1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə dövlət qurumlarının, məktəblərin, televiziyaların və sosial şəbəkələrin dili birdən-birə uşaq sevgisi ilə yumşalır, rəsmi təbriklərdə uşaqların gələcəyimiz olduğu deyilir, tədbirlər keçirilir, şarlar havaya buraxılır, uşaqlar səhnəyə çıxarılır, kamera qarşısında gülümsəyən simalar göstərilir və ölkə bir günlük elə humanist bər-bəzəyə bürünür ki, sanki uşaqlıq burada yoxsulluğun, sosial bərabərsizliyin, ailə büdcəsinin çarəsizliyinin, uşaq əməyinin, erkən nikahın, zorakılığın, təhsil geriliyinin və dövlətin sinfi laqeydliyinin yox, yalnız şeir, təbrik və rəngli görüntülərin mövzusudur.
Hərçənd uşağa münasibət bayram günü deyilən şirin cümlələrlə yox, adi günlərdə onun qidasına, səhiyyəsinə, təhsilinə, təhlükəsizliyinə, bağçaya çıxışına, evdə kitab görüb-görməməsinə, zorakılıqdan qorunub-qorunmamasına və bütün bunların valideyninin maaşından nə dərəcədə asılı olmasına baxanda görünür. Bu ölçüdən baxanda Azərbaycanda uşaq siyasətinin mahiyyəti çox sadədir: dövlət uşağı müdafiə etmir, uşağı ailə büdcəsinə, ailəni isə bazarın amansızlığına təhvil verir.
Azərbaycanda 18 yaşadək təxminən 2,7 milyon uşaq yaşayır. Bu, əhalinin böyük hissəsidir, amma bu qədər böyük sosial qrupun həyatı universal təminat məntiqi ilə deyil, parçalanmış müavinətlər, məhdud kateqoriyalar, kasıblığı əvvəl sübut etməyə məcbur edən sosial yardım mexanizmləri və “uşağı dünyaya gətirmisənsə, özün də saxla” fəlsəfəsi ilə idarə olunur. Dövlət uşağın doğulmasına görə birdəfəlik müavinəti sosial qayğı kimi təqdim edir, halbuki uşaqlar hər gün böyüyür, hər gün yeməyə, geyimə, dərmana, qayğıya, kitaba, oyuncağa, təhsilə, təhlükəsizliyə və normal insan kimi formalaşmaq üçün maddi şəraitə ehtiyac duyurlar.
Üç yaşadək uşağa qulluğa görə rəsmi müavinət isə bu siyasətin bütün mahiyyətini çılpaq rəqəmə çevirir: 1 yaş yarıma qədər 44 manat, 1 yaş yarımdan 3 yaşadək 28 manat.
28 manat!
Bu rəqəm uşağın bezinə çatmır, dərmanına çatmır, qidasına çatmır, geyiminə çatmır, bağça xərclərinə çatmır, həkim müayinəsinə çatmır, lakin dövlətin hesabatında “uşağa qulluğa görə müavinət” kimi görünməyə çatır. Deməli, bu məbləğ uşağı qorumaq üçün yox, sosial siyasət görüntüsünü yaşatmaq üçün mövcuddur. Bu, yardım deyil, bürokratik vicdan maketidir.
Məhz belə bir ölkədə, məhz 1 iyun ərəfəsində, məhz uşaqların müdafiəsindən danışıldığı günlərdə deputat Günay Ağamalının uşaqpulu ilə bağlı “tənbəllik”, “asılılıq”, “insanları əməyə alışdırmaq lazımdır” məntiqi ilə çıxış etməsi sadəcə uğursuz fikir deyil, hakim sinfin kasıblara, işçi ailələrinə və sosial hüquq tələbinə yuxarıdan aşağı baxmasının parlament səviyyəsində ifadəsidir, çünki burada açıq şəkildə deyilən budur ki, dövlət uşağa universal pul versə, valideyn işləmək istəməyəcək, ailə dövlətə arxayınlaşacaq, insanlarda asılılıq yaranacaq.
