28 Mayla 28 Aprel arasında fərq təkcə iki tarix arasındakı fərq deyil. Bu, iki azadlıq anlayışı arasındakı fərqdir. Birincisi azadlığı bayraq, parlament, diplomatik tanınma və milli dövlət forması kimi təqdim edir. İkincisi isə azadlığı hakimiyyətin kimin əlində olması, torpağın kimin istifadəsinə verilməsi, neftin kimə xidmət etməsi, qadının, fəhlənin və kəndlinin real həyatının necə dəyişməsi sualı kimi qoyur. Məhz buna görə 28 Aprel Azərbaycan burjuaziyasının ən çox qorxduğu tarixdir. Çünki 28 May ona “milli dövlətçilik” haqqında rahat, sentimental və rəsmi mərasimlərə yarayan hekayə verir, 28 Aprel isə həmin hekayənin mahiyyətini açır və soruşur ki, həmin “milli dövlət” kimin dövləti idi? Neft fəhləsininmi? Torpaqsız kəndlininmi? Ac uşağınmı? Yoxsa neft kapitalının, mülkədarların, bəylərin, imperialistlərin və onların yerli siyasi nümayəndələrininmi?
Bu sual verildiyi anda 28 Mayın rəsmi parıltısı sönür. Çünki dövlət bayraqla deyil, sinfi məzmunla müəyyən olunur. Dövlət kimin əlindədirsə, onun azadlığı da həmin sinfin azadlığıdır. Əgər dövlət kapitalistin mülkiyyətini qoruyursa, mülkədarın torpağını saxlayırsa, xarici imperialistin himayəsinə möhtacdırsa, onun “milli” adlanması zəhmətkeş xalq üçün azadlıq yaratmır. Xalqın böyük əksəriyyəti üçünsə bu, istismarın milli forma almasından başqa bir şey deyil.
Azadlıq nədir: bayraq, yoxsa istismardan xilas?
28 May və 28 Aprel haqqında danışanda adətən hər iki tərəf “azadlıq” sözündən istifadə edir. Amma əsas məsələ də elə buradadır: azadlıq kimin üçündür və nədən azadlıqdır?
Burjua tarixşünaslığı üçün azadlıq milli dövlət aparatının mövcudluğu, parlamentin açılması, bayrağın qaldırılması və xarici diplomatik tanınma cəhdidir. Bu anlayışda fəhlənin ac qalması, kəndlinin torpaqsızlığı, qadının sosial əsarəti, uşağın savadsızlığı, neft sərvətinin kapitalist mənfəətinə tabe edilməsi ikinci dərəcəli məsələlər sayılır. Sanki xalq yalnız bayrağa baxanda azad olur. Halbuki ac qarın bayraqla doymur, torpaqsız kəndli himnlə azadlıq qazanmır, neft fəhləsinin yaralanmış bədəni parlament nitqləri ilə sağalmır.
Həqiqi azadlıq abstrakt hüquqi şüar deyil, insanın öz həyatını müəyyən edən maddi zərurətlər üzərində kollektiv hakimiyyət qazanmasıdır. Karl Marks “Kapital”ın üçüncü cildində həqiqi azadlıq səltənətini insanın təbiət və sosial zərurətlər üzərində şüurlu, kollektiv nəzarəti ilə əsaslandırırdı. Bu, liberal “istədiyini seç” azadlığı deyil, insanın öz həyatını kor bazar qanunlarının, mülkədar iradəsinin və kapitalist mənfəətinin girovluğundan xilas etməsidir. Lenin isə burjua azadlığının ikiüzlülüyünü daha açaraq göstərirdi ki, kapitalistlər “azadlıq” deyəndə çox vaxt varlının varlanmaq, kasıbın isə aclıqdan məhv olmaq “azadlığı”nı nəzərdə tuturlar. Onlar mətbuat azadlığından danışanda, əslində varlının mətbuatı satın almaq və ictimai rəyi saxtalaşdırmaq azadlığını müdafiə edirlər. Onlar parlament azadlığından danışanda, pulun, mülkiyyətin və dövlət aparatının siyasəti müəyyən etdiyi quruluşu gizlədirlər.
28 May xalqın azadlığı deyildi, o, Azərbaycan burjuaziyasının öz dövlət formasını tapması idi. 28 Aprel isə ilk dəfə azadlığı bayraqdan, parlamentdən və diplomatik tanınmadan çıxarıb torpaq, əmək, mülkiyyət və hakimiyyət məsələsinə bağladı. Deməli, “milli azadlıq” yalnız bir halda həqiqi məna qazana bilər: əgər o, zəhmətkeş kütlələrin sosial azadlığı ilə birləşirsə. Milli bayraq altında da istismar mümkündür. Milli parlamentin mövcudluğu şəraitində də da aclıq mümkündür. Milli ordunun hökmranlığı şərtlərində də kəndlinin övladı ölür, bəyin və kapitalistin oğlu isə yağ-bal içərisində yaşayır. Əgər millətin böyük əksəriyyəti iqtisadi əsarətdədirsə, o xalqın “milli azadlığı” burjuaziyanın bəzədilmiş əsarətidir.
28 Aprelin tarixi gücü onun “azadlıq” sözünü burjua mərasimlərindən çıxarıb sinfi məzmunla doldurmasındadır. Azadlıq 28 Apreldən sonra artıq yalnız “öz dövlətimiz var” demək deyildi. Azadlıq “torpaq kimin olacaq?”, “neft kimin olacaq?”, “fabrikdə kim hökm verəcək?”, “qadın ictimai həyata necə çıxacaq?”, “savadsız kəndli uşağı məktəbə necə gedəcək?” suallarına çevrildi. Azadlıq ilk dəfə söz yox, maddi münasibət kimi qoyuldu.
