9 May kapitalın faşist zirehinin çatladığı gündür: Təşkilatlanmış insanlar cəhənnəm alovunu da söndürə bilər

9 May kapitalın faşist zirehinin çatladığı gündür: Təşkilatlanmış insanlar cəhənnəm alovunu da söndürə bilər

Faşizm sadəcə Hitler və Mussolini kimi dəlilərin kabusu, hər hansı millətin xəstəliyi, yaxud hərbi manyakların təsadüfi qəddarlığı deyil. Faşizm kapitalizmin ən qaranlıq müdafiə mexanizmlərindən biridir. Kapitalizmdə böhran dərinləşəndə, işçi sinfi ayağa qalxanda, kapital sahibləri artıq köhnə parlament oyunları ilə hakimiyyətini qoruya bilməyəndə səhnəyə açıq zorakılıq, ölüm düşərgələri, hərbi intizam, irqçi miflər və təşkilatlanmış terror çıxırdı.

Nasist Almaniyasında ilk konsentrasiya düşərgələrindən biri olan Daxau təsadüfən yəhudilər üçün yox, əvvəlcə siyasi rəqiblər üçün açılmışdı. İlk məhbuslar arasında əsasən kommunistlər, sosial-demokratlar, həmkarlar ittifaqı fəalları və nasist rejiminin digər siyasi əleyhdarları var idi. Faşizm əvvəlcə məhz işçi sinfinin təşkilatlı yaddaşını, müqavimətini və gələcək ümidini qırmaq istəyirdi. Çünki faşizm bilirdi ki, insan tək qalanda qorxur, amma təşkilatlananda tarix yaradır. Buna görə 9 Mayı yalnız müharibənin bitdiyi gün kimi anlamaq azdır. 9 May kapitalın faşist zirehinin çatladığı gündür. Bu, insanlığın öz qəbrindən döndüyü, ölümün dövlət siyasətinə çevrildiyi dünyanın tam qələbə çala bilmədiyi gündür. Bu, milyonlarla insanın qanı hesabına sübut olunmuş həqiqətdir ki, ən dəhşətli maşın belə təşkilatlanmış insanların iradəsi qarşısında dayandırıla bilər.

Bu günü anlamaq üçün Sovet İttifaqını müqəddəsləşdirməyə ehtiyac yoxdur. Azərbaycan xalqının sovet bürokratiyası altında yaşadığı repressiyaları, işçi sinfinin siyasi iradəsinin boğulmasını, Bakı neftinin böyük dövlət mexanizminin ehtiyaclarına tabe etdirilməsini unutmaq olmaz. Lakin faşizmi “daha rahat işğal” kimi təsəvvür etmək tamamilə başqa məsələdir. Bu, artıq tarix biliksizliyi deyil, vicdanın çürüməsidir. Çünki nasizm sadəcə başqa bayraqlı hakimiyyət deyildi. O, insanı əvvəl hüquqdan, sonra ləyaqətdən, axırda isə həyatdan məhrum edən məhvetmə quruluşu idi. Nasistlərin SSRİ-yə qarşı müharibəsi adi dövlətlərarası savaş yox, irqi-ideoloji məhvetmə müharibəsi idi, milyonlarla insan aclığa, qul əməyinə, deportasiyaya və ölümə məhkum edilirdi.

Faşizm işçiyə azadlıq vermir, intizam və itaət öyrədir, milləti ucaltdığını desə də, zəhmətkeş xalqın övladlarını ölüm sənayesinin materialına çevirir. Faşizmin nizam kimi xarakterizə etdiyi şey insanın susdurulmasıdır. Onun “milli dirçəliş” adlandırdığı isə kapitalın qorxusunu yoxsulların qanı ilə örtməkdir.

Nasist qərargahlarının soyuq masalarında Bakı da insanların yaşadığı, sevdiyi, işlədiyi, uşaqlarını böyütdüyü, xatirələr qurduğu bir məkan deyildi. Bakı neft idi. Yanacaq idi. Tankların hərəkəti, təyyarələrin uçuşu, topların susmaması üçün lazım olan qara damar idi. Hitler Almaniyasının gözündə Azərbaycan və onun gələcəyi müharibə maşınının boğazına axıdılacaq sərvət, intizam altına salınacaq əmək, idarə olunacaq ərazi idi. Bu, adi işğal planı deyildi, bir ölkənin taleyinin xəritədən silinib xammal cədvəlinə köçürülməsi idi.

Ona görə “almanlar gəlsəydi, bəlkə daha yaxşı yaşayardıq” düşüncəsi sadəcə tarixi savadsızlıq deyil, insanın öz ləyaqətini bazar fantaziyasına satmasıdır. Nasist işğalı altında bizə rifah vəd olunmurdu. Bizə vətəndaşlıq yox, funksiya ayrılırdı, səsimiz yox, əməyimiz lazım idi, mədəniyyətimiz yox, itaətimiz lazım idi, gələcəyimiz yox, torpağın altında yatan sərvət lazım idi. Faşizm insanı öz vətənində belə qonağa yox, sahibsiz materiala çevirməkdir. Faşizm sadəcə pis diktatura deyil, kapitalist böhranın ən kəskin anında hakim sinfin işçi sinfinə qarşı səfərbər etdiyi əksinqilabi zorakılıqdır. Onun tarixi rolu işçi sinfini əzmək, onun təşkilatlarını dağıtmaq və siyasi azadlıqları boğmaqdır.

Ona görə 9 May nostalji deyil. Bu gün Stalinin portretini daşımaq məcburiyyəti heç deyil. Bu gün faşizmin nə olduğunu unutmağa imkan verməmək günüdür. Çünki faşizm yalnız svastika ilə qayıtmır. Bəzən “sərt əl lazımdır”, bəzən “əvvəl nizam, sonra hüquq” deyir, bəzən “bu xalqa demokratiya çoxdur” fikrini səsləndirir, bəzən “dəmir yumruq” göstərir, bəzən isə yoxsulun qəzəbini kapitala yox, başqa millətdən olan başqa yoxsula yönəldir.

Faşizm üzərində Qələbə Gününüz mübarək, yoldaşlar!

Bu təbrik xəbərdarlıq xarakterlidir. Faşizmi məğlub edən təkcə tanklar deyildi, onu dayandıran təşkilatlanmış insanların, işçilərin, partizanların, kommunistlərin, sosial-demokratların, antifaşistlərin, arxada və cəbhədə həyatını verən milyonların iradəsi idi. Onlar bizə təkcə xatirə qoymadılar. Onlar bizə insanı xammala, xalqı resursa, həyatı kapitalın və müharibənin hesab-kitabına çevirən hər sistemə qarşı mübarizəni davam etdirmək vəzifəsi qoydular. Çünki faşizmi unutmaq yalnız ölülərə xəyanət deyil. Faşizmi unutmaq gələcəyin insanlarını da müdafiəsiz qoymaqdır.