31 yanvar Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Milli yaddaşda ictimai-siyasi fiqurlarla bağlı ad günləri çox vaxt “tarix dərsi” kimi yox, “sadiqlik yoxlaması” kimi işləyir. 31 yanvar tarixi isə hər il şüarlar, sitatlar, fotolar, “milli ata” obrazı, müsavatçıların Novxanıdan Rəsulzadə heykəli önündən şəkilləri kimi ritualları doğurur. Rəsulzadə ilə bağlı əsas problem isə bu simvolikləşmiş mənanın siyasi funksiyasındadır. Post‑sovet məkanında “milli ikon” fiqurları adətən iki iş görür. Birincisi, sovet keçmişinin bütün mürəkkəbliyini “şeytan” qutusuna yığmaqdırsa, ikincisi, bu günkü sinfi və institusional problemləri “milli birlik” nağılı ilə örtməkdir.
Rəsulzadənin bu qədər sevilməsi də böyük ölçüdə həmin mexanizmin məhsuludur, Məhəmməd Əmin obrazı 1991-ci ildən sonra yeni ideoloji legitimlik üçün əlverişli xammal idi. Rusiyada imperiya nostaljisinin II Nikolay üzərindən “paketləndirilməsi”, digər post‑sovet ölkələrində “keçmişin seçmə yaddaşı” eyni texnologiyadır və bu yanaşma ilə tarixdən dərslər çıxarılması əvəzinə miflər istehsal edilir.
Odur ki, Rəsulzadəni ikonadan mətnə, arqumentə, faktlara qaytarmaq, onun obrazını bütləşdirmədən, ideoloji xəttini mərhələlər üzrə, faktlara söykənərək və sərt qiymətləndirmə ilə analiz etmək azərbaycanlıların qarşısında duran zəruri tarixi vəzifədir. Onun “milli birlik”, “azadlıq”, “dövlətçilik”, “cümhuriyyətçilik” kimi yanaşmaları gənclərə motivasiya mənbəyi kimi görünsə də, sinfi, iqtisadi və institusional suallara cavab vermir. Post-sovet dövründə isə bu ideoloji boşluq simvol siyasətinə çevrilir, “qurucu ata” mifi siyasi ehtiyaca xidmət edir. Əlbəttə, ikonalarına toxunulanda insanlar əsəbiləşirlər, lakin bu, yaxşı əlamətdir. Çünki düşüncə ağrı hiss etmirsə, deməli, iflicdir.
Rəsulzadə niyə sevilir? 1991-ci ildən sonra yaranan ideoloji ehtiyac və “milli təmir sexi”
Rəsulzadə kultu əsasən üç səbəbdən böyüdü.
Birincisi, SSRİ-nin dağılması ilə keçmişi izah edən dominant dil zəiflədi. Yeni dövlətçilik üçün yeni “mənşə hekayəsi” lazım idi. Bu hekayədə sinif, istehsal münasibətləri, mülkiyyətin forması yox; bayraq, “milli ruh”, “azadlıq” ön plana çıxır. Rəsulzadə bu mifə ideal şəkildə uyğundur, çünki o, anti‑bolşevikdir, mühacirət həyatı yaşayıb, əsərlərindən kontekstindən çıxararaq çoxlu sitat vermək olur, üstəlik Azərbaycan Xalq Cümhuriyyəti kimi qısamüddətli, amma yeni mif üçün vacib siyasi-tarixi epizodun mərkəzinə yerləşdirilə bilir.
İkincisi, post‑sovet dövlətçiliyi özünü sovetdən əvvəlki dövrə aid legitimlik xəttinə bağlamaq istəyir. Bu, təkcə Azərbaycan hekayəsi deyil. Məsələn, Rusiyada monarxiya simvollarının reabilitasiyası, imperiya nostaljisi və II Nikolayın “müqəddəsləşdirilməsi” də eyni məntiqin məhsuludur və bununla indiki sosial bərabərsizlik, oliqarxiya, əmlak uçurumu “milli tarixin böyüklüyü” ilə kompensasiya edilir. İkonlar burada siyasi dekor rolunu oynayır.