28 May milli dövlət formasında burjua hakimiyyəti idi
Azərbaycan Xalq Cümhuriyyəti haqqında bugünkü rəsmi və liberal hekayə onu bütün xalqın ümumi nailiyyəti kimi təqdim edir. Halbuki marksist baxış üçün dövlət heç vaxt siniflərdən yuxarı duran müqəddəs forma deyil. Dövlət həmişə müəyyən sinfi hakimiyyətin təşkilatlanmış formasıdır. AXC də istisna deyildi. O, Azərbaycan burjuaziyasının, torpaq sahiblərinin, milli ziyalı təbəqəsinin və neft kapitalı ətrafında formalaşmış hakim blokun dövləti idi.
Onun parlamenti var idi, amma bu parlament fəhlə və kəndli hakimiyyəti deyildi. Onun bayrağı olsa da, bu bayraq kəndlinin torpaq aclığını həll etmirdi. Onun hökuməti var idi, fəqət bu hökumət neft fəhləsinin yox, neft kapitalı ilə bağlı siniflərin siyasi ehtiyaclarını qoruyurdu. Onun diplomatik nümayəndəliklərinin olmasına baxmayaraq bu nümayəndəliklər imperialist paytaxtlarda tanınma dilənirdi.
AXC-ni tərifləyənlər adətən parlamenti, qadınlara seçki hüququnu, universitet təşəbbüsünü və diplomatik tanınmanı sadalayırlar. Bu faktların bir hissəsi doğrudur. Amma marksist təhlil faktları siyahı kimi deyil, sinfi kontekst kimi oxuyur. Sual budur ki, həmin hüquqlar və institutlar xalqın real hakimiyyətini yaratdımı? Fəhlə zavodda ağalıq qazandımı? Kəndli torpaq üzərində real sahiblik əldə etdimi? Qadın kağız üzərindəki hüquqdan kənara çıxıb maddi sosial azadlıq qazandımı? Neft xalqın sərvətinə çevrildimi?
Cavab aydındır: yox! AXC burjua-demokratik forma daşıyırdı, amma xalqın sosial azadlığını təmin edə bilmirdi və edə də bilməzdi. Çünki onun sinfi bazası buna imkan vermirdi. Milli burjuaziya imperialist sistemin içində öz yerini axtarırdı, fəhlə və kəndlinin hakimiyyətini yox.
De-fakto tanınma, de-yure boşluq: AXC-nin suverenlik mifi
AXC haqqında rəsmi hekayənin başqa bir zəif yeri də onun suverenlik iddiasıdır. “Müstəqil dövlət” kimi xarakterizə edilsə də, bu müstəqilliyin beynəlxalq-hüquqi, ərazi və real hakimiyyət ölçüləri üzərinə baxanda mənzərə xeyli daha kasad görünür. Milli burjuaziya öz dövlətini elan etmişdi, lakin elan etmək hələ tarixi və hüquqi baxımdan sabit dövlət olmaq demək deyil. Dövlət yalnız bayraq, hökumət kabineti və diplomatik nümayəndə heyəti deyil, o, müəyyən ərazi üzərində real hakimiyyət, sabit idarəçilik, sərhədlərin tanınması və beynəlxalq münasibətlərdə hüquqi subyekt kimi qəbul edilmə deməkdir. AXC bu meyarların heç birində möhkəm dayanmırdı. Onun sərhədləri mübahisəli idi, Qarabağ, Zəngəzur, Naxçıvan və başqa bölgələr üzərində hakimiyyət məsələsi daim qarşıdurma içində idi, dövlət aparatı isə bütün ərazi üzərində sabit nəzarət qura bilmirdi. Bu fakt rəsmi romantikanın ən çox qaçdığı həqiqətdir. AXC “millətin dövləti” kimi xarakterizə edilsə də, həmin “millət” adından iddia etdiyi ərazini nə tam siyasi nəzarətə ala bilirdi, nə də beynəlxalq hüquq səviyyəsində tam tanıda bilirdi.
1920-ci ilin yanvarında Paris Sülh Konfransının Ali Şurası Azərbaycan və Gürcüstan hökumətlərini yalnız de-fakto səviyyədə tanıdı. Bu, de-yure tanınma deyildi. Prezident Kitabxanasının öz materiallarında da qərarın “de-fakto səviyyə” olduğu göstərilir, üstəlik, ABŞ bu qərara qoşulmadı. Deməli, AXC-nin beynəlxalq tanınması möhkəm hüquqi dövlət statusu yox, Antantanın Cənubi Qafqazda bolşevik təhlükəsinə qarşı müvəqqəti diplomatik manevri idi.
Millətlər Liqası məsələsi isə AXC mifini daha da açıq göstərir. Azərbaycan nümayəndə heyəti Millətlər Liqasına qəbul üçün müraciət etsə də, təşkilatın müzakirələrində əsas suallar məhz dövlətin sabitliyi, ərazi suverenliyi və sərhədlərinin dəqiq müəyyən olunmaması ilə bağlı idi. Liqa sənədlərində Azərbaycanın “de-yure tam özünüidarə statusuna malik dövlət” sayıla bilib-bilməyəcəyi sual kimi qoyulurdu, Beşinci Komitənin gəldiyi nəticəyə görə, Azərbaycan hökumətinin hakimiyyətinin hansı əraziyə şamil edildiyini dəqiq müəyyən etmək çətin idi, qonşu dövlətlərlə sərhəd mübahisələri isə mövcud sərhədləri dəqiq təyin etməyə imkan vermirdi. Nəticədə Azərbaycanın Liqaya qəbulu “mövcud şəraitdə” mümkün sayılmadı.
