Daxildə repressiya, xaricdə reklam: Azərbaycan hökumətinin 1,7 milyon manatlıq “Euronews” müqaviləsi hansı məqsədə xidmət edir?

Daxildə repressiya, xaricdə reklam: Azərbaycan hökumətinin 1,7 milyon manatlıq “Euronews” müqaviləsi hansı məqsədə xidmət edir?

Dövlət Turizm Agentliyinin Fransanın “Euronews” şirkəti ilə 1,7 milyon manatlıq müqavilə imzalaması ilk baxışda adi turizm imici təbliğatı kimi görünə bilər. Rəsmi izah da, yəqin ki, çox tanış olacaq. Guya Azərbaycan xaricdə təbliğ olunur, ölkənin təbiəti, mədəniyyəti, turizm imkanları və müasir siması beynəlxalq auditoriyaya çatdırılır. Amma bu cür izahlar yalnız dövlət press-relizlərinin havasız otaqlarında inandırıcı səslənir. Reallıqda söhbət daha ciddi məsələdən – ictimai sərvətin hakimiyyətin beynəlxalq legitimlik bazarına çıxarılmasından gedir.

Bu müqavilə avtoritar kapitalist dövlətin özünü qoruma mexanizminin bir hissəsidir. Azərbaycan hakimiyyəti ölkə daxilində müstəqil medianı boğduğu, jurnalistləri həbs etdiyi, tənqidi fikri cinayət işi ilə əvəzlədiyi, işçi sinfinin və yoxsul təbəqələrin gündəlik problemlərinə isə büdcə imkanları bəhanəsi ilə cavab verdiyi halda, xaricdə özünü “sabit”, “qonaqpərvər”, “açıq” və “cəlbedici” ölkə kimi göstərmək üçün milyonlar xərcləyir. Daxildə repressiya, xaricdə reklam. Daxildə susdurulmuş söz, xaricdə satın alınmış görüntü. Daxildə sosial ehtiyac, xaricdə parlaq binaların ön planda təqdim edildiyi saxta varlı ölkə görüntüsü.

Məhz bu nöqtədə marksist analiz liberal narazılıqdan fərqlənməyə başlayır. Məsələ təkcə “pul niyə belə xərclənir?” sualı deyil. Əsas sual budur ki, dövlət büdcəsi kimin marağına xidmət edir? Çünki büdcə sadəcə rəqəmlər cədvəli deyil, o, sinfi hakimiyyətin xəritəsidir. Məktəbin təmirinə, xəstəxananın vəziyyətinə, müəllimin maaşına, tikinti fəhləsinin təhlükəsizliyinə, jurnalistin azadlığına gələndə qənaət rejimi işə düşür. Hakimiyyətin xarici imicinə gələndə isə milyonluq müqavilələr, tərəfdaşlıq materialları, blogger səfərləri, hava limanı reklamları və beynəlxalq media platformalarında Azərbaycan hekayələri birdən-birə prioritetə çevrilir.

Bu xərclərə tək bir müqavilə kimi baxmaq sadəlövhlük olardı. Son illərdə Dövlət Turizm Agentliyi və ona bağlı imic mexanizmləri ətrafında görünən müqavilələr bütöv bir tendensiyanı üzə çıxarır. “Euronews”la müqavilələr, CNN kimi beynəlxalq platformalara ödənişlər, Avropa ölkələrində təqdimat tədbirləri, Cənubi Asiya və MDB bazarlarında reklam xidmətləri, xarici jurnalist və bloggerlərin Azərbaycana gətirilməsi, İstanbul Hava Limanında reklam materiallarının yerləşdirilməsi ayrı-ayrı epizodlar deyil, eyni siyasi iqtisadiyyatın parçalarıdır. Bu iqtisadiyyatda imic, reputasiya və beynəlxalq auditoriyanın diqqəti əmtəədir.

Azərbaycan hakimiyyəti də məhz bu əmtəəni alır. O, sadəcə turizm videosu yox, “normal ölkə” obrazını alır. “Euronews” da adi telekanal deyil. O, kapitalist media bazarının tipik məhsuludur, auditoriyası, reputasiyası, “Avropa brendi” var və bütün bunlar siyasi legitimlik almaq istəyən hökumətlər üçün xidmət paketinə çevrilir. Reklamla jurnalistikanın, turizmlə təbliğatın, informasiya ilə siyasi kosmetikanın sərhədi nə qədər bulanıqdırsa, hakimiyyət üçün bir o qədər rahatdır.

