Homofobiya Azərbaycanda çox vaxt açıq nifrət kimi yox, “normal düşüncə” kimi yaşayır. İnsanlar bunu ideologiya saymır, bənzər düşüncələri daha çox ailə tərbiyəsi, milli dəyər, din, namus və ictimai əxlaq adı ilə həyatlarında yaşadır və tətbiq edirlər. Amma məhz bu “normal” hesab edilən məqam LGBTQİ+ insanları ailədə susmağa, məktəbdə gizlənməyə, küçədə qorxmağa və dövlətdə hüquqsuz qalmağa məcbur edir.
17 may Homofobiya, Bifobiya və Transfobiyaya qarşı Beynəlxalq Mübarizə Günüdür. Bu tarix təsadüfi seçilməyib, 17 may 1990-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı homoseksuallığı xəstəlik kimi təsnifləndirməkdən imtina etdi, beynəlxalq gün isə ilk dəfə 2005-ci ildə qeyd olunmağa başladı. Bu fakt tibbi təsnifat dəyişikliyi olmaqla yanaşı insan arzularının, bədəninin və münasibətlərinin əsrlərlə “günah”, “xəstəlik”, “cinayət” və “əxlaqsızlıq” adı altında necə nəzarətdə saxlanıldığını göstərən siyasi tarixdir.
Homofobiya, bifobiya və transfobiya bizə təqdim edildiyi kimi “təbii reaksiya” deyil. Təbiət polis reydi keçirmir və məktəb dəhlizində uşağı alçaltmır. Elmi araşdırmalar eyni cinsli seksual davranışların 1500-dən çox heyvan növündə müşahidə olunduğunu göstərir. Amma əsas məsələ heyvanlarla insanları sadə şəkildə müqayisə etmək deyil. “Təbiətə ziddir” arqumenti elmi baxımdan çökür, insan azadlığı isə onsuz da heyvan davranışından icazə almağa möhtac deyil.
LGBTQİ+ insanlara qarşı nifrətin kökü biologiyada yox, cəmiyyətdədir. Daha dəqiq desək, xüsusi mülkiyyətə, sinfi hakimiyyətə, patriarxal ailəyə və dövlət nəzarətinə əsaslanan ictimai sistemdədir. Patriarxal ailə kapitalizmdən əvvəl yaranıb, lakin kapitalizm onu öz ehtiyaclarına uyğunlaşdırıb. Qadının görünməyən ev əməyi, uşağın ailə daxilində tərbiyəsi, “normal kişi” və “normal qadın” obrazı, nəslin və işçi qüvvəsinin yenidən istehsalı bu sistemin əsas mexanizmləridir. Burada ailə yalnız şəxsi münasibət forması deyil, dövlətin sosial məsuliyyətini evin içinə yükləyən və işçi qüvvəsini ən ucuz yolla yenidən istehsal edən iqtisadi institutdur. Məhz buna görə sistem ailəni “müqəddəs dəyər” kimi təqdim edir, çünki onun arxasında ödənilməyən əmək, itaət və nəzarət dayanır.
Ona görə də homofobiya sadəcə cahillik deyil. O, sistemin intizam mexanizmidir. “Kişi kimi ol”, “qadın kimi davran”, “ailəni biabır etmə”, “adımız çıxar”, “normal görün” kimi cümlələr təkcə LGBTQİ+ insana deyil, hamıya ünvanlanır. Məqsəd yalnız bir insanı susdurmaq deyil, cəmiyyətə göstərməkdir ki, normadan çıxan hər kəs cəzalandırıla bilər. Homofobiya bir nifrət forması olmaqla yanaşı, insanları sıraya düzən sosial siqnaldır.
Mühafizəkar insan çox vaxt özünü sadəcə “normal ailə”, “tərbiyə”, “milli dəyər” müdafiəçisi hesab edir. Halbuki burada dürüst bir sual var: siz doğrudanmı ailəni qoruyursunuz, yoxsa ailə adı ilə insanı öz bədənindən, sevgisindən və həyatından utanmağa məcbur edən kiçik avtoritar rejimi qoruyursunuz? Bir gəncin sevgisi sizi niyə qorxudur? Bir insanın geyimi, səsi, davranışı və ya kimliyi sizin dünyanızı niyə dağıdır? Çünki sizə elə öyrədilib ki, “normal” olan hər şey itaətkar, susqun və nəzarət edilə bilən olmalıdır.
