“AL Market” özünü Azərbaycanın “sərt endirim” modelinin ilk tətbiqçilərindən biri kimi təqdim edir və “Azərsun”un pərakəndə şəbəkəsi olaraq geniş mağaza şəbəkəsi ilə çıxış edir. Amma işçilərdən redaksiyamıza daxil olan yeni məlumatlar göstərir ki, bu “ucuzluq” yenə kassadakı qiymət etiketlərindən yox, işçinin ömründən, sağlamlığından və ləyaqətindən çıxarılır. Rəflərdə görünən endirimin arxa planında əmək daha ucuz, işçi isə daha əvəzolunan hala gətirilir.
İşçilərin bildirdiyinə görə, bəzi bölgələrdə gecə növbəsi ləğv edilib və mayın 2-dən etibarən gecə növbəsində çalışanlara işə gəlməmək tapşırılıb. Bununla da məsələ bitmir. Mağaza müdirlərinə deyilib ki, gündüz növbəsində “narazı olan”, “sözə baxmayan”, “əmrə tabe olmayan” işçilər varsa, onlar gecə növbəsindəki işçilərlə dəyişdirilib çıxarılsın. Yəni burada söhbət təkcə qrafik dəyişikliyindən getmir. Burada iş yerində siyasi-intizam rejimi qurulur, itaət edənlər saxlanılır, etiraz edənlər cəzalandırılır, susmayan işçilər “uyğunsuz kadr” elan olunur. Kapitalizm üçün ən təhlükəli fiqur məhz danışmağa başlayan işçidir.
Yeni rejimdə bir sıra mağazalarda səhər növbəsi 07:00-da başlayır, “tam növbə” isə 08:00-22:00 qrafikindən 07:00-23:00 qrafikinə çevrilir. Yəni bir iş günü faktiki olaraq 16 saata qədər uzadılır. Bu artıq mütləq əlavə dəyərin klassik üsulla artırılmasıdır. Karl Marksın yazdığı kimi, kapital öz mənfəətini təkcə texnika və məhsuldarlıqla deyil, iş gününü uzadaraq da böyüdür. Burada da məhz işçi sayı çatmayanda yeni adam götürmək əvəzinə qalanların iş gününün böyüdülməsi baş verir. Deməli, patron problemi həll etmir, problemi işçinin bədəninə köçürür. İşçi çatışmazlığı kapital üçün böhran deyil, daha az adamla daha çox iş gördürmək fürsətidir.
Azərbaycan Əmək Məcəlləsi gündəlik normal iş vaxtına uyğun həftəlik normal iş vaxtının 40 saatdan artıq müəyyən edilə bilməyəcəyini deyir. Bu məcəlləyə görə, iş vaxtından artıq əməyin hər saatı ən azı ikiqat ödənilməlidir. Saat 22:00-dan səhər 06:00-dək olan müddət gecə vaxtı sayılır, gecə işi üçün isə ayrıca əlavə ödəniş nəzərdə tutulur, qüvvədə olan qaydaya görə bu əlavə saatlıq tarif maaşının 20 faizi həcmindədir. Əmək şəraitinin şərtləri dəyişdirildikdə isə işçi bir ay qabaqcadan rəsmi xəbərdar edilməlidir. Başqa sözlə, işçilərin dediyi dəyişikliklər doğrudursa, burada sadəcə sərt menecment yox, əmək münasibətlərinin qanunsuz və kobud şəkildə yenidən qurulması ehtimalı var.
Lakin marksist baxış üçün məsələnin mahiyyəti təkcə “qanun pozuntusu” deyil. Qanun burada ikinci mərhələdir. Birinci mərhələ sinfi məntiqdir. “AL Market” kimi diskont modeli ilə işləyən şəbəkələr aşağı qiymət rəqabətini işçinin belinə yükləyir. Kapital ucuzluqla bazarı tutur, sonra həmin ucuzluğun hesabını kassirin vaxtından, yükləyicinin belindən, satıcının sağlamlığından çıxır. Yəni ucuz məhsulun arxasında ucuzlaşdırılmış həyat dayanır. İşçinin yuxusu qısaldılır, ailə həyatı dağıdılır, sağlamlığı riskə atılır, sonra da bunun adı “əməliyyat optimallaşdırması” qoyulur. Bu yanaşma təkcə “AL Market” yox, ümumiyyətlə Azərbaycanın xidmət sektorunda qurulmuş ümumi istismar mexanizminin açıq ifadəsidir.
