10 May Azərbaycanda Heydər Əliyevin doğum günü kimi qeyd edilir. Bu tarix hər il dövlət aparatının öz mənşəyini, legitimliyini və ideoloji üstünlüyünü yenidən nümayiş etdirdiyi mərasimə çevrilib. Bu mərasim artıq nəinki tarixi izah edir, hətta onun yerini tutan mif mahiyyəti daşıyır. Rəsmi ideologiya Heydər Əliyevi “böyük şəxsiyyət”, “dövlətin qurucusu”, “xalqın xilaskarı”, “ümummilli lider”, “ulu öndər” kimi təqdim edir. Bu təqdimatda Azərbaycan millətinin tarixi sanki bir nəfərin iradəsindən ibarət formada göstərilir. Guya cəmiyyətin ziddiyyətləri, sinfi münasibətlər, iqtisadi böhranlar, dövlət aparatının maraqları, beynəlxalq imperialist təzyiqlər, neft kapitalı, bürokratiya və repressiya mexanizmləri yox idi, yalnız bir lider vardı və hər şeyi o yaratdı. Bunun tarix elmi ilə əlaqəsi yoxdur. Bu, tarixin dövlət protokolu səviyyəsinə endirilməsidir.
Heydər Əliyev haqqında danışarkən ən böyük səhv onun həyatını bir-birindən qoparılmış mərhələlər kimi izah etməkdir. Dövlətsevərlər onun müstəqillik dövrünü götürüb “dövlət atası” obrazı yaradırlar. Sovet nostalgiyasına qapılanlar onun partiya karyerasını seçib “yaxşı kommunist” mifini qururlar. Millətçilər onu “milli maraqları hər şeydən üstün tutan lider” kimi göstərirlər. Liberallar isə çox vaxt onu sadəcə ailə hakimiyyəti quran avtoritar rəhbər kimi tənqid etməklə kifayətlənirlər. Bütün belə yanaşmaların ortaq cəhəti budur ki, onlar tarixi parçalara bölür, bioqrafiyanı sinfi funksiyadan ayırır və nəticədə hadisələrin mahiyyətini yox, görüntüsünü müzakirə edirlər.
Halbuki heç bir siyasi fiqur öz dövründən, onu yetişdirən aparatdan və xidmət etdiyi sinfi münasibətlərdən təcrid olunmuş şəkildə mövcud olmur. Heydər Əliyevin təhlükəsizlik orqanlarında formalaşması, sovet partiya aparatında yüksəlməsi, SSRİ rəhbərliyində yer alması, sonra Naxçıvana qayıdışı, 1993-cü ildə hakimiyyətə gəlişi, neft kapitalı üzərində qurulan yeni dövlət modelinin mərkəzində dayanması və hakimiyyətin varislik prinsipinə bağlanması ayrı-ayrı epizodlar deyil. Bunlar eyni siyasi tipin müxtəlif tarixi şəraitlərdə aldığı formalardır.
Bu siyasi tipin mahiyyəti nə idi? Heydər Əliyevin dəyişməyən ideologiyası nə kommunizm idi, nə millətçilik, nə də liberal dövlətçilik. Onun dəyişməyən ideologiyası aparatçılıq idi: dövlət aparatının qorunması, hakimiyyətin mərkəzləşdirilməsi, siyasi nəzarətin institusionallaşdırılması və xalq adından danışmaq hüququnun monopoliyaya çevrilməsi.
Hərçənd “aparat” sözünü havada asılı qoymaq olmaz. Aparat isə neytral mexanizm deyil və heç vaxt olmayıb. Hər dövlət aparatı müəyyən mülkiyyət münasibətlərini, müəyyən sinfi maraqları və müəyyən hakimiyyət formasını qoruyur. Sovet dövründə Heydər Əliyevin təmsil etdiyi şey marksizm və proletar beynəlmiləlçiliyi deyildi. O, Stalinist bürokratik aparatın nümayəndəsi idi. Bu aparat Oktyabr inqilabının yaratdığı planlı iqtisadiyyat üzərində parazit şəkildə yaşayan, fəhlə demokratiyasını boğan, partiyanı və dövləti kütlələrin nəzarətindən çıxaran bürokratik kastanın yerli ifadəsi idi.
