Niyə Mirşahin azərbaycanlıların televizora baxmasını istəyir? Hakimiyyətin ekran qarşısında itirdiyi itaət

Niyə Mirşahin azərbaycanlıların televizora baxmasını istəyir? Hakimiyyətin ekran qarşısında itirdiyi itaət

Mirşahin Ağayev “televizora baxmıram” deyən adama dişini yumayan, çimməyən və ictimai yerdə ədəbsiz davranan insan kimi yanaşmağı təklif edir. Onun fikrincə, ailə üzvlərini televizora baxmağa hətta məcbur etmək lazımdır, çünki televiziya milli mentalitetin tərkib hissəsidir.

Bu sözləri eşidəndə əvvəlcə insanın ağlına sadə bir sual gəlir: hansı telekanala baxmamaq çimməməyə bərabərdir? REAL TV-yə, AzTV-yə, yoxsa pultun qarşısına çıxan bütün kanallara? Gündə neçə saat televizora baxdıqdan sonra vətəndaş gigiyenik cəhətdən təmiz hesab olunur? Veriliş yarımçıq saxlanılarsa, yenidən duş qəbul etmək lazımdırmı? Lakin Mirşahinin sözlərini yalnız məntiqi cəfəngiyat kimi ələ salmaq kifayət deyil. Gülünc görünən bu açıqlamanın daxilində Azərbaycan hakimiyyətinin media, vətəndaş və itaət haqqında kifayət qədər ciddi təsəvvürü yatır. Mirşahin sadəcə televiziya aparıcısının narazılığını ifadə etməyib. O, hakim medianın tamaşaçıdan nə gözlədiyini bilmədən etiraf edib.

Bu modeldə media insanlara məlumat verməli olan ictimai vasitə deyil. Media qarşısında müəyyən vəzifələr daşıdığımız siyasi müəssisədir. Tamaşaçı isə mühakimə edən, müqayisə aparan və seçən şəxs yox, çağırılan vaxt ekran qarşısında oturmalı olan intizam obyektidir. Mirşahinin əsas problemi televizora baxmayan insan deyil. Onun əsas problemi göstəriş verilmədən nəyi izləyəcəyinə qərar verən insandır.

Diş yumaqla televizora baxmaq arasında heç bir məntiqi əlaqə yoxdur. Birincisi, sağlamlıq üçün zəruri gigiyenik davranışdır, ikincisi isə müəyyən media məhsulunun istehlakıdır. Buna baxmayaraq, Mirşahin onları bilərəkdən eyni mənəvi müstəviyə yerləşdirir. Bu yolla seçim tibbi və əxlaqi problemə çevrilir. Televiziyaya baxmayan adamın arqumenti araşdırılmır, onun şəxsiyyəti qüsurlu elan edilir. Tamaşaçı xəbərə inanmırsa, xəbərin doğruluğu müzakirə olunmur. Verilişi maraqsız hesab edirsə, verilişin keyfiyyəti sorğuya çəkilmir. Televiziyanı söndürürsə, kanalın niyə etimad doğurmadığı araşdırılmır. Günah əvvəlcədən tamaşaçının üzərinə qoyulur. Əmtəə satılmır, amma istehsalçı əmtəəni dəyişmək əvəzinə alıcını natəmiz adlandırır.

Əslində, Azərbaycan televiziyasının gigiyena haqqında danışmaq üçün kifayət qədər ehtiyatlı olması məsləhətdir. İllərlə yalanı xəbər, yaltaqlığı təhlil, saray mərasimini ictimai həyat, hökumət bəyanatını isə həqiqət kimi təqdim edən sistemin insanlara təmizlik dərsi verməsi, kanalizasiya borusunun içməli su haqqında mühazirə oxumasına bənzəyir. Televizora baxmayan vətəndaş anti-gigiyenik deyil. Anti-gigiyenik olan ictimai şüuru saxta məlumat, inzibati nikbinlik və dövlət təbliğatı ilə çirkləndirən media quruluşudur.