Bu fikir yanlış olmaqla yanaşı, sinfi baxımdan iyrəncdir.
Səidə Bəşirqızı və ona bənzər efir, sosial şəbəkə və hökumətyönlü təbliğat fiqurları bu cür fikirlər səsləndirəndə, əlbəttə, həmin sözlər də cəmiyyətin mənəvi səviyyəsini zəhərləyir, amma onlar siyasi məsuliyyət baxımından dövlətin qərarverici fiqurları deyillər, onların işi çox vaxt hakim xətti müdafiə etmək, kasıblara əxlaq dərsi keçmək, sosial narazılığı lağa qoymaq və ictimai şüuru “özünüz günahkarsınız” bataqlığına çəkməkdir. Tarix belə fiqurları böyük adlarla deyil, xidmət etdikləri təbliğat mexanizminin kiçik vintləri kimi xatırlayır və mühakiməsini də gec-tez verir.
Lakin deputat başqa məsələdir.
Deputat uşaqpulu haqqında danışanda sadəcə şəxsi fikrini bölüşmür, o, qanunverici hakimiyyətin nümayəndəsi kimi danışır, dövlətin sosial siyasətinə münasibət bildirir, xalqın hesabına maaş alan siyasi fiqur kimi ailələrin, uşaqların və işçi insanların həyatına dair mövqe tutur. Ona görə də deputatın “uşaqpulu tənbəllik yarada bilər” deməsi adi sosial şəbəkə trolluğu səviyyəsində keçişdirilə bilməz. Bu söz dövlət və xalq arasındakı münasibətin hansı sinfi məntiq üzərində qurulduğunu göstərən ifşaedici andır.
Əvvəla, Azərbaycanda uşaqpulu kimi tələb olunan məbləğin hansı ailəni işləməkdən çəkindirəcəyi sualının özü gülüncdür. Bu ölkədə ərzağın, kommunal xərclərin, dərmanın, geyimin, məktəb xərclərinin, kirayənin və borcun ailə büdcəsini necə udduğunu hər bir işçi ailəsi çox yaxşı bilir. Uşaqpulu valideyni tənbəlləşdirməz, uşaqpulu kapitalist bazarın ailənin boğazına keçirdiyi kəndiri bir qədər boşalda bilər. Tənbəllik axtarırsınızsa, uşağın çörək pulunu hesablayan ailələrdə yox, xalqın hesabına maaş alıb xalqın elementar sosial hüququna yuxarıdan aşağı baxan siyasi təbəqədə axtarın.
İkincisi, “insanları əməyə alışdırmaq lazımdır” cümləsi bu kontekstdə əməksevərlik yox, burjua əxlaqının qamçısıdır. İşçi sinfi onsuz da işləyir. Valideynlər işləyir, analar evdə və işdə ikiqat işləyir, atalar borcun, qiymət artımının və qeyri-sabit gəlirin altında əzilir, müəllimlər, həkimlər, xidmət işçiləri, fəhlələr, satıcılar, sürücülər, kəndlilər, gündəlik qazanc dalınca qaçan insanlar bu cəmiyyətin bütün ağırlığını daşıyırlar. Hakim təbəqənin problemi insanların işləməməsi deyil, problem işçinin əməyindən yaradılan sərvətin kapitalın, oliqarxiyanın, bürokratiyanın və siyasi aparatın əlinə keçməsi, uşağın ehtiyaclarının isə “ailə məsuliyyəti” adı ilə aşağıya ötürülməsidir.
Marksist baxış üçün burada sirr yoxdur. Kapitalizm uşağı gələcək işçi qüvvəsi, gələcək istehlakçı, gələcək vergi ödəyicisi və gələcək itaətkar vətəndaş kimi hesablayır, amma həmin uşağın bu gün sağlam, savadlı, təhlükəsiz və azad şəraitdə böyüməsi üçün lazım olan maddi şərtləri ictimai hüquq kimi təmin etməkdən yayınır. Kapitalist sistem ailəni “müqəddəs” adlandırır, çünki ailə onun üçün eyni zamanda sosial xərclərin üstünə atıldığı gizli anbardır, dövlət pulsuz və keyfiyyətli bağça şəbəkəsini genişləndirməyəndə, məktəbdə real qidalanma sistemi qurmayanda, səhiyyəni ailənin cibinə bağlayanda, uşağa universal pul verməyəndə, bütün bu yük ailəyə, ailənin içində isə daha çox qadının görünməyən qayğı əməyinə yüklənir.