Bu fərqi görmədən Heydər Əliyevi “kommunist” adlandırmaq həm marksizmə, həm də tarixə qarşı ədalətsizlikdir. Kommunizm işçi sinfinin öz hakimiyyəti, istehsal vasitələri üzərində kollektiv nəzarət, beynəlmiləl inqilab və istismarsız cəmiyyət uğrunda mübarizədir. Stalinist bürokratiya isə bunun əksi idi və yuxarıdan idarəçilik, partiya aparatının toxunulmazlığı, kütlələrin siyasi susdurulması və sosializmin canlı inqilabi məzmununun dövlət ritualına çevrilməsi ilə xarakterizə edilir.
Heydər Əliyev məhz bu məktəbin yetirməsi idi. Onun üçün ideologiya sabit nəzəri inam yox, hakimiyyətin dili idi. Sovet dövründə bu dil “partiya”, “kommunizm”, “sosialist quruculuğu”, “Moskvaya sədaqət” idi. Müstəqillikdən sonra həmin aparat dili dəyişdi və “milli dövlətçilik”, “sabitlik”, “azərbaycançılıq”, “neft strategiyası”, “xilas” sözləri ilə danışmağa başladı. Sözlər dəyişdi, bayraqlar dəyişdi, tribunalar dəyişdi, lakin siyasi refleks eyni qaldı: yuxarıdan idarə etmək, cəmiyyəti nəzarətdə saxlamaq, xalqı siyasi subyekt kimi yox, minnətdar kütlə kimi təsəvvür etmək.
Lakin bu keçid təkcə ideoloji pərdənin dəyişməsi deyildi. Daha dərin proses baş verdi və Stalinist bürokratik aparat milli kapitalist dövlət aparatına çevrildi. Sovet bürokratiyasının içindən çıxan kadrlar yeni dövrdə bazar münasibətlərinin, özəlləşdirmənin, neft müqavilələrinin, oliqarxik sərvət bölgüsünün və repressiv dövlət mexanizminin dayaqlarına çevrildilər. Planlı iqtisadiyyatın bürokratik deformasiyası yerini neft rentası üzərində qurulan kapitalist-oliqarxik modelə verdi. Başqa sözlə, aparat qaldı, amma onun qoruduğu mülkiyyət forması və sinfi blok dəyişdi.
Bu baxımdan Heydər Əliyevin tarixi funksiyası “dövlət qurmaq” kimi romantik ifadələrlə izah oluna bilməz. O, post-sovet böhranı şəraitində dağılmış aparatın yenidən mərkəzləşdirilməsini, yeni milli burjuaziyanın formalaşmasını, neft kapitalı ətrafında hakim sinfi blokun qurulmasını və Azərbaycanın dünya kapitalist sisteminə enerji periferiyası kimi inteqrasiyasını təmin edən əsas fiqur oldu.
Bu prosesin beynəlxalq tərəfi də unudulmamalıdır. 1990-cı illərin Azərbaycanı boş məkanda mövcud deyildi. SSRİ-nin dağılmasından sonra bütün post-sovet məkanı imperialist bazarın, enerji şirkətlərinin, regional güclərin və geosiyasi rəqabətin açıq meydanına çevrildi. Azərbaycan nefti Qərb kapitalı, Türkiyə, Rusiya, ABŞ və regional güclər üçün strateji əhəmiyyət daşıyırdı. Belə şəraitdə “milli dövlətçilik” deyilən şey əslində dünya kapitalist sisteminə daxil olmağın yerli forması idi. Dövlət suverenliyi haqqında yüksək sözlərin arxasında neft müqavilələri, enerji dəhlizləri, kapital axınları və xarici güclərlə hesablanmış balans siyasəti dayanırdı.
Bu da Heydər Əliyev mifinin əsas paradoksudur: o, xalqa “müstəqil dövlət” obrazı kimi təqdim olunur, amma həmin dövlətin iqtisadi əsası qlobal kapitalın, neft rentasının və yerli oliqarx-bürokratik qrupların maraqları üzərində qurulmuşdu. Burada xalq yalnız rəsmi ritorikanın subyekti idi, real iqtisadi münasibətlərdə isə işçi qüvvəsi, seçici kütləsi və idarə olunan sosial material rolunda çıxış edirdi.
“Böyük şəxsiyyət” mifi məhz bu həqiqəti gizlətmək üçün lazımdır. Çünki şəxsiyyət kultu sinfi münasibətləri şəxsi keyfiyyətlərlə əvəz edir və deyir ki, dövlət var, çünki lider var. Marksizm isə deyir: lider obrazı var, çünki müəyyən sinfi münasibətlərin ideoloji pərdəyə ehtiyacı var. Kultun işi tarixi izah etmək deyil, tarixi dumanlandırmaqdır. O, institutu ada, mülkiyyət münasibətini xidmətə, hakimiyyət monopoliyasını xilaskarlığa, repressiv sabitliyi isə milli zərurətə çevirir.