Bu, Azərbaycan hakimiyyətinin xarici imic siyasətində yeni mərhələdir. Əvvəllər buna “kürü diplomatiyası” deyilirdi və bahalı hədiyyələr, lobbiçilik, Avropa institutlarında tənqidi yumşaltmaq, deputatları, ekspertləri, siyasi çevrələri sakitləşdirmək onun əsas elementləri idi. İndi forma dəyişib. Kürü boşqabı sponsorlu kontentə, blogger səfərinə, turizm videosuna, hava limanı bannerinə çevrilib. Mahiyyət isə dəyişməyib, ictimai sərvət hakimiyyətin xarici legitimliyi üçün səfərbər olunur.

Bu legitimlik niyə lazımdır? Çünki Azərbaycan Avropada naməlum ölkə deyil. Problem ondadır ki, ölkə yalnız “Odlar yurdu”, “Xəzər sahili”, “qədim mədəniyyət”, “muğam”, “Formula 1” və “qonaqpərvərlik”lə tanınmır. Azərbaycan həm də siyasi məhbuslar, jurnalist həbsləri, müstəqil medianın dağıdılması, seçki saxtakarlığı, ailə hakimiyyəti, korrupsiya, enerji diplomatiyası və avtoritar idarəçiliklə tanınır. Avropa auditoriyasına “Azərbaycan gözəldir” demək üçün milyonlar xərclənirsə, bunun səbəbi sadəcə turist cəlb etmək deyil. Bunun səbəbi həmin auditoriyanın bir hissəsinin bu gözəlliyin arxasında hansı siyasi reallığın dayandığını bilməsidir.

Turizm statistikası da rəsmi izahın zəifliyini göstərir. Azərbaycana gələn turistlərin böyük hissəsi Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Hindistan, Pakistan və regiona yaxın bazarlardan formalaşır. Avropa İttifaqı ölkələrindən gələnlərin payı isə ümumi axında nisbətən kiçikdir. Bu halda Avropa mediasında milyonluq təqdimatı sırf turist sayını artırmaq cəhdi kimi təqdim etmək, ən yumşaq ifadə ilə desək, siyasi sadəlövhlükdür. Burada əsas məhsul turizm deyil, legitimlikdir. Turizm iqtisadi kateqoriya olmaqdan çıxıb siyasi makiyaja çevrilir.

Avropa kapitalizmi də bu oyunda məsum tərəf deyil. Liberal Avropa Azərbaycan hakimiyyətini bəzən insan haqlarına görə tənqid edir, bəzən qaz müqavilələri bağlayır; bəzən siyasi məhbuslardan danışır, bəzən həmin rejimin reklam pullarını qəbul edən media bazarını sakitcə işlək saxlayır. Bu, imperialist kapitalın normal iş rejimidir. İnsan haqları bəyanat üçün lazımdır, qaz isə sənaye üçün. Demokratiya konfrans zalında yaxşı səslənir, enerji təhlükəsizliyi isə kapitalın dövriyyəsini təmin edir. Azərbaycan kimi rejimlər məhz bu boşluqda yaşayır. Onlar Qərbin dəyərlər dili ilə Qərbin kapital maraqları arasındakı ziddiyyətdə özlərinə yer tapırlar.

İndi bu 1,7 milyon manata baxaq. Bu məbləğ 400 manatlıq minimum əməkhaqqı ilə 4 250 aylıq ödəniş deməkdir. Yəni tək bir müqavilə minlərlə işçinin bir aylıq minimum əməkhaqqına bərabərdir. Açıq mənbələrdə görünən oxşar imic xərcləri birlikdə götürüldükdə isə söhbət artıq milyonlarla manatdan gedir. Bunlar abstrakt büdcə rəqəmləri deyil. Bunlar təmir edilməyən məktəblər, artırılmayan maaşlar, normal avadanlıqla təmin olunmayan xəstəxanalar, bölgələrdə su və yol problemi, tələbə yataqxanası çatışmazlığı, uşaq bağçası ehtiyacı, sosial müdafiəsiz ailələr, kirayə yükü altında əzilən gənclər deməkdir.

