Bakıda yağışın yağması ilə şəhər yenə dünyanın gözündə yaratmağa çalışdığı rəsmi obrazından uzaqlaşdı. Bir neçə saatlıq yağıntı kifayət etdi ki, “müasir paytaxt”, “dayanıqlı şəhər”, “qlobal tədbirlər mərkəzi” və “beynəlxalq nüfuz” kimi ifadələrin altında gizlənən reallıq üzə çıxsın və məlum olsun ki, Bakı insanların ehtiyaclarına görə yox, siyasi vitrin və kapital marağına əsasən idarə olunur.
Bu dəfə mənzərə xüsusilə rəmzi idi. Ümumdünya Şəhərsalma Forumunun keçirildiyi günlərdə şəhərin digər hissələri kimi Bakı Olimpiya Stadionunun qarşısı da su altında qaldı. Yəni şəhərsalma haqqında beynəlxalq panellərin, təhlükəsiz və dayanıqlı şəhərlər barədə rəsmi çıxışların fonunda insanlar ayaqqabılarını çıxarıb suyun içindən keçməyə məcbur oldular. Bu hadisənin əksini tapdığı görüntülər Bakının şəhərsalma siyasəti haqqında rəsmi təqdimatlardan daha çox şey deyir.
Hakimiyyət belə halları adətən “hava şəraiti” və “normadan artıq yağıntı” kimi bəhanələr ilə izah etməyi sevir. Amma yağış təbiət hadisəsidir, şəhərin iflic olması isə siyasi və inzibati nəticədir. Küçələrin gölə çevrilməsi, yolların bağlanması, piyadaların hərəkət edə bilməməsi, avtobusların gecikməsi, insanların işə və evə alçaldıcı şəraitdə getməsi buludların yox, illərlə yığılan plansızlığın nəticəsidir.
Burada məsələ sadəcə kanalizasiya və drenaj problemi deyil. Əlbəttə, bunlar da var və çox ciddi problemlərdir. Lakin daha dərində şəhərin kim üçün qurulması ilə bağlı başqa sual dayanır. Əgər şəhər sakinlər üçün qurulsaydı, prioritet bahalı fasadlar, tədbir marşrutları, protokol zonaları və görüntü layihələri yox, gündəlik həyatı daşıyan infrastruktur olardı. Yağış sularının idarə olunması, ictimai nəqliyyat, piyada təhlükəsizliyi, məhəllə planlaşdırması, sosial mənzil siyasəti və yaşıllıqların qorunması siyasi təbliğatın yox, real şəhərsalmanın əsas məsələləridir.
Amma kapitalist şəhərsalma başqa məntiqlə işləyir. Şəhər kollektiv yaşayış məkanı kimi yox, torpaq rentası, tikinti kapitalı, tender və siyasi reklam sahəsi kimi görülür. Torpaq ictimai sərvət olmaqdan çıxıb gəlir mənbəyinə çevrilir. Mənzil sosial ehtiyac yox, investisiya aləti kimi dəyərləndirilir. Yeni bina, yeni prospekt, yeni kompleks, yeni arena kamera qarşısında görünür; drenaj sistemi, kanalizasiya, piyada yolu, məhəllə infrastrukturu isə görünmür. Kapital və bürokratiya da görünəni seçir, çünki parıltı hesabatda daha yaxşı görünür.
Buna görə Bakıda tikinti çoxdur, amma insanlar üçün şəhər ərazisi azdır. Beton çoxdur, amma suyun gedəcəyi yer yoxdur. Şüşə fasad çoxdur, amma ictimai məkan azdır. Böyük tədbirlər üçün hazırlıq var, amma sakinlərin gündəlik həyatı üçün ciddi plan yoxdur. Bir sözlə, Bakı dünyaya göstərilmək üçün bəzədilir və burada yaşayan insanların hər gün necə hərəkət etdiyi, necə nəfəs aldığı, necə işlədiyi, necə evə qayıtdığı ikinci plana atılır.
COP29-la paralel də buradan doğur. Azərbaycan hakimiyyəti COP29 zamanı özünü iqlim gündəminin məsuliyyətli iştirakçısı kimi təqdim edirdi. Halbuki Bakının özü güclü yağışlar qarşısında aciz qalmışdı. İndi isə eyni mexanizm WUF13-də təkrarlanır. Dünən “yaşıl keçid” dili ilə real ekoloji ziddiyyətlər örtülürdü, bu gün “dayanıqlı şəhər” dili ilə real urbanistik böhran gizlədilir. Hər iki halda beynəlxalq tədbir daxili problemlərin həlli üçün yox, onların üstünü örtmək üçün istifadə olunan dekorasiyaya çevrilir.
