28 May məsələsində mərasim dili və tarixi həqiqət
28 May Azərbaycanda Müstəqillik Günü kimi qeyd olunur. Rəsmi tarix bu günü milli iradənin saf təntənəsi, Azərbaycan Xalq Cümhuriyyətini isə xalqın azadlıq arzusunun mükəmməl siyasi forması kimi təqdim edir. Liberal romantiklər üçün AXC itirilmiş demokratik cənnətdir, dövlət ideoloqları üçün isə indiki hakimiyyəti keçmişin “milli dövlətçilik” xəttinə bağlamaq üçün əlverişli simvoldur.
Hər iki yanaşmada eyni problem mövcuddur: tarix sinfi məzmundan təmizlənir, xalqın real həyatı dekorasiyaya çevrilir, bayraq isə sosial həqiqətin üstünə örtük kimi sərilir. Halbuki hadisələri elmi nöqteyi-nəzərdən anlamaq istəyiriksə, tarixi mərasim dili ilə yox, sinfi münasibətlərin dili ilə oxumalıyıq. Ona görə də sual sadə, amma narahatdır: AXC həqiqətən müstəqil idimi?
Formal respublika, həqiqi asılılıq
Cavab belədir: AXC formal olaraq respublika idi, lakin həqiqi mənada müstəqil deyildi. Onun bayrağı, hökuməti, parlamenti və diplomatik nümayəndəlikləri olsa da, real müstəqillik təkcə dövlət atributları ilə ölçülmür. Bayraq dalğalana, parlament iclas keçirə, hökumət qərar qəbul edə bilər, lakin əgər iqtisadiyyatın əsas damarları, strateji resurslar, hərbi təhlükəsizlik və beynəlxalq taleyin özü xarici güclərin iradəsindən asılıdırsa, bu, xalqın həqiqi müstəqilliyi yox, formal dövlətçilikdir.
Həqiqi müstəqillik dövlətin öz ərazisi, iqtisadiyyatı, ordusu, strateji resursları və xarici siyasəti üzərində real nəzarətidir. Bu nəzarət yoxdursa, “müstəqillik” hüquqi bəyanat səviyyəsində qalır. AXC-nin problemi də məhz burada idi ki, o, müstəqilliyi elan etsə də, həmin müstəqilliyi maddi, hərbi, iqtisadi və sosial baxımdan təmin edəcək dayaqlara malik deyildi.
Əgər bir dövlət paytaxtına xarici ordunun köməyi ilə daxil olursa, neft sənayesini kapitalist mülkiyyətə qaytarırsa, Xəzər donanmasının ticarət gəmiləri Britaniya komandanlığının ixtiyarına keçirsə, beynəlxalq səviyyədə yalnız de-fakto tanınırsa və taleyi London, Paris, İstanbul və Moskva arasında aparılan hesablaşmalardan asılı qalırsa, buna xalqın həqiqi müstəqilliyi demək olmaz. Bu, formal respublika ilə real suverenlik arasındakı fərqin ən açıq nümunəsidir.
Ona görə də AXC məsələsində əsas sual “dövlət atributları var idimi?” deyil. Əsas sual budur: həmin dövlət öz taleyinin sahibi idimi? Neft üzərində xalq nəzarəti var idimi? Paytaxtın taleyi xalqın təşkilatlanmış gücü iləmi həll olunurdu? Xarici siyasət müstəqil iradənin nəticəsi idimi, yoxsa imperialist güclərin müvəqqəti balansına bağlı idi? Bu sualların cavabı AXC-nin mahiyyətini açır: o, xalqın həqiqi müstəqilliyi yox, milli burjuaziyanın imperialist fırtına içində qurmağa çalışdığı zəif və asılı respublika idi.
Milli azadlıq arzusu və onun burjua məhdudiyyəti
AXC Azərbaycan xalqının milli azadlıq arzusunun ifadələrindən biri idi. Bunu inkar etmək lazım deyil. Çar Rusiyası xalqlar həbsxanası idi, Azərbaycan xalqının milli alçaldılmaya, imperiya idarəçiliyinə və mədəni-siyasi məhdudiyyətlərə qarşı azadlıq istəyi tamamilə legitim idi. Marksistlər əzilən xalqların öz müqəddəratını təyinetmə hüququnu müdafiə edirlər. Lakin burada həlledici sual başqadır: həmin azadlıq arzusuna hansı sinif rəhbərlik etdi və onu hansı məzmuna saldı?