Bu faktların siyasi mənası sadədir: 28 Mayın yaratdığı quruluş yalnız sosial baxımdan yox, suverenlik baxımından da yarımçıq idi. O, fəhlə və kəndli üçün azadlıq yaratmadığı kimi, beynəlxalq sistemdə də tam hüquqi tanınmış, sabit ərazi suverenliyinə malik dövlət kimi möhkəmlənə bilmədi. AXC-nin “azadlıq” mifində həm sosial, həm də hüquqi boşluq vardı. Onun azadlığı xalqın hakimiyyəti deyildi, onun suverenliyi də imperialist mərkəzlərin şərti münasibətindən və mübahisəli sərhədlərdən asılı qalan kövrək burjua layihəsi idi.
Osmanlı süngüsü və burjua dövlətçiliyi: Bakı Kommunasının süqutundan AXC hakimiyyətinə
AXC romantikasının ən böyük saxtakarlıqlarından biri odur ki, o, dövlətin Bakıya necə daxil olduğunu təmiz “milli azadlıq” səhnəsi kimi təqdim edir. Halbuki 1918-ci ilin Bakısı üzərində mübarizə Cənubi Qafqazda vətəndaş müharibəsinin, imperialist rəqabətin və milli silahlı qarşıdurmaların mərkəzi idi. 1918-ci ilin yaz-yay aylarında Bakı Kommunası neft şəhərində sovet hakimiyyətinin ən mühüm dayaqlarından biri idi. Bu hakimiyyətin ciddi ziddiyyətləri və səhvləri vardı, xüsusilə milli məsələni müsəlman yoxsullar arasında lazımi dərinlikdə həll edə bilməməsi faciəli nəticələr doğurdu. Lakin Bakı Kommunası eyni zamanda çoxmillətli proletariatın hakimiyyət cəhdi idi. Onu dağıtmaq Bakı proletariatının inqilabi mərkəzinə zərbə vurmaq demək idi.
1918-ci ilin sentyabrında Osmanlı ordusunun və Azərbaycan milli qüvvələrinin Bakıya girməsi rəsmi dildə “azadlıq” kimi təqdim olunur. Halbuki Bakı fəhləsi öz sovet hakimiyyətindən “azad” edildi. Şəhər proletariatının inqilabi mərkəzi dağıdıldı və neft şəhəri burjua-milli hakimiyyətin və xarici hərbi qüvvələrin nəzarətinə keçdi. Bu hadisənin romantikləşdirilməsi tarixi yox, sinfi yaddaşı məhv edir.
Sonra tarix daha da rüsvayedici şəkil aldı. Osmanlı məğlub oldu, Mudros müqaviləsindən sonra türklər getdi, onların yerinə Britaniya gəldi. General Tomsonun rəhbərlik etdiyi ingilis qüvvələri 1918-ci ilin noyabrında Bakıya daxil oldu və şəhərdə faktiki hərbi nəzarət qurdu. AXC parlamentinin açılması belə əvvəlcə ingilis komandanlığı ilə münasibətlər və icazə məsələsi fonunda baş verdi. Bu cümlə ilə ifadə etsək, AXC əvvəl Osmanlı süngüsü ilə Bakıya daxil oldu, sonra Britaniya generalının siyasi kölgəsi altında yaşamağa çalışdı.
Bu nə demək idi? O demək idi ki, AXC-nin “milli suverenliyi” əvvəl Osmanlı hərbi müdaxiləsinə, sonra Britaniya generalının icazəsinə bağlı idi. Milli burjuaziyanın dövləti belə doğulur: əvvəl bir imperialist gücə söykənir, sonra o gedəndə başqasının qapısını döyür. Burjua azadlığının həqiqi rəsmi budur: bayraq yerli, təminat xarici, hakimiyyət isə sinfi.
General Tomson və AXC-nin imperialistlərin qarşısındakı həqiqi siması
General Tomsonun Bakıya gəlişi AXC tarixində təsadüfi epizod deyildi. Bu, respublikanın sinfi və beynəlxalq vəziyyətini açan güzgü idi. Britaniya Qafqazda və Xəzərdə öz maraqlarını qoruyurdu, Bakı nefti isə imperialist hesablamaların mərkəzində idi. AXC burjuaziyası bu güc münasibətini dəyişdirməyə qadir deyildi. Əksinə, öz hakimiyyətinin möhkəmlənməsi üçün həmin güclərlə razılaşmalı olurdu. Bu, milli azadlıq deyil, asılı milli burjua siyasətidir. Marksistlər milli zülmə qarşı mübarizəni müdafiə edirlər. Lakin milli burjuaziyanın imperialistlərdən tanınma dilənməsini azadlıq adlandırmırlar. Lenin milli öz müqəddəratını təyinetmə hüququnu müdafiə edirdi, amma bu heç vaxt milli burjuaziyanın imperialist siyasətinə təslim olmaq mənasına gəlmirdi. Milli məsələ proletar maraqlarına tabe edilməlidir, əks halda o, kapitalın xidmətçisinə çevrilir.
