“Toplum TV işi” üzrə dövlət ittihamçısının jurnalistlərə, media nümayəndələrinə və siyasi fəallara 13 ildən 16 ilədək həbs cəzası istəməsi Azərbaycan hakimiyyətinin son illərdə keçdiyi yeni mərhələnin ən açıq ifadələrindən biridir. Bu, məhkəmə işi hakimiyyətin bütün cəmiyyətə göndərdiyi siyasi mesajdır: “Biz artıq sizi razı salmaqla yox, qorxutmaqla idarə edirik”.
Dövlət ittihamçısı Akif Qurbanov və Ruslan İzzətli üçün 16 il, Ələsgər Məmmədli və Əli Zeynalov üçün 15 il, Ramil Babayev, Müşfiq Cabbarov və İlkin Əmrahov üçün 14 il, Fərid İsmayılov və Elmir Abbasov üçün 13 il azadlıqdan məhrumetmə cəzası istəyib. Bundan başqa, onların 3 il dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməsi, üzərinə həbs qoyulmuş əmlaklarının müsadirəsi və mülki iddianın təmin olunması da təklif edilib. Yəni söhbət sadəcə həbsdən yox, insanları fiziki olaraq azadlıqdan məhrum etməkdən, peşəkar və ictimai fəaliyyət imkanlarını məhv etməkdən, maddi varlıqlarını hədəfə almaqdan və onları gələcək nəsillər üçün qorxuducu nümunəyə çevirməkdən gedir.
Bu cəzalar və rəqəmlər hüquqi məntiqin yox, siyasi intiqamın rəqəmləridir. 13 il, 14 il, 15 il, 16 il – bunlar hakimiyyətin qorxu istehsal edən siyasi dilidir. Hakimiyyət azad jurnalistlərə deyir ki, yazsanız, həyatınızın böyük hissəsi əlinizdən alına bilər. Siyasi fəallara deyir ki, təşkilatlansanız, illərlə ailələrinizdən, dostlarınızdan, cəmiyyətdən qoparıla bilərsəniz. Cəmiyyətə deyir ki, baxın və susun, çünki bu aqibət sizin də qapınızı döyə bilər.
Məsələnin mahiyyəti buradadır ki, Azərbaycan hakimiyyəti artıq zorakılığını gizlətməyə əvvəlki qədər ehtiyac duymur. Əvvəllər repressiya daha çox hüquqi dekorasiya, “ictimai asayiş”, “qanunçuluq”, “dövlət maraqları”, “xarici təsir”, “sabitlik” kimi ifadələrlə ört-basdır edilirdi. İndi isə örtük nazilir, dekorasiya kobudlaşır, zorakılıq özü siyasi tamaşaya çevrilir. Hakimiyyət təkcə həbs etmir, həm də həbsi nümayiş etdirir. Təkcə qorxutmur, həm də qorxunun necə işlədiyini göstərir. Təkcə cəzalandırmır, həm də cəzanın simvolik mənasını cəmiyyətə oxudur.
“Toplum TV işi” bu baxımdan ayrıca əhəmiyyət daşıyır, çünki burada hədəf müstəqil sözün, siyasi təşkilatlanmanın və ictimai tənqidin mümkünlüyüdür. Hakimiyyət bu iş vasitəsilə belə bir siyasi xətt çəkir: jurnalistika sadəcə informasiya fəaliyyəti deyil, əgər hakimiyyətin nəzarətindən kənardadırsa, cinayətə çevrilə bilər; siyasi fəallıq sadəcə vətəndaş mövqeyi deyil, əgər sistemin icazə verdiyi sərhədləri aşırsa, uzunmüddətli həbs təhlükəsinə çevrilə bilər; vətəndaş cəmiyyəti sadəcə ictimai təşəbbüs deyil, əgər müstəqil nəfəs alırsa, maliyyə və iqtisadi ittihamların altında əzilə bilər.