AXC-nin tarixi faciəsi məhz bundadır ki, Azərbaycan xalqının azadlıq arzusu milli burjuaziyanın əlinə keçdi. Bu arzu işçi sinfinin, yoxsul kəndlilərin, neft mədənlərində işləyən insanların, qadınların, kasıb şəhər təbəqələrinin hakimiyyətinə çevrilmədi. O, müsavatçı və liberal-burjua siyasi elitanın dövlət layihəsinə çevrildi. Burada “millət” deyilən abstrakt sözün arxasında real sinif münasibətləri dayanırdı və bir tərəfdə neft kapitalı, mülkədar maraqları, ticarət burjuaziyası, milli ziyalı elita, digər tərəfdə isə işçi, kəndli, yoxsul, müharibədən çıxmış əhali və gündəlik yaşamaq uğrunda mübarizə aparan kütlələr var idi.
Bakı məsələsi və Müsavatçı riyakarlıq
AXC haqqında ən böyük miflərdən biri onun guya tam suveren dövlət kimi yaranmasıdır. Halbuki bu dövlət 28 may 1918-də elan ediləndə Bakı onun nəzarətində deyildi. Bakı isə sadəcə şəhər deyildi. Bakı neft və sənaye demək idi. Bakı həmçinin işçi sinfi, Xəzər dənizi kimi ticari cəhətdən iqtisadi-strateji baxımdan mühüm obyekt və regionun strateji ürəyi idi. Bakı olmadan Azərbaycan dövlətçiliyi kağız üzərində respublika, gerçəklikdə isə öz iqtisadi mərkəzindən məhrum siyasi layihə idi. AXC Bakıya xalqın aşağıdan təşkilatlanmış inqilabi gücü ilə yox, Qafqaz İslam Ordusunun hərbi müdaxiləsindən sonra daxil oldu. Bu faktı milli romantika ilə yumşaltmaq olar, amma ləğv etmək mümkün deyil. Burada müsavatçı-burjua tarixçiliyinin əsas riyakarlığı da üzə çıxır. Onlar 28 Apreli yalnız “işğal” kimi təqdim edir, amma AXC-nin Bakıya hansı yolla daxil olduğunu unutdurmağa çalışırlar.
Əgər xarici ordunun həlledici rolu bir hakimiyyətin legitimliyini avtomatik şübhə altına alırsa, bu meyar yalnız bolşeviklərə qarşı deyil, AXC-yə də tətbiq edilməlidir. AXC Bakıya xalqın aşağıdan təşkilatlanmış inqilabi gücü ilə yox, Qafqaz İslam Ordusunun hərbi müdaxiləsindən sonra daxil oldu. 28 Apreldə XI Qızıl Ordunun rolunu gizlətmək marksizm yox, tarixi boyamaq olardı, lakin 15 sentyabrı “qurtuluş”, 28 Apreli isə yalnız “işğal” adlandırmaq prinsipial tarixçilik deyil, ikili standartdır. İndiki halda xarici süngü “Müsavat”ın işinə yarayanda milli romantika, bolşeviklərin işinə yarayanda isə mütləq şər elan edilir. Hərçənd həlledici sual xarici ordunun mövcudluğunu seçmə şəkildə qabartmaq yox, həmin hadisələrin hansı sinfi hakimiyyəti, hansı mülkiyyət münasibətlərini və hansı sosial perspektivi ifadə etdiyini açmaqdır. Bu ölçü ilə baxanda AXC neft kapitalını və milli burjuaziyanı qoruyan yarımçıq burjua respublikası, 28 Aprel isə bütün ziddiyyətlərinə baxmayaraq, həmin kapitalist-müsavatçı hakimiyyətin süqutu və sovet hakimiyyəti formasında yeni sosial-siyasi mərhələnin başlanğıcı idi.