Bu, kapitalist quruluşun işləmə qaydasıdır.
Karls Marksın əmək qüvvəsinin təkrar istehsalı haqqında izahı burada bütün aydınlığı ilə görünür: kapitalizm işçidən yalnız bu gün işləməyi yox, sabah onu əvəz edəcək yeni işçi nəslini də ailə daxilində böyütməyi gözləyir, ancaq bunun maddi xərcini kapitalın üzərinə yox, işçinin maaşına, ailənin borcuna, ananın qayğı əməyinə, uşağın məhrumiyyətinə və cəmiyyətin susqunluğuna yükləyir. Ona görə də uşaqpulu tələbi sadəcə “bir az yardım verin” xahişi deyil, bu, kapitalist dövlətə verilən çox konkret sinfi sualdır: gələcək işçi nəslinin qayğısını niyə yalnız işçi ailəsi daşımalıdır, amma həmin işçinin yaratdığı sərvət kapitalın əlində toplanmalıdır?
Statistika bu sualı daha sərt edir. Azərbaycanda uşaqların bir hissəsi uşaq əməyinə cəlb olunur. 1-14 yaşlı uşaqların böyük əksəriyyəti fiziki cəza və ya psixoloji aqressiya ilə üzləşir. Erkən təhsil proqramlarına qatılan uşaqların payı aşağıdır. 5 yaşadək uşaqların çoxunun evində üç və daha çox uşaq kitabı yoxdur. PISA nəticələri göstərir ki, 15 yaşlı şagirdlərin riyaziyyat, oxu və təbiət elmləri üzrə göstəriciləri OECD orta səviyyəsindən xeyli aşağıdır. Qız uşaqlarının bir hissəsi isə erkən nikah vasitəsilə uşaqlıqdan birbaşa patriarxal ailə iqtisadiyyatına və sosial asılılığa ötürülür.
Bunlar ayrı-ayrı “ailə problemi”, “mentalitet problemi”, “məktəb problemi” deyil. Bunlar eyni zəncirin həlqələridir: aşağı əməkhaqqı, qeyri-bərabər təhsil, zəif sosial təminat, patriarxal ailə münasibətləri, region bərabərsizliyi, qadının görünməyən əməyi, uşağın hüquqlarının ailə büdcəsinə bağlanması və dövlətin sosial hüquqları universal qaydada təmin etməkdən imtinası.
Deputatın “uşaqpulu tənbəllik yarada bilər” məntiqi məhz bu zəncirin ideoloji müdafiəsidir. Bu məntiq uşağa pul tələb edən ailəni şübhəli, kasıbı məsuliyyətsiz, sosial hüquq istəyən insanı tənbəl kimi göstərir, amma kapitalın mənfəətini, büdcənin sinfi bölgüsünü, dövlət aparatının xərclərini, oliqarxik sərvəti, rüşvət axınları və xalqın əməyindən yığılan resursların necə xərcləndiyini sual etmir. Burjua əxlaqı həmişə aşağıya qarşı qəddardır, yuxarıya qarşı isə utancaq və nəzakətlidir.
Ona görə də biz uşaqpulunu xeyriyyə kimi yox, hüquq kimi tələb etməliyik.
Biz universal uşaqpulu tələb etməliyik: ailənin kasıblığını alçaldıcı prosedurlarla sübut etməsinə ehtiyac qalmadan, hər uşağa, hər ay, real yaşayış xərclərinə uyğun indeksləşdirilən məbləğdə. Biz pulsuz və keyfiyyətli dövlət bağçaları, məktəblərdə pulsuz qidalanma, pulsuz səhiyyə və dərman təminatı, pulsuz məktəb ləvazimatları, uşaqlara qarşı zorakılığın qarşısını alan real sosial xidmət sistemi, qadınların və kişilərin ödənişli valideynlik məzuniyyəti, sosial mənzil siyasəti və təhsilin repetitor bazarının əsarətindən çıxarılmasını tələb etməliyik.