Burada “sabitlik” anlayışının özü ayrıca ifşa olunmalıdır. Kimin sabitliyi? İşçinin, müəllimin, həkimin, yoxsul ailənin, işsiz gəncin, kirayə və kredit arasında sıxılan insanın sabitliyi? Yoxsa neft gəlirlərinin bölüşdürülməsi üzərində formalaşan oliqarxik qrupların, məmur kapitalının və repressiv aparatın sabitliyi? Əgər sabitlik geniş kütlələrin siyasi susdurulması, mülkiyyətin dar qrupların əlində cəmlənməsi və dövlətin tənqiddən yuxarı qaldırılması deməkdirsə, bu sabitlik xalq üçün yox, hakim sinif üçün sabitlikdir.
Heydər Əliyev hakimiyyətinin Bonapartist xarakteri də burada aydın görünür. Siniflərin açıq mübarizəsinin zəiflədiyi, burjuaziyanın hələ tam sabitləşmədiyi, fəhlə sinfinin isə müstəqil siyasi təşkilatlanmadan məhrum olduğu şəraitdə dövlət aparatı özünü “millətin ümumi hakimi” kimi təqdim etdi. Guya o, bütün siniflərin fövqündə dayanırdı. Əslində isə yeni kapitalist münasibətlərin, neft rentasının və hakim sinfi blokun qoruyucusuna çevrildi. Bonapartizmin mahiyyəti də budur: dövlət özünü cəmiyyətin yuxarısına qaldırır, amma son nəticədə mülkiyyət münasibətlərinin keşiyində dayanır.
Buna görə Heydər Əliyev haqqında liberal tənqid də yetərsizdir. Onu yalnız avtoritar lider, ailə hakimiyyətinin banisi və ya demokratik institutları boğan siyasətçi kimi tənqid etmək həqiqətin yalnız bir hissəsidir. Problem təkcə demokratiyanın olmaması deyildi. Problem kapitalist dövlətin sinfi mahiyyətində idi. Problem təkcə ailə hakimiyyəti deyildi. Problem neft rentası üzərində qurulan burjua mülkiyyət münasibətləri idi. Problem təkcə seçkilərin formal xarakteri deyildi. Problem fəhlə sinfinin real siyasi hakimiyyətdən kənarda saxlanılması idi.
Eyni şəkildə millətçi tənqid də natamamdır, çünki millətçilik Heydər Əliyevi ya “milli xilaskar” kimi ucaldır, ya da “milli ideala xəyanət” müstəvisində ittiham edir. Hər iki halda sinif yox olur, xalq abstrakt millətə çevrilir, zəhmətkeşlərin real həyatı isə bayraq və dövlətçilik sözlərinin altında basdırılır. Halbuki marksist üçün əsas sual budur: bu dövlət hansı sinfə xidmət etdi? Hansı mülkiyyət formasını qorudu? Hansı sosial qüvvələri yüksəltdi, hansıları siyasi səhnədən kənarda saxladı?
10 Mayın sinfi mahiyyəti də buradan doğur. Bu tarix xalq yaddaşının təbii ifadəsi deyil; hakim sinfin yaddaş siyasətidir. Məktəblər, universitetlər, dövlət mediası, rəsmi tədbirlər, mədəniyyət müəssisələri, idman yarışları, inzibati mərasimlər eyni ideoloji funksiyanı yerinə yetirir: cəmiyyətə demək ki, tarix aşağıdan yox, yuxarıdan yaranır; xalq öz taleyinin qurucusu yox, “böyük rəhbər”in mirasına minnətdar olmalı olan səssiz kütlədir.
Bu, siyasi baxımdan təsadüfi deyil. Hər hakim sinif öz tarixini müqəddəsləşdirmək istəyir. Çünki tarixi kim izah edirsə, bu günü də o legitimləşdirir. Əgər xalqa desən ki, dövləti lider yaradıb, onda xalqdan tələb olunan şey təşkilatlanmaq yox, minnətdarlıq olacaq. Əgər xalqa desən ki, sabitliyi lider gətirib, onda xalq sosial ədalətsizliyə qarşı çıxanda “sabitliyi pozan” kimi damğalanacaq. Əgər xalqa desən ki, tarix şəxsiyyətlərin əsəridir, onda sinfi mübarizə tarixdən silinəcək.