Marksistlər seksizmə, ayrı-seçkiliyə və zülmün bütün formalarına qarşı prinsipial mübarizə aparırlar, lakin azadlıq məsələsini fərdi kimliklərin sonsuz təsvirinə, dil oyunlarına və liberal görünürlük siyasətinə endirmirlər. Kuir nəzəriyyəsi çox vaxt fərdi kimliyi, seksual kimliyi və genderi cəmiyyətin əsas izah açarına çevirir, marksizm isə zülmü maddi münasibətlərdən, ailə formasından, əmək bölgüsündən, dövlət aparatından və sinfi cəmiyyətdən ayırmır.
Bu baxımdan Oktyabr inqilabının təcrübəsi təsadüfi deyil. Bolşeviklər çarizmin cinsi münasibətlərə dair repressiv qanunlarını dağıdaraq razılığa əsaslanan yetkin insanlar arasındakı münasibətləri cinayət predmeti olmaqdan çıxardılar. 1918-ci ildə köhnə çar qanunlarının tətbiqi dayandırıldı, 1922-ci il RSFSR Cinayət Məcəlləsində isə homoseksuallıq cinayət kimi yer almadı. Bu, yalnız hüquqi dəyişiklik deyildi, inqilab ilk illərində qadınların hüquqi bərabərliyini tanıdı, boşanmanı asanlaşdırdı, nikahı kilsənin nəzarətindən çıxardı, ailəni “müqəddəs” məcburiyyət yox, dəyişən sosial münasibət kimi görməyə başladı. Yəni bolşeviklərin məqsədi insanın bədəni, ailəsi və şəxsi həyatı üzərində çarizmin, kilsənin və patriarxal dövlətin nəzarətini qırmaq idi. Stalinist əksinqilab isə sonradan bu nailiyyətləri geri çevirdi: homoseksuallıq yenidən cinayətləşdirildi, ailə yenidən dövlət ideologiyasının mərkəzinə çəkildi və inqilabın azadlaşdırıcı xətti bürokratik-mühafizəkar əxlaqla əvəz olundu. Deməli, LGBTQİ+ insanların azadlığı ilə sosialist inqilab arasında əlaqə süni deyil və artıq tarixdə özünü göstərib.
Bu fərq həlledicidir. Kapitalizm bir tərəfdən LGBTQİ+ insanları ailədə, məktəbdə, iş yerində, polis bölməsində və mediada əzir, digər tərəfdən banklar, səfirliklər, korporasiyalar və beynəlxalq fondlar vasitəsilə “inklüzivlik” obrazı yaratmağa çalışır. Göyqurşağı rənglərini reklam lövhəsinə çevirmək asandır. Çətin olan seksual oriyentasiyasına və ya gender kimliyinə görə hədəfə alınan işçinin iş yerində alçaldılmaması, bu səbəbdən tələbələrin universitetlərdə qısnamaya məruz qalmaması, gənclərin ailə zorakılığından qorunması, LGBTQİ+ insanların polis bölmələrində təhqir və şantajla üzləşməməsidir. Liberal kapitalizm simvolu həzm edə bilər, real azadlığı isə yox.
Azərbaycan bu ziddiyyətin ən çılpaq göründüyü ölkələrdən biridir. “ILGA-Europe-un Rainbow Map 2026” göstəricilərinə görə Azərbaycan 49 Avropa ölkəsi arasında 48-ci yerdədir; ölkənin göstəricisi təxminən 2 faizdir. “Rainbow Map” LGBTİ insanların hüquqi və siyasi müdafiəsi baxımından ölkələri qiymətləndirir və Azərbaycan illərdir Avropanın ən pis nəticə göstərən ölkələri sırasında qalır. Bu rəqəm dövlətin LGBTQİ+ insanlara verdiyi mesajdır: sən hüquqi subyekt deyilsən, nəzarətdə saxlanılmalı risk zonasısan. 2025-ci ilin dekabrında Bakıdakı məkanlardan birində keçirilən polis reydi nəticəsində 100-dən çox insan saxlanılıb, saxlanılanlar zorakılıq, alçaldıcı rəftar və qanunsuz pul tələbi barədə məlumat veriblər. Bu, “ictimai asayiş” əməliyyatı deyil, dövlətin LGBTQİ+ insanların özlərini nisbətən təhlükəsiz hiss etdikləri məkanlara göndərdiyi açıq xəbərdarlıqdır və həmin xəbərdarlığın məzmunu bundan ibarətdir ki, sizin təhlükəsiz hesab etdiyiniz məkanların hər biri bizim nəzarətimizdədir.