Üçüncüsü, Rəsulzadə millət tərəfindən oxunmur, sitatlaşdırılır. Oxunan müəllif müzakirə doğurur, sitatlaşdırılan müəllif isə itaət tələb edən aforizm maşınına çevrilir. Bu fərq çox vacibdir, oxucu müəlliflə dalaşa bilər, sitatla isə dalaşmaq çətindir, çünki sitat artıq “milli dəyər” statusu alıb.
Bu səbəblər gənc oxucuya sadə bir sual qoyur: “Mən Rəsulzadəni sevirəm, yoxsa Rəsulzadə adı ilə paketlənmiş 1991-ci il sonrası ideoloji ehtiyacı?” İkinci variantın necə işlədiyini göstərməyə çalışmaq da mühüm vəzifədir.
Rəsulzadənin siyasi fəaliyyətinin əsas mərhələləri
| Mərhələlər | Açar məqamlar (qısa şəkildə) |
| 1903–1908: Erkən aktivizm və Hümmət | “Hümmət” təşkilatı, sosial-demokrat mühit, 1905-ci ilin inqilab dalğası, mətbuat fəaliyyəti. |
| 1909–1913: İran və Osmanlı illəri | İranda konstitusiya hərəkatı, İran Demokrat Partiyasının yaradılması, Osmanlı mühiti. |
| 1913–1918: Müsavatın yüksəlişi | “Hümmət”dən ayrılma, “Müsavat”ın quruculuğu, pantürkçülük / panislamçılıq / “bərabərlik” və “millət” diskursu. |
| 1918–1920: AXC dövrü | Milli Şura, parlament, dövlət quruculuğu, xarici himayə axtarışı, sosial-iqtisadi qeyri‑müəyyənlik. |
| 1920–1922: Sovet Rusiyasındakı dövr | Həbs, Stalin tərəfindən azad edilmə, Moskvada iş və tədris, Rusiyadan qaçış (Finlandiya → Türkiyə). |
| 1923–1939: Mühacirət və “Prometey” xətti | Türkiyə, Polşa, Fransa dövrləri, anti‑bolşevik şəbəkələr; mətbuat; milli ideologiyanın bərkiməsi. |
| 1942–1943: mübahisəli Berlin epizodu | Almaniya ilə əlaqələr barədə ziddiyyətli mənbələr, “Azərbaycan legion” konteksti, 1943-cü ildə Berlinin tərk edilməsi haqqında iddialar. |
| 1945–1955: Türkiyəyə qayıdış və “təsanüd” dili | “Milli təsanüd“/“solidarizm“ ideyası, anti‑kommunist publisistika, diaspor institutları. |
Rəsulzadənin həyatına mərhələlər üzrə baxan zaman sabit ideya xətti yox, müxtəlif dövrlərin ehtiyacına uyğun dəyişən ideoloji kombinasiyalar görünür. Siyasi mühit insanı dəyişir, bəli, lakin məsələ ondadır ki, sonradan bu kombinasiyalar ardıcıl nəzəriyyə kimi təqdim olunur. Yəni “zamanın taktikası“ bizə “əbədi prinsip“ kimi satılır.
Məhəmməd Əminin həyat mərhələlərinin daxilində bir paralel xüsusilə aydındır: erkən dövrdə sosial‑demokrat mühitə yaxınlıq, sonrakı dövrdə isə sinfi mübarizənin yerini “milli həmrəylik” ideyasının tutması. Bu keçid regionun burjua millətçiliyinin klassik trayektoriyasıdır.
