Azərbaycan hökumətinin ən çox qorxduğu qüvvə: Rejimin təşkilatlanmış işçilərə işgəncəsi təsadüfi deyil

Azərbaycan hökumətinin ən çox qorxduğu qüvvə: Rejimin təşkilatlanmış işçilərə işgəncəsi təsadüfi deyil

Nə saray müxalifəti, nə parlament dekorasiyası, nə də sosial şəbəkələrdə bir gün alışıb o biri gün sönən qəzəb – hakim sinfin əsl kabusu sadalananlar yox, öz gücünü dərk edən, təkbaşına şikayət etməyi buraxıb təşkilatlanmağa başlayan işçilərdir.

Çünki bu ölkənin sərvətini yaradanlar məmurlar, oliqarxlar, tender varlıları və işçinin qanı hesabına “uğurlu sahibkar”a çevrilənlər deyil. Bu sərvəti yaradanlar kuryer çantası ilə şəhəri dolaşanlar, tikintidə can qoyanlar, zavodda, restoranda, anbarda, tarlada və gecə növbəsində işləyənlərdir. Hakim sinfin qorxduğu gün də məhz bu sərvətin həqiqi sahiblərinin qapını döyüb onlardan oğurlanan ömrün, əməyin, sağlamlığın və ləyaqətin hesabını soruşacaqları gündür.

Elvin Mustafayevə qarşı baş verənlərə də bu gözlə baxmaq lazımdır. Bu, azadlığa çıxmasına az qalmış əmək hüquqları fəalının yenidən təcrid olunmasıdır. Bu, həbsxana divarları içində davam edən sinfi cəzalandırmadır. Hakimiyyət burada Elvinə yox, onun təmsil etdiyi fikrə hücum edir. Bəs bu fikir nədir? İşçi susmaya bilər, işçi təşkilatlana bilər, işçi öz haqqını tək yox, kollektiv şəkildə tələb edə bilər.

“Meydan TV”nin yaxınlarına istinadən yaydığı məlumata görə, 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev iyunun 30-da “kars”a salınıb və buna etiraz olaraq aclıq aksiyasına başlayıb. Atası Əli Mustafayev oğlunun hansı səbəbdən cərimə kamerasına salındığını öyrənə bilmədiyini deyir və baş verənləri Elvinin azadlığa çıxmasına mane olmaq üçün təxribat kimi qiymətləndirir.

Burada əsas sual budur: niyə məhz indi?

Bir insanın azadlığa çıxmasına çox az vaxt qalmış onu cərimə kamerasına salırlarsa, ailəsi səbəb barədə məlumat ala bilmirsə, əvvəlcədən ona qarşı “cərimə olunacaqsan, çıxa bilməyəcəksən” məzmunlu təhdid iddiası varsa, bunu sadəcə “daxili intizam tədbiri” adlandırmaq sadəlövhlükdür. Repressiyanın ən hiyləgər forması siyasi cəzanı inzibati prosedurun içində gizlətməkdir.

Elvin Mustafayev təsadüfi şəxs deyil. O, “İşçi Masası”nın üzvüdür. Bu təşkilat Azərbaycanda işçi hüquqlarını, kuryerlərin və digər muzdlu əməkçilərin problemlərini gündəmə gətirən azsaylı müstəqil təşəbbüslərdən biridir. Hakimiyyət üçün təhlükəli olan da budur. Fərdi şikayət sistem üçün dözüləndir, təşkilatlanmış işçi isə təhlükədir, çünki işçi tək olanda onu işdən qovmaq, susdurmaq, qorxutmaq asandır. İşçilər birləşəndə isə sahibkarın arxasında gizlənən dövlətin əsl siması görünür.

Marksist baxış üçün burada heç bir sirr yoxdur. Dövlət hamının üzərində dayanan neytral hakim deyil. O, hakim sinfin təşkilatlanmış zorakılıq aparatıdır. Polis, məhkəmə, prokurorluq və həbsxana kağız üzərində “qanun” adından danışsa da, real həyatda mülkiyyəti, istismarı və kapitalist toxunulmazlığını qoruyur. Azərbaycanda işçi müqaviləsiz işlədiləndə dövlət kar olur, maaş verilməyəndə kor olur, sahibkar işçini alçaldanda susur. Amma işçilər təşkilatlananda dövlət dərhal ayılır.

Elvin Mustafayev narkotik ittihamını qəbul etmir və həbsinin ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir. İndi isə həmin fəal azadlığa çıxmasına az qalmış “kars”a salınır. Bu zəncir əsla təsadüfi deyil. Məqsəd yalnız Elvini sındırmaq yox, işçilərə xəbərdarlıq etməkdir: təşkilatlansanız, növbəti siz olacaqsınız!

Amma hakim sinfin anlamadığı şey budur: qorxu həmişə itaət yaratmır. Bəzən qorxu yığılır, bərkiyir və sinfi qəzəbə çevrilir. Hər “kars”, hər saxta ittiham, hər susdurulan fəal zəhmətkeşlərin yaddaşına yazılır. Həbsxana divarları isə bu səslərin qəzəbini daha da sərtləşdirir.

Elvin Mustafayevin cərimə kamerasına salınmasının səbəbi dərhal açıqlanmalıdır. Onun ailəsi və vəkili ilə maneəsiz əlaqəsi təmin edilməli, aclıq aksiyası fonunda sağlamlığına görə müstəqil tibbi nəzarət təşkil olunmalıdır. Onun azadlığa çıxmasına mane ola biləcək hər cür intizam manipulyasiyasına son qoyulmalıdır. “İşçi Masası” üzvlərinə və ümumən müstəqil işçi fəallarına qarşı təqiblər dayandırılmalıdır.

Lakin məsələ yalnız bir fəalın taleyi deyil. Məsələ budur ki, Azərbaycan hökuməti zəhmətkeş xalqın dostu yox, onun əməyini mənimsəyən hakim sinfin siyasi mühafizəçisidir. Onlar Elvindən yox, Elvinin təmsil etdiyi ehtimaldan – işçilərin bir gün ayağa qalxıb bu ölkənin həqiqi sahiblərinin kim olduğunu xatırlatmasından qorxurlar.

Hakim sinfin kabusu budur. Qapı bir gün döyüləcək. O qapını yalvaran fərdlər yox, təşkilatlanmış işçi sinfi döyəcək. ✊🏻