Burada qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, vergi, sənəd və maliyyə ittihamları hüquqi kateqoriya kimi yox, siyasi texnologiya kimi işlədilir. Hakimiyyət tənqidçini “siyasi məhbus” kimi yox, “iqtisadi cinayətkar” kimi göstərmək istəyir. Bu, avtoritar rejimlərin köhnə hiyləsidir. Lakin bu dekorasiya artıq o qədər kobuddur ki, maska özü də zorakılığın bir hissəsinə çevrilir.
Marksist baxış üçün burada sirr yoxdur. Dövlət cəmiyyətin üstündə duran neytral hakim deyil. Dövlət müəyyən sinfi maraqların təşkilatlanmış gücüdür. Polis, məhkəmə, prokurorluq, həbsxana, xüsusi xidmət orqanları və bürokratik aparat birlikdə hakim sinfin siyasi hakimiyyətini qoruyan mexanizmdir. Liberal düşüncə bu aparatın “islah olunacağına”, “müstəqilləşəcəyinə”, “qanunun aliliyinə qayıdacağına” inanmaq istəyir. Marksist baxış isə daha sərt və daha dəqiq sual verir: bu aparat kimin sərvətini qoruyur, kimin mülkiyyətini müdafiə edir, kimin susqunluğunu təşkil edir, kimin etirazını cinayətə çevirir?
Azərbaycan hakimiyyətinin bugünkü zorakılığı məhz bu sualın cavabında aydınlaşır. Burada söhbət sadəcə “pis idarəetmə”dən getmir. Söhbət kapitalist-avtoritar hakimiyyət formasından gedir. Yuxarıda oliqarxik sərvət və məmur kapitalizmi, ortada bürokratik aparat, aşağıda isə qorxudulmuş və siyasi iştirakdan uzaqlaşdırılmış xalq dayanır. Polis həmin quruluşun küçədəki üzüdür. Məhkəmə həmin quruluşun sənəddəki üzüdür. Televiziya həmin quruluşun ideoloji üzüdür. Mülki geyimli saxlayan şəxslər isə həmin quruluşun qaranlıq üzüdür.
Bu səbəbdən polis zorakılığına yalnız fərdi “pis polis” problemi kimi baxmaq yanlışdır. Hakimiyyət üçün konkret bir polisin şəxsi taleyi əsas məsələ deyil. Əsas məsələ polis aparatının siyasi funksiyasıdır. Ona görə də ictimaiyyətə zorakılığı ilə tanınan, cəzasızlıq simvoluna çevrilən polis əməkdaşlarının qorunması təkcə korporativ müdafiə deyil. Bu, bütün zor aparatına verilən açıq mesajdır: “Siz bizi qoruyun, biz də sizi qoruyacağıq”. Bu münasibətdə hüquq yox, qarşılıqlı sədaqət müqaviləsi işləyir. Dövlət öz məmuruna deyir: sənin zorakılığın bizim hakimiyyətimizin davamıdır. Xalqa isə deyir: sənə qarşı edilən zorakılıq təsadüf deyil, sistemin özüdür.
İmişli hadisəsi bu mənada ayrıca simvolik məna daşıyır. Polis avtomobilinin uşaqları vurması nəticəsində yaranan faciə yalnız yol-nəqliyyat hadisəsi kimi təqdim edilə bilməz. Əsl siyasi məna ondan sonra baş verənlərdə idi. Cəmiyyətin gözündə əsas sual bu idi ki, uşaqların ölümü qarşısında dövlət kimi qoruyacaq, kimi cəzalandıracaq? Cavab tezliklə göründü. Faciəyə etiraz edənlər saxlanıldı, cəzalandırıldı, qorxu istehsal olundu. Yəni dövlət faciəni ədalət məsələsinə çevirmək, uşaqların ölümü araşdırılmaq əvəzinə, aparatın nüfuzu qorundu, insan həyatı yox, dövlət mexanizminin toxunulmazlığı əsas götürüldü.