Hakimiyyət sosial məsələlərdə bizə həmişə “mərhələli həll”, “büdcə imkanları”, “prioritetləşdirmə”, “optimallaşdırma” və “qanunvericilik çərçivəsi”ndən ibarət eyni dili təklif edir. Amma xarici imicə gələndə bu ehtiyatlı dil yoxa çıxır. Birdən büdcə tapılır, müqavilə imzalanır, Avropa kanalları ilə tərəfdaşlıq qurulur, reklam yerləşdirilir, xarici jurnalist və bloggerlər dəvət olunur. Deməli, problem pulun olmamasında deyil. Problem pulun kimə və nəyə xidmət etməsindədir.

Kapitalist dövlətdə büdcə hakim sinfin prioritet xəritəsidir. Azərbaycanda bu xəritə xüsusilə açıq görünür: işçi sinfinin həyatı ikinci dərəcəlidir, hakimiyyətin davamlılığı birinci. Yoxsul ailənin uşağı qəzalı məktəbdə oxuya bilər, amma rejimin xaricdəki görüntüsü qəzalı görünməməlidir. İşçi minimum əməkhaqqı ilə yaşamağa məcbur edilə bilər, lakin hakimiyyətin Avropa auditoriyası qarşısında “modern ölkə” obrazı mütləq maliyyələşdirilməlidir. Müstəqil jurnalist həbs oluna bilər, amma xarici media platformasında Azərbaycan haqqında parlaq material yayımlanmalıdır. Burjua dövlətinin əxlaqı budur.

Bu mənzərəni yalnız “korrupsiya” sözü ilə izah etmək kifayət etmir. Korrupsiya ilə yanaşı bürokratik özbaşınalıq və şəffaflıq problemi də var. Hərçənd bunlar simptomlardır. Əsas xəstəlik kapitalist dövlətin sinfi mahiyyətidir. Hakimiyyət büdcəni işçi sinfinin və yoxsul kütlələrin ehtiyaclarına görə deyil, öz siyasi sabitliyi, beynəlxalq manevr imkanları və kapitalın maraqları əsasında bölüşdürür. Burada “dövlət marağı” deyilən şey çox vaxt hakim sinfin marağıdır. “Ölkənin imici” deyilən şey isə əslində hakimiyyətin imicidir. Çünki ölkə müəllimdir, həkimdir, fəhlədir, kəndlidir, tələbədir, işsiz gəncdir, susdurulmuş jurnalistdir. Onların həyatı dəyişmirsə, xaricdə yayımlanan heç bir parlaq video ölkəni xilas etmir.

Liberal tənqid adətən burada dayanır və “şəffaflıq olmalıdır”, “satınalmalar açıq aparılmalıdır”, “hesabat verilməlidir” deyir. Bunlar lazımdır, amma kifayət deyil. Çünki məsələ təkcə müqavilənin necə bağlanmasında deyil, ictimai sərvət üzərində kimin nəzarətindədir. Əgər büdcə yenə bürokratik-oliqarxik aparatın əlində qalacaqsa, şəffaflıq yalnız daha səliqəli mənimsəmənin protokoluna çevrilə bilər. Əsas tələb ictimai vəsaitlər üzərində real işçi nəzarəti olmalı, bütün dövlət satınalmalarının tam açılması, lobbiçilik və imic müqavilələrinin dayandırılması, büdcə xərclərinin müstəqil həmkarlar, işçi təşkilatları, azad media və ictimai komitələr tərəfindən yoxlanması, sosial ehtiyacların büdcənin əsas istiqamətinə çevrilməsi təmin edilməlidir.

Bu tələblər ilk baxışda demokratik görünür, amma ardıcıl şəkildə irəli sürüldükdə kapitalist hakimiyyətin sinfi dayaqlarına toxunur. Çünki işçi sinfi büdcəyə nəzarət tələb etdikdə sual dərhal böyüyür. Neft-qaz gəlirlərinə kim nəzarət edir? Dövlət şirkətlərinin gəlirləri hara gedir? Xarici media müqavilələri kimə lazımdır? Enerji diplomatiyasından kim qazanır? Məktəblər, xəstəxanalar, əməkhaqları niyə həmişə ikinci plana atılır? Bu sualların sonu “daha yaxşı idarəçilik”də yox, ictimai sərvətin xüsusi və bürokratik mənimsənilməsi sisteminin özündədir.

