə çevirən sistem çürük sistemdir. Məktəblər itaət ocağına, universitetlər karyera bazarına çevrilməməlidir. Təhsil və elm cəmiyyətin kollektiv inkişafının sahəsi olmalıdır.

Biz qadınların tam azadlığı uğrunda mübarizə aparırıq. Patriarxal münasibətlər, məişət zorakılığı, iqtisadi asılılıq, görünməz ev əməyinin talanı və qadının həyatını xidmətə bağlayan bütün ictimai formalar dağıdılmalıdır. Biz bütün ayrı-seçkilik formalarına qarşıyıq: milli, etnik, dini, dil, gender və cinsi orientasiya əsasında alçaldılmanın hər növünə qarşı. Biz bunu liberal dəb kimi deyil, sinfi birliyin ayrılmaz şərti kimi müdafiə edirik. Hakim sinif bölür. Biz birləşdiririk.

Biz söz, mətbuat, təşkilatlanma və siyasi fəaliyyət azadlığı uğrunda mübarizə aparırıq. Azad söz rəsmi mərhəmətin payı deyil. O, sinfi mübarizənin zəruri silahıdır. Biz senzurasız, müstəqil, döyüşkən, əməkçi kütlələrin maraqlarını ifadə edən mətbuat istəyirik. Həqiqət bazarın reklam əlavəsinə çevriləndə, yalan dövlət dili olur.

Biz burjua dövlət aparatının, repressiv polis zorunun, imtiyazlı bürokratik kastanın və xalqdan qopmuş daimi ordunun hökmranlığına qarşı mübarizə aparırıq. Biz seçkili və geri çağırıla bilən nümayəndələrə, işçi maaşı səviyyəsində ödəniş alan məmurlara, aşağıdan yuxarı qurulan həqiqi ictimai idarəçiliyə, xalqın özünümüdafiə və özünüidarə orqanlarına əsaslanan işçi demokratiyasını müdafiə edirik.

Biz ekologiyanın müdafiəsini də sinfi məsələ hesab edirik. Təbiəti məhv edən abstrakt “insan” deyil; mənfəət üçün işləyən kapitalist istehsal üsuludur. Havanın, suyun, torpağın, meşənin və şəhər məkanının talanı bazarın “inkişafı” yox, ictimai barbarlıqdır. Təbiətlə rasional münasibət yalnız planlı iqtisadiyyat və ictimai nəzarətlə mümkündür.

Biz beynəlmiləlçiyik. Bizim üçün başqa ölkənin işçisi düşmən deyil. Düşmən öz ölkəsinin kapitalisti, onun dövləti, onun hərbi-siyasi maşını və zəhmətkeşləri bir-birinə qırdıran millətçi zəhərdir. Biz imperializmə, işğala, şovinizmə və milli nifrət siyasətinə qarşıyıq. Biz əzilən xalqların azadlığını və işçi sinfinin beynəlxalq birliyini müdafiə edirik. Kapital beynəlxalqdırsa, mübarizə də beynəlxalq olmalıdır.

Biz bütün bunları bir dua kitabı kimi sadalamırıq. Biz bilirik ki, tələblər ancaq mübarizə ilə can qazanır. Hər iqtisadi tələb siyasi məna daşıyır. Hər demokratik tələb dövlətin sinfi mahiyyətinə dəyir. Hər lokal mübarizə ümumi sistemlə toqquşur. Buna görə bizim üçün gündəlik mübarizə ilə inqilabi məqsəd arasında divar yoxdur. Biz bu günün tələblərini sabahın hakimiyyət məsələsinə bağlayırıq. Bu, bizim metodumuzdur.

“Müqavimət” buna görə sadəcə ad deyil. Bu, tərəfdir. Bu, sinfi mövqedir. Bu, susdurulanların nitqini bərpa etmək, dağınıq qəzəbi təşkilatlanmış qüvvəyə çevirmək, gündəlik zülmlə tarixi vəzifə arasında körpü salmaq cəhdidir. Biz dünyanı təsvir etməklə kifayətlənmirik. Biz onun dəyişdirilməsinin zəruriliyini və mümkünlüyünü elan edirik.

Hakimlər öz qüdrətlərini əbədi sayırlar. Amma bütün tarix göstərir ki, sərvəti yaradanlar ayağa qalxdığı gün heç bir taxt yerində qalmır.

Gələcək indi hökm edənlərə məxsus deyil, onu ayağa qalxanlar yaradacaqlar. “Müqavimət” isə bu inqilabın baş verməsini istəyənlərin yoldaşıdır.