Bənzər məntiq başqa hadisələrdə də görünür. Vətəndaşın maşınına zorakılıqla müdaxilə edən polis yox, sonda vətəndaşın özü cəzalandırılırsa, burada hüquqi normaların yox, siyasi iyerarxiyanın işlədiyini görürük. Mesaj sadədir: sən haqlı olsan belə, dövlət aparatına qarşı haqlı ola bilməzsən. Çünki bu sistemdə həqiqət faktla yox, güc münasibəti ilə müəyyənləşir. Kimdə forma, vəzifə, xidməti maşın və arxasında aparat varsa, “qanun” da onun dilində danışır. Vətəndaş isə yalnız ittiham olunan, susdurulan və nümunə kimi cəzalandırılan fiqurdur.
Son dövrdə hakimiyyət çevrəsinə yaxın şəxslərlə müstəqil jurnalistlərə və siyasi fəallara münasibət arasındakı fərq də sinfi dövlətin portretini açır. Bir tərəfdə yüksək hakimiyyət dairələrinə yaxın şəxslərin ağır iqtisadi ittihamlar qarşısında daha yumşaq tədbirlərlə üzləşməsi, digər tərəfdə eyni və ya oxşar maddələrlə ittiham olunan jurnalistlərə və fəallara 13-16 il arası həbs istənilməsi təsadüf deyil. Bu, sinfi iyerarxiyadır. Hakim sinfə yaxın olan üçün hüquq elastikdir, tənqidçi üçün isə dəmir çubuqdur.
Mülki geyimli şəxslər vasitəsilə saxlanmalar isə bu rejimin daha qaranlıq mərhələyə keçdiyini göstərir. Forma bəzən geri çəkilir, amma dövlət zorakılığı geri çəkilmir. Əksinə, daha qeyri-rəsmi, daha qeyri-müəyyən, daha qorxuducu görünüş alır. Formalı polis heç olmasa dövlətin açıq simvoludur. Mülki geyimli zorakılıq aparatı isə vətəndaşa deyir ki, biz hər yerdəyik, amma özümüzü göstərməyə borclu deyilik.
Hakimiyyətin simvolik tarixlərdə həbslər etməsi, eyni gün ərzində bir neçə jurnalist və fəalı hədəfə alması, repressiyanı dalğa şəklində aparması da təsadüfi deyil. Burada məqsəd yalnız konkret şəxsləri zərərsizləşdirmək deyil. Məqsəd siyasi mühitin özünü iflic etməkdir. Hər kəs bilməlidir ki, növbə birdən çox adama gələ bilər. Hər kəs hiss etməlidir ki, həbslər təsadüfi yox, ritmikdir. Hər kəs anlamalıdır ki, fərdi təhlükəsizlik illüziyadır. Bu, qorxunun kollektivləşdirilməsidir. Hakimiyyət qorxunu fərdi hiss kimi yox, ictimai atmosfer kimi qurur.
2020-ci il bu prosesdə dönüş nöqtəsi oldu. Pandemiya və müharibə hakimiyyətə böyük siyasi imkan verdi. Karantin vasitəsilə ictimai məkan boşaldıldı, müharibə vasitəsilə milli səfərbərlik ideologiyası gücləndirildi, müxalifətin müxtəlif cəbhələri dağıdıldı, təşkilatlı müqavimət imkanları zəiflədildi. Hakimiyyət “şok doktrinası”nı öz yerli formasında tətbiq etdi, əvvəl cəmiyyəti fövqəladə vəziyyət psixologiyasına saldı, sonra həmin fövqəladə vəziyyətin siyasi nəticələrini normaya çevirdi. 2023-cü ildən sonra isə bu prosesin nəticələri daha açıq göründü: media susdurulur, fəallar hədəfə alınır, məhkəmələr siyasi təmizləmə maşını kimi işləyir, polis zorakılığı daha rahat və daha nümayişkaranə formaya keçir.