Cəmiyyətin zorakılığı isə dövlətin susqunluğu və ailə institutunun “namus” məntiqi ilə tamamlanır. 19 yaşlı Rüzgarın qətli LGBTQİ+ insanlara qarşı ailə daxilində və cəmiyyətdə mövcud olan zorakı “namus” məntiqinin hansı nəticələr doğura biləcəyini göstərdi. Bakı Ağır Cinayətlər Məhkəməsi Rüzgarı öldürən əmisi Babək İbadovu 14 il 6 ay azadlıqdan məhrum edib. Bu hadisə burjua ailəsinin özünü kiçik dövlət, kişi qohumun özünü hakim, cəmiyyətin isə “namus”u insan həyatından üstün tutduğu bir iyerarxiya kimi aparmasının nəticəsidir.
Məktəb və universitetlər də bu sistemdən kənarda deyil. IGLYO-nun “LGBTQI-inclusive education” layihəsi 49 Avropa ölkəsində təhsil sistemlərini 10 indikator əsasında qiymətləndirir və LGBTQİ+ gənclər üçün təhlükəsiz, inklüziv təhsil mühitinin vacibliyini vurğulayır. Azərbaycanda problem yalnız təhsil proqramlarında seksual oriyentasiya və gender kimliyi barədə elmi, damğalamayan məlumatın olmaması deyil, problem odur ki, məktəb çox vaxt uşağı azad düşüncəyə yox, qorxuya və uyğunlaşmaya hazırlayır. Dərs otağında “gey”, “mavi”, “qızbibi” kimi sözlər təkcə söyüş deyil, onlar cəmiyyətin balaca polis protokollarıdır.
Buna görə də homofobiyaya qarşı mübarizə “tolerant olaq” kimi boş və yuxarıdan-aşağı səslənən çağırışla məhdudlaşa bilməz. Tolerantlıq çox vaxt hakim mövqedə duran insanın “sənə dözürəm” deməsidir. Bizim mövqeyimiz dözüm yox, bərabərlikdir; mərhəmət yox, azadlıqdır; fərdi simpatiya yox, kollektiv mübarizədir. LGBTQİ+ insanların azadlığı ayrıca “mədəni məsələ” deyil. Bu, ailənin despotizminə, dövlətin polis nəzarətinə, məktəbin intizam aparatına, kapitalist əmək bazarının itaət tələbinə və cəmiyyətin riyakar əxlaqına qarşı mübarizədir.
Konkret tələblər də aydın olmalıdır: polis reydlərinə son qoyulmalı, nifrət cinayətləri ayrıca tanınmalı, məktəb və universitetlərdə təhlükəsiz şikayət mexanizmləri yaradılmalı, ailə zorakılığına məruz qalan LGBTQİ+ gənclər üçün sığınacaq və sosial dəstək sistemi qurulmalı, iş yerlərində ayrı-seçkiliyə qarşı real müdafiə mexanizmləri tətbiq edilməlidir. Amma bunlar yuxarıdan veriləcək xeyriyyə hədiyyəsi deyil. Tələbələrin, işçilərin, müəllimlərin və LGBTQİ+ gənclərin birgə təşkilatlanması olmadan hər islahat kağız üzərində qalacaq. Bu mübarizə QHT layihələrinin, səfirlik posterlərinin və simvolik kampaniyaların sərhədlərinə sığmır. O, tələbə gəncliyin, müəllimlərin, işçilərin və LGBTQİ+ insanların eyni sinfi cəbhədə təşkilatlanmasını tələb edir.