Burjua dövləti bu mənzərədə bitərəf hakim deyil. Kağız üzərində yazılan qanunlarla real həyatda patronun əmri daha sürətlə işləyir. Çünki dövlətin əsas funksiyası zəhmətkeşi qorumaq deyil, kapitalist nizamı qorumaqdır. Elə buna görə də işçi əvvəlcə artıq işlədilir, sonra susdurulur, sonra da ona hüquq kitabçası göstərilir. Patron üçün əsas məsələ mənfəətin həcmi, dövlət üçün isə əsas məsələ sistemin sabitliyidir. Özümüzü aldatmayaq, zəhmətkeşlərin, işçilərin taleyi sistemə, hökumətə maraqlı deyil.
Ona görə də bu vəziyyətdə çıxış yolu tək-tək giley, fərdi xahiş, HR şöbəsinə ümid və ya hər şeyin düzələcəyinə dair sadəlövhlük deyil. İşçilər dəyişdirilən qrafikləri, şifahi tapşırıqları, məcburi 16 saatlıq növbələri, təzyiq və hədə-qorxu hallarını sənədləşdirməli, öz aralarında əlaqə qurmalı, mağazalar üzrə seçilmiş nümayəndələr və komitələr yaratmalı, geriyə dönük bütün artıq iş saatlarının ödənilməsini, gecə saatlarına görə əlavələrin verilməsini, qeyri-qanuni dəyişikliklərin ləğvini və heç kimin “öz ərizəsi ilə işdən çıxmaq” tələsinə salınmamasını kollektiv şəkildə tələb etməlidirlər. Tək işçi patron üçün asan hədəfdir, təşkilatlanmış işçilər isə artıq qüvvədir.
Bu məsələni “AL Market”in daxilində baş verən texniki anlaşılmazlıq kimi yox, sinfi müharibənin kiçik, amma çox aydın bir epizodu kimi görmək lazımdır. Burada bir tərəfdə mənfəəti artırmaq üçün iş gününü uzadan, narazı işçiləri cəzalandıran və çatışmazlığın bütün yükünü işçilərin üzərinə atan kapital dayanır. O biri tərəfdə isə yaşamaq, işləmək və insan yerinə qoyulmaq istəyən zəhmətkeşlər var. Kapitalizmdə neytral zona yoxdur və ola bilməz. Biz bu sistemdə ya patronun “ucuzluq” nağılının və sistemin tərəfindəyik, ya da həmin ucuzluğun həqiqi qiymətini öz ömrü ilə ödəyən işçilərin.
AL Marketdə növbəti riyakarlıq
“AL Market”də növbəti işçi hüquqları pozulması aktı:
- Mayın 1-də işçilərə məlumat verilib ki, “Azərsun” MMC-nin tərkibindəki “AL Market”də gecə növbəsi bəzi bölgələrdə ləğv edilib və artıq mayın 2-dən gecə növbəsində çalışan işçilərə işə gəlməmək göstərişi verilib. Mağaza müdirlərinə isə tapşırılıb ki, əgər gündüz növbəsində “iş şəraitindən narazı olan”, “sözə baxmayan”, “əmrə tabe olmayan” işçi varsa, onu gecə növbəsindəki işçi ilə dəyişib çıxarmaq lazımdır;
- Nəticədə növbələr dəyişdi, səhər 8-də başlayan növbə geriyə çəkilərək 7-də başlayacaq hala gəldi, 07:00-dan 16:00-a qədər. Lakin əvvəl 14 saat olan “tam növbə” əvvəl 08:00-dan 22:00-a qədər idisə indi 07:00-dan 23:00-dək davam edəcək.
- Və “AL Market”in işçi istismarı ilə bağlı əsas problemlərindən biri də işçi çatışmazlığıdır. Lakin “tam növbə”nin saatı artdığı üçün bu şəraitə sağlamlığı, ailə vəziyyəti izn vermədiyi üçün işdən çıxan işçilərin əvəzinə yeni işçilər götürülənədək köhnə işçilər hər gün “tam növbə” işləməlidir.
- Əmək müqaviləsi isə bütün bu dəyişikliklərə baxmayaraq dəyişmədi. Ümumiyyətlə, əmək qanunvericiliyinə görə bir ay öncədən xəbərdarlıq edilməlidir ki, işçi özünə iş axtara bilsin. O da edilmədi.