Mirşahin televizora baxmağı milli mentalitetin tərkib hissəsi elan edir. Burada “mentalitet” sözünün elmi məzmunu yoxdur. O, siyasi göstərişi milli xüsusiyyət kimi təqdim etmək üçün işlədilən bəzəkli dəyənəkdir. Televiziya Azərbaycan xalqının minillik adəti deyil. Elektron cihazın istifadəsini milli kimliyin göstəricisinə çevirmək tarixi baxımdan mənasızdır. Mirşahinin məqsədi də tarix yazmaq deyil. Məqsəd hakim media ilə razılaşmanı azərbaycanlılığın təbii əlaməti kimi təqdim etməkdir.

Hakim sinif öz xüsusi mənafeyini heç vaxt açıq şəkildə “bizim mənafeyimiz” adlandırmaq istəmir. Onu “milli maraq”, “dövlətçilik”, “ictimai sabitlik”, “ənənə”, “mentalitet” və “ümumi dəyər” adı altında təqdim edir. Beləliklə, siyasi tələb siyasi tələb kimi görünmür. O, guya hamının əməl etməli olduğu təbii davranış normasına çevrilir.

Mirşahin “televizora baxın” demir. Əslində belə deyir: sizə təqdim etdiyimiz informasiya qaydasını normal qəbul edin. Göstərdiklərimizi müzakirənin başlanğıcı deyil, sonu sayın. Ekranın o biri tərəfində oturanların sizdən daha yaxşı bildiyini qəbul edin. Bu mənada “milli mentalitet” xalqın xarakteri deyil, hakimiyyətin arzuladığı vətəndaşın psixoloji portretidir: baxan, dinləyən, təkrarlayan, lakin soruşmayan insan.

Məsələni Mirşahinin fərdi təkəbbürü ilə izah etmək rahat, lakin səthi olardı. O, bu sistemi yaratmayıb. Sadəcə sistem onun dili ilə danışıb. Marks və Engelsin izah etdiyi kimi, hakim sinif maddi istehsal vasitələrinə sahib olduğu üçün mənəvi istehsal vasitələri üzərində də üstünlük əldə edir. Hakim fikirlər göydən düşmür, cəmiyyətdəki hakim maddi münasibətlərin ideoloji ifadəsi kimi yaranır. Kapitalist ideologiyanın mediada üstünlüyünü izah etmək üçün hər səhər bütün redaksiyalara gizli əmr göndərildiyini təsəvvür etməyə ehtiyac yoxdur. Mülkiyyət, reklam gəlirləri, paylama imkanları, rəhbərliyin müəyyən etdiyi ümumi istiqamət və cəmiyyətin hakim ideyaları birlikdə redaksiya məhsulunun sərhədlərini yaradır.

Azərbaycan şəraitində bu münasibət klassik burjua demokratiyalarından daha sərt və birbaşadır. Müstəqil redaksiyalar həbslər, məhkəmə təqibləri və fəaliyyət məhdudiyyətləri ilə üzləşir, informasiya sahəsinin getdikcə daha böyük hissəsi inzibati nəzarət altına alınır. Nəzarət artıq yalnız televiziya və çap mediasına deyil, “Yutub”, “Teleqram”, “Feysbuk” və “İnstaqram” kimi rəqəmsal platformalara da yönəlir. Belə şəraitdə Mirşahinin çağırışı neytral peşə mübahisəsi sayıla bilməz. O, müstəqil jurnalistlərin həbs olunduğu, alternativ redaksiyaların sıradan çıxarıldığı və informasiya sahəsinin mərkəzləşdirildiyi ölkədə insanları hakim televiziya sisteminin qarşısına qayıtmağa çağırır. Bu çağırışın arxasında televiziyaya sevgi yox, informasiya üzərində itirilən inhisarın həsrəti dayanır.

Kapitalist mediada xəbər adi əmtəədən fərqlənir. Tamaşaçı proqramı pulsuz izlədiyini düşünə bilər, lakin media sahibinin reklamverənə satdığı əsas məhsul məhz tamaşaçının diqqətidir.