Eklektik Rəsulzadə
Eklektizm ziddiyyətli nəzəri hissələri bir-birinə yapışdırıb, onların arasında real körpü qurmadan “sistem” yaratmış olmaq iddiası etməkdir. Rəsulzadənin bioqrafik materialında və mətnlərində bu tez-tez görünür: bir dövrdə sosializm leksikonu, digər mərhələdə pantürkçülük, daha sonra “liberalizm də yox, kommunizm də yox” deyən “təsanüd”, bunların ardınca isə “azərbaycançılıq” etiketi. Bu qarışıq, romantik yanaşmalar təqdimatda “zəngin düşüncə” kimi görünsə də, analitik baxışda bu, əsas məsələni – sinfi maraqları gizlədir. Siniflər görünməyəndə ideologiya “milli birlik” adı ilə hər şeyə, o cümlədən avtoritarlaşmanın ideoloji pərdəsinə çevrilə bilər.
Rəsulzadənin 1913-cü ildən sonra “Hümmət”i tərk edib “Müsavat”ın qurucularından biri olması, “Müsavat”da pantürkçülük, panislamçılıq və sosializm ideyalarını birləşdirməsi özü eklektizmin etirafıdır. Millətçilik, dini kimlik və sosializmin – üç zidd ideyanın eyni çərçivəyə yerləşdirilməsindən ibarət eklektik tərkib hətta silahlanmamış gözə bayağı görünsə də, gələcəkdə türkçülük, müasirlik və islamçılığı eyni siyasi etiketin tərkib hissələri kimi istifadə edəcək Rəsulzadə üçün bu artıq həmin illərdən adi fənd rolunu oynamağa başladı.
“Hümmət”dən “Müsavat”a: sinifdən millətə sığındıqda nə baş verir?
Rəsulzadənin siyasi fəaliyyətinin erkən mərhələsi Cənubi Qafqazın sosial-demokrat ekosisteminin içində formalaşıb. O, Leninin ən vacib simalarından biri olduğu Rusiya Sosial Demokrat Fəhlə Partiyasının nəzdində 1904-cü ildə “Hümmət” adlı müsəlman sosial-demokrat təşkilatının yaradıcılarından oldu, 1905-ci ildə bolşevik çevrələri ilə əməkdaşlığı genişləndirdi. Maraqlıdır ki, bu illərdə Rəsulzadənin istifadə etdiyi imzalardan biri “sosialist” idi. Bu, təsadüfi detal deyil, həmin dövrdə neft kapitalı, işçi sinfi, etnik bölünmələr və inqilabi dalğa Bakını ideoloji laboratoriyaya çevirmişdi.
Hərçənd 1913-cü ildən sonra Məhəmməd Əminin siyasi xətti dəyişdi, “Hümmət”dən ayrılma, “Müsavat”ın quruculuğu, “millət” və “bərabərlik” sözlərinin eyni bayraq altında birləşdirilməsi Rəsulzadənin fəaliyyətinin növbəti mərhələsinin məzmununu təşkil edən məqamlardandır. Burada hiyləgər semantik fəndi də fərqləndirə bilərik: sinfi bərabərsizlik “bərabərlik” sözü ilə örtüldü, amma bərabərliyin obyektini sinifdən millətə köçürüldü. Yəni işçi ilə kapitalist arasındakı münaqişə “millətin daxilində” həll ediləcəkmiş kimi təqdim olunur. Sanki mülkiyyət münasibətləri millətin pasportunu görüncə utancından geri çəkilir.
Bu keçidin nəticəsi aydındır: siyasi enerji sinfi təşkilatlanmadan milli mobilizasiyaya yönəlir. Milli mobilizasiya bəzi tarixi anlarda anti‑kolonial məna daşıya bilər. Amma o, sinfi məzmunu udanda iki hadisə baş verir. Birincisi, burjua elitalar “milli lider” statusu alırlar, ikincisi, əməkçi kütlənin gündəlik dərdləri “milli məqsəd” adına ertələnir.