Marksizm isə bu yalanı dağıdır. Tarixi liderlər yaratmır. Tarixi siniflər, istehsal münasibətləri, maddi ziddiyyətlər və kütlələrin mübarizəsi hərəkətə gətirir. Şəxsiyyətlər yalnız bu proseslərin içində müəyyən rol oynayırlar. Onlar proseslərin fövqündə dayanmırlar. Heydər Əliyev də Azərbaycan tarixindən yuxarıda dayanan “böyük şəxsiyyət” deyildi. O, Stalinist bürokratiyadan milli kapitalist dövlət aparatına keçidin ən çevik, ən sərt və ən uyğunlaşmış fiqurlarından biri idi.
Bu həqiqət onun bioqrafiyasını kiçiltmir, əksinə, onu mistik dumandan çıxarıb real tarixi müstəviyə yerləşdirir. Çünki marksist analiz üçün məqsəd şəxsləri sadəcə pisləmək deyil. Məqsəd onların hansı sinfi proseslərin ifadəsi olduğunu göstərməkdir. Heydər Əliyev mifini dağıtmaq üçün onun haqqında emosional nifrət kifayət etmir. Onu doğuran sistemi, onu ucaldan aparatı, onu müqəddəsləşdirən yaddaş siyasətini və onu bu gün də yaşadan sinfi maraqları ifşa etmək lazımdır.
Bu nöqtədə əsas sual yaranır: bu kultu kim dağıda bilər? Cavab liberal müxalifətin “normal dövlət” arzusunda, millətçiliyin romantik keçmiş xəyallarında, yaxud sovet nostalgiyasının köhnə bürokratik xatirələrində də deyil. Bu kultu yalnız müstəqil siyasi qüvvə kimi təşkilatlanmış fəhlə sinfi dağıda bilər. Çünki şəxsiyyət kultunun əsl əksi başqa bir şəxsiyyət kultu deyil; kütlələrin öz hakimiyyətidir. Bürokratik dövlətin əsl alternativi “daha yaxşı rəhbər” deyil; fəhlə demokratiyası, ictimai mülkiyyət üzərində real nəzarət və beynəlmiləl sosialist proqramdır.
Ona görə də 10 Mayı yalnız keçmiş haqqında gün kimi yox, bugünkü siyasi şüurun sınağı kimi görmək lazımdır. Əgər biz bu tarixi yenə “lider yaxşı idi, yoxsa pis idi?” səviyyəsində müzakirə etsək, rəsmi ideologiyanın meydanını tərk etməmiş olacağıq. Əsl sual başqadır: niyə cəmiyyətlər öz taleyini şəxsiyyətlərə bağlamağa məcbur edilir? Niyə xalqın təşkilatlanmış iradəsi lider mifləri ilə əvəz olunur? Niyə dövlət öz sinfi mahiyyətini gizlətmək üçün mərasimlərə, heykəllərə, prospekt adlarına və doğum günlərinə ehtiyac duyur?
Çünki hər kult qorxunun məhsuludur. Hakim sinif xalqın öz gücünü dərk etməsindən qorxur. O bilir ki, zəhmətkeşlər tarixdə öz yerlərini görəndə “xilaskar” axtarmağı dayandırırlar. O bilir ki, işçi sinfi özünü siyasi subyekt kimi təşkil edəndə heç bir lider obrazı əbədi qala bilmir. O bilir ki, tarixin həqiqi məhkəməsində heykəllər yox, maddi reallıq danışır.
10 Mayın arxasında gizlənən həqiqət doğum günü kimi təqdim edilən şeyin əslində hakim sinfin öz ideoloji hakimiyyətini yenidən doğurmaq cəhdi olması ilə bağlıdır. Amma hər mif kimi bu mif də əbədilik iddiası ilə yaşayır və tarixin real hərəkəti qarşısında zəifləyir.
Bizim cavabımız sadədir: millətin, zəhmətkeş xalqın ataya, xilaskara, böyük rəhbərə ehtiyacı yoxdur. Xalqın öz təşkilatlanmış iradəsinə, öz sinfi partiyasına, öz beynəlmiləl proqramına ehtiyacı var. Tarix şəxslərin mərmər heykəllərində yox, zəhmətkeşlərin mübarizəsində yazılır. Və o mübarizə səhnəyə çıxdığı gün heç bir “böyük şəxsiyyət” mifi zəhmətkeş xalqın gücündən böyük görünməyəcək.

