Hacı Vəliyevə verilən 2 il 6 aylıq həbs cəzası bütöv siyasi əxlaqın, daha doğrusu, əxlaqsızlığın hökmüdür. Bu hökm bizə göstərir ki, kapitalist dövlət üçün insanın dəyəri onun canlı varlıq, əməkçi, vətəndaş, ata, oğul, yoldaş olmasında yox, onun hansı anda hansı funksiyanı yerinə yetirməsindədir. Müharibə vaxtı səngərdə lazımdırsa, “qəhrəman”dır, müharibədən sonra haqqını tələb edirsə, “problem”dir, küçədə qazilərin polis zorakılığına məruz qalmasını ictimailəşdirirsə, artıq “ictimai təhlükə”dir.
Bu ölkədə qazi obrazı uzun illərdir rəsmi ideologiyanın vitrinində saxlanılır. Bayramlarda, paradlarda, dövlət tədbirlərində qazi “milli qürur” simvoludur. Kameralar qarşısında onun yarası müqəddəsdir, gözündəki sarğı qəhrəmanlıq nişanıdır, bədənindəki zədə “Vətənə xidmət” rəmzidir. Amma həmin qazi ev, iş, müalicə, sosial təminat, insan ləyaqəti tələb edəndə birdən-birə romantik sözlər yoxa çıxır. Bayraq fonunda alqışlanan həmin şəxs isə polis bölmələrinin, məhkəmə zallarının və həbsxana kameralarının içində tək qalır.
Burada liberal hüquq müdafiəçilərinin görmək istədiyi yalnız qanun pozuntusudur. Millətçilərin görmək istədiyi yalnız qaziyə hörmətsizlikdir. Saxta sülhpərvərlərin görmək istədiyi yalnız müharibənin faciəvi nəticəsidir. Meşşan insanın görmək istədiyi isə heç nədir, o, öz rahat divanından baxıb düşünür: “Mənə nə? Mən siyasətə qarışmıram”. Halbuki məsələ bu mövqelərin hər birindən daha dərindir. Bu hadisə kapitalist dövlətin mahiyyətini açır və göstərir ki, dövlət əvvəl insanı müharibəyə göndərir, sonra həmin insan geri qayıdıb öz yarasının sosial qiymətini tələb edəndə onu inzibati və cinayət mexanizmləri ilə susdurur.
Marksist baxış üçün burada təəccüblü heç nə yoxdur. Dövlət neytral ədalət maşını deyil, hakim sinfin təşkilatlanmış zorakılıq aparatıdır. Bu aparat işçiyə zavodda, müəllimə məktəbdə, kəndliyə torpaqda, jurnalistə redaksiyada, qaziyə isə müharibədən sonra “öz yerini bil” demək üçün mövcuddur. “Vətən uğrunda canından keç” deyən sistem, eyni adama “indi sus, çünki danışmağın dövlət-xalq birliyini pozur” deyə bilir. Çünki kapitalist dövlət üçün sədaqət birtərəflidir, sən ona bədənini, sağlamlığını, gəncliyini verirsən, o isə sənə medal, pafoslu nitq və lazım gələndə cinayət işi qaytarır. Ən iyrənc riyakarlıq da buradadır. Müharibə ideologiyası qaziyə ehtiramdan danışır, amma qazini yalnız susduğu müddətdə sevir. Qazi danışanda, təşkilatlananda, başqa qazilərin problemini gündəmə gətirəndə, artıq müqəddəslik bitir. Dünən “Vətən oğlu” deyilən adam bu gün xuliqanlıq maddəsi ilə cəzalandırılır. Dünən səngərdə döyüşməsi ilə fəxr edilən insan bu gün küçədə qazilərə qarşı polis müdaxiləsini paylaşdığına görə siyasi baxımdan arzuolunmaz fiqura çevrilir. Deməli, burada hörmət insana deyil, onun hakimiyyət üçün faydalı olan obrazınadır. Amma bu məqamda qazilərin də, müharibəyə nifrət edənlərin də, solçuların da, liberalların da eşitmək istəmədiyi bir həqiqəti demək lazımdır ki, qazi olmaq heç kimi tənqid fövqünə qaldırmır. Müharibədə iştirak etmiş insan avtomatik olaraq siyasi həqiqətin sahibi olmur. Heç kəsin keçmiş döyüş təcrübəsi ona xüsusi hüquqi toxunulmazlıq vermir. Biz heç bir insanı uniformasına, medalına, yarasına görə müqəddəsləşdirmirik. İnsanın dəyəri onun canlı, əzilən, istismar olunan, sosial varlıq olmasındadır, dövlət üçün döyüşməsində yox.
