Tələbələrin arzusu şirkətlərin qazanc yerinə çevriləndə: xaricdə təhsil bazarının qaranlıq üzü

Tələbələrin arzusu şirkətlərin qazanc yerinə çevriləndə: xaricdə təhsil bazarının qaranlıq üzü

Heç kimə sirr deyil ki, Azərbaycanda bir çox tələbə və şagird təhsilin növbəti pilləsi üçün ölkə xaricinə üz tutur. Bu seçim təsadüfi deyil. Yerli təhsilin keyfiyyəti ilə bağlı narazılıqlar, akademik azadlığın məhdudluğu, məzunlar üçün karyera imkanlarının daralması və gələcəyə inamsızlıq gəncləri başqa ölkələrdə təhsil axtarmağa vadar edir. Təhsil sistemi gənclərə perspektiv verməyəndə kapitalist bazar münasibətləri dərhal özünü ortaya ataraq ümid satmağa, zəmanətli qəbul vədləri verməyə, tələbələrin narahatlığını qazanc mənbəyinə çevirməyə başlayır.

Son illərdə sosial şəbəkələrdə xaricdə təhsil şirkətlərinin reklamları xüsusilə çoxalıb. Avropanın müxtəlif ölkələrində münasib qiymətə bakalavr, magistratura və doktorantura təhsili, təqaüd imkanları, “asan qəbul”, “sıfırdan prosesin idarə olunması” kimi vədlər tələbələrə cəlbedici görünür. Problem də elə buradan başlayır ki, xaricdə oxumaq istəyən gənc çox vaxt yalnız universitet seçmir, həm də öz gələcəyini tanımadığı bir şirkətin peşəkarlığına və vicdanına etibar edir.

Bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılan şikayət də bu mənzərəni yenidən aktuallaşdırdı. Şikayətçi tələbənin – Könül Xəlilovanın sözlərinə görə, “Pilgrim Education”/“pilgrimedu_az” xaricdə təhsil şirkəti ona qəbul prosesində dəstək vəd edib, lakin sonradan prosesin peşəkar aparılmadığı üzə çıxıb. Tələbə iddia edir ki, ona qəbul zəmanəti verilsə də, vəd yerinə yetirilməyib, şirkətdə onunla işləyən kurator isə tələbə üçün şəxsi kabinetin yaradılması da daxil olmaqla zəruri addımları vaxtında və düzgün şəkildə icra etməyib.

Bu, tək bir sosial şəbəkə narazılığı kimi də qiymətləndirilə bilməz. Açıq mənbələrdə “Pilgrim Education”la bağlı oxşar şikayətlərə rast gəlinir. Oxu.az-a danışan digər şikayətçi də Böyük Britaniyadakı Mançester Universitetinə qəbul üçün şirkətə ödəniş etdiyini, lakin qarşılığında xidmət almadığını iddia edib. Başqa mənbələrdə də şirkətlə bağlı oxşar narazılıqlar yer alır. AzEdu.az xaricdə təhsil şirkətləri ilə bağlı şikayətlərin artdığını yazıb və “Pilgrim Education”un adının da bu şikayətlər sırasında keçdiyini bildirib. “LinkedIn”də paylaşım edən başqa bir istifadəçi isə “PILGRIM EDU” MMC ilə bağladığı xidmət müqaviləsi üzrə vədlərin yerinə yetirilmədiyini, ödəniş qarşılığında nəzərdə tutulan xidmətin tam təqdim olunmadığını və pulun geri qaytarılmadığını iddia edib. Bu iddiaların hər biri ayrıca araşdırılmalıdır, lakin onların çoxalması artıq fərdi narazılıqdan daha geniş problemə işarə edir.

