Azad medianı susdurmaq üçün 121 il: hakim sinfin “Toplum TV” simasında həqiqətdən qorxusu

Azad medianı susdurmaq üçün 121 il: hakim sinfin “Toplum TV” simasında həqiqətdən qorxusu

İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Toplum TV işi” üzrə hökmünü elan etdi. Akif Qurbanov və Ruslan İzzətli 15, Ələsgər Məmmədli və Əli Zeynal 14, Müşfiq Cabbar, Ramil Babayev və İlkin Əmrahov 13, Fərid İsmayılov və Elmir Abbasov isə 12 il müddətinə azadlıqdan məhrum edildilər. Doqquz nəfərə ümumilikdə 121 il həbs cəzası verildi. Onların hər biri əlavə olaraq 2 il 6 ay müəyyən vəzifələr tutmaq hüququndan məhrum edildi, mülki iddia təmin olundu, həbs qoyulmuş ev və avtomobillərin müsadirəsinə qərar verildi. Elmir Abbasov məhkəmə zalında həbs olundu. Təqsirləndirilənlər ittihamları rədd edərək işi siyasi sifariş adlandırırlar.

Avropa Jurnalistlər Federasiyası və Beynəlxalq Jurnalistlər Federasiyası kimi nüfuzlu təşkilatlar hökmü açıq repressiya və qorxutma siyasəti kimi qiymətləndirib. Çünki bu hökmlər hüquq dili ilə yazılmış siyasi girovluq aktıdır. Hakimiyyət bütöv insan ömürlərini cəza vahidinə çevirərək jurnalistlərə, fəallara və danışmağa hələ cəsarəti çatan hər kəsə xəbərdarlıq edir ki, həqiqəti söyləməyin əvəzində sizdən uzun illər, hətta həyatınız alınacaq.

Marksistlər mətbuat azadlığını liberal demokratiyanın müqəddəs əfsanəsi hesab etmirlər. Kapitalizm şəraitində mətbuatın böyük hissəsinə sərvət sahibləri, dövlət bürokratiyası və iri şirkətlər nəzarət edir, lakin söz, mətbuat, toplaşmaq və təşkilatlanmaq azadlığı işçi sinfinin öz mənafeyini ifadə etməsi üçün zəruri demokratik hüquqlardır. Bu hüquqların məhv edilməsi ilk növbədə oliqarxları yox, maaşı verilməyən işçiləri, istismar olunan kuryerləri, istehsalatda həyatını itirən insanların ailələrini və özbaşınalıqla üzləşən kasıb təbəqələri səssiz qoyur.

Azərbaycan dövləti xalqla hakimiyyət arasında bitərəf hakim deyil. O, kapitalist mülkiyyəti, neft-qaz sərvətlərinə nəzarəti və bürokratik-oliqarxik təbəqənin imtiyazlarını qoruyan sinfi aparatdan ibarətdir. Bu sistemə hüququnu bilən və təşkilatlanan vətəndaş deyil, işləyən, borclanan, vergi ödəyən, lakin soruşmayan insan lazımdır. Müstəqil jurnalistikanı təhlükəli edən də təkcə korrupsiya faktlarını göstərməsi yox, onun ayrı-ayrı insanların şəxsi faciələri arasında əlaqəni üzə çıxararaq bu hadisələrin eyni ictimai quruluşdan doğduğunu göstərə bilməsidir.

Azərbaycanın 2026-cı il Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 171-ci yerə enməsi təsadüfi statistika deyil. Ölkə bir il ərzində daha dörd pillə geriləyərək dünyanın ən qapalı on media mühitindən birinə çevrilib. “Sərhədsiz Reportyorlar”ın məlumatına görə, media sektorunun, demək olar ki, hamısı rəsmi nəzarətdədir. “Abzas Media”, “Meydan TV”, “Toplum TV” və ayrı-ayrı jurnalistlərə qarşı aparılan təqiblər vahid əməliyyatın mərhələləridir, hakimiyyət mümkün sosial partlayış başlamazdan əvvəl onun danışa, yadda saxlaya və özünü təşkil edə biləcəyi bütün meydanları dağıtmağa çalışır.

Bu gün “dövlət bilər” deyərək repressiyanı müdafiə edənlər sabah maaşları mənimsəniləndə, evləri söküləndə, iş yerlərində hüquqları tapdalananda və ya övladları məmur özbaşınalığı ilə üzləşəndə danışmağa media tapa bilməyəcəklər. Saray televiziyaları onların qapısına gəlməyəcək, hökumətə tabe olan blogerlər isə Alyona Əliyeva məsələsindəki kimi, hadisələri “yuxarı”dan gələn əmrlərə uyğun təqdim edəcəklər. Repressiya aparatı öz tərəfdarlarına sədaqət borclu deyil. Bu səbəbdən indi jurnalistlərin həbsini alqışlayanlar əslində sabah öz səslərinin boğulmasına razılıq verirlər.

Çıxış yolu Vaşinqtondan, Brüsseldən və digər imperialist mərkəzlərdən mərhəmət gözləmək deyil. Qərb hökumətləri demokratik hüquqları enerji müqavilələri, bazarlar və geosiyasi sövdələşmələrlə üz-üzə gələn kimi tərəzinin yüngül gözünə qoyurlar. Azad söz xarici diplomatiyanın bəyanatları ilə yox, işçilərin, gənclərin və jurnalistlərin ortaq, müstəqil mübarizəsi ilə qoruna bilər.

Tələb aydındır: “Toplum TV işi” üzrə məhkum edilənlər və bütün həbsdəki jurnalistlər dərhal azad edilməli, siyasi hökmlər və müsadirələr ləğv olunmalı, söz, mətbuat, tətil və təşkilatlanma azadlığı təmin edilməlidir. Lakin bu hüquqların davamlı təminatı üçün ölkədəki media və kommunikasiya inhisarları oliqarxların və bürokratiyanın nəzarətindən çıxarılmalı, jurnalist kollektivlərinin və işçi təşkilatlarının demokratik nəzarətinə verilməlidir. Çünki bu hökm hakim sinfin bizə hazırladığı gələcəyin layihəsidir. Bu layihədə yuxarıda sərvət və hakimiyyət, aşağıda yoxsulluq və qorxu, onların arasında isə məcburi sükut hökm sürməlidir. Lakin sükut sabitlik deyil. O, partlayış anınadək sıxılmış sinfi ziddiyyətdir.