Azərbaycanda məktəbli geyimi ilə bağlı yeni qaydaların tətbiqindən sonra hicablı şagirdlərin məktəbə buraxılmaması barədə görüntülər yayılır. Burada əvvəlcə mühüm hüquqi detalı dəqiqləşdirmək lazımdır, Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarında “hicab qadağandır” ifadəsi yoxdur. Qərar məktəbli formasının vahidliyini pozan və “ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementləri”nə yol verilmədiyini bildirir. Hansı geyimlərin bu kateqoriyaya daxil olduğu isə konkret göstərilmir və qaydanın icrası ilə bağlı məsələlər məktəblərin Pedaqoji Şuralarına həvalə edilir. İyulda qəbul edilmiş qanun dəyişikliyi də dövlət ümumi təhsil müəssisələrində geyim tələblərinə əməl olunmasını məcburi edib və dünyəviliyi ümumi təhsilin prinsiplərindən biri kimi ayrıca təsbit edib. Beləliklə, hüquqi mətn hicab sözünü çəkməsə də, “dünyəviliyə uyğun olmayan geyim” kimi son dərəcə geniş bir anlayış yaradılıb. Bunun hicaba qarşı tətbiqi artıq sadəcə geyim qaydası deyil, təhsil, vicdan azadlığı və dövlətin fərdin şəxsi həyatına müdaxiləsinin sərhədləri məsələsidir.
Sinfi mövqedən bu mübahisədə dinin müdafiəsinə keçməyə ehtiyac yoxdur. Sinfi baxış materialist dünyagörüşüdür və dini ideyaları fövqəltəbii həqiqət kimi deyil, insanların yaşadığı maddi və ictimai münasibətlərin məhsulu kimi izah edir. Ancaq elə buna görə də sinfi yanaşma dini polis və direktor otağı vasitəsilə aradan qaldırmağın mümkün olduğunu düşünmür. Sinfi, yəni marksist mövqenin tərəfdarları dinlə dövlətin tam ayrılmasını müdafiə etməklə yanaşı, inanclı insanların öz dinlərini sərbəst şəkildə yaşamaq hüququnu da müdafiə edirlər. Dövlət məktəbinin dünyəvi olması dini tədrisə, dini imtiyaza və dini hakimiyyətə qarşı olmaq deməkdir, şagirdin geyiminə qarşı inzibati kampaniya aparmaq yox. Dünyəvi məktəb o məktəbdir ki, biologiyanı müqəddəs kitabla deyil, elmlə izah edir. Dünyəvilik şagirdin saçının görünüb-görünməməsi ilə ölçülmür.
Burada hakimiyyətin dünyəvilik anlayışı ilə həqiqi dünyəvilik arasında ciddi fərq yaranır. Konstitusiya dövlət təhsil sisteminin dünyəvi olduğunu bildirir, amma eyni zamanda hər kəsin vicdan azadlığını, dinə münasibətini sərbəst müəyyənləşdirmək və öz əqidəsini ifadə etmək hüququnu, həmçinin vətəndaşın təhsil hüququnu tanıyır. Bu hüquqların konkret halda necə uzlaşdırılacağı hüquqi mübahisə mövzusudur. Siyasi baxımdan isə məsələ daha sadədir, əgər bir şagird yalnız başındakı örtüyə görə dərs otağına daxil ola bilmirsə, dövlət dünyəviliyi təhsilin məzmunundan çıxarıb insan bədəninə tətbiq olunan intizam qaydasına çevirir. Burada artıq mübarizə dini ideyaya qarşı deyil, dini ideyaya sahib olan fərdin üzərində aparılır.