Burada “faşizm” anlayışını şüar kimi yox, ciddi marksist kateqoriya kimi işlətmək lazımdır. Klassik faşizm sadəcə qəddar polis rejimi deyil, o, kapitalizmin dərin böhranı şəraitində xırda burjuaziya və lumpen təbəqələrin irticaçı kütləvi hərəkatı əsasında işçi sinfinin təşkilatlarını, sol qüvvələri və demokratik hüquqları fiziki olaraq əzmək formasıdır. Azərbaycan hazırda bu mənada klassik faşist kütləvi hərəkat modeli olmasa da, bu, təhlükəni azaltmır. Əksinə, bu gün Azərbaycanda polis-Bonapartist avtoritarizmin və faşistləşmə elementlərinin gücləndiyini görürük: dövlət aparatı cəmiyyətin üzərinə qalxır, icra hakimiyyəti bütün institutları özünə tabe edir, hüququn yerini inzibati zorakılıq tutur, siyasi rəqabətin yerini preventiv həbs tutur, ictimai dialoqun yerini açıq təhdid tutur.
Bu, kapitalist dövlətin çürümüş formasının yerli təzahürüdür. Hakimiyyət özünü “millətin hakimi” kimi göstərir, amma əslində iri mülkiyyətin, oliqarxik kapitalın, məmur biznesinin və imtiyazlı təbəqələrin təhlükəsizliyini qoruyur. Dövlət yuxarıdan hamıya hökm edən müstəqil güc kimi görünür, lakin onun iqtisadi əsası kapitalist mülkiyyət münasibətləridir. O, işçiyə, müəllimə, həkimə, jurnalistə, tələbəyə, kasıb kəndliyə və xırda sahibkara qarşı sərt ola bilər; hətta bəzən hakim sinfin ayrı-ayrı üzvlərini də cəzalandıra bilər. Hərçənd bu cəzalar sistemin mahiyyətini dəyişmir. Əsas mülkiyyət münasibətləri toxunulmaz qalır, sərvət yuxarıda yığılır, qorxu aşağıya paylanır.
Hakimiyyətin xalqa verdiyi mesaj artıq belədir: “Biz sizi razı salmağa yox, idarə etməyə gəlmişik”. Bu, yalnız siyasi fəallara aid məsələ kimi qiymətləndirilməməlidir. Şəhəri su basanda belə hakimiyyət məsuliyyət dilində danışmır. İnfrastruktur böhranı yaranır, amma hakimiyyət onu idarəetmə fəlakəti kimi yox, istehza ilə örtülə biləcək texniki problem kimi təqdim edir. Yağış suları küçələri iflic edəndə, bunun arxasında illərlə yığılan korrupsiya, plansız tikinti, şəhərsalma rentası, ictimai marağın biznes marağına qurban verilməsi dayanır. Bakının su altında qalması təbiətin qəfil hücumu deyil; kapitalist şəhərsalmanın, məmur biznesinin və ictimai nəzarətsizliyin palçıqlı nəticəsidir.
Bu da sinfi məsələdir. Şəhər hamı üçün eyni şəkildə dağılmır. Su basan küçədə işə gedən əməkçi gecikir, taksi sürücüsü zərər çəkir, kiçik sahibkar malını itirir, kasıb məhəllə kanalizasiya içində qalır. Amma şəhərin planını yeyənlər, tikinti icazələrindən varlananlar, gölləri qurudub bina tikənlər, infrastrukturu kağız üzərində “inkişaf”a çevirənlər məsuliyyət daşımır. Dövlətin burjua mahiyyəti burada da görünür, fəlakətin xərcini xalq çəkir, qazancını hakim sinfə bağlı kapital yığır.
Ona görə də məsələ yalnız siyasi məhbuslar məsələsi, yalnız jurnalistlərin həbsi, yalnız polis özbaşınalığı deyil. Bunların hamısı eyni sinfi-siyasi mexanizmin müxtəlif üzləridir. Hakimiyyətin qorxu rejimi neft gəlirlərinə, məmur kapitalizminə, iri mülkiyyətin toxunulmazlığına, oliqarxik ailə şəbəkələrinə və idarə olunan ictimai susqunluğa söykənir. Bu sistem xalqı vətəndaş kimi yox, idarə edilməli kütlə kimi görür. Onun üçün azad mətbuat təhlükədir, çünki korrupsiyanı görünən edir. Siyasi fəal təhlükədir, çünki susqunluğu pozur. Təşkilatlanmış işçi təhlükədir, çünki istehsalın əsil gücünü xatırladır. Tələbə təhlükədir, çünki gələcəyi itaətkar qəbul etməyə bilər.
