Aqil Abbas və sistemin tələbələrlə bağlı əsl planı: ucuz əmək qüvvəsi, itaət və “könüllülük”

Aqil Abbas və sistemin tələbələrlə bağlı əsl planı: ucuz əmək qüvvəsi, itaət və “könüllülük”

Aqil Abbasın tələbələrin yay tətilində Qarabağda işləməsi barədə fikirləri bir deputatın ehtiyatsız danışığı kimi qəbul edilə bilməz. Bu cür sözlər təsadüfən ortaya çıxmır. Onlar hakim təbəqənin tələbəyə necə baxdığını açıq göstərir və bu yanaşmada tələbə azad düşünən gənc yox, lazım gələndə səfərbər edilə bilən ucuz əmək ehtiyatıdır.

Bu məsələdə əsas problem Qarabağda işləmək ideyası deyil. Əgər tələbə özü istəyirsə, rəsmi müqavilə, normal maaş, sığorta, təhlükəsizlik və yaşayış təminatı ilə istənilən yerdə işləyə bilər. Problem ondadır ki, tələbənin yay tətili “boş vaxt” kimi təqdim olunur. Sanki bu vaxt onun özünə aid deyilmiş, sanki bütün ili təhsil haqqı, kirayə, yolpulu, imtahan, ailə yükü və gələcək qorxusu altında yaşayan gəncin dincəlmək, oxumaq, özünü inkişaf etdirmək, işləyəcəksə də bunu öz şərtləri ilə etmək haqqı yoxdur.

Bu baxışın arxasında kapitalist cəmiyyətin insanın bütün vaxtının ya bazar, ya da dövlət üçün faydalı olmasından ibarət məntiqi dayanır. Tələbə də bu məntiqdən kənarda deyil. Universitet üçün o, ödəniş edən müştəridir. İş bazarı üçün təcrübəsiz və ucuz işçidir. Dövlət üçün tədbirlərə daşınan “fəal gənclik” dekorasiyasıdır. İndi isə ona yay tətilində tikinti meydançası göstərilir və bu, “vətənpərvərlik”, “könüllülük”, “quruculuqda iştirak” kimi təqdim olunur.

Burada liberal və apolitik tələbənin ayılmalı olduğu yer məhz budur. Sən siyasətdən uzaq durduğunu düşünə bilərsən, hətta  özünü “mən sadəcə oxumaq, işləmək, normal həyat qurmaq istəyirəm” deyə sakitləşdirə bilərsən, amma siyasət səndən uzaq durmur. Siyasət sənin təhsil haqqında, təqaüdünün yetərsizliyində, yataqxana problemində, kirayə bazarında, universitet rəhbərliyinin inzibati təzyiqində, indi isə yay tətilinin “boş vaxt” kimi görülməsində var. Sən siyasətlə məşğul olmaya bilərsən, amma sistem sənin həyatınla çoxdan məşğuldur.

Aqil Abbasın sözləri ona görə təhlükəlidir ki, onlar sabahın daha sərt reallığını xəbər verir. Bu gün tələbəyə “yayda Qarabağda işləsin” deyən məntiq sabah “təhsil haqqını ödəyə bilmirsə, daha çox işləsin” deyəcək. Bir gün sonra “pulsuz təcrübə qazanmaq fürsətdir” deyəcək. Daha sonra “etiraz etmə, dövlət sənə imkan yaradır” deyəcək. Kapitalizm insanın ehtiyacını əvvəlcə problemə, sonra bazara, sonda isə itaət mexanizminə çevirir.

Meşşan rahatlığı burada ən böyük tələdir. “Mənə toxunmur”, “siyasət mənlik deyil”, “əsas diplomu alım”, “hamı bir cür dolanır” kimi fikirlər insanı qoruyurmuş kimi görünsə də, əslində onu tərksilah edir. Çünki sistem tək-tək insanların sakit qalmasından güc alır. Sən susduqca, sənin təhsil haqqın artır. Sən susduqca, təqaüdün simvolik qalır. Sən susduqca, universitet səni idarə olunan kütlə kimi görməyə davam edir. Sən susduqca, sabah sənin yay tətilinə də “ictimai fayda” adı ilə əl uzadılır.

Halbuki bu məsələ deputatın pis danışması səviyyəsində qalmamalıdır, çünki söhbət fərdi kobudluqdan yox, sinfi münasibətdən gedir. Hakim sinif gəncliyi azad fərdlər kimi yox, gələcək əmək qüvvəsi kimi yetişdirir. Təhsil sistemi də çox vaxt insanı hərtərəfli inkişaf etdirmək üçün yox, onu bazara uyğunlaşdırmaq üçün işləyir.  Buna görə cavab da fərdi narazılıq səviyyəsində qala bilməz. Tələbələr öz problemlərini ayrıca, işçilərin problemlərini ayrıca, müəllimlərin problemlərini ayrıca görməməlidirlər. Təhsil haqqı, ucuz əmək, müqaviləsiz iş, təqaüdün yetərsizliyi, kirayə böhranı, işsizliyin təzyiqi eyni sistemin müxtəlif nəticələridir. Tələbə özünü gələcək “orta sinif” fantaziyası ilə aldatdıqca, sistem onun bu günün ucuz işçisi kimi istifadəsi və istismarını davam etdirəcək.

Əgər tələbələr təşkilatlanmasa, daha yaxşı gələcək öz-özünə gəlməyəcək. Əksinə, hər şey daha da sərtləşəcək. Təhsil daha baha, əmək daha ucuz, təqaüd daha mənasız, universitet daha itaətkar, gənclik isə daha ümidsiz hala gətiriləcək. Heç bir deputat, heç bir rektor, heç bir nazirlik tələbəyə hüquqlarını hədiyyə etməyəcək. Hüquqlar yalnız tələb olunduqda, müdafiə edildikdə və kollektiv gücə çevrildikdə real məna qazanır.

Ona görə məsələ sadədir, tələbələrin Qarabağda və ya başqa yerdə işləməsi yalnız azad seçim, rəsmi əmək müqaviləsi, real maaş, sığorta və təhlükəsizlik təminatı ilə mümkündür. Bundan kənarda qalan hər şey sosial məsuliyyət yox, tələbənin zəif mövqeyindən istifadə etməkdir.

Aqil Abbasın sözləri bizə bir şeyi açıq göstərdi ki, bu sistem tələbəni sevmir, onu idarə etmək və işlətmək istəyir. Bunu görmək narahatedicidir, amma ayıldıcıdır, çünki ilk siyasi oyanış çox vaxt xoş bir fikir kimi yox, insanın öz vəziyyətini birdən-birə tanıması kimi başlayır. Tələbə öz həyatının sadəcə tamaşaçısı ola bilməz. Əks halda onun yerinə həmişə başqaları  – sistem və onun xidmətçiləri qərar verəcək.