Hicabın özünü romantikləşdirməyə də ehtiyac yoxdur. O, bir çox ailə və mühitdə qadına tətbiq edilən patriarxal nəzarətin elementi ola bilər. Qız uşağının iradəsinə zidd şəkildə örtünməyə məcbur edilməsi marksist mövqedən müdafiə ediləsi hadisə deyil. Lakin dövlətin cavabı “ailə səni örtməyə məcbur edə bilməz” prinsipindən “sən örtülü halda məktəbə daxil ola bilməzsən” prinsipinə keçəndə azadlıq yaranmır. Sadəcə qərar verən tərəf dəyişir. Bir tərəfdə patriarxal ailə, digər tərəfdə bürokratik dövlət dayanır, qızın özü isə yenə qərarın subyekti deyil, obyektidir. Məcburi hicab qadını azad etmir, məcburi hicabsızlıq da etmir.
Marksist təhlilin əsas sualı isə daha dərinə gedir və soruşur: dini ideyalar niyə yaşayır? Onların gücü bir parça parçadan gəlmir. Din sosial qeyri-müəyyənlikdən, insanların öz həyatlarına nəzarət edə bilməməsindən, yoxsulluqdan, yadlaşmadan, savadsızlıqdan və dünyanı izah etməyə duyulan ehtiyacdan qidalanır. Dini şüurun bu maddi və sosial köklərinə vurğu vacibdir. Dövlət bu səbəblərin heç birinə toxunmadan baş örtüyünü məktəb qapısında saxlayanda dini dünyagörüşü ilə mübarizə aparmır, sadəcə onun xarici əlamətini inzibati qaydada gizlədir. Fikir isə başdan əmrlə çıxmır.
Üstəlik, belə siyasət nəzərdə tutulan nəticənin əksini də verə bilər. Hicablı qızın dünyəvi məktəbdən uzaqlaşdırılması onu elmdən, fərqli baxışlardan və müxtəlif sosial mühitdən uzaqlaşdırmaq riskini yaradır. Belə halda ən konservativ dini qüvvələrə hazır arqument verilir ki, dövlət sizin inancınıza qarşıdır və dini dünyagörüşünə malik şəxslər bu cür dövləti özlərinin düşməni olaraq görməyə başlayırlar. Fransadakı analoji mübahisələrlə analogiya apararaq müəyyən etmək olar ki, inzibati qadağalar dini fundamentalizmə qarşı etibarlı vasitə deyil və əks reaksiyanı gücləndirə bilir. Dini mövhumatla mübarizə etmək istəyən dövlət üçün bundan daha paradoksal nəticə təsəvvür etmək çətindir.
Məsələnin sinfi tərəfi də unudulmamalıdır. İmkanlı ailə alternativ məktəb, fərdi təhsil və başqa çıxış yolu tapa bilər. Kasıb ailənin qızı üçün isə dövlət məktəbi çox vaxt yeganə real seçimdir. Ona “örtüyünü çıxar, yoxsa dərsə girmə” deyildiyi halda, abstrakt dünyəvilik prinsipinin maddi nəticəsini məhz həmin şagird ödəyir. Bu səbəbdən marksist baxış üçün əsas meyar dövlətin hansı ideoloji şüarı səsləndirməsi deyil, siyasətin konkret olaraq hansı sosial təbəqənin həyatına necə təsir etməsidir.
Dünyəvi təhsil dini ehkamdan azad təhsildir, dini insanlardan təmizlənmiş məktəb deyil. Dini məcburiyyətə də, dövlət məcburiyyətinə də qarşı çıxmaq mümkündür və marksist mövqenin fərqi məhz bundadır. Əgər məqsəd daha dünyəvi, daha rasional və daha az mövhumatçı cəmiyyət qurmaqdırsa, bunun yolu məktəb qapısında hicab ovuna çıxmaqdan yox, elmi təhsili gücləndirməkdən, tənqidi düşüncəni inkişaf etdirməkdən və insanların dini təsəlliyə möhtaclığını yaradan maddi şəraiti dəyişdirməkdən keçir, yoxsa “dünyəvilik” azadlaşdırıcı prinsip olmaqdan çıxaraq dövlətin insanın necə geyinməli olduğunu müəyyən etdiyi növbəti inzibati alətə çevrilir.