Liberal müxalifət çox vaxt bu mənzərəni qanunsuzluq kimi izah edir və çıxış yolunu “qanuna qayıdış”da görür. Amma sual budur: hansı qanuna? Qanunun özü hakim sinfin əlində siyasi silaha çevrilibsə, sadəcə “qanun işləsin” demək yetərli deyil. Qanun kimin əlindədir? Məhkəmə kimin aparatıdır? Prokurorluq kimin siyasi sifarişini daşıyır? Polis hansı mülkiyyət sistemini qoruyur? Marksist cavab burada liberal təsəllidən daha sərtdir: bu dövlət aparatı təsadüfən belə davranmır, öz sinfi funksiyasına uyğun davranır.
Bu, o demək deyil ki, demokratik hüquqlar uğrunda mübarizə ikinci dərəcəlidir. Əksinə, söz, mətbuat, təşkilatlanma, aksiya, həmkarlar ittifaqı və siyasi fəaliyyət azadlığı uğrunda mübarizə bu gün həyati əhəmiyyət daşıyır. Lakin marksistlər bu hüquqları liberal illüziya ilə yox, sinfi mübarizənin zəruri şərti kimi müdafiə edirlər. Siyasi məhbusların azadlığı yalnız humanitar tələb deyil, cəmiyyətin özünü müdafiə etməsi üçün minimum şərtdir. Müstəqil medianın müdafiəsi yalnız jurnalist peşəsinin məsələsi deyil, xalqın hakim sinfin cinayətlərini görmək haqqıdır. Polis zorakılığına qarşı mübarizə yalnız hüquqi məsələ deyil, dövlət aparatının xalq üzərində qurduğu qorxu mexanizminə qarşı mübarizədir.
Repressiyaya qarşı mübarizə yalnız hüquq müdafiəçiliyi çərçivəsində qala bilməz. Əlbəttə, bütün siyasi məhbusların azadlığı tələb olunmalıdır. “Toplum TV işi” üzrə ittiham olunanların, müstəqil jurnalistlərin, siyasi fəalların, işçi hüquqları müdafiəçilərinin, tələbələrin və bütün repressiya qurbanlarının azadlığı üçün səs qaldırılmalıdır. Amma bununla yanaşı, bu mübarizə sinfi mübarizə səviyyəsinə qaldırılmalıdır. Çünki repressiya sadəcə azad sözə qarşı deyil, potensial təşkilatlanmaya qarşıdır. Hakimiyyət ən çox fikir bildirən adamdan yox, fikri təşkilata, təşkilatı hərəkətə, hərəkəti kütləvi qüvvəyə çevirə bilən imkanlardan qorxur.
Ona görə bu gün əsas vəzifə qorxunun parçalanmasıdır. Hakimiyyət xalqı ayrı-ayrı fərdlər kimi qorxutmaq istəyir. Biz isə insanları kollektiv güc kimi düşünməyə məcbur etməliyik. Jurnalistin həbsi işçinin problemi deyilmiş kimi təqdim ediləndə hakimiyyət qazanır. Fəalın saxlanılması tələbənin problemi deyilmiş kimi görünəndə hakimiyyət qazanır. Polis zorakılığı yalnız bir ailənin faciəsi kimi qalanda hakimiyyət qazanır. Amma bütün bu hadisələr bir zəncir kimi görüldükdə, yəni mətbuat azadlığı, əmək hüquqları, sosial ədalət, şəhər infrastrukturu, siyasi azadlıq və polis zorakılığı eyni sistemin içində izah edildikdə hakimiyyətin ideoloji üstünlüyü çatlamağa başlayır.