Bu meyarla baxanda AXC-nin “azadlığı” xalq azadlığı deyildi, Azərbaycan burjuaziyasının öz dövlət aparatını qurmaq, neft və torpaq üzərindəki sinfi münasibətləri qorumaq, eyni zamanda xarici imperialist qüvvələrin tanınmasına və himayəsinə möhtac qalmaq cəhdi idi. Üstəlik, həmin “istiqlal” nə sosial baxımdan xalqı azad edirdi, nə də beynəlxalq hüquqi baxımdan tam və möhkəm de-yure dövlət suverenliyinə çevrilmişdi.
Torpaq, çörək, iş: AXC dövründə xalqın vəziyyəti
AXC haqqında danışanlar “ilk demokratik respublika” ifadəsini çox sevirlər. Halbuki demokratik respublikanın real dəyəri onun zəhmətkeş xalqın həyatına nə verdiyi ilə ölçülməlidir. 1919-1920-ci illərdə Azərbaycan dərin sosial-iqtisadi böhran içində idi. Müharibə, iqtisadi əlaqələrin qırılması, xarici müdaxilələr, neft sənayesinin iflası, ərzaq qıtlığı və idarəetmə böhranı xalqın gündəlik həyatını əzirdi.
Mənbələrə görə, 1920-ci ilin əvvəllərində neft hasilatı 1913-cü illə müqayisədə 39 faizə, emal isə 34,5 faizə düşmüşdü, 40 neft emalı müəssisəsindən yalnız 18-i işləyirdi. 1919-cu ilin sentyabrında Bakıda işsizlərin sayı 30 minə çatmışdı. 1919-cu ilin oktyabrında Bakı neft fəhlələrinin real maaşı 1914-cü il səviyyəsinin yalnız kiçik bir hissəsinə enmişdi. Bu rəqəmlər milli romantikanın üstünə soyuq su kimi tökülü. Kənd təsərrüfatında vəziyyət də ağır idi. Əkin sahələrinin azalması, pambıqçılığın çökməsi, maldarlığın böyük zərbə alması, suvarma sistemlərinin dağılması kəndli kütlələri üçün fəlakət demək idi. Torpaq məsələsi isə həll edilməmiş qalırdı. AXC kəndliyə torpağı radikal şəkildə vermədi. O, mülkədar torpaq münasibətlərinə qarşı inqilabi zərbə vurmaq iqtidarında deyildi, çünki öz sosial bazası həmin münasibətlərlə bağlı idi.
Torpaq məsələsi burada həlledicidir. Kəndlinin azadlığı milli bayraqla ölçülmür, onun torpağa, suya, alətə və öz əməyinin nəticəsinə münasibəti ilə ölçülür. AXC kəndlini “millət” adı altında səfərbər etməyə çalışırdı, amma ona torpaq hakimiyyəti vermirdi. Sovet hakimiyyətinin tarixi üstünlüyü məhz buradadır ki, o, azadlığı milli simvoldan çıxarıb maddi mülkiyyət münasibətlərinə bağladı.
Orduda da sinfi həqiqət görünürdü. Milli ordu haqqında çox danışılır, amma hansı sinfin övladlarının həmin orduda öldüyü az soruşulur. “Müsavat” hakimiyyəti dövründə ordu böhranı, fərarilik və sosial narazılıq geniş yayılmışdı. Əgər dövlət həqiqətən xalqın dövləti olsaydı, xalq onu canı ilə müdafiə edərdi. AXC-nin bir gecədə süqutu təkcə Qızıl Ordunun gücünü yox, həmin dövlətin öz xalqı ilə dərin bağ qura bilmədiyini də göstərdi.
AXC niyə burjua-demokratik vəzifələri həll edə bilmədi?
Lev Trotskinin permanent inqilab nəzəriyyəsi Azərbaycan tarixini anlamaq üçün son dərəcə güclü açardır. Geri qalmış, yarı-kolonial və imperialist təzyiq altında olan ölkələrdə burjuaziya tarixi demokratik vəzifələri sona qədər həll edə bilmir. Torpaq məsələsini radikal həll etmir, imperializmdən qopmur, milli azadlığı xalq hakimiyyəti ilə birləşdirmir, qadın azadlığını, fəhlə hüquqlarını, kəndli hakimiyyətini sona qədər aparmır. Çünki bu məsələləri həqiqətən həll etmək onun öz mülkiyyətinə, müttəfiqlərinə və sinfi varlığına təhlükə yaradır.
Trotskinin fikri sadə və son dərəcə üfüqgenişləndiricidir: geridə qalmış ölkələrdə demokratik vəzifələrin həqiqi həlli burjuaziyanın yox, proletariatın rəhbərliyi altında mümkündür. Çünki burjuaziya torpaq sahibləri ilə, xarici kapital ilə, imperialist diplomatiya ilə, öz sinfi mülkiyyəti ilə bağlıdır. O, xalqı sona qədər azad edə bilməz, çünki xalqın sona qədər azadlığı onun öz sinfi ölümüdür.
AXC bu nəzəriyyənin yerli təsdiqidir. O, milli dövlət forması yaratdı, amma sosial azadlıq yaratmadı. O, diplomatik tanınma axtardı, amma imperialist sistemdən qopmadı. O, hüquqi demokratiya dili ilə danışdı, amma fəhlə və kəndli hakimiyyətini boğdu. Buna görə də onun süqutu təsadüf deyildi. Bu, burjua-demokratik layihənin tarixi iflası idi.