Azərbaycanın hakim mediasında diqqətin əlavə siyasi funksiyası var. Burada tamaşaçının baxışı təkcə reklam gəliri yaratmır. O, rejimin gündəlik legitimliyinin istehsalına cəlb olunur. Hakimiyyətin açılış mərasimləri, müşavirələri, səfərləri və bəyanatları dayanmadan göstərilir. Məqsəd yalnız dövlət rəhbərinin nə etdiyini xəbər vermək deyil. Məqsəd cəmiyyətin siyasi həyatını hakimiyyətin fəaliyyətinə endirməkdir. Ölkədə baş verən hər şeyin mərkəzində bir şəxs, bir ailə və bir idarəetmə aparatı göstərilir. İşçinin, müəllimin, həkimin, tələbənin və işsizin həyatına isə yalnız həmin aparatın qərarlarının obyekti kimi yer verilir. Bu televiziyada xalq tarix yaradan qüvvə deyil. Xalq açılış mərasimində alqışlayan, sorğuda razılıq bildirən, bayram konsertində gülümsəyən və axşam xəbərlərində minnətdarlıq edən dekorasiyadır.

Əmək münaqişəsi baş verəndə mülkiyyət münasibətləri gizlədilir, hadisə “işçi ilə rəhbərlik arasında anlaşılmazlıq” kimi təqdim olunur. Qiymətlər qalxanda kapitalist mənfəəti və dövlət siyasəti deyil, “beynəlxalq proseslər” günahlandırılır. İnsanlar etiraz edəndə tələblərin məzmunu yoxa çıxır, etirazçıların kimliyi, niyyəti və mümkün “təxribatçı əlaqələri” ön plana çəkilir. Hakim media faktları həmişə tamamilə uydurmaya bilər. Daha təsirli üsul faktları elə seçmək, sıralamaq və adlandırmaqdır ki, mövcud quruluş yeganə mümkün dünya kimi görünsün. Təbliğat yalnız yalan danışmaq incəsənəti deyil. O, həqiqətin hansı hissəsinin görünməz saxlanacağını müəyyənləşdirmək hakimiyyətidir.

Hakimiyyət üçün ən əlverişli media forması cavab tələb etməyən nitqdir. Televiziya uzun müddət bu imkanı təmin edib. Aparıcı danışır, tamaşaçı dinləyir. Xəbəri hazırlayan tərəf gündəliyi, təsviri, müsahibi və nəticəni əvvəlcədən müəyyənləşdirir. Tamaşaçı ən yaxşı halda kanalı dəyişə bilər, lakin efirdə cavab verə bilməz. Sosial şəbəkələr bu birtərəfliliyi qismən sındırıb. İstifadəçi rəsmi xəbərin qarşısına başqa görüntü, şahid ifadəsi, sənəd və ya istehza çıxara bilir. Hakimiyyətin diqqətlə qurduğu ciddi dekorasiya bir neçə dəqiqəyə lağ obyektinə çevrilir. Mirşahinin sözlərinin sürətlə yayılması və onun özünün ictimai istehza predmetinə çevrilməsi bunun kiçik nümunəsidir. Ancaq buradan sosial şəbəkələrin azadlıq məkanı olduğu nəticəsi çıxmır. “Meta”, “Quql”, “TikTok” və digər platformalar da özəl kapitala məxsusdur. Onların alqoritmləri həqiqəti deyil, istifadəçinin diqqətini daha uzun müddət saxlayan məzmunu üstün tutur. Qəzəb, qorxu, qalmaqal və yalan reklam gəliri yaratdığı müddətdə geniş yayılır. Televiziyada redaktorun seçimini görürük, sosial şəbəkədə isə görünməz alqoritmin seçimini şəxsi iradəmiz hesab edirik. Deməli, qarşıdurma “pis televizor”la “azad internet” arasında deyil. Mübarizə informasiya vasitələrini öz mənfəətinə və siyasi hakimiyyətinə tabe edən kapital ilə həqiqi ictimai nəzarət uğrunda gedir.

