1 May yalnız zavodlarda, tikintidə, ofislərdə, marketlərdə və xidmət sahəsində çalışanların günü deyil. 1 May həm də tələbələrin günüdür. Çünki bu gün auditoriyada oturan gənclər sabah əmək bazarının qapısı qarşısında dayanacaq və həmin qapının arxasında onları çox vaxt arzuladıqları peşə yox, aşağı maaş, ödənişsiz təcrübə, qeyri-sabit iş, “təcrübən yoxdur” bəhanəsi və diplomun getdikcə dəyərsizləşdiyi bir reallıq gözləyir.
Tələbələrə illərlə oxuyun, diplom alın, gələcəyinizi qurun deyilir, lakin heç kim bu sualı ucadan vermək istəmir ki, diplom doğrudanmı gələcəyə açılan qapıdır, yoxsa sadəcə əmək bazarında daha mədəni şəkildə istismar olunmaq üçün verilən kağızdır?
Azərbaycanda artıq universitetlərin və ixtisasların məzunlara nə dərəcədə iş imkanı verdiyini göstərən “Məzunların məşğulluq reytinqi” platforması mövcuddur. Bu faktın özü belə vacib həqiqəti göstərir ki, tələbə üçün əsas məsələ yalnız universitetə qəbul olmaq deyil, universitetdən sonra hansı həyatla üzləşəcəyidir. Çünki problem təkcə iş tapmaq deyil, həm də hansı işi, hansı maaşla, hansı şərtlərlə, öz ixtisasın üzrə, yoxsa yaşamaq üçün məcbur qaldığın başqa sahədə tapmaqla bağlıdır.
Bu gün tələbələrin həyatı onsuz da asan deyil. Təqaüd çox vaxt real yaşayış xərclərinin yanında simvolik məbləğ kimi qalır. Yol pulu, yemək, kirayə, kitab, internet, gündəlik xərclər qarşısında tələbəyə “özünü inkişaf etdir” demək bəzən istehzaya bənzəyir. Kapitalizmin ən sevdiyi məsləhət də elə budur ki, əvvəl insanı yorur, sonra ona motivasiya satır. Tələbələr təhsil almaq istəyəndə belə, işləməyə məcbur qalırlar. İşləyəndə dərsə gücləri qalmır. Dərsə vaxt ayıranda isə yaşamağa pul çatmır. Sonra eyni sistem onlardan soruşur ki, niyə kifayət qədər bacarıqlı deyilsiniz? Niyə təcrübəniz yoxdur? Niyə xarici dil bilikləriniz zəifdir? Niyə özünüzü inkişaf etdirməmisiniz? Sanki bütün problem tələbələrin özündədir. Sanki onları dərsdən sonra marketə, kafeyə, kuryerliyə, çağrı mərkəzinə, ödənişsiz təcrübəyə məcbur edən sosial-iqtisadi sistem yoxdur.
1 May bizə xatırladır ki, əmək yalnız maaş cədvəlində yazılan rəqəm deyil. Əmək insanın vaxtıdır, bədənidir, sağlamlığıdır, gəncliyidir, arzularıdır. Tələbələrin də gələcəyi məhz bu sualdan keçir: tələbələr gələcəkdə layiqli əmək şəraitində yaşayacaqlar, yoxsa diplomlu ucuz işçi qüvvəsinə çevriləcəklər?
Bu gün tələbələr yalnız gələcəyin kadrı deyil, gələcəyin müəllimi, jurnalisti, mühəndisi, həkimi, hüquqşünası, proqramçısı, kassiri, kuryeri, ofis işçisi, yəni gələcəyin əməkçisidir. Ona görə tələbələrin hüquqlarını müdafiə etmədən işçilərin azadlığından danışmaq yarımçıq həqiqətdir.
1 May tələbələrə də aiddir, çünki onların bugünkü yoxsulluğu sabah işçilərin asılılığına çevrilir. Tələbələrin bugünkü ödənişsiz təcrübəsi gələcəyin ucuz əmək bazarını böyüdür. Tələbələrin bugünkü susqunluğu sabah iş yerində müdafiəsiz qalmalarına yol açır.
Özümüzə və bizi təhsil almağa təşviq edənlərə verməli olduğumuz sual sadədir: biz təhsil alırıq, amma hansı gələcək üçün? Bu sualın cavabı auditoriyalarda yox, əmək bazarında, maaşlarda, təqaüdlərdə, ödənişsiz təcrübələrdə, kirayə qiymətlərində və gənclərin gündəlik yorğunluğunda gizlənir.
1 May bayram olmaqdan daha çox xatırlatmadır ki, gələcək tələbələrə hədiyyə edilmir, gələcək uğrunda mübarizə aparılır.
📢 Hər zamankı kimi şüarımız budur: “Təhsil alanlar, artıq sizin də medianız var!”