28 Aprel hadisələrinin məğzi: hərbi amildən sinfi zərurətə
28 Aprelin rəsmi anti-sovet təsviri hadisəni bir cümləyə endirir: XI Qızıl Ordu gəldi və Azərbaycanı işğal etdi. Bu cümlədə yarım həqiqət var, ona görə daha təhlükəlidir. Bəli, XI Qızıl Ordunun hərbi rolu həlledici idi. Bunu danmaq olmaz. Lakin bu fakt hadisənin daxili sinfi məzmununu ləğv etmir. Ordu boşluğa gəlmədi, artıq dərin böhran içində olan, fəhlə narazılığı, kəndli narazılığı, kommunist təşkilatlanması, ordu dağılması və siyasi iflas yaşayan burjua dövlətinə gəldi.
1920-ci ilin fevralında Azərbaycan kommunist təşkilatları gizli qurultay keçirərək Azərbaycan Kommunist Partiyasını yaratdılar. Bakı fəhlə hərəkatı, “Hümmət”, “Ədalət”, bolşevik təşkilatları və kommunist mətbuatı real siyasi güc idi. AXC bu gücdən qorxduğu üçün kommunist qəzetlərini bağlayır, fəalları həbs edir, fəhlə təşkilatlarına hücum edirdi. “Demokratik respublika” sinfi təhlükə gördüyü anda öz demokratik maskasını çıxarırdı.
27 aprel 1920-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi hakimiyyətin təhvil verilməsi tələbi ilə ultimatum verdi. Həmin gün parlament hakimiyyəti Azərbaycan İnqilab Komitəsinə verməyə səs verdi. 28 apreldə Azərbaycan Sovet Sosialist Respublikası elan olundu. XI Qızıl Ordu Bakıya daxil oldu. Bu hadisələri yalnız “süngü” ilə izah etmək tarixi yoxsullaşdırmaqdır. Çünki hakimiyyətin dəyişməsi daxili siyasi dağılma və sinfi böhran üzərində baş verdi.
Buna görə 28 Apreli yalnız “işğal” adlandırmaq tarixi yarıya bölməkdir. Marksist baxış üçün 28 Aprel burjua-mülkədar dövlətin devrilməsi və sovet hakimiyyətinin qurulması idi. Bu, inqilab idi, çünki hakimiyyətin sinfi xarakteri dəyişdi: burjua-parlamentar dövlətin yerinə sovet hakimiyyəti, kapitalist-mülkədar məzmunun yerinə ictimai mülkiyyət və planlı quruculuq perspektivi gəldi.
İlk 23 ay: 28 Apreldən sonra zəhmətkeş xalq üçün nə dəyişdi?
28 Aprelin həqiqi mahiyyətini görmək üçün onu AXC-nin 23 aylıq hakimiyyəti ilə Azərbaycan Sovet hakimiyyətinin ilk 23 ayı arasında müqayisə etmək lazımdır. Bu müqayisə rəsmi romantikanı darmadağın edir.
AXC 23 aya yaxın yaşadı və kəndli torpaq məsələsini kökündən həll etmədi, neft sənayesini xalq mülkiyyətinə çevirmədi, fəhlə hakimiyyətini qurmadı, sosial səfaləti aradan qaldırmadı, öz hakimiyyətini Osmanlı və Britaniya kimi xarici güclərin manevrləri içində qorumağa çalışdı. Sovet hakimiyyəti isə ilk 23 ayda mülkiyyət münasibətlərinə, torpaq məsələsinə, neft sənayesinə, maarifə, qadın hüquqlarına və dövlət aparatına birbaşa müdaxilə etdi. Rəsmi parlament resursları belə qeyd edir ki, Azərbaycan Sovet hakimiyyəti öz ilk dövründə xüsusi torpaqları müsadirə edib kəndlilərə payladı, sənayeni milliləşdirdi, istehsal üzərində fəhlə nəzarəti haqqında, silklərin və vətəndaş rütbələrinin ləğvi haqqında dekretlər verdi, inzibati dəyişikliklər apardı. Bu tədbirlər sadəcə hüquqi aktlar deyildi, onlar hakimiyyətin sinfi istiqamətinin dəyişdiyini göstərirdi.
1920-ci il mayın 24-də Azərbaycan neft sənayesinin milliləşdirilməsi haqqında dekret qəbul edildi. Bu, sadəcə iqtisadi qərar deyildi. Bakı nefti artıq xüsusi kapitalistlərin və xarici kapitalın mənfəət mənbəyi kimi yox, sovet iqtisadi quruculuğunun əsas resursu kimi nəzərdə tutulurdu. Bundan sonra bankların, sənayenin və nəqliyyatın milliləşdirilməsi xətti burjua mülkiyyətinin siyasi hakimiyyətinə zərbə vurdu.
1921-ci ildə Azərbaycan SSR-in ilk Konstitusiyası qadınlara geniş hüquqlar verdi, həmin ilin fevralında Bakıda Azərbaycan qadınlarının birinci qurultayı keçirildi və 1188 nümayəndə iştirak etdi. Bu faktın mənası böyükdür. AXC qadınlara seçki hüququ vermişdi, lakin sovet hakimiyyəti qadın məsələsini kağız üzərindəki hüquqdan çıxarıb təhsil, ictimai iştirak, əmək və patriarxal münasibətlərin dağıdılması məsələsinə çevirdi. Formal hüquq real sosial çevrilmə ilə tamamlanmadıqda yarımçıq qalır, sovet hakimiyyəti bu yarımçıqlığı aşmaq üçün maddi əsas yaratmağa başladı.