Mirşahinin narahatlığı isə yenə də başadüşüləndir. Sosial platformalar kapitalist olsa da, hakimiyyətin milli informasiya sahəsi üzərində əvvəlki tam nəzarətini parçalayır. İnsan eyni anda bir neçə mənbəyə baxır, ziddiyyətləri görür və rəsmi şərhi mütləq həqiqət kimi qəbul etmir. Televiziya tamaşaçısını itirəndə təkcə reytinq itirmir, hakimiyyət bununla hazır vəziyyətdə qəbul edilən izahlar bazarını itirir.

Burjua mediasını qüdrətli göstərmək onu yenilməz göstərmək demək deyil. Bu isə marksistlərin düşməməli olduğu tələdir. Hakim sinfin mediası insan şüuruna təsir edir, lakin insan şüurunu istədiyi kimi istehsal edə bilmir. Əgər televiziya hər şeyə qadir olsaydı, tarixdə tətil, üsyan və inqilab baş verməzdi. İşçilər hər axşam sahibkarların qəzetlərini oxuyub səhər yenə də sahibkara qarşı tətilə çıxıblar. Çünki şüuru yalnız deyilən sözlər deyil, insanın yaşadığı maddi həyat formalaşdırır.

İşçi televiziyada iqtisadi yüksəliş haqqında süjet izləyə bilər, lakin aldığı maaş ayın ortasında bitirsə, ekranla soyuducu arasında mübahisədə soyuducu qalib gəlir. Gəncə ölkədə yaradılmış imkanlardan danışa bilərlər, lakin o, iş tapa bilmirsə, təbliğatın cümlələri həyatın faktları qarşısında çürüyür. Xəstəyə səhiyyənin inkişafı göstərilə bilər, amma müalicə üçün borc almalı olursa, aparıcının səsi reseptdəki qiyməti azaltmır.

İnsanlar hakim ideologiyadan yalnız ağıllı məqalə oxuduqları üçün ayrılmırlar. Onlar gündəlik təcrübələrinin rəsmi təsvirlə ziddiyyətə girdiyini gördükcə şübhə etməyə başlayırlar. Bu şübhəni sinfi şüura çevirən isə kollektiv mübarizədir. Hakim sinif xəbərin passiv və təcrid olunmuş şəkildə istehlakından faydalanır. Buna qarşı əsas silah insanların bir yerə toplaşması, müzakirə aparması və kollektiv fəaliyyətə keçməsidir. Buna görə televizoru söndürmək faydalı jest ola bilər, amma siyasi proqram deyil. Hakimiyyətin kanalına baxmayan, lakin kapitalistin müəssisəsində tək, təşkilatsız və müdafiəsiz qalan işçi hələ azad deyil. Pult insanı təbliğatdan qismən uzaqlaşdıra bilər, amma onu sinfi qüvvəyə çevirməz. Ekranı söndürməkdən daha vacib olan şey təcridi dağıtmaqdır.

Hakim medianı tənqid edərkən orada çalışan bütün insanları eyni siyasi məsuliyyət altında göstərmək düzgün olmaz. Televiziya məhsulunu kanal sahibi və ya baş direktor təkbaşına yaratmır. Reportyorlar, operatorlar, montajçılar, rejissorlar, işıqçılar, sürücülər, qrimçilər, redaktorlar və texniki işçilər birlikdə istehsal edirlər. Onların böyük hissəsi öz əmək qüvvəsini maaş müqabilində satan işçilərdir. Onlar da uzun iş saatları, qeyri-sabit əmək münasibətləri, aşağı maaş, rəhbər təzyiqi və işdən çıxarılmaq təhlükəsi ilə üzləşirlər. Redaksiya siyasətinə qarşı şəxsi narazılıqları olsa belə, yaşayış vasitələrini itirmək qorxusu onları susmağa məcbur edə bilər.

