17 may Homofobiya, Bifobiya və Transfobiyaya qarşı Beynəlxalq Gün kimi qeyd olunur. Bu gün LGBTQI+ və ya daha geniş işlənən ifadə ilə kuir insanların üzləşdiyi problemləri görünən etmək, həmrəylik və kollektiv fəaliyyət üçün beynəlxalq məqam yaratmaq məqsədi daşıyır. Azərbaycanda isə bu tarix məktəbdə, universitetdə, ailədə və küçədə “fərqli görünmə”nin hələ də cəza səbəbi sayıldığı sosial reallığa baxmaq üçün sərt imkandır.
Təhsil sistemi haqqında keyfiyyət, imtahan, reytinq, müəllim hazırlığı və beynəlxalq proqramlar müstəvisində çox danışılır, amma əsas sual çox vaxt kənarda qalır: bu sistem kim üçün təhlükəsizdir? Dərs otaqlarında “gey”, “mavi”, “qızbibi” kimi sözlərin alçaltma vasitəsinə çevrildiyi, universitet auditoriyasında tələbənin öz davranışını, geyimini, səsini və bədən dilini daim nəzarətdə saxlamağa məcbur olduğu mühitdə təhsil intizam təcrübəsinə çevrilir. Azərbaycan məktəblərində homofob ifadələr yalnız LGBTQI+ şagirdlərə yox, “norma”ya sığmayan hər kəsə qarşı alçaltma vasitəsi kimi işlədilir.
Rəqəmlər vəziyyətin kosmetik problem olmadığını göstərir. “ILGA-Europe-un Rainbow Map 2026” göstəricilərinə görə Azərbaycan 49 Avropa ölkəsi arasında 48-ci yerdədir və cəmi 2,25 faiz nəticə göstərir, Avropa üzrə orta göstərici isə 42,73 faizdir. IGLYO-nun 2025-ci il “LGBTQI-inclusive education” araşdırması isə 49 ölkədə təhsil sistemlərinin LGBTQI+ gənclər üçün nə dərəcədə qoruyucu və inklüziv olduğunu 10 indikator əsasında qiymətləndirir, Azərbaycan bu sahədə demək olar ki, heç bir real tədbir görməyən ölkələr sırasında göstərilir.
Burada məsələ yalnız “pis müəllim”, “kobud sinif yoldaşı” və ya “mühafizəkar ailə” deyil. Məktəb və universitet neytral bilik məkanı deyil, onlar mövcud cəmiyyətin insan tipini istehsal edən əsas institutlardan biridir. Kapitalist cəmiyyət məktəbdə gələcək işçi qüvvəsini, ailəyə uyğunlaşdırılmış fərdi, itaətkar və özünü senzura edən vətəndaşı formalaşdırır. Homofobiya da bu mexanizmin bir hissəsidir. O, təkcə LGBTQI+ gənci hədəfə almır, bütün sinfə xəbərdarlıq edir ki, fərqli olmağa heç kəs cəsarət etməsin, kimsə normadan kənara çıxmasın, özünü gizlətsin.
Seksizmə, ayrı-seçkiliyə və zülmün bütün formalarına qarşı mübarizə prinsipial xarakter daşıyır, azadlıq məsələsi fərdi kimliklərin sonsuz təsviri ilə məhdudlaşdırıla bilməz. Kuir nəzəriyyəsi fərdi kimliyi, seksual kimliyi və genderi cəmiyyətin əsas izah açarına çevirir, lakin bu, natamam baxışdır. Zülmü maddi münasibətlərdən, ailə formasından, dövlət institutlarından və sinfi cəmiyyətdən ayırmaq olmaz. Bu fərq vacibdir. Azərbaycanda LGBTQI+ tələbənin və şagirdin problemi yalnız “görünürlük” problemi deyil. Görünmək çox vaxt təhlükədir. Əsas məsələ odur ki, təhsil sistemi tələbəyə biliklə yanaşı qorxu da ötürür: ailəyə şikayət olunmaq qorxusu, müəllimin alçaldıcı reaksiyası, qrup yoldaşlarının təzyiqi, universitet rəhbərliyinin “adımız hallanmasın” instinkti. Nəticədə tələbə düşünməyə yox, gizlənməyə enerji xərcləyir. Bu isə təhsilin öz məntiqini məhv edir.
Dövlətin problemi ölçməməsi də təsadüfi deyil. Bullinq, diskriminasiya və homofobiya rəsmi statistikaya düşməyəndə sistem üçün “mövcud olmayan” problemə çevrilir. Görünməyən zülm isə ən rahat idarə olunan zülmdür və şikayət edən “problemli”, susan “normal”, əzilən isə “özünü düzgün aparmayan” elan edilir. Beləliklə, təhsil sistemi təhsil alanları müdafiə etmir, onları ictimai əxlaqın kiçik məhkəməsinə təhvil verir.
Liberal yanaşma bu məsələni çox vaxt kampaniya, poster, seminar və tolerant olmaq çağırışları ilə məhdudlaşdırır. Bunlar yetərli deyil. Homofobiyaya qarşı real mübarizə tələbələrin təhlükəsiz şikayət mexanizmlərindən, müəllim və psixoloqların hazırlığından, məktəblərdə bullinqin sistemli qeydiyyatından başlamalıdır. Amma bunlarla yetinmək olmaz. Məktəb və universitetlərin idarə olunmasında tələbələrin, müəllimlərin və təhsil işçilərinin demokratik iştirakı olmadan hər islahat yuxarıdan verilmiş kağız qərar olaraq qalacaq.
Təhsil hamı üçündürsə, “hamı” anlayışı yalnız sistemə uyğun davranan, susan və görünməyən tələbəni əhatə edə bilməz. Fərqli tələbənin təhlükəsizliyi bütün tələbələrin azad düşüncə, ləyaqət və qorxusuz təhsil hüququ məsələsidir. Homofob məktəb yalnız LGBTQI+ gənci əzmir, o, hamıya “azad olma, uyğunlaş” dərsini verir.
Ona görə də Azərbaycan təhsilində homofobiya ilə mübarizə sadəcə əxlaqi çağırış deyil. Bu, avtoritar, bazarlaşmış və itaət istehsal edən təhsil sisteminə qarşı ümumi mübarizənin ayrılmaz hissəsidir. Təhsil azadlıq vermirsə, yalnız diplom istehsal edir. Diplom isə qorxu içində böyüyən gəncin susqunluğunu ört-basdır edən rəsmi kağızdan başqa bir şey deyil.