Təhsil sahəsində də eyni xətt görünürdü. 1920-ci ildən sovet təhsil sistemi qurulmağa başladı, Xalq Maarif Komissarlığı yanında savadsızlıqla mübarizə strukturları yaradıldı, 1921-ci ildə maarif və savadsızlığın ləğvi ilə məşğul olan komissiya fəaliyyətə başladı. Bu, təsadüfi deyildi. Kapitalizm üçün savadsız kütlə idarə edilən kütlədir, sosialist quruculuq üçün isə savadlı kütlə hakimiyyətin canlı əsasıdır.
Deməli, 23 ay məsələsi çox şeyi açır. AXC 23 ayda xalqı milli simvollarla ovutdu, amma sosial azadlıq yaratmadı. Sovet hakimiyyəti isə ilk 23 ayda torpağa, neftə, sənayeyə, təhsilə, qadın hüquqlarına və dövlət quruluşuna müdaxilə etdi. Bu, bütün fərqi göstərir: burjua dövlətində xalq bayrağın tamaşaçısı idi, sovet hakimiyyətində isə xalqın mülkiyyət və hakimiyyət münasibətlərinə daxil olması gündəmə gəldi.
Nəriman Nərimanov milli məsələyə həssas bolşevik kimi
Nəriman Nərimanovu millətçi kimi təqdim etmək tarixi saxtalaşdırmaqdır. O, milli məsələyə həssas idi, Azərbaycan xalqının alçaldılmasına, yerli xüsusiyyətlərin tapdalanmasına, mərkəzdən gələn kobud idarəçiliyə qarşı çıxırdı. Amma bu onu millətçi etmir. Əksinə, marksist milli siyasət belə olmalıdır: məzlum xalqın hüquqlarını müdafiə etmək, lakin bu müdafiəni burjua millətçiliyinə təslim etməmək.
Nərimanov bolşevik idi. O, Azərbaycan SSR-in ilk rəhbər fiqurlarından biri oldu, Şərq xalqları məsələsində inqilabi mövqe tutdu, milli hüquqların müdafiəsini sovet-beynəlmiləl xətti ilə birləşdirməyə çalışdı. Onu “milli kommunist” kimi yumşaltmaq və ya “aldadılmış idealist” kimi göstərmək bugünkü liberal və milli tarixşünaslığın rahat oyunudur. Həqiqət daha mürəkkəb və daha dəyərlidir: Nərimanov milli məsələni görən, amma onu “Müsavat”ın burjua millətçiliyinə təslim etməyən bolşevik idi.
Nərimanovun əhəmiyyəti buradadır ki, o, milli məsələni inkar etməsə də, onu burjua millətçiliyinə də təslim etmirdi. Milli hüquqları müdafiə edirdi, lakin bunu proletar hakimiyyəti çərçivəsində edirdi. Bu, bu gün də vacib dərsdir. Milli zülmü görməyən kosmopolit solçu da yanılır, milli məsələni burjuaziyanın əlinə verən millətçi də. Azadlıq yolu milli bərabərlik, sovet demokratiyası, fəhlə hakimiyyəti və beynəlmiləl inqilabdan keçir.
SSRİ dövründə Azərbaycanın nailiyyətləri: sosialist əsas və bürokratik təhrif
28 Aprelin nəticələrini yalnız 1920-ci ilin hadisələri ilə ölçmək olmaz. Azərbaycan SSRİ dövründə sənaye, təhsil, səhiyyə, qadınların ictimai həyata çıxışı, elmi-texniki kadrların hazırlanması, neft sənayesinin modernləşməsi və kütləvi savadlanma baxımından böyük dəyişikliklər yaşadı. Bu müsbət nəticələr təsadüfi deyildi. Onların maddi əsası kapitalist mülkiyyəti yox, ictimai mülkiyyət və planlı iqtisadiyyat idi.
Sovet dövründə savadsızlığın ləğvi, geniş məktəb şəbəkəsinin yaradılması, ali təhsil müəssisələrinin inkişafı, texniki kadrların hazırlanması Azərbaycan cəmiyyətini kökündən dəyişdirdi. Bakı neft sənayesi yalnız kapitalist mənfəətin sahəsi kimi yox, ümumittifaq planlı iqtisadiyyatın mühüm elementi kimi inkişaf etdirildi. Qadınların təhsilə, əmək həyatına və ictimai sahəyə daha geniş daxil olması da sosialist əsasın nəticəsi idi. Kapitalizm qadına formal hüquq verə bilər, sosializm isə həmin hüququ maddi imkanla birləşdirməyə çalışır. Lakin burada Stalinist tərifçilik olmaz. Biz bürokratiyanı tərifləmirik. Əksinə, sosialist əsas üzərində yaranmış nailiyyətlərlə bürokratik deformasiyanı ayırırıq. Trotski “Xəyanətə uğramış inqilab” əsərində göstərirdi ki, SSRİ kapitalist dövlət deyildi, çünki istehsal vasitələrinin əsas hissəsi dövlət mülkiyyətində idi və planlı iqtisadiyyat mövcud idi. Amma o, sağlam fəhlə dövləti də deyildi, işçi demokratiyasını boğan, hakimiyyəti öz əlində cəmləyən bürokratik təbəqə tərəfindən deformasiyaya uğradılmışdı.
Rus inqilabı dünya inqilabının məğlubiyyətləri, iqtisadi gerilik və təcrid şəraitində bürokratikləşdi, hakimiyyət işçi sinfindən ayrılan imtiyazlı aparatın əlinə keçdi. Bu aparat sosialist nailiyyətlərin əsası olan ictimai mülkiyyəti öz imtiyazlarının dayağı kimi istifadə etdi, işçi demokratiyasını boğdu, sonunda isə öz tarixi məntiqi ilə kapitalist bərpaya yol açdı.