Marksist media təhlilinin mühüm üstünlüyü məhz buradadır ki, o, məzmunun istehsalında media işçilərinin real rolunu və sistem daxilindəki ziddiyyətləri nəzərə alır. Bu yanaşma nə sahibkarın nəzarətini inkar edir, nə də hər jurnalisti şüurlu sui-qəsd iştirakçısı elan edir. Lakin Mirşahin sıravi media işçisi deyil. O, rəhbər mövqedə dayanır və sistemin məcburetmə hüququnu açıq şəkildə müdafiə edir. Buna görə onun məsuliyyəti operatorun, reportyorun və ya montajçının məsuliyyəti ilə eyniləşdirilə bilməz. Media işçilərinə düşmən kimi baxmaq onları rəhbərliyin qucağına itələyər. Əksinə, onları təşkilatlanmağa, redaksiya təzyiqinə qarşı kollektiv müqavimət göstərməyə və siyasi sifarişləri icra etməkdən imtina etməyə çağırmaq lazımdır.

Media kapitalının ən zəif yeri onun məhsulunu yenə də muzdlu işçilərin hazırlamasıdır. Britaniya mətbuatının tarixindən nümunə gətirərək göstərə bilərik ki, təşkilatlanmış çap işçiləri tətilçilərə qarşı böhtan xarakterli birinci səhifəni çap etməkdən imtina etdikdə milyarder sahibkar belə onların iradəsini dərhal qıra bilməmişdi. Hakimiyyət televiziya qüllələrinə sahib ola bilər. Ancaq kameranı quran, mətni yazan, görüntünü montaj edən və siqnalı efirə verən yenə də işçidir.

Hakim medianın qarşısına sadəcə “müstəqil özəl media” tələbini qoymaq kifayət etmir. Özəl sahibkarın dövlət məmurundan asılı olmaması onu cəmiyyətdən müstəqil etmir. O, reklamverəndən, bankdan, bazardan və mənfəətdən asılıdır. Kapitalist mətbuatında müxtəlif siyasi mövqelər görünə bilər, lakin mülkiyyət hüququ, kapitalın hakimiyyəti və muzdlu əmək adətən müzakirənin toxunulmaz sərhədi olaraq qalır. Bir qəzet hökuməti tənqid edə, başqa oliqarxı müdafiə edə və korrupsiya faktlarını ifşa edə bilər. Ancaq bütün oliqarxların iqtisadi hakimiyyətini aradan qaldırmağı müdafiə etdikdə reklam, maliyyə və yayım imkanlarının necə daraldığını dərhal görər. Deməli, məqsəd bir qrup sahibkarın mediasını başqa qrup sahibkarın mediası ilə əvəz etmək deyil, media vasitələrinin üzərində cəmiyyətin real, demokratik nəzarətini qurmaqdır.

Böyük televiziya şəbəkələri, yayım infrastrukturu və iri media holdinqləri onların sahiblərindən alınaraq kompensasiya verilmədən ictimai mülkiyyətə keçirilməlidir. Lakin “dövlət mülkiyyəti” adı altında məmur nəzarətinə verilməsi çıxış yolu deyil. Bu qurumlar media işçilərinin, həmkarlar ittifaqlarının, seçilmiş işçi nümayəndələrinin və yerli icmaların demokratik idarəçiliyi altında fəaliyyət göstərməlidir.

Dövlət reklamı və ictimai maliyyələşdirmə hökumətin itaət mükafatı olmaqdan çıxarılmalı, ictimai nəzarət altında bərabər və şəffaf qaydalarla bölüşdürülməlidir. Media işçilərinin redaksiya qərarlarına qarşı etiraz etmək, siyasi sifarişi rədd etmək və rəhbərliyi geri çağırmaq hüququ olmalıdır. Bütün redaksiyalarda müstəqil həmkarlar ittifaqları yaradılmalı, əmək müqavilələri və maaşlar kollektiv danışıqlarla müəyyənləşdirilməlidir. Bu tələblər yalnız daha ədalətli televiziya yaratmaq üçün deyil. İnformasiya istehsalını kapitalın və bürokratiyanın hakimiyyətindən çıxarmaq üçün lazımdır.