Osmanlıdan Britaniyaya: müstəqilliyin imperialist sərhədləri
Osmanlı imperiyası çəkiləndən sonra digər imperiya – Böyük Britaniya gəldi. General Tomsonun başçılığı ilə Britaniya qoşunları Bakıya daxil oldu. Xəzər dəniz nəqliyyatının əsas hissəsi Britaniya komandanlığının nəzarətinə keçdi. Britaniya hərbi-siyasi iradəsi Bakıda hakimiyyətin real sərhədlərini müəyyənləşdirən faktora çevrildi. Belə şəraitdə AXC-nin “müstəqilliyi” xalqın real suverenliyindən çox, böyük güclərin regionda yaratdığı müvəqqəti tarazlığın məhsulu idi. Yəni AXC öz ayaqları üzərində dayanan dövlət deyildi, o, imperialist dünya müharibəsinin dağıntıları arasında bir güc mərkəzindən digərinə söykənərək yaşamağa çalışan zəif burjua respublikası idi.
Paris Sülh Konfransında əldə edilən tanınma da bu mifin mahiyyətini açır. AXC tam hüquqlu, de-yure tanınmış, sabit və beynəlxalq sistemdə bərabər yer tutan dövlət kimi qəbul edilmədi. Antanta onu yalnız de-fakto tanıdı. ABŞ bu qərara qoşulmadı. Millətlər Liqasına qəbul məsələsi isə həll olunmadı. Bu, müstəqilliyin möhkəm beynəlxalq təsdiqi yox, Antantanın bolşevizm qorxusu fonunda Cənubi Qafqazda müvəqqəti siyasi dayaqlar yaratmaq cəhdi idi. Başqa sözlə, AXC-nin “tanınması” da xalqın öz gücünə deyil, imperialist diplomatiyanın həmin an üçün uyğun hesab etdiyi taktiki qərara bağlı idi.
Bayraq və simvollara yox, mülkiyyətə baxmaq niyə vacibdir?
Məsələnin sinfi tərəfi daha da mühümdür. AXC-nin həqiqi mahiyyətini anlamaq üçün onun bayrağına yox, mülkiyyət siyasətinə baxmaq lazımdır. 1918-ci ilin oktyabrında neft sənayesinin denasionalizasiyası barədə qərar qəbul edildi. Bu fakt təkbaşına çox şey deyir. Bakı nefti həmin dövrün dünya kapitalizmi üçün nəhəng strateji resurs idi. Əgər AXC həqiqətən xalq hakimiyyətinə əsaslanan azadlıq layihəsi olsaydı, neft işçilərinin, şəhər kasıblarının, xalq kütlələrinin maraqlarını əsas götürərdi. Amma neft sənayesinin kapitalist mülkiyyətə qaytarılması göstərirdi ki, bu respublika iqtisadi baxımdan milli burjuaziyanın, yerli və xarici kapitalın maraqlarından kənara çıxa bilmirdi.
Bu səbəbdən AXC-nin parlamenti də fetişləşdirilməməlidir. Bəli, parlament var idi və bəli, müəyyən demokratik formalar, siyasi müzakirələr, milli dil, təhsil və universitetlə bağlı addımlar mövcud idi. Bunları inkar etmək kobud anti-tarixçilik olar. Lakin məsələ formanın mövcudluğu ilə bitmir. Sual budur ki, AXC parlamenti hansı sinfin hakimiyyət aləti idi? O, işçi sinfinin və yoxsul kəndlilərin real hakimiyyətini ifadə edirdimi? Neft sənayesinə ictimai nəzarət yaratdımı? Torpaq məsələsini kəndlinin xeyrinə inqilabi şəkildə həll etdimi? İşçi sinfini dövlətin əsas dayağına çevirdimi? Cavab aydındır: yox!
AXC-nin formal demokratik addımları onun burjua məhdudiyyətlərini aradan qaldırmadı. O, demokratik görünüşlü, lakin sosial baxımdan kapitalist respublika idi. Burada “azadlıq” anlayışı xalqın öz həyatını idarə etməsi mənasına yox, milli burjuaziyanın öz dövlət aparatına sahib olması mənasına gəlirdi. Bu, əzilən xalqın azadlıq arzusunun burjua sinfi tərəfindən mənimsənilməsi idi. Xalqın adı ilə danışılsa da, mülkiyyətə toxunulmurdu; millət adından fəaliyyət göstərildiyi iddia olunsa da, işçilərin hakimiyyəti nəzərdə tutulmurdu; istiqlal haqqında bəhs edilsə də, qorunan neft kapitalı idi.
Rəsulzadə kultu niyə hakimiyyətə də sərf edir?