AXC dövrü: parlamentarizm dekoru və sosial-iqtisadi qeyri‑müəyyənlik mahiyyəti
AXC haqqında danışılanda iki həqiqəti eyni anda demək lazımdır. Birinci həqiqət budur ki, AXC Şərqdə parlamentli respublika təcrübəsi kimi mühüm hadisə idi. İkinci həqiqət isə belədir: AXC-nin sosial‑iqtisadi layihəsi aydın deyildi və sinfi baxımdan məhdud idi, dövlət quruculuğu çox vaxt xarici güclərin, məsələn, Osmanlı İmperiyası, daha sonra Britaniya İmperiyasının iqtisadi maraqları ilə iç‑içə formalaşdırılırdı.
Rəsulzadəni “demokrat” kimi təqdim edənlər adətən yalnız birinci həqiqəti danışırlar. Tənqidi oxu isə ikinci həqiqəti, bu respublikanın “kim üçün respublika?” olması sualını dirildir.
İstiqlal Bəyannaməsinin 4-cü bəndində vətəndaş hüquqlarının milliyyət, din, sinif, silki mənsubiyyət və cinsdən asılı olmayaraq təmin edildiyi yazılırdı. Bu mətn AXC-nin “dini dövlət” kimi təqdim olunmasına ciddi əngəl yaratsa da, həmin dövrdə din ictimai həyatda əsas ideoloji alətlərdən biri kimi istifadə edilirdi. İşin ironik hissəsi budur ki, Rəsulzadə tərəfdarları AXC-ni “dünyəvi” və “demokrat” deyə ideallaşdırırlar, halbuki eyni zamanda “milli birlik” adı ilə sinfi münaqişəni susdurmaq istəyən “təsanüd” ideyasını da müqəddəsləşdirirlər. Yəni demokratiyanı vitrinə qoyub, sinfi siyasəti anbarda saxlayırlar.
“Dövlətçilik” və “milli birlik”: azadlıq dilinin daxilindəki avtoritar potensial
Rəsulzadə diskursunda “dövlətçilik” və “milli birlik” tez-tez azadlıqla eyni cümlədə keçir. Bu, gözəl səslənir. Amma sual budur: birlik kimə qarşı və kimin hesabına qurulur?
Əgər “birlik” sinfi ziddiyyətləri görünməz edirsə, birlik ən çox kapitalın marağına işləyir. Çünki kapital üçün ideal cəmiyyət itaətkar əməyə, “milli məqsəd” naminə tətilə nifrətə, “dövlətçilik” naminə sosial tələblərin susdurulmasına əsaslanan toplumdur. Rəsulzadənin sonrakı “təsanüd” konsepsiyası məhz bu arzuya nəzəri forma verir.
Rəsulzadənin “Milli təsanüd”/“solidarizm” konsepsiyası ideoloji cəhətdən ən açıq “üçüncü yol” modelidir. Təsanüd mətni içində açıq deyilir ki, nə kosmopolit liberalizm, nə də kommunizmi seçmək lazım deyil, müdafiə ediləcək yeganə sosial sistem milli təsanüd sistemidir. Daha sonra o, kapitalist anarxiyası və sərmayə istibdadına əsaslandığını iddia etdiyi liberalizmi, həm də insanı “kölə və maşına çevirən” və əsarətə əsaslanan məzmuna malik olduğunu iddia etdiyi kommunizmi tənqid edir və çıxış yolu kimi “hər ikisini uzlaşdıran solidarizm”i irəli sürür. Bu cümlənin mahiyyəti belədir: kapitalizmin bəzi nəticələrini tənqid et, amma onun əsasını – xüsusi mülkiyyət və bazar münasibətlərini saxla, sonra da dövlətə “ümuminin mənfəəti” adı ilə müdaxilə hüququ ver. Nəticədə sinfi münaqişə “milli maraq” adı ilə inzibati idarəetməyə çevrilir.