Hakim media ilə mübarizə yalnız onun yalanlarını təkzib etməklə aparıla bilməz. İşçi sinfinin öz siyasi mətbuatı, öz müxbirləri, öz analitikləri və öz yayım şəbəkələri olmalıdır. Burjua jurnalistikası işçi tətilini nəqliyyata, istehsala və “adi vətəndaşlara” maneə kimi göstərir. İşçi mətbuatı isə tətilin arxasındakı maaşları, iş saatlarını, mənfəəti və istehsal münasibətlərini açır. Hakim media fərdi faciə göstərir, işçi mətbuatı həmin faciəni yaradan sistemi izah edir. Burjua aparıcısı işçidən niyə etiraz etdiyini soruşur, inqilabi mətbuat isə işçinin öz sinfinin necə qalib gələ biləcəyini müzakirə edir. Belə media yalnız məlumat vasitəsi deyil. O, kollektiv təşkilatçıdır. Müxtəlif müəssisələrdə, şəhərlərdə və sahələrdə bir-birindən ayrı saxlanılan insanların ümumi mənafeyini görünən edir. Fərdi narazılığı siyasi nəticəyə, siyasi nəticəni isə təşkilata bağlayır. Məhz buna görə hakim sinif inqilabi mətbuatın tirajından çox onun təşkilat yaratmaq qabiliyyətindən qorxur. Televiziyanın milyonlarla passiv tamaşaçısı ola bilər. Kiçik işçi qəzetinin isə yüz fəal oxucusu müəssisədə özək yarada, həmkarlar ittifaqı qura və tətil təşkil edə bilər.

Birincisi reytinqdir. İkincisi qüvvədir.

Mirşahin azərbaycanlıların televizora baxmasını istəyir, çünki mövcud televiziya sistemi yalnız insanlara xəbər göstərmir. O, hakimiyyətin dünyanı necə adlandırmaq hüququnu qoruyur. Kim “vətənpərvərdir”, kim “xain”; hansı etiraz “qanuni”, hansı narazılıq “təxribat”; hansı sərvət “dövlət nailiyyəti”, hansı yoxsulluq “fərdi bacarıqsızlıq” sayılır – bunların hamısı media dili vasitəsilə müəyyən edilir. Sözlər siyasi sərhəd çəkir, televiziya isə həmin sərhədi hər gün evlərə daşıyır. Lakin Mirşahinin açıqlaması güc nümayişindən çox zəiflik əlamətidir. Özünə güvənən media tamaşaçını məcburiyyətlə hədələmir. Maraqlı proqram hazırlayır, etibarlı məlumat verir və tənqidə cavab verir. İnsanları ekran qarşısında zorla oturtmağı arzulayan media artıq onların etimadını itirdiyini bilir.

Mirşahin tamaşaçının pultu götürməsindən qorxmur. O, vətəndaşın öz ağlına etibar etməyə başlamasından qorxur. Lakin hakimiyyət üçün bundan da təhlükəli mərhələ var. İnsan təkcə televiziyanı söndürmür, iş yerində yanındakı yoldaşına tərəf dönür. Onlar gördükləri ilə eşitdikləri arasındakı ziddiyyəti birlikdə müzakirə edir, ümumi mənafelərini anlayır və təşkilatlanmağa başlayırlar. Pultun düyməsi hakimiyyətin təbliğatını susdura bilər. Təşkilatlanmış işçi sinfi isə həmin təbliğatı istehsal edən siyasi və iqtisadi sistemi susdura bilər. Televizora baxmamaq tərbiyəsizlik deyil. Əsl tərbiyəsizlik xalqı şüursuz kütlə saymaq, onun diqqətini öz mülkün hesab etmək və həqiqəti hakimiyyətin redaksiya siyasətinə tabe etdirməkdir.

Əsl ictimai natəmizlik insanların evində sönmüş televizor deyil. Həbsxanalarda saxlanılan jurnalistlər, sifarişlə yazılan xəbərlər, gizlədilən işçi mübarizələri və yaltaqlığı peşəkarlıq adı ilə təqdim edən media sistemidir. Bu sistemə qarşı cavab daha çox televizora baxmaq deyil. Cavab işçilərin öz sözünə, öz mətbuatına və öz təşkilatına sahib olmasıdır.