Rəsulzadə məsələsi də məhz bu çərçivədə anlaşılmalıdır. Rəsulzadə nə şeytanlaşdırılmalı, nə də müqəddəsləşdirilməlidir. O, öz dövrünün milli burjua-demokratik siyasi xəttinin görkəmli nümayəndəsi idi. Onun publisistikası, mühacirətdəki fəaliyyəti və milli dövlət ideyası Azərbaycan siyasi tarixində müəyyən yer tutur. Amma Rəsulzadəni “xalqın azadlığının ali simvolu” kimi təqdim etmək tarixi saxtalaşdırmaqdır. O, Azərbaycan proletariatının, kəndli yoxsullarının və sosialist inqilabın lideri deyildi, milli azadlıq arzusunun burjua çərçivəsinə salınmış simvolu idi.
Məhz buna görə də Rəsulzadə kultunun bu gün böyüdülməsi təsadüfi deyil. İlk baxışda elə görünə bilər ki, hakimiyyət üçün Rəsulzadənin böyüdülməsi təhlükəli olmalıdır, axı o, indiki ailəvi-avtoritar hakimiyyətin yox, parlamentli respublika ənənəsinin simvolu kimi görünür. Lakin məsələ daha mürəkkəbdir. Rəsulzadəni sinfi məzmunundan qoparıb yalnız “milli dövlətçilik” rəmzinə çevirmək indiki hakimiyyətə tam uyğundur, çünki bu zaman tarixdəki əsas məsələ – xalqın hakimiyyəti, mülkiyyət, neft, sinif, işçi, kəndli, sosial bərabərlik arxa plana keçir. Onun yerinə təhlükəsiz bir dövlətçilik romantikası gəlir.
Hakimiyyət Rəsulzadəni öz ideoloji muzeyinə yerləşdirməklə bir neçə işi eyni anda görür. Birincisi, özünü 1918-ci ildən başlayan “milli dövlətçilik xətti”nin davamçısı kimi göstərir. İkincisi, müstəqillik anlayışını sosial-iqtisadi azadlıqdan ayırıb bayraq, sərhəd və dövlət atributları səviyyəsinə endirir. Üçüncüsü, xalqın narazılığını sinfi mübarizə istiqamətindən çıxarıb tarixi simvollar ətrafında təhlükəsiz mübahisəyə yönəldir. Dördüncüsü, anti-sovet konsensusu yaradaraq sosializm, ictimai mülkiyyət və işçi hakimiyyəti ideyasını “milli yaddaşa yad” kimi göstərməyə çalışır. Beşincisi, liberal müxalifətin tarixi simvolunu mənimsəyir və onu zərərsizləşdirir.
Bu baxımdan Rəsulzadə kultu həm hakimiyyətə, həm də liberal müxalifətə sərf edir. Liberal müxalifət onda “normal respublika” xəyalı tapır, hakimiyyət isə onda sosial məzmundan təmizlənmiş milli dövlətçilik rəmzi tapır. Hər iki tərəf üçün əlverişli olan budur ki, işçi sinfi görünməsin, neft kapitalı müzakirə olunmasın, dövlətin sinfi mahiyyəti sorğu-sual edilməsin, “müstəqillik” yalnız keçmişin şüarları və indinin rəsmi mərasimləri ilə ölçülsün. Bir sözlə, Rəsulzadə nə qədər çox simvola çevrilirsə, onun dövrünün sinfi ziddiyyətləri bir o qədər az görünür. Burjua ideologiyasının işi də elə tarixi insansızlaşdırmaq, sinifsizləşdirmək və muzeyləşdirməkdir.
Rəsulzadəyə simpatiyanın obyektiv səbəbləri
Amma Rəsulzadəyə simpatiyanın tək səbəbi dövlət təbliğatı deyil. Bunu da görmək lazımdır. Azərbaycanda bir çox insan Rəsulzadəyə ona görə rəğbət bəsləyir ki, SSRİ-nin süqutundan dövrdə rəsmi Əliyevçi dövlətçilik kultundan kənarda alternativ tarixi simvol axtarır. Kimisi onda parlament ənənəsi görür. Kimisi sovet repressiyalarına qarşı yaddaş elementi tapır. Kimisi mühacirət faciəsini, yarımçıq qalmış respublika təcrübəsini, itirilmiş demokratik imkanı düşünür. Bütün bunlar obyektiv səbəblərdir. Marksist bu hissləri lağa qoymamalıdır. Əksinə, bu hisslərin niyə yaranmasını anlamalı və göstərməlidir ki, xalqın azadlıq arzusu burjua simvollarına sığmayacaq qədər böyükdür.