Buna görə bizim mövqeyimiz aydındır: Azərbaycan SSRİ dövründə əldə edilən böyük sosial nailiyyətləri müdafiə edirik, çünki onların maddi əsası kapitalizm yox, ictimai mülkiyyət və planlı iqtisadiyyat idi. Amma Stalinist bürokratiyanı müdafiə etmirik. Əksinə, onu həmin nailiyyətlərin üzərində parazitləşən, sovet zəhmətkeşlərinin siyasi hakimiyyətini boğan və nəticədə SSRİ-nin dağılmasına yol açan qüvvə kimi tənqid edirik. Bu fərqi anlamadan 28 Apreli də anlamaq olmaz. 28 Aprel bürokratiyanın bayramı deyil. 28 Aprel Azərbaycan zəhmətkeşlərinin burjua-mülkədar hakimiyyətinə qarşı sovet alternativinin tarixi qələbəsidir. Onun sonrakı bürokratik təhrifləri bu qələbənin əhəmiyyətini silmir, əksinə, bizə göstərir ki, sosialist mülkiyyət yalnız işçi demokratiyası ilə birləşəndə sona qədər azadlaşdırıcı ola bilər.
Niyə bugünkü hakimiyyət 28 Apreldən qorxur?
Bugünkü Azərbaycan hakimiyyəti 28 Apreli “işğal” kimi təqdim etməklə öz sinfi qorxusunu ifadə edir. Çünki 28 Aprel bir şeyi xatırladır: neft dövləti yıxıla bilər, parlament formalizmi dağıla bilər, burjuaziya tarixi səhnədən süpürülə bilər, fəhlə və kəndli hakimiyyəti yenidən gündəmə gələ bilər.
Bu gün 28 May rəsmi şəkildə təriflənir, çünki o, burjua dövlətçiliyi xəttinə bağlanır. 28 Aprel isə lənətlənir, çünki o, dövlətin sinfi mahiyyəti sualını açır. Hansı hakimiyyət? Kimin dövləti? Kimin nefti? Kimin torpağı? Kimin parlamenti? Kimin ordusu? Bu suallar bugünkü kapitalist Azərbaycanı üçün də təhlükəlidir. Çünki bugünkü Azərbaycan kapitalizmi də neft sərvəti, sinfi bərabərsizlik, siyasi repressiya və idarə olunan milli yaddaş üzərində dayanır.
28 Apreli unutdurmaq istəyirlər, çünki bu tarix yalnız keçmiş haqqında deyil. O, gələcək haqqında da danışır. Əgər bir dəfə burjua-mülkədar hakimiyyəti devrilibsə, deməli, hakim siniflərin əbədiliyi haqqında bütün nağıllar yalandır.
28 Aprel haqqında 8 tezis
1. 28 May xalqın sosial azadlığı yox, Azərbaycan burjuaziyasının dövlət forması idi, 28 Aprel isə azadlığı torpaq, əmək, mülkiyyət və hakimiyyət məsələsinə bağladı.
2. AXC milli forma altında sinfi istismarı qorudu, sovet hakimiyyəti isə həmin münasibətlərə müdaxilə edərək neftin, torpağın, sənayenin və dövlət aparatının sinfi məzmununu dəyişdirdi.
3. General Tomson və Britaniya hərbi-siyasi nəzarəti göstərdi ki, AXC-nin “istiqlalı” imperialist sistemdən asılı idi, Parisdə yalnız de-fakto tanınma alması, Millətlər Liqasına qəbul edilməməsi və sərhəd-suverenlik probleminin açıq qalması bu asılılığın hüquqi tərəfini də göstərirdi.
4. AXC-nin suverenliyi həm sosial, həm də hüquqi baxımdan yarımçıq idi: o, nə zəhmətkeş kütlələri azad etdi, nə də bütün ərazi üzərində sabit və beynəlxalq-hüquqi tanınmış hakimiyyət forması kimi möhkəmləndi.
5. Qızıl Ordu faktoru 28 Aprelin daxili sinfi məzmununu ləğv etmir, əksinə, o hadisə “Müsavat” rejiminin sosial böhranı, Bakı fəhlə hərəkatı və yerli kommunist təşkilatlanması ilə birlikdə baş verdi.
6. Sovet hakimiyyətinin ilk 23 ayı göstərdi ki, zəhmətkeş xalq üçün qısa zamanda çox şey etmək olar: torpaq, neft, sənaye, təhsil, qadın hüquqları və dövlət quruluşu sahələrində real dönüş başlandı.
7. SSRİ dövründə Azərbaycanın böyük sosial nailiyyətləri kapitalizmin yox, ictimai mülkiyyətin və planlı iqtisadiyyatın nəticəsi idi, Stalinist bürokratiya isə bu nailiyyətlərin yaradıcısı yox, onları boğan və nəticədə SSRİ-ni dağıdan parazit təbəqə idi.
8. 28 Aprelin həqiqi dərsi budur: xalqların azadlığı burjuaziyanın parlamentlərində yox, fəhlə sinfinin hakimiyyətindədir.
28 Aprel bizim üçün nə deməkdir?
28 May xalqın azadlığa çatması deyildi, Azərbaycan burjuaziyasının dövlət forması idi. 28 Aprel isə həmin burjua-mülkədar dövlətin süqutu və sovet hakimiyyətinin qurulması idi. Bu hadisəni yalnız “işğal” adlandırmaq Azərbaycan xalqının öz tarixindəki inqilabi imkanları silməkdir. Onu tənqidsiz şəkildə müqəddəsləşdirmək isə inqilabın sonrakı bürokratik təhriflərini görməməkdir. İnqilabi marksist mövqe bu ikisindən də üstündür.
