Yeni akademik il özündən əvvəlki tədris illərinin ləkələrini üzərində saxlayaraq, hətta zahiri də olsa, heç bir dəyişikliyə getmədən davam edir. Beləcə, təqvimin az qala hər ayında Azərbaycan universitetlərində tələbələr müxtəlif problemlərlə üzləşirlər. Onlar gah yataqxana, gah cinsi qısnama, gah inzibati heyətin özbaşınalığı, gah da təhsil haqlarının ödənilməsi məsələlərinə görə əziyyət çəkirlər. Heç kimə sirr deyil ki, sadaladıqlarımızın nüvəsində, yəni tələbələrin üzləşdiyi çətinliklərin mahiyyətində dünya tarixinin ən iyrənc ictimai forması olan kapitalizmin izi var. Biz kapitalist idarəçilik üsulu altında yaşadığımıza görə, aldığımız təhsil də ona müvafiqdir. Təhsilimiz sinifli cəmiyyətin ehtiyaclarına uyğun qurulmuş təhsildir. Deməli, bu bizim arzusunda olduğumuz və layiq olduğumuz öyrətmə və öyrənmə aparatı deyil. “Tələbə Mediası” sinifli cəmiyyətə uyğun qurulmuş təhsil sisteminin eybəcərliklərindən xəbərdardır.
2025-2026-cı tədris ilinin ikinci semestri olduqca sarsıdıcı xəbərlə davam edir. Tələbələrin kütləvi informasiya vasitələrinə verdiyi məlumata əsasən bəlli olub ki, Bakıda fəaliyyət göstərən Qərbi Kaspi Universitetinin rəhbərliyi tələbələrə “Votsap” vasitəsilə universitetə borclarının yarandığı barədə mesajlar göndərib, tezliklə həmin borcların ödənilməsini tələb edib, əks halda isə kəsrlərin yaranacağını və borcun daha da artacağını bildirib. Əslində, sinifli cəmiyyətlərdə təhsil ödənişli əsaslarla paylandığına görə düşünmək olar ki, haqqında yazdığımız bu mövzu ayrıca xəbər dəyəri daşımır. Fəqət faciə də elə bundadır ki, Qərbi Kaspi Universitetinin borclu hesab etdiyi tələbələr universitetə qəbul olunarkən ödənişsiz əsaslarla, yəni dövlət sifarişi ilə təhsil alan tələbə statusunda olublar.
Tələbələr məsələni ictimailəşdirdikdən sonra da problem öz həllini tapmadı. Müxtəlif kütləvi informasiya vasitələri tələbələrin haqlı iradlarından sonra mikrofonlarını və kameralarını sözügedən universitetin rəhbərliyinə çevirdi. Qərbi Kaspi Universitetinin cavabı isə hər birimizə əvvəldən tanışdır:
– Məsələ araşdırılır.
Bəli, məsələ araşdırılır. Dövlət sifarişi əsasında təhsil alan gənclərin özəl universitetə qəfildən borclanmasının səbəbi araşdırılır. Fəqət gün kimi aydındır ki, bu araşdırmadan dişə dəyən bir nəticə çıxmayacaq. Dövlət sinifli cəmiyyətin maraqları üzərində qurulduğuna görə, özündən qaynaqlanan nəticələri aradan qaldırmaqda maraqlı deyil. Ola bilsin ki, Azərbaycan dövləti məhz Qərbi Kaspi Universitetində yaranmış bu məsələni doğrudan da tələbələrin xeyrinə nizama salsın. Amma biz unutmamalıyıq ki, bu tip problemlər təsadüfi deyil, sistemlidir, onlar daimi şəkildə dövr edir, bir yerdə səngiyir, başqa yerdə yenidən baş qaldırır.
Qərbi Kaspi Universitetinin dövlət sifarişli tələbələrdən ödəniş tələb etməsi bizə bir həqiqəti yenidən xatırladır ki, kapitalist quruluşun hökm sürdüyü ölkələrdə dövlət yaranan problemləri kökündən həll etmək üçün əməli addımlar atmır, əksinə, bir ovuc tələbənin belə öz hesabına oxumasını təmin etməkdən mümkün qədər yayınmağa çalışır.
“Tələbə Mediası” Bakıda və regionlarda fəaliyyət göstərən universitetlərin istənilən problemini ictimailəşdirməyə hazırdır. Çünki təhsil müəssisələrinin daş hasarları və rəngli binaları daxilində heç bir akademik çətinlik, heç bir inzibati qüsur öz-özünə həll olunmur. Bizə yazın.
📢 Hər zamankı kimi şüarımız budur: “Təhsil alanlar, artıq sizin də medianız var!”