Ona görə çıxış yolu rejimin daha şəffaf reklam siyasəti aparması deyil. Çıxış yolu işçi sinfinin müstəqil siyasi təşkilatlanmasıdır. Azad media, siyasi məhbusların azad edilməsi, həmkarlar ittifaqlarının real müstəqilliyi, dövlət satınalmalarının açılması, repressiv qanunların ləğvi, ictimai vəsaitlər üzərində demokratik işçi nəzarəti, strateji sektorların ictimai mülkiyyətə keçirilməsi və bu sektorların bürokratların yox, işçi komitələrinin nəzarəti altında idarə olunması bir-birindən ayrı tələblər deyil. Bunlar eyni mübarizənin ardıcıl mərhələləridir.

Bu mübarizə yalnız Azərbaycan sərhədləri içində də düşünülə bilməz. Azərbaycan işçisinin yaratdığı sərvət Avropa media bazarında hakimiyyətin imicinə çevrilirsə, Avropa işçisi də həmin bazarın necə işlədiyini görməlidir. Avropanın media korporasiyaları, enerji şirkətləri və hökumətləri Azərbaycan rejimi ilə münasibətdə “demokratiya” yox, kapital maraqları əsasında davranır. Buna görə Azərbaycan işçi sinfinin azadlığı Avropa işçi sinfinin mübarizəsindən, region xalqlarının birgə hərəkətindən və imperialist kapitalın riyakarlığına qarşı beynəlmiləl mövqedən ayrı təsəvvür edilə bilməz.

Bu 1,7 milyon manatlıq müqavilənin həqiqi mənası da buradadır. Bu, turizm reklamı deyil, kapitalist dövlətin sinfi etirafıdır. İctimai sərvət məktəbə, xəstəxanaya, əməkhaqqına, azad mediaya və işçi sinfinin həyatına yox, hakimiyyətin beynəlxalq legitimliyinə xərclənirsə, problem bir müqavilənin bahalığında deyil. Problem büdcəyə kimin nəzarət etməsində, sərvətin kim tərəfindən mənimsənilməsində və dövlətin hansı sinfin aləti olmasındadır.

Heç bir “Euronews” materialı qəzalı məktəbi yeniləmir. Heç bir CNN süjeti həbsdəki jurnalisti azad etmir. Heç bir hava limanı reklamı minimum əməkhaqqı ilə yaşayan ailənin süfrəsini böyütmür. Heç bir turizm videosu avtoritar kapitalizmi azad cəmiyyətə çevirmir. Hakimiyyətin xaricdə aldığı görüntü daxildəki həqiqəti dəyişmir; sadəcə onu daha bahalı işıq altında gizlətməyə çalışır.

Bu səbəbdən Dövlət Turizm Agentliyinin bu müqaviləsi turizm siyasəti kimi yox, sinfi hakimiyyətin reklam büdcəsi kimi oxunmalıdır. Azərbaycan işçi sinfinin və yoxsul kütlələrinin əməyindən, vergilərindən, ölkənin təbii sərvətlərindən formalaşan vəsait hakimiyyətin xarici vitrininə xərclənir. Bu vitrinin arxasında isə repressiya, yoxsulluq, media susqunluğu və bürokratik-oliqarxik mənimsəmə dayanır.

Əslində, məsələ çox sadədir, ictimai sərvət hakimiyyətin imicinə yox, cəmiyyətin ehtiyaclarına xidmət etməlidir. Amma bunun üçün sadəcə yaxşı niyyətli çağırışlar yox, təşkilatlanmış siyasi güc lazımdır. İşçi sinfi öz müstəqil təşkilatlarını yaratmadan, büdcə və sərvət üzərində nəzarət tələb etmədən, avtoritar kapitalist dövlətin sinfi mexanizmini hədəfə almadan bu imic bazarı dayanmayacaq. Bu gün “Euronews”a verilən milyon sabah başqa telekanala, başqa lobbiçiyə, başqa reklam agentliyinə, başqa beynəlxalq tərəfdaşlıq layihəsinə veriləcək.

Kapitalist dövlətin mədəsi heç vaxt doymaz. Onu yalnız bir qüvvə dayandıra bilər: öz əməyinin, öz sərvətinin və öz gələcəyinin üzərində nəzarət tələb edən təşkilatlanmış işçi sinfi.