Bu tarixi düzgün anlamaq marksizmə aparan ən güclü qapılardan biridir. Çünki 28 Aprel göstərir ki, “milli dövlət” öz-özlüyündə azadlıq deyil. Əgər hakimiyyət fəhlənin və kəndlinin əlində deyilsə, əgər torpaq və sərvət xalqın nəzarətində deyilsə, əgər dövlət kapitala xidmət edirsə, onun bayrağı nə qədər gözəl olsa da, məzmunu burjua əsarətidir.
28 Aprelin həqiqi dərsi budur: xalqların azadlığı burjuaziyanın parlamentlərində yox, fəhlə sinfinin hakimiyyətindədir. Azərbaycan xalqının gələcəyi də keçmişin “Müsavat” romantikasında yox, yeni sovet, yəni işçi, kəndli, gənc, qadın və bütün məzlumların canlı, demokratik, inqilabi hakimiyyət formasında axtarılmalıdır.
28 Apreli lənətləyənlər əslində sovet hakimiyyətindən yox, xalqın hakim sinifləri devirmək imkanından qorxurlar. Və bu qorxuda haqlıdırlar. Çünki tarix bir dəfə burjuaziyanı süpürüb atıbsa, deməli, bunu yenidən edə bilər.
Mənbələr və tövsiyə olunan ədəbiyyat
- Karls Marks, “Kapital”, III cild, 48-ci fəsil: azadlıq səltənəti və zərurət səltənəti haqqında. https://www.marxists.org/archive/marx/works/1894-c3/ch48.htm
- V.İ. Lenin, “Dövlət və inqilab”, 5-ci fəsil: proletar demokratiyası və burjua azadlığı tənqidi haqqında.
- V.İ. Lenin, “Xalqın azadlıq və bərabərlik şüarları ilə aldadılması”: kapitalist “azadlığı”nın sinfi mahiyyəti haqqında.
- Lev Trotski, “Permanent inqilab”: geridə qalmış ölkələrdə burjua-demokratik vəzifələrin proletariat tərəfindən həlli haqqında.
- Lev Trotski, “Permanent inqilab”: SSRİ-nin bürokratik deformasiyası haqqında. https://www.marxists.org/archive/trotsky/1936/revbet/
- Marxist.com, “Marxists and the National Question”: milli məsələ və proletar maraqları haqqında. https://marxist.com/marxists-and-the-national-question.htm
- Marxist.com, “Stalinism”: sovet dövlətinin bürokratik degenerasiyası haqqında. https://marxist.com/theory-stalinism.htm
- Azərbaycan Respublikası Milli Məclisi, “Azərbaycan SSR Ali Soveti (1920-1991-ci illər)”: ilk sovet dekretləri, torpağın kəndlilərə verilməsi, sənayenin milliləşdirilməsi və fəhlə nəzarəti haqqında. https://www.meclis.gov.az/news-az.php?id=15
- Azərbaycan Respublikası Milli Məclisi, (1918-1920): AXC parlamenti, General Tomsonla danışıqlar və parlamentin açılışı haqqında. https://meclis.gov.az/cat-az.php?cat=91&lang=en
- Prezident Kitabxanası: General Tomson və AXC hökumətinin tanınması haqqında. https://www.preslib.az/en/historical/page/bvmgocq
- 1914-1918: Bakı Kommunasının devrilməsi, Sentrokaspi diktaturası və Bakının 15 sentyabr 1918-ci ildə süqutu haqqında.
- Azerbaijan.az: 1920-ci ildən sonra neft sənayesinin milliləşdirilməsi və sovet neft sənayesinin inkişafı haqqında.
- UNESCO / IIEP: sovet təhsil sistemi və savadsızlıqla mübarizə haqqında.
- Prezident Kitabxanası, 1921-ci il Konstitusiyası, qadın hüquqları və Azərbaycan qadınlarının birinci qurultayı haqqında.
- Preslib, “Nəriman Nərimanov”: Nərimanovun Azərbaycan SSR rəhbərliyində yeri haqqında. https://www.preslib.az/en/historical/page/uehibfa
- “Azərbaycanın sovet işğalı”: 1919-1920 iqtisadi böhranı, işsizlik, real maaşların enməsi və 27-28 aprel xronologiyası barədə ümumi məlumat. https://en.wikipedia.org/wiki/Soviet_invasion_of_Azerbaijan
- Prezident Kitabxanası: Paris Sülh Konfransında Azərbaycanın de-fakto tanınması, ABŞ-ın qərara qoşulmaması və ərazi məsələlərinin mübahisəli qalması haqqında. https://www.preslib.az/en/historical/page/bvmgocq
- Millətlər Liqası: Azərbaycanın Liqaya qəbulunda de-yure tam özünüidarə edən dövlət statusu, sabit hökumət, ərazi hakimiyyəti və sərhədlər məsələlərinin problem kimi qoyulması haqqında. https://irs-az.com/new/pdf/201109/1316431226241312923.pdf
- Milli Məclis: AXC parlamenti və İranla 1920-ci ilin martında imzalanmış müqavilənin de-yure tanınma kimi təqdim edilməsi barədə qeyd. https://meclis.gov.az/cat-az.php?cat=91&lang=en