Bu dekorasiyanın adı bəzən “qlobal etimad”, bəzən “ölkənin nüfuzu”, bəzən “inkişaf modeli” olur. Halbuki yağışın yağması ilə dekorasiya öz işini dayandırır. Çünki təbiət protokol qaydalarına tabe olmur. O, hansı küçənin xarici qonaqlar üçün hazırlanıb-hazırlanmadığını bilmir. Yağış sadəcə şəhərin real vəziyyətini üzə çıxarır: hansı infrastruktur işləyir, hansı işləmir; hansı məkan insan üçün qurulub, hansı yalnız görüntü üçündür.
Bu mənzərə sinfi baxımdan da oxunmalıdır. Yağışın nəticələri hamıya eyni təsir etmir. Varlı təbəqə qorunan yaşayış kompleksində, şəxsi avtomobildə, alternativ marşrutlarda bu böhrandan qismən yayınır. İşçilər, tələbələr, kuryerlər, müəllimlər, satıcılar, avtobus sərnişinləri isə həmin böhranın birbaşa içində qalırlar. Kapitalist şəhərdə hətta yağış da sinfi xarakter alır və o, yuxarıdakılar üçün adi narahatlığa, aşağıdakılar üçün gündəlik əziyyətə çevrilir.
Ona görə Bakıdakı subasma yalnız texniki qəza kimi təqdim oluna bilməz. Bu, şəhərin hansı maraqlara tabe edildiyini göstərən siyasi faktdır. Əgər illərlə tikinti kapitalına yol açılıbsa, yaşıllıqlar azaldılıbsa, məhəllələr sıxlaşdırılıbsa, infrastruktur isə real ehtiyaca uyğun yenilənməyibsə, yağış sadəcə bu siyasətin nəticəsini üzə çıxarır. Problem suyun haradan gəlməsində deyil, problem bu şəhərdə suyun hara gedəcəyinin illərlə ciddi şəkildə düşünülməməsindədir.
Ümumdünya Şəhərsalma Forumu Bakıda keçirilə bilər. COP29 Bakıda keçirilə bilər. Sabah başqa bir beynəlxalq tədbir də keçirilə bilər. Ancaq şəhər öz sakinləri üçün işləmirsə, bunların heç biri real inkişaf göstəricisi deyil. Beynəlxalq tədbir keçirmək şəhərsalma siyasətinin keyfiyyətini sübut etmir; bəzən əksinə, onun ziddiyyətlərini daha açıq göstərir.
Bakının problemi tədbir azlığı deyil. Bakının problemi ictimai nəzarətin, planlı yanaşmanın və sosial prioritetin olmamasıdır. Şəhərsalma qərarları sakinlərin ehtiyacına yox, tikinti kapitalının və siyasi imicin tələblərinə uyğun verildikcə nəticə dəyişməyəcək. Bu gün stadionun qarşısını su basır, sabah başqa küçəni, başqa tuneli, başqa məhəlləni basacaq. Çünki məsələ bir yağışda yox, şəhərin necə və kimlər üçün idarə olunmasındadır.
Ona görə əsas tələb budur ki, hökumət ictimai hesabat verməlidir. Drenaj və kanalizasiya sisteminin vəziyyəti açıqlanmalıdır. Subasma riski olan ərazilər üzrə real plan təqdim edilməlidir. Tikinti icazələri, tenderlər, yol və infrastruktur layihələri ictimai nəzarətə açılmalıdır. Şəhər sakinlərin, işçilərin, mütəxəssislərin və ictimai təşkilatların iştirakı olmadan idarə olunmamalıdır.
WUF13 fonunda baş verən subasma hadisəsi təkcə Bakının “dayanıqlı şəhər” olmadığını göstərmədi, daha vacib həqiqəti də üzə çıxardı ki, kapital və bürokratiya üçün qurulan şəhər dayanıqlı ola bilməz. Dayanıqlı şəhər forum zallarında yox, yağış yağan küçələrdə yoxlanılır. Bakı isə bu yoxlamadan yenə keçə bilmədi.