Marksizm bizə göstərir ki, homofobiya yalnız “pis fikir” və ya fərdi cahillik deyil, o, sinfi cəmiyyətin və hökumətlərin insanları bir-birinə qarşı qoymaq, bölmək, qorxutmaq və tabe etdirmək üçün istifadə etdiyi alətlərdən biridir. İşçi sinfi qadın-kişi, yerli-miqrant, dindar-ateist, seksual oriyentasiya və gender kimliyi kimi xətlər əsasında bölündükcə zəifləyir bölündükcə zəifləyir. Hakim sinif üçün ən rahat işçi öz hüququnu yox, başqasının həyatını müzakirə edən işçidir. O, maaşını, kirayəsini, iş saatını, təhsil haqqını, polis zorakılığını yox, qonşusunun kimi sevməsini “problem” sayanda sistem rahat nəfəs alır. Homofobiya buna görə yalnız LGBTQİ+ insanlara qarşı zorakılıq deyil, işçi sinfinin birliyinə qarşı da silahdır.
Əsl sual budur ki, biz LGBTQİ+ insanların sadəcə görünməsini istəyirik, yoxsa onların qorxusuz yaşaya biləcəyi cəmiyyət uğrunda mübarizə aparırıq? Birinci yol bizi posterlərə, layihə dilinə və simvolik jestlərə aparır. İkinci yol isə ailənin, məktəbin, dövlətin və kapitalın insan üzərində qurduğu nəzarət mexanizmlərinə qarşı sinfi mübarizəyə.
Homofobiya təbiət deyil. Homofobiya sistemdir. İnsanı öz bədəninə, qorxusuna və utancına həbs edən, sevgini cinayət, kimliyi ləkə, azadlığı təhlükə kimi göstərən sistemin isə islahı yox, dağıdılması tarixi zərurətdir.
İstinad və istifadə edilən mənbələr siyahısı:
- Fridrix Engels – “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi”.
- Karls Marks və Fridrix Engels – “Alman ideologiyası”.
- Vladimir Lenin – “Dövlət və inqilab”.
- Lev Trotski – “Xəyanətə uğramış inqilab”.
- Marxist.com – “Marxism vs. Queer Theory” (https://marxist.com/marxism-vs-queer-theory.htm).
- Marxist.com – “LGBT: Liberation and Revolution” (https://marxist.com/lgbt-liberation-and-revolution.htm).
- Marxist.com – “USA: The LGBT Movement and the Fight for Equality” (https://marxist.com/usa-lgbt-movement-and-fight-for-equality.htm).
- Marxist.com – “Bolshevik decriminalisation of homosexuality – intentional or oversight?” (https://marxist.com/bolshevik-decriminalisation-of-homosexuality-intentional-or-oversight.htm).
- Marxist.com – “The Sexual Revolution in Russia” (https://marxist.com/the-sexual-revolution-in-russia.htm).
- Marxist.com – “From emancipation to criminalisation: Stalinist persecution of homosexuals from 1934” (https://marxist.com/from-emancipation-to-criminalisation-stalinist-persecution-of-homosexuals-from-1934.htm).
- Marxist.com – “Identity & Oppression” (https://marxist.com/theory-identity-oppression.htm).
- Ümumdünya Səhiyyə Təşkilatı — 17 may 1990-cı il qərarı haqqında məlumat (https://www.who.int/europe/news/item/17-05-2019-moving-one-step-closer-to-better-health-and-rights-for-transgender-people).
- May17.org – IDAHOBIT tarixi və məqsədi (https://may17.org/2026/theme/).
- Gómez, J. M. və başqaları – “The evolution of same-sex sexual behaviour in mammals”, Nature Communications, 2023 (https://www.nature.com/articles/s41467-023-41290-x).
- ILGA-Europe – Rainbow Map 2026: Azerbaijan (https://rainbowmap.ilga-europe.org)
- Human Rights Watch – “Brutal Police Raid on LGBT-friendly Venue in Azerbaijan”, 2026 (https://www.hrw.org/news/2026/01/14/brutal-police-raid-on-lgbt-friendly-venue-in-azerbaijan).
- Minority Azerbaijan – “Rüzgar’s murderer sentenced to 14 years and 6 months in prison”, 2026 (https://minorityaze.org/en/1896-ruzgars-murderer-sentenced-to-14-years-and-6-months-in-prison).
- IGLYO – LGBTQI Inclusive Education / LGBTQI gənclər və təhsil mühiti üzrə materiallar (https://www.iglyo.org).

