Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın qadınlarla bağlı fikirləri son günlər haqlı narazılıq doğurub. O bildirib ki, qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır. Kamal Abdullanın sözlərinə görə, xüsusi istedadı ilə müəyyən sahələrdə özünü göstərə bilən qadınlar istisna ola bilər, lakin cəmiyyətin istiqaməti qadını evdə, mətbəxdə və ailə qayğısında saxlamağa yönəlsə, bu, Azərbaycan cəmiyyətinə “daha çox xeyir” gətirər.
Tənqidlərdən sonra Kamal Abdulla fikrinin kontekstdən çıxarıldığını desə də, verdiyi izah problemi aradan qaldırmadı. Əksinə, onu daha da aydınlaşdırdı. Çünki o, “bəzi qadınların yeri mətbəxdir”, “mətbəx deyəndə ailə ilə məşğul olmağı nəzərdə tuturam” kimi ifadələrlə eyni məntiqi başqa sözlərlə təkrar etmiş oldu.
Bu fikir Azərbaycan təhsil sisteminin içində yaşayan köhnə dünyanın dil açmasıdır. Bəzən bir açıqlama uzun hesabatlardan və rəsmi tədbirlərdən daha çox həqiqət deyir, çünki həmin anda maska düşür və biz universitet adlanan binanın içində hansı münasibətlərin yaşadığını görürük. Kamal Abdullanın təmsilçisi olduğu sistemdə yuxarıdan gələn əmr həmişə aşağıdan itaət tələb edir; kişiyə ictimai həyat, qadına isə mətbəxi rəva bilir; tələbəyə diplom təqdim etsə də, azad düşüncəyə yer tanımır.
Əsas sual budur ki, niyə belə fikir universitet rəhbərliyi səviyyəsində normal səslənə bilir? Niyə qadının ictimai həyatda iştirakı hələ də “xüsusi istedad” və “istisna hal” kimi təqdim olunur? Niyə qadının həyatı ailə, uşaq və məişətlə ölçülür? Çünki bu fikir təkcə şəxsi mühafizəkarlıq deyil. Bu, bütöv sistemin məntiqidir.
Qadına “sənin yerin mətbəxdir” deyən düşüncə tələbəyə də “çox danışma”, müəllimə “uyğunlaş”, işçiyə “şükür et”, gəncə isə “hələ tezdir” deyir. Bu düşüncə azad insan istəmir. Ona sual verməyən, etiraz etməyən, öz yerini “bilən” insan lazımdır.
Universitet isə bunun tam əksi olmalıdır. Universitet tələbənin ilk dəfə qorxmadan “niyə?” dediyi yer olmalıdır. Universitet diplom paylayan inzibati sex deyil, düşüncənin, mübahisənin, bərabərliyin və həqiqətin məkanı olmalıdır. Əgər universitetin başında duran şəxs qadını ictimai həyatın bərabər iştirakçısı kimi yox, məişətin təbii işçisi kimi görürsə, bu, yalnız qadınların problemi deyil. Bu, bütün tələbələrin problemidir.
Çünki qadının evə bağlanması sadəcə “ənənə” məsələsi deyil. Bu, sinfi məsələdir. Qadının evdə gördüyü işlər, məsələn, yemək bişirmək, uşağa baxmaq, yaşlıya qulluq etmək, ailənin gündəlik həyatını təşkil etmək, emosional yük daşımaq cəmiyyətin yaşaması üçün zəruri əməkdir. Amma bu əməyə maaş verilmir. Bu əmək “iş” adlandırılmır. Onu “ana borcu”, “qadın vəzifəsi”, “ailə dəyəri” adı ilə görünməz edirlər.
Kapitalizm üçün bundan sərfəli mexanizm yoxdur: qadın bazarda ucuz işçi kimi işləyir, evə qayıdanda isə ödənişsiz əməkçi olur. Sonra da bu ikili istismar “milli dəyər” adı ilə bəzədilir. Yəni qadına azadlıq yox, ikiqat yük təklif edilir: gündüz iş, axşam məişət. Bunun adı ailəni qorumaq yox, qadının əməyini ucuzlaşdırmaq və həyatını başqalarının rahatlığına bağlamaqdır.
Ona görə də Kamal Abdullanın fikri təsadüfi deyil. O, patriarxatın və kapitalist cəmiyyətin universitet dilində danışmasıdır. Bu dil qadına evdə qalmağı, tələbəyə susmağı, müəllimə tabe olmağı, rektora isə idarə etməyi təbii göstərməyə hesablanıb.