Şirkətin ictimai mövqeyi isə daha çox “nailiyyətlər” üzərindən qurulur. DəmirYumruq.az saytında “Pilgrim Education”la bağlı dərc edilən materiallarda şirkətin tələbələr üçün müxtəlif xarici universitetlərdən qəbul aldığı, “peşəkar dəstək” göstərdiyi, “düzgün istiqamətləndirmə” apardığı vurğulanır. Lakin burada əsas sual dəyişmir: bir neçə qəbul nümunəsi varsa, bu, şikayətçilərin iddialarını avtomatik olaraq əsassız edirmi? Xeyr. Uğurlu nəticələr varsa belə, bu, hər bir ödəniş edən tələbə qarşısında götürülən öhdəliyin şəffaf, sənədli və məsuliyyətli şəkildə yerinə yetirilməli olduğu gerçəyini aradan qaldırmır.

Məsələnin digər tərəfi isə budur ki, Azərbaycanda Dövlət Proqramı xaricdə təhsil üçün müəyyən imkanlar yaratsa da, proqram xarici universitetlərə qəbul prosesini həyata keçirmir, yalnız artıq qəbul alan və ya xaricdə oxuyan tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi üçün müraciətləri qəbul edir. Elm və Təhsil Nazirliyi həmçinin xaricdə təhsil şirkətləri ilə əməkdaşlıq etmədiyini və onların fəaliyyətinə görə məsuliyyət daşımadığını bildirir. Deməli, tələbə qəbul mərhələsində yenə bazarın qarşısında tək qalır, ya prosesi özü öyrənməlidir, ya da kommersiya şirkətlərinə üz tutmalıdır. Bu boşluq xaricdə təhsil bazarını daha da riskli edir. Tələbələr çox vaxt müqaviləni hüquqi baxımdan yoxlamırlar, “qəbul zəmanəti” ifadəsinin real mənasını soruşmurlar, ödənişin hansı hallarda geri qaytarılacağını dəqiq sənədləşdirmirlər və prosesin hansı mərhələdə olduğunu tələb etmirlər. Şirkətlər isə bəzən sosial şəbəkə reklamının parıltısı ilə real xidmət keyfiyyəti arasındakı uçurumu gizlədə bilir. Bir sözlə, tələbənin arzusu bazara çıxarılır, narahatlığı monetizasiya olunur, gələcəyi isə “biz həll edirik” cümləsinin arxasında riskə atılır.

Burada məsuliyyət təkcə tələbələrin üzərinə yıxıla bilməz. Gənclər xaricdə təhsil almaq istəyirlərsə, bu onların günahı deyil. Əksinə, bu istək çox vaxt yerli təhsil sisteminin yaratdığı inamsızlığın nəticəsidir. Amma dövlət qurumları, istehlakçı hüquqlarını qoruyan mexanizmlər və təhsil sahəsinə nəzarət edən strukturlar bu bazarı ciddi şəkildə araşdırmalıdır. Xaricdə təhsil şirkətlərinin müqavilələri, reklam vədləri, “qəbul zəmanəti” kimi ifadələri və ödənişlərin geri qaytarılması şərtləri şəffaf olmalıdır. Tələbə gələcəyini bir şirkətin “inboks” cavablarına və “sabah həll edəcəyik” vədlərinə tapşırmamalıdır.

Xaricdə təhsil arzusu tələbənin ən təbii hüquqlarından biridir. Bu arzu kiminsə cibini doldurmaq üçün tələ kimi istifadə olunmamalıdır. Təhsil bazar deyil, gələcək məsələsidir. Gələcəyi isə “zəmanət” sözü ilə satıb sonra məsuliyyətdən yayınmaq olmaz.

Biz “Tələbə Mediası” olaraq, tələbələrin səsi olmağa davam edəcəyik. Təhsilin harasında problem varsa, orada tələbənin sözünü eşitdirmək bizim işimizdir. Tələbələrin vaxtı, pulu və gələcəyi heç bir şirkətin reklam büdcəsindən ucuz deyil.

📢 Hər zamankı kimi şüarımız budur: “Təhsil alanlar, artıq sizin də medianız var!”