Ölkənin nüfuzlu təhsil qurumlarından olan Bakı Ali Neft Məktəbinin tələbələri universitetdə baş verənlərdən narazıdırlar. Son günlərdə Bakıda yağan yağışa universitetin infrastrukturu tab gətirə bilməyib: həm universitet ərazisini su basıb, həm də elektriklər kəsilib. Bu səbəbdən nə tələbələr universitetə gedə bilir, nə də müəllimlər tələbələrin qiymətlərini sistemə daxil edə bilirlər. Semestrin son həftəsində tədris onlayn şəkildə aparılıb.
Şikayətlər isə bununla bitmir. Tələbələrin dediyinə görə ali məktəbin rəhbərliyi tələbələrin sosial media paylaşımlarını izləyir və universitet haqqında hər hansı mənfi rəy yazıldıqda tələbələrdən bu rəyi silmələri tələb edilir. Nəinki paylaşım və ya rəy, hətta bəzən bəyənilən postlara görə tələbələr haqqında tədbir görülür. Bu söz və ifadə azadlığının pozulmasının nümunəsidir və ali məktəbin rəylərdən nəticə alıb problemləri həll etmək yerinə bunları gizlətməsi universitetlərin də miniatür Azərbaycanlara çevrildiyini göstərir.
Tələbələrin gözündə daha acınacaqlı olan hal isə bu işlə bağlı universitet daxilində xüsusi klubun yaradılmasıdır. Bu o deməkdir ki, bəzi tələbələr bu kluba üzv olur və yoldaşlarının paylaşımlarını izləyib bunları rəhbərliyə bildirir, yaxud şəxsən paylaşımı silmələrini tələb edir. Bu kapitalist cəmiyyətin həmrəylikdənsə rəqabətə üstünlük verməsinin, sinfi şüurun geriləməsinin və sinfi həmrəyliyin zəifləməsinin nəticəsidir. Universitetin problemlərinin həlli bütün tələbələr üçün faydalı olsa da bu klubda fəaliyyət göstərən şəxslərin mənafeləri sinfin mənafeyi ilə uzlaşmır.
Tələbələr və işçilər cəmiyyətin ən oxşar 2 qrupudur və hər ikisinin üzvləri gün ərzində mütləq birlikdə vaxt keçirir, eyni məqsədlər üçün çalışırlar – bütün tələbələr dərslərində müvəffəqiyyət qazanmaq, bütün işçilər isə əməklərinin qarşılığını almaq üçün mübarizə aparırlar. Ən önəmli oxşarlıq isə budur ki, 2 qrup da yalnız təşkilatlı mübarizə ilə istədiklərini əldə edə bilir. İşçilər gecikən və ya verilməyən maaşlara, artıq iş saatlarına qarşı təşkilatlı mübarizə apara bilər. Tələbələr də eyni şəkildə yalnız birlik olub universitetlərindəki qanunsuzluqlara, məsələn, rüşvətxor müəllim heyətinə qarşı mübarizə aparıb, bu hadisəni ictimailəşdirərək problemin həllinə çata bilər.
Problemlər ictimailəşdirmə ilə bitməsə də mübarizəyə başlamaq üçün ən yaxşı üsul onu geniş kütləyə çatdırmaqdır. “Tələbə Mediası” da məhz bunun üçün var.
📢 Hər zamankı kimi şüarımız budur: “Təhsil alanlar, artıq sizin də medianız var!”