Təsanüd mətnində xüsusi mülkiyyətin və şəxsi təşəbbüsün “baqi” sayılması, lakin “ümuminin mənfəəti” şərti ilə çərçivələnməsi ideyanın mərkəzidir. Bu, klassik marksist baxışda “sinfi barışıq” layihəsidir: ziddiyyətləri aradan qaldırmır, yalnız “nizam-intizam” adı altında idarə etməyə çalışır. Və burada satiranın qapısı açılır: Rəsulzadənin tənqid etdiyi kommunizm anlayır ki, mülkiyyətə münasibətlərinə toxunmadan həqiqi bərabərliyə nail olmaq mümkün deyil, təsanüddə isə “mülkiyyət qalır, sadəcə hamı bir-birini incitməsin” deyilir. Sanki kapital bir az nəzakətli danışsa, istismar da mədəniyyət tədbirinə çevriləcək.
Bu “üçüncü yol” ritorikası Avropada müxtəlif formalarda, məsələn, korporativizm kimi daha öncə görünmüşdü. Rəsulzadə bunu “milli” etiketi ilə lokallaşdırır. Sanki “milli” sözünü əlavə edəndə ideoloji aləmdə möcüzə baş verir, sinfi münasibətlər birdən “ailə problemi”nə çevrilir, işçi ilə sahibkar arasında konflikt isə “qardaşlar dalaşmasın” səviyyəsinə endirilir.
Burada ən problemli məqam konsepsiyanın “demokratiya” ilə rahat birləşdirilməsidir:. Demokratiya yalnız seçki və parlament proseduru deyil, həm də istehsalın, mülkiyyətin, əmək münasibətlərinin demokratikləşməsidir. Təsanüd isə bu sahəyə “milli maraq” polisi qoyur. Demokratiya dili ilə avtoritar sosial nizam ən təhlükəli hibriddir.
Azərbaycançılıq və türkçülük: kimlik siyasətinin elastikliyi
Rəsulzadənin mətnlərində “millət” anlayışı tez-tez dil, tarix, adət, din kimi komponentlərin cəmi kimi təqdim edilir. Rəsulzadə 1914-cü ildəki millət haqqında yazılarında dili mərkəzi sütun kimi vurğulayırdı. Bu, modern millətçilik üçün tipikdir, çünki dil həm inteqrasiya vasitəsidir, həm də sərhəd çəkən bıçaqdır.
Burada tənqid iki istiqamətdədir. Birincisi, kimlik siyasəti sosial siyasəti əvəz edir. “Dil” və “milli ruh” real həyatın – əmək haqqının, iş saatının, torpağın, mənzilin, təhsil bərabərliyinin yerini tutanda, millətçilik “yuxarıların” idarəetmə dilinə çevrilir. İkincisi, Rəsulzadənin türkçülükdən azərbaycançılığa keçidinin bəzən ‘təbii inkişaf’ kimi təqdim edilməsi gerçək ziddiyyətləri yumşaldır. Bu keçid bir tərəfdən kolonial kontekstdə özünüifadə cəhdi kimi izah oluna bilər, digər tərəfdən isə siyasətin praktiki ehtiyacına uyğun kimlik çərçivəsinin dəyişməsi kimi görünür. Yəni millət bəzən prinsip yox, alətdir. Bu, eklektizmin başqa formasıdır: kimlik sinfi siyasətin yerinə “universal açar” kimi istifadə olunur.
1920-ci ildən sonra: “azadlıq mücahidi” mifinin daxilində Moskva epizodu
Rəsulzadə haqqında ən ‘təmiz’ miflərdən biri budur: guya o, 1920-ci ildən sonra dərhal və qəti şəkildə sovetlərlə bütün əlaqəni kəsib, yalnız müqavimət edib. Rəsulzadə 1920-ci ilin avqustunda həbs olundu, həmin ilin noyabrında isə Stalin tərəfindən həbsdən çıxarılıb Moskvaya aparıldı, sonra RSFSR-in millətlər üzrə komissarlığında mətbuat məsələləri üzrə vəzifə aldı, Moskva Şərqşünaslıq institutunda fars dili tədris etdi.