Ancaq klassik marksist və trotskiçi mövqe burada dayanmır. Biz bu tələbləri kapitalist dövlətdən mərhəmət gözləyərək yox, keçid tələbləri kimi irəli sürməliyik, yəni elə tələblər kimi ki, onlar işçi ailələrinin dərhal ehtiyaclarına cavab verir, eyni zamanda kapitalist sistemin məhdudluğunu ifşa edir və sualı birbaşa mülkiyyət, büdcə, sərvət bölgüsü və hakimiyyət məsələsinə gətirir. Büdcənin bütün xərcləri ictimai və işçi nəzarətinə açılmalı, iri kapitalın, bankların, inhisarçı şirkətlərin, böyük tikinti və enerji maraqlarının gəlirləri üzə çıxarılmalı, sosial hüquqların maliyyələşməsi oliqarxik sərvətlərin və kapitalın hesabına təmin edilməli, iqtisadiyyatın əsas sahələri demokratik işçi nəzarəti altında ictimai mülkiyyətə keçirilməli və istehsal mənfəət üçün yox, cəmiyyətin ehtiyacları üçün planlaşdırılmalıdır.
Əgər ölkədə 2,7 milyon uşağın hər birinə aylıq 100 manat universal uşaqpulu verilsə, bu, illik təxminən 3,2 milyard manat edər, 150 manat verilsə, təxminən 4,85 milyard manat edər. Bəli, bu böyük məbləğdir, amma sual məhz buradadır: uşaqlar üçün böyük görünən məbləğlər niyə güc aparatına, iri layihələrə, siyasi vitrinlərə və kapitalın ehtiyaclarına gələndə o qədər də böyük görünmür? Niyə uşağın yeməyi “büdcə yükü”, lakin kapitalın imtiyazları “inkişaf siyasəti” sayılır?
Məsələ budur ki, sosial tələblər kapitalist dövlətə inam yaratmaq üçün yox, kapitalist quruluşun məhdudluğunu ifşa etmək, işçi sinfini öz maraqları uğrunda təşkilatlanmağa çağırmaq və ən sadə insan ehtiyaclarının belə bu sistemdə kapitalın maraqları ilə toqquşduğunu göstərmək üçün irəli sürülməlidir. Uşaqpulu tələbi də bu mənada yalnız müavinət tələbi deyil, o, “uşaq ailənin şəxsi yüküdür, yoxsa cəmiyyətin qoruduğu insan?” sualını ortaya qoyan siyasi döyüş xəttidir.
Hakim sinif uşağı bayramda sevir, büdcədə isə 28 manata sığışdırmaq istəyir. Hakim ideologiya ailəni müqəddəs elan edir, ancaq ailəni bazarın qarşısında tək buraxır. Deputat uşaqpulunu tənbəllik sayır, amma uşağın ehtiyacını kapitalın sərvətindən üstün tutmağa cəsarət etmir. Bu səbəbdən 1 iyun bizim üçün yalnız təbrik günü ola bilməz. Bu gün uşaqlığı ailə büdcəsinə təhvil verən, sosial hüququ xeyriyyəyə çevirən, kasıblığı fərdi günah kimi satan və uşağın gələcəyini kapitalist bazarın mərhəmətinə buraxan sistemə qarşı ittiham günüdür.
Uşaqların həqiqi müdafiəsi onların adından şeir oxunan gün yox, onların qidası, təhsili, sağlamlığı, təhlükəsizliyi və xoşbəxtliyi kapitalın deyil, cəmiyyətin ümumi məsuliyyətinə çevrildiyi gün başlayacaq. Bu isə təkcə uşaqpulu ilə yox, uşaqlığı bazarın əlindən alacaq sosialist gələcəklə mümkündür.