Bizim mübarizə və mübahisəmiz xalqın azadlıq arzusu ilə deyil, həmin arzunu Rəsulzadə kultuna, AXC romantikasına və milli burjua miflərinə həbs edən ideologiya ilədir.
Yarımçıq respublika və sosialist perspektiv
Azərbaycan xalqının çarizmə qarşı azadlıq istəyi haqlı idi, lakin bu istəyi axıra qədər həyata keçirmək üçün milli burjuaziyanın parlamenti yox, işçi sinfinin hakimiyyəti lazım idi. Çünki yarımmüstəmləkə və geridə qalmış kapitalist ölkələrdə burjuaziya demokratik və milli vəzifələri sonadək həll edə bilməz. O, xarici kapitaldan qorxur, işçi sinfindən qorxur, kəndlinin torpaq tələbindən qorxur, inqilabdan qorxur. Nəticədə azadlıq adından çıxış etsə də, imperializmlə sövdələşir, millətə xidmət göstərdiyini iddia etsə də, sinfi bərabərsizliyi qoruyur.
Demokratik və milli vəzifələr yalnız proletariatın rəhbərliyi altında, kəndli kütlələri ilə ittifaqda, sosialist perspektivlə həll oluna bilər. Yarımçıq burjua respublikaları bu vəzifələri tamamlamır, yalnız onların formasını yaradır. AXC də belə idi. O, milli dövlət formasını elan etdi, amma xalqın sosial azadlığını təmin etmədi. AXC parlament yaratdı, amma işçi-kəndli hakimiyyəti yaratmadı. O, bayraq qaldırdı, amma neft üzərində xalq nəzarəti qurmadı, istiqlal haqqında danışdı, amma imperialist güclərin təzyiqindən qopa bilmədi.
Buna görə də “AXC müstəqil idimi?” sualına cavab yalnız hüquqi yox, sinfi olmalıdır. Hüquqi baxımdan o, müstəqilliyini elan etmiş respublika idi. Amma tarixi, iqtisadi və siyasi baxımdan həqiqi müstəqil dövlət deyildi. AXC öz paytaxtına xarici hərbi güc vasitəsilə sahib oldu, strateji nəqliyyat və neft məsələlərində xarici güclərin təzyiqi altında qaldı, beynəlxalq aləmdə yalnız məhdud və müvəqqəti tanınma aldı; sosial bazası dar oldu, işçi və kəndli kütlələrini hakimiyyətin subyektinə çevirmədi. Belə respublika müstəqilliyin özü yox, müstəqilliyin burjua karikaturası idi.
AXC-də həqiqətən müstəqil olan xalq idi, yoxsa dövlət aparatı?
Bu gün 28 Mayı qeyd edənlərdən soruşmaq lazımdır ki, müstəqil olan kim idi? Neft fəhlələri? Yoxsul kəndlilər? Qadınlar? Müharibədən çıxmış kasıb ailələr? Bakı işçiləri? Yoxsa neft kapitalı, mülkədar maraqları və milli siyasi elita? Əgər müstəqillik xalqın həyatında real hakimiyyət, çörək, torpaq, əmək hüququ, təhsil, bərabərlik və istehsal vasitələri üzərində ictimai nəzarət yaratmırsa, o zaman bu, xalqın müstəqilliyi deyil, dövlət aparatının müstəqilliyidir. Dövlət aparatı isə hansı sinfin əlindədirsə, “müstəqillik” də həmin sinfin mənafeyinə xidmət edir.
Bu səbəbdən 28 Mayı nə rəsmi dövlətçilik kultuna, nə də liberal Cümhuriyyət nağılına buraxmaq olmaz. Biz Azərbaycan xalqının azadlıq arzusunu müdafiə edirik. Amma onu Rəsulzadə portretlərinin, parlament nostaljisinin və burjua dövlətçilik romantikasının içində boğmağa imkan verməməliyik. Həqiqi müstəqillik bayraqla başlamır və himnlə bitmir. Həqiqi müstəqillik xalqın öz həyatına sahib çıxmasıdır. Həqiqi müstəqillik neftin kapitalistlərin yox, cəmiyyətin nəzarətində olmasıdır. Həqiqi müstəqillik işçinin yalnız çalışan əl deyil, idarə edən qüvvə olmasıdır. Həqiqi müstəqillik kəndlinin torpaqdan, işçinin zavoddan, qadının bərabərlikdən, gəncin gələcəkdən məhrum edilməməsidir.