Bu faktı iki cür oxumaq olar. Birinci oxu ilə bu məqamı siyasətdə sağ qalmaq üçün taktika kimi, qısa müddətli adaptasiya, sonra qaçış formasında nəzərdən keçirmək olar. Bu oxu mümkündür və insanı avtomatik “satqın” etmir. İkinci oxu isə “prinsipiallıq” mifinin şişirdilməsi ilə bağlıdır. Əgər “azadlıq” yalnız şüar səviyyəsindədirsə, amma real siyasi böhran anında sovet aparatında iş görmək mümkündürsə, onda “mütləq prinsipiallıq” əfsanəsi çatlayır. Bu çat vacibdir, çünki gənclər tarixi real görməlidirlər: siyasətçilər ikon deyil, ziddiyyətli varlıqlardır.
Bəs bu epizod niyə adətən danışılmır? Çünki ikon istehsalında “çirkli detallar”a yol vermək təhlükəlidir. İkon steril olmalıdır. Tarix isə steril deyil, ona görə də şəxsin tarixini ikonalaşdırmaq ən asan manipulyasiyadır.
Mühacirət: anti‑bolşevizm, sponsor axtarışı və geosiyasətin daxilindəki “azadlıq”
1920-ci illərdən sonra Rəsulzadənin əsas fəaliyyəti mühacirət mühitində mətbuat, təşkilatlanma və şəbəkələr ilə bağlıdır. Azərbaycanlı mühacir şəbəkələri əsasən İran və Türkiyə kontekstində fəaliyyət göstərirdi, “Müsavat” dairələri bu müstəvidə daha çox təbliğat materialı ötürmək və informasiya toplamaqla məşğul idilər. Rəsulzadənin 1922-ci ildə Finlandiyaya qaçması və Türkiyədə məskunlaşması bu mənada xüsusi hadisədir.
Mühacirət siyasətinin struktur problemi budur: mühacir lider real sosial bazasından qopur və “xarici himayə” məntiqinə daha çox bağlanır. Polşanın dəstəklədiyi “Prometey” xətti kimi şəbəkələr bu tip anti‑sovet fəaliyyətin tipik platforması idi. Burada gənc oxucu üçün əsas sual belə səslənir: azadlıq ideyası xarici güclərin geosiyasi alətinə çevriləndə, o nə qədər “azadlıq” olaraq qalır?
İkinci Dünya Müharibəsi və Berlin: sənədlər, iddialar və etik sual
İkinci Dünya Müharibəsi dövründə Rəsulzadənin fəaliyyəti mövzusu daha çox emosional reaksiya doğurur, çünki iki “müqəddəs” məqamın – milli müstəqillik arzusu və faşizmə qarşı etik mövqenin toqquşması kimi görünür.
Mövcud açıq mənbələr ziddiyyətlidir. Bir sıra mənbələrdə Rəsulzadənin 1942-ci ildə Berlinə dəvət olunduğu, Azərbaycan legionunun formalaşdırılmasında iştirak etdiyi, hərbi əsirlər arasında təbliğat apardığı, 1943-cü ildə isə Almaniyanın Azərbaycan planı ilə razılaşmadığını görüb Berlindən ayrıldığı iddia edilir. Bu mənbələr, təbii ki, siyasi mövqelidir və təkbaşına “son söz” xarakteri daşıya bilməz. Amma mövzuya toxunmamaq da intellektual saxtakarlıqdır.
Digər tərəfdən, Azərbaycan və türk mühitindəki bəzi mətnlərdə bu əlaqələr ya minimallaşdırılır, ya da “milli məqsəd”lə əsaslandırılır. Sovet dövrünün bəzi narrativləri isə mövzunu tamamilə “xainlik” çərçivəsində qururdu. Yəni üç fərqli propaqanda dili var və hər biri oxucunu öz ordusuna yazmaq istəyir.
