Bəzi insanlar doğulduqları əsrdə qalır və unudulurlar, bəziləri isə elə doğulurlar ki, yaşadıqları əsr onların boyuna dar gəlir. Karls Marks ikinci qəbildəndir. O, XIX əsrin insanı olsa da, XXI əsrin qapısını döyən sualların çoxunu bizdən əvvəl formalaşdırmışdı. Niyə zənginlik artdıqca yoxsulluq yox olmur? Niyə texnika inkişaf etdikcə insan daha azad olmaq əvəzinə daha asılı hala düşür? Niyə bazar hər şeyi hərəkətə gətirdiyi halda insanın özünü daş kimi əzir?
Marks haqqında danışmaq bir büstün tozunu silmək, bir klassikin qarşısında mərasimlə baş əymək deyil. Əgər Marks hələ də yaşayırsa, bu, kapitalizmin hələ də onun təsvir etdiyi ziddiyyətlərlə yaşaması sayəsindədir. Daha doğrusu, kapitalizm Marksı hər gün yenidən dirildir. Hər iqtisadi böhran, hər kütləvi işsizlik dalğası, hər müharibə büdcəsi, hər azad bazarla bağlı nağıl və hər kasıbın çiyninə yüklənən şəxsi məsuliyyət dərsi Marksın köhnəlmədiyini göstərən qara möhürdür.
Marksı maraqlı və aktual edən isə yalnız onun “Kapital”ı yazması deyil. Onu təhlükəli hala gətirən kapitalizmi əxlaqi şikayət səviyyəsində yox, onun daxili mexanizmi səviyyəsində ifşa etməsindədir. Marks göstərdi ki, bu sistemdə istismar təsadüf yox, qaydadır, yoxsulluq idarəetmə səhvi deyil, zənginliyin digər üzüdür, böhran isə sistemin xarici xəstəliyi deyil, onun nəfəs alma formasıdır. Kapitalizm hər dəfə özünü son model kimi təqdim edir, Marks isə onun kapotunu açıb mühərrikin içindəki sinfi zorakılığı göstərir. Ona görə də burjua dünyası Marksdan heç vaxt tam qurtula bilmir. Bir tərəfdən onu “köhnəlmiş” elan edir, digər tərəfdən hər böhranda gizlicə ona qayıdır. Universitetlər onu təhlükəsiz akademik fiqura çevirmək istəyir, banklar onun proqnozlarının doğruluğunu etiraf etməyə məcbur qalır, liberallar onu maraqlı filosof libasına bürüyüb və bu rol ilə çərçivələyib yumşaltmağa çalışırlar. Halbuki Marksın əsl cümləsi – “məsələ dünyanı yalnız izah etmək deyil, onu dəyişdirməkdir” yanaşması onlar üçün “zəhərli”dir.
Marksın böyüklüyü həm də onun fəlsəfəni kabinetdən çıxarıb zavodun, küçənin, qəzet redaksiyasının, barrikadanın, işçi yığıncağının içinə gətirməzindədir. Marks tarixi padşahların, qəhrəmanların və din ideoloqlarının şəxsi albomu olmaqdan çıxarıb siniflərin mübarizəsi kimi oxudu. O, insanın azadlığını fərdi uğur hekayəsinə yox, cəmiyyətin maddi əsaslarının dəyişdirilməsinə bağladı. Çünki ac insan üçün azad seçim çox vaxt sadəcə iki pis variant arasında seçimdir, borc içində yaşayan insan üçün şəxsi inkişaf bazarın ona satdığı sakitləşdirici həbdir.
208 yaşlı Marks bizdən keçmişə hörmət tələb etmir. O, bizdən gələcəyə cəsarətlə baxmağı tələb edir. Marksı oxumaq nostalgiya deyil, kapitalizmin gündəlik yalanlarına qarşı nəzəri silahlanmadır. Onu anmaq verdiyimiz sualdır: biz bu sistemi yalnız tənqid edəcəyik, yoxsa onu aşmaq üçün təşkilatlanacağıq?
Marks hələ də gəncdir. Çünki onun düşməni hələ də qocalaraq ölməyib. Kapitalizm hələ də yaşayır, lakin getdikcə daha çox çürüyən, daha çox dağıdan, daha çox yalan danışan bir sistem kimi yaşayır. Marks isə bu çürümənin içində başqa bir dünyanın mümkünlüyünü göstərən ən iti mütəfəkkirlərdən biri olaraq qalır.