Azərbaycan universitetlərinin əsas böhranı da buradadır. Bizdə tələbə çox vaxt universitetin sahibi kimi yox, sadəcə dərsə gələn, imtahan verən və diplom alan şəxs kimi görülür. Müəllim yaradıcı intellektual kimi yox, tabeli işçi kimi davranmağa məcbur edilir. Rektor isə tələbə və müəllim kollektivinin qarşısında cavabdeh olan nümayəndə yox, yuxarıdan təyin olunan inzibati fiqur kimi çıxış edir. Belə mühitdə azad fikir təsadüf, itaət isə qayda olur.
Bu səbəbdən “Tələbə Mediası” bu hadisəyə yalnız “rektor pis danışdı” səviyyəsində yanaşa bilməz. Məsələ daha böyükdür. Universitet kimindir: rəhbərliyin, yoxsa tələbə və müəllimlərin? Təhsil nə üçündür: sadəcə əmək bazarına uyğun kadr hazırlamaq üçün, yoxsa azad və tənqidi düşünən insan yetişdirmək üçün? Qadın tələbəyə doğrudanmı bərabər insan kimi baxılır, yoxsa ona sadəcə “oxu, amma yerini unutma” deyilir?
Bu suallar narahatedicidir, lakin narahatlıq yaratmayan suallar olmadan köhnə fikirlərin kölgəsindən çıxmaq mümkün deyil. Çünki adətən narahatedici suallar vermədən ümumiyyətlə kölgədə olduğumuzu dərk etmək daha çətin olur.
Tələbələr bu hadisədən aydın nəticə çıxarmalıdırlar. Qadın azadlığı, tələbə hüquqları, müəllimlərin əmək şəraiti, təhsil haqqı, yataqxana problemi, təqaüdlərin azlığı və universitetlərin avtoritar idarə olunması ayrı-ayrı məsələlər deyil. Bunlar eyni zəncirin halqalarıdır. Qadını məişətə bağlayan məntiq tələbəni borca, müəllimi susqunluğa, universiteti isə bürokratiyaya bağlayan məntiqdən ayrı deyil.
Əgər universitet doğrudan da tələbələrin məkanıdırsa, tələbələr onun idarə olunmasında real söz sahibi olmalıdırlar. Rektorlar və dekanlar tələbə və müəllim kollektivləri qarşısında hesabat verməlidirlər. Universitet büdcələri açıq olmalıdır. Qadın tələbələrin təhlükəsizliyi, sosial ehtiyacları, yataqxana, təqaüd və bərabər iştirak hüququ lütf kimi yox, tələb kimi qoyulmalıdır. Təhsil biznes deyil, ictimai hüquq olmalıdır.
Bu tələblər kiməsə radikal görünə bilər. Amma əsl radikallıq XXI əsrdə qadına mətbəxi taleyin mərkəzi kimi göstərməkdir. Əsl təhlükə qadın azadlığı deyil, qadının əməyini görünməz edən və gəncləri itaətə öyrədən sistemdir.
Kamal Abdulla bir diaqnozdur. Diaqnozu bilmək isə hələ sağalmaq deyil. Sağalmaq üçün xəstəliyə qarşı birlikdə hərəkət etmək lazımdır.
Bu məsələ yalnız qadınlara aid deyil. Qadına “mətbəxə qayıt” deyilən universitetdə sabah tələbəyə də “sus”, müəllimə də “tabe ol”, işçiyə də “şikayət etmə” deyiləcək. Ona görə qadın azadlığını müdafiə etmək həm də tələbə azadlığını, müəllim azadlığını və universitetin gələcəyini müdafiə etməkdir.
Tələbələr universitetə sadəcə diplom almaq üçün gəlmirlər. Onlar düşünmək, sual vermək, mübahisə etmək, öz həyatları haqqında söz sahibi olmaq üçün buradadırlar. Əgər universitet rəhbərliyi gənclərə yalnız susmağı öyrədirsə, tələbələrin vəzifəsi bu susqunluğu pozmaqdır. Çünki qadının yeri mətbəxlə məhdudlaşmır. Tələbənin yeri də susqun auditoriya ilə məhdudlaşmır. Universitetlərin gələcəyi kreslolarda oturanların yox, auditoriyalarda sual verməyə cəsarət edənlərin əlindədir.