Tənqidi oxu deyir ki, nəinki Hitlerlə əməkdaşlıq məsələsində, ümumən faşist rejimlərlə taktiki yaxınlaşma ideyasında əxlaqi problem var. Faşizm, “milli azadlıq” layihəsi deyil, o, imperialist genişlənmə və irqi-siyasi məhv maşınıdır. Bu maşından “Azərbaycana azadlıq” üçün istifadə etmək yanğınsöndürən maşınla benzin daşımağa bənzəyir.
Əgər bir siyasətçi “xalqı azad edəcəyəm” deyib, bunu faşist geosiyasətinin qanadında etməyə çalışırsa, onun azadlıq anlayışı artıq zədələnir. Bu, Rəsulzadənin bütün həyatını “faşist” etiketi ilə bağlamaq demək deyil, amma “müqəddəs azadlıq mücahidi” obrazının real tarix qarşısında məhdud olduğunu göstərir.
Gənc oxucu üçün ən vacib dərs budur ki, “düşmənimin düşməni mənim dostumdur” prinsipi siyasəti müstəqillik gətirmir, adətən yalnız yeni asılılıq forması gətirir.
“Prinsipiallıq” iddiası və praktik xətt: ardıcıllıq haradadır?
Rəsulzadə tərəfdarlarının xüsusilə sevdiyi sözlərdən biri “prinsip”dir. Amma prinsipi yoxlamağın ən yaxşı yolu mətnə yox, vəziyyətə baxmaqdır. Fəaliyyətinin erkən dövründə sosial‑demokrat çevrə ilə yaxınlıq, sonra millətçi partiyanın quruculuğu, AXC-də parlamentçilik, 1920-ci ildə sovet aparatında iş, mühacirətdə xarici sponsor şəbəkələri, müharibə dövründə Berlin epizodu barədə iddialar, müharibədən sonra “təsanüd” adlı üçüncü yol modeli… Bütün bunları eyni prinsip xəttinə bağlamaq çətindir.
Əgər prinsip “azadlıq”dırsa, azadlığın sinfi məzmunu niyə bu qədər boş qalır? Əgər prinsip “demokratiya”dırsa, niyə istehsalın demokratikləşməsi, torpaq və əmək münasibətləri barədə ardıcıl proqram görünmür? Əgər prinsip “millət”dirsə, millət içindəki sinfi ziddiyyətlər niyə “təsanüd” ilə susdurulur?
Bu sualların cavabı çox vaxt bir cümləyə yığılır: Rəsulzadə siyasi layihəsi burjua‑milli dövlətçilik layihəsidir. Burjua‑milli dövlətçilik tarixi şəraitdən asılı olaraq bəzən demokratik formalar geyinə bilər, bəzən avtoritar meyllərə də açıq ola bilər. “Milli birlik” ideyası isə bu layihənin ideoloji yapışqanıdır.
Rəsulzadənin ideyaları bu gün həqiqətən aktualdırmı?
Rəsulzadənin ideyaları bu gün aktual deyil, çünki onlar real problemlərin həlli üçün mexanizmə malik deyil və bizə yalnız şüarlar verir.
Birincisi, onun siyasət dili “milli birlik” üzərində qurulub və mülkiyyət, əmək haqqı, bərabərsizlik, resurs bölgüsü kimi sinfi, iqtisadi ziddiyyətləri arxa plana atır. Bu günün əsas düyünü isə məhz bunlardır.
İkincisi, “təsanüd/üçüncü yol” romantikası ziddiyyətləri həll etmir, sadəcə onları “barışdırma” adı ilə idarə edir. Mülkiyyət və istehsal münasibətləri dəyişmirsə, “həmrəylik” dekor xarakteri daşıyır və insanların istismarına rəvac verir.
