31 mart faciəsi haqqında niyə yenidən danışmaq lazımdır?
31 mart haqqında bəhs ediləndə ilk ayırd edilməli məsələ budur ki, söhbət uydurma hadisədən yox, sonradan dövlət ideologiyasına çevrilmiş real faciədən gedir. 1918-ci ilin martında Bakı və ətrafında müsəlman əhali kütləvi zorakılığa məruz qaldı, şəhər qanlı toqquşma və qırğın yaşadı. Amma “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” həmin hadisənin tarixi adı deyil. Bu, Heydər Əliyevin 26 mart 1998-ci il fərmanı ilə dövlət təqviminə salınan siyasi addır. Deməli, 1918-ci ilin özünü uydurmasa da, onun bugünkü rəsmi adını, rəsmi yaddaş formasını və ideoloji istifadəsini məhz YAP hökuməti yaradıb.
Bu fərq sırf terminoloji mahiyyət daşımır. Hadisənin özü ilə onun sonradan dövlət tərəfindən adlandırılması eyni şey deyil. 1918-ci ilin mart qırğınları vətəndaş müharibəsi, milli qarşıdurma, hakimiyyət böhranı və sinfi parçalanma içində baş vermiş konkret tarixi hadisə idi. “Azərbaycanlıların Soyqırımı Günü” isə həmin tarixi düyünü bir dövlət şüarına çevirən, bütün ziddiyyətləri silən və mürəkkəb hadisəni rəsmi matəm mərasiminin materialına çevirən ideoloji formuldur.
Hakimiyyətin rəsmi mifi 31 mart haqqında nəyi gizlədir?
Rəsmi mifin əsas hiyləsi hadisəni yalnız etnik nifrət səhnəsinə çevirməkdir. Bunun sayəsində 31 mart sanki əvvəlcədən hazırlanmış “əzəli erməni vəhşiliyi” sxeminə oturdulur, halbuki bu yanaşma hadisənin siyasi anatomiyasını qəsdən gizlədir. Çünki bolşeviklərin, “Müsavat”ın, Bakı Sovetinin, neft kapitalının, şəhər-kənd uçurumunun, milli partiyaların və imperialist müdaxilələrin adı çəkilən anda 31 mart artıq sinfi-siyasi böhran kimi görünməyə başlayır. Məhz buna görə bugünkü hakimiyyət hadisənin içindəki siyasi qarşıdurmanı yox, onun yalnız etnik qabığını saxlayır. Bu isə tarixi aydınlaşdırmaq üçün yox, onu mərasimləşdirmək üçündür.
Hakimiyyətin istədiyi budur ki, cəmiyyət 31 martı tarixi problem kimi yox, hazır emosional reaksiya kimi yaşasın. Tarix başa düşüləndə insanlar münaqişənin daxilində hansı qüvvələrin olması, hansı sinfi maraqların toqquşması, milli qarşıdurmanın necə və niyə qızışdırılması, siyasi alternativin niyə məğlub olması ilə bağlı suallar verməyə başlayırlar. Mərasim dili isə bu sualların hamısını qadağan edir və əvəzində yalnız bir hiss saxlayır: idarə olunan kollektiv hiddət.
31 martın sinfi mahiyyəti nədən ibarət idi?
31 mart Bakı nefti üzərində hakimiyyət uğrunda gedən vətəndaş-siyasi qarşıdurmasının milli ziddiyyətlərin işə salınması ilə anti-müsəlman qırğına çevrilmiş forması idi. Hadisəni anlamaq üçün YAP tarixşünaslığının bizə təqdim etdiyi “millət” anlayışı yetərli deyil, “hakimiyyət”, “sinif”, “dövlət”, “əksinqilab”, “imperializm” kimi anlayışlar da masanın üzərinə qoyulmalıdır. 31 martın faciəsi məhz bundadır ki, sinfi böhran milli forma aldı və milli forma kütləvi qırğını mümkün etdi.
Başqa sözlə, burada milli forma təsadüfi deyildi, amma o, öz-özünə də yaranmamışdı. Hər bir milli toqquşmanın arxasında onu hərəkətə gətirən sosial qüvvələr, təşkilatlanmış siyasi aktorlar, qorxu istehsal edən təbliğat və maddi maraqlar durur. 31 martda da belə oldu. Sinfi qarşıdurma milli dillə danışmağa başladı, milli düşmənçilik isə hakimiyyət uğrunda savaşın silahına çevrildi. Qanlı nəticə də buradan doğdu.
1918-ci ilin Bakısı necə bir şəhər idi?
1918-ci ilin Bakısı çoxmillətli şəhər olmaqla yanaşı, həm də xarici kapitalın hökm sürdüyü, neft sənayesinin mərkəzləşdiyi, şəhər proletariatının əyalət kəndli kütləsindən qopuq qaldığı sinfi düyün idi. Cənubi Qafqazda milli rəngarənglik sinfi mübarizəni milli bayraqlar və digər növ bər-bəzəkli simvollar altında ört-basdır etməyə son dərəcə əlverişli zəmin yaradırdı. Bakı isə bu prosesin ən kəskin nöqtəsi idi, çünki sənaye şəhəri olsa da, onu əhatə edən kəndli-müsəlman dünya ilə proletar mərkəz arasında dərin siyasi uçurum vardı. Buna görə 31 martı “iki xalqın qəfil toqquşması” kimi təqdim etmək tarixə yox, təbliğata xidmət edir.
