Bu yaxınlarda Dövlət Məşğulluq Agentliyinin yaydığı rəqəmlər cəmiyyətdə haqlı narahatlıq yaratdı. 2018-2023-cü illərdə Azərbaycanda universitet məzunlarının sayı təxminən 121 min nəfər olub, halbuki onların yalnız 71 min nəfəri iş tapa bilib. İş tapanların da önəmli hissəsinin supermarketlərdə çalışdığı, 58 faizinin isə 400 manatdan aşağı maaş aldığı bildirilib.
Bu rəqəmlər məşğulluq problemini göstərməklə yanaşı daha dərin sualı ortaya qoyur: illərlə oxuyan, imtahan verən, ailəsinin və özünün resursunu təhsilə sərf edən gənclər niyə sonda ixtisaslarına uyğun iş tapa bilmirlər? Niyə diplom sabit həyatın qapısını açmır? Niyə ali təhsil alan minlərlə gənc üçün iş həyatı öz sahəsində inkişafla yox, market kassası, satış zalı, anbar və ya təsadüfi xidmət işləri ilə başlayır?
Problemin cavabını təkcə təhsilin zəifliyi ilə bağlı deyil. Əlbəttə, təhsil sisteminin problemləri var, həm də ciddi problemləri. Amma məsələ bununla bitmir. Burada əsas məsələ ondan ibarətdir ki, kapitalist cəmiyyətdə təhsil də, əmək bazarı da insanın inkişafı üçün yox, bazarın ehtiyacları üçün qurulur.
Kapitalizmdə insanın əmək qüvvəsi alınıb-satılan bir şeyə çevrilir. Yəni insanın biliyi, vaxtı, bacarığı və enerjisi həyatını qurmaq üçün yox, ilk növbədə kapital üçün dəyər yaratmaq üçün istifadə olunur. Bu sistemdə işçinin nə qədər yaradıcı, savadlı və ya həvəsli olması əsas məsələ deyil. Əsas məsələ onun nə qədər ucuz, nə qədər çevik və nə qədər asan əvəzlənə bilən işçi olmasıdır. Elə buna görə də minlərlə məzunun taleyi onun nə öyrəndiyi ilə deyil, bazarın həmin anda nəyə ehtiyac duyduğu ilə müəyyənləşir.
Universitet də bu strukturun xaricində deyil. Bizə illərlə deyilir ki, diplom həyatın əsas mərhələsidir, ali təhsil olmadan gələcək yoxdur. Lakin eyni zamanda tələbəyə verilən təhsil çox vaxt ya keyfiyyətsiz, ya köhnəlmiş, ya da son dərəcə dar çərçivəli olur. Məktəbdən başlayaraq şagirdlər test məntiqinə, əzbərə və erkən ixtisas bölgüsünə uyğunlaşdırılırlar. Universitetdə isə çox zaman bütöv dünyagörüşü, tənqidi düşüncə və çoxşaxəli hazırlıq yox, yalnız bazara təqdim edilə biləcək minimum peşə bilikləri verilir. Nəticədə sistem geniş düşünən və sərbəst yön dəyişə bilən insan yox, müəyyən çərçivəyə salınmış əmək resursu hazırlayır.
Bu isə məzunun gələcəyini xeyli məhdudlaşdırır. Gənc insan bir sahə üzrə diplom alır, amma əmək bazarında ya həmin sahə üzrə kifayət qədər iş yoxdur, ya maaş yaşayış üçün yetərli deyil, ya da vakansiyalar şəxsi əlaqələr, tanışlıq, formal tələb və qeyri-şəffaf seçimlər altında bölüşdürülür. Belə vəziyyətdə məzunların mühüm hissəsi öz ixtisasından kənara çıxmağa məcbur qalır. Onların qarşısında seçim varmış kimi görünsə də, əslində çox vaxt sadəcə məcburiyyət ya aşağı maaşlı və qeyri-sabit işə razılaşmaq, ya da işsiz qalmaq seçimləri mövcud olur.
Məhz buna görə supermarketlər, satış sektoru və digər yüksək işçi dövriyyəsi olan sahələr məzunlar üçün çıxış yoluna çevrilir. Bu sahələr gənc işçi qüvvəsini tez dəyişir, çox saxlamır və az maaş verir. Burada əsas olan ixtisas deyil, itaət, dözümlülük və aşağı əməkhaqqına razı salına bilməkdir. Dörd il, bəzən daha çox müddət universitet oxuyan gəncin sonda belə sahələrə axışması fərdi uğursuzluq deyil, sistemin öz məntiqinin nəticəsidir.
Bu vəziyyətdə məsuliyyəti yalnız tələbənin, məzunun və ya müəllimin üzərinə yıxmaq saxtakarlıqdır. Problem təkcə bəzi gənclərin öz üzərində işləməməsi deyil, sistemin əvvəlcə diplomu xilas bileti kimi təqdim etməsi, sonra həmin biletin çox vaxt heç bir təminat verməməsidir.
Burada bir həqiqəti aydın demək lazımdır ki, diplomun dəyərdən düşməsi təsadüfi xarakter daşımır. Ali təhsilin kütləviləşməsi özü-özlüyündə pis bir şey deyil, əksinə, bu, cəmiyyət üçün müsbət hal ola bilərdi. Problem ondadır ki, eyni vaxtda həm ixtisaslı iş yerləri yaradılmır, həm də mövcud əmək bazarı ucuz əmək üzərində qurulur. Nəticədə daha çox məzun olsa da, onların bilik və bacarığını insani şərtlərlə dəyərləndirən iqtisadi mühit formalaşmır. Belə olduqda diplom inkişaf vasitəsi olmaqdan çox, rəqabətin içində adi filtrə çevrilir: iş üçün kifayət etmir, amma onsuz da içəri girə bilmirsən.
Bütün bunlar tələbələr üçün vacib bir nəticə ortaya qoyur. Təhsil yalnız fərdi məsələ deyil. Universitet həyatı, ixtisas seçimi, təqaüd, yataqxana, təcrübə proqramları, iş tapmaq, ilk maaş bir-birindən ayrı mövzular yox, eyni sistemin müxtəlif üzləridir. Əgər tələbələr bu sistemi doğru anlamırlarsa, öz problemlərini də çox vaxt şəxsi çatışmazlıq kimi görməyə, özlərini təqsirləndirməyə başlayırlar. Halbuki çox zaman məsələ fərddə yox, sistemdədir.
Elə buna görə də tələbələr daha çox sual verməlidirlər. Niyə universitetlə əmək bazarı arasında bu qədər dərin uçurum var? Niyə ixtisas üzrə ilk iş yerləri bu qədər azdır? Niyə məzun əməyi bu qədər ucuzdur? Niyə ali təhsil alan gənc öz gələcəyinə əmin deyil? Bu suallar daha ədalətli təhsil və əmək mühiti uğrunda mübarizənin başlanğıcıdır.
“Tələbə Mediası” da məhz buna görə – təhsil alanların yaşadıqları çətinliklər, hüquq pozuntuları, istismar, qeyri-bərabərlik və susdurulan problemlər görünməz qalmasın deyə var. Təhsil alanların səsi eşidilsin, problemləri şəxsi dərd kimi yox, ictimai məsələ kimi görünsün deyə. Təhsil alarkən qarşılaşdığınız haqsızlıqları, təzyiqləri və sistem problemlərini bizimlə bölüşün. Onlar gizli qaldıqca dəyişmir. 📢 Təhsil alanlar, artıq sizin də medianız var!