Bu gün Azərbaycan hakimiyyəti xalqa “siz heç nə edə bilməzsiniz” mesajı verir. Buna cavab romantik qəhrəmanlıqla yox, soyuq təşkilatlanma ilə verilməlidir. Qorxunu fərdi cəsarətlə yox, kollektiv strukturla qırmaq olar. Tək-tək adamlar asan hədəfdir; təşkilatlanmış sosial qüvvə isə artıq siyasi faktordur. İşçi sinfinin, gəncliyin, jurnalistlərin, müəllimlərin, həkimlərin, tələbələrin, qadınların, regionlarda yaşayan kasıb əhalinin və şəhər yoxsullarının problemləri bir-birindən ayrı deyil. Bunların hamısı eyni kapitalist-avtoritar sistemin istehsal etdiyi böhranlardır.
Bu baxımdan kommunistlərin və bütün ardıcıl demokratik qüvvələrin vəzifəsi aydındır: “Toplum TV işi” üzrə bütün ittihamların ləğvi, jurnalistlərin və siyasi fəalların azadlığı, siyasi məhbusların dərhal buraxılması, müstəqil medianın fəaliyyətinə qoyulan bütün maneələrin aradan qaldırılması, polis zorakılığına görə məsuliyyət daşıyanların cəzalandırılması, mülki geyimli şəxslər vasitəsilə saxlanmaların dayandırılması, siyasi fəaliyyət və təşkilatlanma azadlığının təmin olunması tələb edilməlidir. Amma bu tələblər kapitalist dövlətə yalvarış kimi yox, aşağıdan gələn ictimai təzyiqin proqramı kimi irəli sürülməlidir.
Ən mühüm məsələ isə müstəqil sinfi siyasətin qurulmasıdır. Azərbaycan cəmiyyətinin problemləri nə saray daxilində “yumşalma” ümidləri ilə, nə Qərb diplomatiyasının ikiüzlü bəyanatları ilə, nə də liberal müxalifətin yalnız hüquqi islahat gözləntiləri ilə həll olunacaq. Avtoritarizm kapitalist mülkiyyət münasibətlərindən, oliqarxik sərvət yığımından, dövlət aparatının sinfi funksiyasından və xalqın təşkilatsız saxlanılmasından qidalanır. Ona görə də ona qarşı mübarizə də yalnız mənəvi etirazla yox, təşkilatlanmış sinfi qüvvə ilə aparıla bilər.
Hakimiyyətin zorakılığı maskasızlaşdıqca bizim analizimiz də maskasız olmalıdır. Bu, sadəcə “məmur özbaşınalığı” deyil. Bu, sadəcə “bəzi polislərin kobudluğu” deyil. Bu, sadəcə “məhkəmə ədalətsizliyi” deyil. Bu, Azərbaycan kapitalizminin siyasi formasıdır, yuxarıda oliqarxik sərvət, ortada bürokratik aparat, aşağıda qorxudulmuş xalq. Və bu quruluşun qorxduğu əsas şey xalqın öz vəziyyətini ayrı-ayrı şikayətlər kimi yox, vahid sinfi həqiqət kimi anlamasıdır.
“Toplum TV işi” üzrə 13-16 il həbs tələbi bu həqiqəti daha da aydın göstərdi. Hakimiyyət artıq yumruğunu cibində saxlamır, onu cəmiyyətin gözünün önünə çıxarır. O yumruğu görməmək sadəlövhlükdür. Ondan yalnız şikayət etmək yetərsizdir. Onu doğuran sinfi quruluşu anlamaq, siyasi nəticə çıxarmaq və ona qarşı təşkilatlanmaq isə artıq tarixi zərurətdir.
Qorxu rejimləri yalnız qorxan cəmiyyətlər üzərində yaşayır. Qorxu dağılanda isə onların bütün gücü, bütün məhkəmələri, bütün ittiham aktları və bütün təbliğat maşını bir anda zəif görünməyə başlayır. Bizim “siz heç nə edə bilməzsiniz” mesajı verən hakimiyyətə cavabımız isə belə olmalıdır: xalq təşkilatlananda, işçi sinfi öz gücünü anlayanda və gənclik gələcəyini sarayların mərhəmətinə buraxmayanda, heç bir zorakılıq aparatı tarixin axınını sonsuza qədər saxlaya bilməz.