Üçüncüsü, “dövlətçilik” vurğusu çox elastikdir, çünki dövlətin kimin marağına işlədiyi soruşulmadıqda, o, azadlıq yox, legitimləşdirmə alətinə çevrilir.
Rəsulzadə kultu inamın rahatlığından qidalanır: inanmaq asandırsa, düşünmək məsuliyyət tələb edir. Tarixi düşünməyən cəmiyyət onu təkrar edir və eyni tələyə başqa adlar altında düşür. Bu gün Rəsulzadə ideya kimi yaşamır, o oxunmur, yoxlanmır, mübahisə edilmir, sadəcə sitatlaşdırılan simvoldur. Odur ki, belə “büt”ləri yıxmaq kiminsə xatirəsinə hücum deyil, cəmiyyətin öz ağlını azad etməsidir. Çünki büt saxlayan xalqlar gələcəklərini qura bilmirlər, keçmişin dekorlarının fonunda yaşadıqları müddətcə isə siyasəti də, iqtisadiyyatı da onların əvəzinə dar elita yazır. Dəyişiklik tərifdən yox, tənqiddən başlayır.
İstinad və istifadə edilən ədəbiyyat siyahısı
- Rəsulzadə, M. Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990. Ərəb qrafikasından transliterasiya edən, qeydlərin və lüğətin müəllifi: Asif Rüstəmov.
- Rəsulzadə, M. Ə. Əsrimizin siyavuşu. İstanbul, 1923; elektron nəşr.
- Rəsulzadə, M. Ə. Milli təsanüd. Ankara, 1978.
- Rəsulzadə, M. Ə. Milli birlik. Bakı, 2009.
- Rəsulzadə, M. Ə. Əsərləri. I cild: 1903-1909. Bakı: Təhsil, 2014.
- Rəsulzadə, M. Ə. Əsərləri. II cild: 1909-1914. Bakı: Şirvannəşr, 2001.
- Rəsulzadə, M. Ə. Bir Türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri. Bakı: Qanun, 2010.
- Swietochowski, Tadeusz. Russian Azerbaijan, 1905-1920: The Shaping of a National Identity in a Muslim Community. Cambridge: Cambridge University Press, 1985.
- Altstadt, Audrey L. The Azerbaijani Turks: Power and Identity under Russian Rule. Stanford: Hoover Institution Press, 1992.
- Kazemzadeh, Firuz. The Struggle for Transcaucasia, 1917-1921. London: Anglo Caspian Press, 2008.
- Balayev, Aydın. “Mamed Emin Rasulzadeh and the Establishment of the Azerbaijani State and Nation in the Early Twentieth Century.” Caucasus Survey, 3(2), 2015, s. 136-149.
- Gasimov, Zaur; Motika, Raoul. “The Changes in Identity and Orientation of an Azerbaijani Revolutionary: Məmməd Əmin Rəsulzadə between Iran, Turkey, and Europe”, 2024.
- Yaqublu, Nəsiman. Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası. Bakı, 2013.
- Landau, Jacob M. Pan-Turkism: From Irredentism to Cooperation. Bloomington: Indiana University Press, 1995.
- Landau, Jacob M. The Politics of Pan-Islam: Ideology and Organization. Oxford: Clarendon Press, 1994.
- Pipes, Richard. The Formation of the Soviet Union: Communism and Nationalism, 1917–1923. Cambridge, MA: Harvard University Press, 1954.
- Smith, Jeremy. The Bolsheviks and the National Question, 1917–1923. London: Palgrave Macmillan, 1999.
- Marx, Karl; Engels, Friedrich. Manifest der Kommunistischen Partei/Kommunist Partiyasının Manifesti. 1848.
- Lenin, V. İ. Millətlərin öz müqəddəratını təyin etmək hüququ haqqında. 1914.