Məhz buna görə Hacı Vəliyevin müdafiəsi “qazi olduğu üçün hər şey olar” məntiqinə əsaslana bilməz. Biz onu ona görə müdafiə etmirik ki, Hacı Vəliyev müharibə iştirakçısıdır və deməli, qanundan yuxarıdır. Biz Hacı Vəliyevi ona görə müdafiə edirik ki, dövlətin müharibə üçün istifadə etdiyi, sonra sosial baxımdan tək buraxdığı, danışanda isə cəzalandırdığı insan tipi bu quruluşun canlı ittiham aktıdır. Əgər bir ölkədə qazi öz haqqını tələb etdiyinə görə həbsxanaya gedirsə, deməli, həmin ölkədə “qəhrəmanlıq” da sosial nəzarət alətinə çevrilib.
Saxta liberal sülhpərvərlər də öz rahat mənəvi üstünlüklərindən enməlidirlər. Müharibəyə nifrət etmək düzgün mövqedir, lakin müharibəyə nifrət etmək müharibədən yaralı qayıdan yoxsul insana laqeyd qalmaq demək deyil. Əksinə, əsl antimilitarist mövqe müharibəni törədən hakim siniflərlə, ondan ideoloji kapital qazananlarla, sonra da yaralı insanları sosial zibilliyə atan dövlətlə hesablaşmaqdır. Müharibə əleyhinə olmaq qazini aşağılayan liberal estetika deyil, müharibəni istehsal edən siyasi-iqtisadi mexanizmi dağıtmaq iradəsidir.
Millətçilər də susmalıdırlar, çünki onların qazi sevgisi çox vaxt ucuz dekorasiyadır. Əgər qazi yalnız himn səslənəndə, bayraq açılarkən, kamera yandıqda yadınıza düşürsə, bu sevgi deyil, siyasi teatr dekorudur. Əgər qazi hökuməti tənqid edəndə onu müdafiə etməyə cəsarətiniz çatmırsa, deməli, sizin “Vətən sevgisi” adlandırdığınız şey əslində hakimiyyətə emosional xidmət müqaviləsidir. Qazini sevən onun susqun şəklini yox, narahat sualını da müdafiə etməlidir.
Meşşan insan isə ən təhlükəli illüziyada yaşayır və zənn edir ki, guya susmaq onu qoruyacaq. Qorumayacaq. Bu gün qazini susduran aparat sabah işçini, müəllimi, jurnalisti, tələbəni, həkimi, satıcını, kəndlini də susduracaq. Dövlətin zorakılığı heç vaxt bir qrupla kifayətlənmir. O, əvvəl “narahat adamları” götürür, sonra “çox danışanları”, sonra “şübhəli görünənləri”, axırda isə sadəcə müdafiəsiz qalanları. Susmaq təhlükəsizlik deyil, susmaq növbəni sakit gözləməkdir.
Hacı Vəliyevin hökmü bizə bir daha göstərdi ki, bu quruluşda müharibənin qəhrəmanı da, sülhün yoxsulu da, zavodun işçisi də, küçənin satıcısı da eyni həqiqətin içində yaşayır. İnsan dövlət və kapital üçün faydalı olduğu müddətdə lazımdır. Faydasını itirəndə, narahatlıq yaradanda, haqq tələb edəndə artıq “problem”ə çevrilir. Müharibə veteranının taleyi burada ümumi əməkçi taleyindən ayrı deyil; sadəcə daha kəskin, daha qanlı, daha görünən formasıdır. Ona görə bu hadisəyə cavab mərhəmət dili ilə yox, sinfi qəzəb dili ilə verilməlidir. Qazilərə acımaq yox, onların sosial hüquqlarını tələb etmək lazımdır. Müharibəyə ağlamaq yox, müharibəni doğuran hakim siniflərin siyasətinə qarşı mübarizə aparmaq lazımdır. Hüquq pozuntusundan danışmaq yox, hüququ kimin əlində silaha çevrildiyini göstərmək lazımdır. Hacı Vəliyevin hökmü müharibə pafosu ilə sosial səfalət arasında əzilən bütün insanların hökmüdür.
Bizim mövqeyimiz aydındır: nə müharibə romantikasına, nə dövlətin yalançı qazi sevgisinə, nə liberal yarım-yamalaq humanizmə, nə də meşşan susqunluğuna aldanırıq. Qazi də, işçi də, yoxsul da, müharibədən qayıdan əlil də, polis qarşısında əzilən küçə satıcısı da eyni sosial həqiqətin müxtəlif üzləridir. Onları xilas edəcək şey fərdi mərhəmət deyil, təşkilatlanmış mübarizədir. Çünki bu sistem insanı əvvəl səngərdə yaralayır, sonra həyatda sındırır, axırda isə susmadığı üçün cəzalandırır.
Hacı Vəliyevin bir gözü müharibədə itdi. İndi onun azadlığını da məhkəmə hökmü ilə alırlar. Amma bu ölkədə yaralı insanın səsi həbsxanaya göndərilməklə boğulursa, deməli, həbsxananın divarları yalnız onun ətrafında deyil, bütün cəmiyyətin ətrafında hörülür. Bu divarları isə nə pafos, nə dua, nə də susqun gözlənti dağıdacaq. Onları yalnız şüurlu, təşkilatlanmış, beynəlmiləl və sinfi mübarizə dağıda bilər.