AXC xalqın azadlıq arzusunun son sözü deyildi. O, həmin arzunun burjua sinfi tərəfindən məhdudlaşdırılmış, imperialist diplomatiyaya bağlanmış, neft kapitalının maraqları ilə çərçivələnmiş yarımçıq forması idi. Onun faciəsi də məhz müstəqilliyi elan etsə belə, xalqı azad edə bilməməsində idi.
Bu gün bizə lazım olan AXC-yə qarşı kor inkar yox, onun sinfi həqiqətini açmaqdır. Rəsulzadəyə qarşı şəxsi nifrət yox, Rəsulzadə kultunun hansı siyasi funksiyanı yerinə yetirdiyini göstərməkdir. 28 Maya qarşı laqeydlik yox, 28 Mayın arxasında gizlədilən əsas sualı yenidən gündəmə gətirməkdir: müstəqillik kimin üçün idi və kimin əlində idi?
Əgər bu sualın cavabı xalq deyilsə, deməli, bayramın içində mif var. Əgər mifin içində sinfi həqiqət gizlənibsə, məsələ həmin həqiqəti üzə çıxarmaqdır. Çünki xalqın həqiqi müstəqilliyi keçmişin burjua respublikasında yox, gələcəyin sosialist mübarizəsindədir.
İstinad və istifadə edilən mənbələrin siyahısı:
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası / Prezident Kitabxanası – “Azərbaycan Xalq Cümhuriyyəti: Xronologiya” (https://axc.preslib.az/az/page/5mDSUachFP)
- Prezident Kitabxanası – “Azərbaycan Xalq Cümhuriyyətinin tanınması” (https://www.preslib.az/en/historical/page/bvmgocq)
- Azərbaycan Respublikası Milli Məclisi – “Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti (1918–1920-ci illər)” (https://meclis.gov.az/cat-az.php?cat=91&lang=az)
- Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı – “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”, 30 dekabr 2023 (https://president.az/az/articles/view/62970)
- Vladimir Lenin – “Millətlərin öz müqəddəratını təyin etmək hüququ” (https://www.marxists.org/archive/lenin/works/1914/self-det/index.htm)
- Vladimir Lenin – “Milli məsələ haqqında tənqidi qeydlər”
(https://www.marxists.org/archive/lenin/works/1913/crnq/index.htm) - Vladimir Lenin – “Dövlət və inqilab” (https://www.marxists.org/archive/lenin/works/1917/staterev/)
- Vladimir Lenin – “İmperializm kapitalizmin ən yüksək mərhələsi kimi” (https://www.marxists.org/archive/lenin/works/1916/imp-hsc/)
- Lev Trotski – “Permanent inqilab” (https://www.marxists.org/archive/trotsky/1931/tpr/)
- Lev Trotski – “Nəticələr və perspektivlər” (https://www.marxists.org/archive/trotsky/1931/tpr/rp-index.htm)
- Karls Marks və Fridrix Engels – “Kommunist Partiyasının Manifesti” (https://www.marxists.org/archive/marx/works/1848/communist-manifesto/)
- Karls Marks və Fridrix Engels – “Alman ideologiyası” (https://www.marxists.org/archive/marx/works/1845/german-ideology/)
- Fridrix Engels – “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi” (https://www.marxists.org/archive/marx/works/1884/origin-family/)
- Marxist.com – “Lenin on the National Question” (https://marxist.com/lenin-national-question160604.htm)
- Marxist.com – “The Right of Nations to Self-Determination” (https://marxist.com/classics-the-right-of-nations-to-self-determination.htm)
- Marxist.com – “The Permanent Revolution” / Trotski nəzəriyyəsinin izahı və tarixi konteksti üzrə materiallar (https://marxist.com)
- Revolutionary Communist International – “Manifesto of the Revolutionary Communist International” (https://marxist.com/manifesto-of-the-revolutionary-communist-international.htm)
- Encyclopaedia Britannica – “History of Azerbaijan” (https://www.britannica.com/topic/history-of-Azerbaijan)