Bakının faciəsi həm də bunda idi ki, orada proletar mərkəz mövcud idi, amma həmin mərkəz bütün məzlum təbəqələri hələ öz ətrafında birləşdirə bilməmişdi. Şəhərin siyasi dili ilə ətraf müsəlman yoxsulların, kəndlilərin və kiçik şəhər təbəqələrinin siyasi təcrübəsi arasında yarıq vardı. Bu yarıq doldurulmadıqda onu həmişə millətçilik doldurur. Tarix boşluğu sevmir, sinfi hegemonluq qurulmayanda, onun yerini milli demoqogiya tutur.
1917-ci ilin payızına aid kobud statistika böyük Bakının necə parçalı sosial məkan olduğunu açıq göstərirdi: şəhərdə təxminən 77 mindən çox rus, 67 minə yaxın azərbaycanlı türk, 52 mindən çox erməni, 12 mindən çox yəhudi və 11 mindən çox fars yaşayırdı. Müsəlman azərbaycanlılar və farslar fəhlə kütləsinin böyük hissəsini versələr də, onlar əsasən ən kasıb və az ixtisaslı təbəqələrdə cəmlənmişdilər, bu isə milli məsələ ilə sinfi məsələni gündəlik həyatın özündə bir-birinə bağlayırdı.
31 mart necə başlandı? Tətikləyici hadisə, silahlı toqquşma və eskalasiya
31 martı yalnız nəticə kimi yox, proses kimi də anlamaq lazımdır. Qırğın bir anda göydən düşmədi. Bakıdakı gərginlik artıq aylardır yığılırdı. Şəhərdə hakimiyyətin kimə məxsus olacağı, hansı silahlı qüvvənin legitim sayılacağı, milli partiyaların hansı həddə qədər sərbəst fəaliyyət göstərəcəyi və sovet hakimiyyətinin müsəlman əhali arasında nə dərəcədə dayaq qura bildiyi kimi suallar açıq idi. Belə bir şəraitdə kiçik görünən qığılcım böyük partlayışa çevrilməyə hazır idi.
Məhz bu nöqtədə silahlı dəstələrin hərəkəti, tərksilah məsələsi, şəhərdə şayiələrin yayılması və qarşılıqlı qorxunun dərinləşməsi həlledici oldu. Burada mühüm olan hadisənin hansı siyasi şəraitdə baş verməsidir. 1918-ci ilin Bakısında hər tərəf qarşı tərəfi təkcə rəqib kimi yox, ölümcül təhlükə kimi görməyə başlamışdı. Bu psixoloji və siyasi vəziyyətdə tərksilah texniki məsələ yox, hakimiyyət sualına çevrildi. Bundan sonra toqquşmanın milli rəng alması və sürətlə genişlənməsi artıq təsadüf deyildi.
Martın sonuna doğru gərginlik şayiələr və silahlı hərəkətlilik fonunda partlayış həddinə gəlmişdi. Hadisələrdən cəmi bir həftə əvvəl – 23 martda “Daşnaksütyun” rəhbərliyi belə şayiə yayanları cəzalandırmaqla hədələyirdi və bu fakt şəhərdə 1905-ci ilin təkrarına dair qorxunun artıq kütləvi psixologiyanı müəyyən etdiyini göstərirdi.
30 martda Lənkəran istiqamətindən geri çəkilən müsəlman qüvvələrinin bir hissəsini daşıyan və göyərtəsində hərbi texnikanın olduğu “Evelina” gəmisi Bakıya çatdı. Bakı Soveti bu gəlişi mümkün üsyan siqnalı kimi oxudu və gəmidəki “Vəhşi diviziya” dəstəsinin tərksilahına girişdi. Gecə boyu şəhərdə barrikadalar və səngərlər quruldu, 31 mart səhəri isə sovetin bu addımına etiraz edən toplantılar müsəlman əhalinin silahlandırılmasını tələb etməyə başladı.
Bu məqamda “Hümmət” vasitəçiliyə cəhd göstərdi. Narimanovun mənzilində keçirilən görüşdə götürülən silahların “Hümmət”in nəzarətinə verilməsi təklif olundu və Narimanov Şaumyanı vətəndaş müharibəsini bir qədər də yubandırmağa çağırdı; əsas qorxu siyasi böhranın etnik qırğına çevrilməsi idi. Şaumyan ilkin mərhələdə bu varianta razılıq versə də, küçələrdən atəş açılması və səngərlərin qazılması barədə xəbərlər gəldikdən sonra danışıqlar dayandı, 31 mart axşamı isə İnqilabi Müdafiə Komitəsi yaradıldı.
Ən kritik dönüş bundan sonra baş verdi. İlk mərhələdə erməni siyasi rəhbərliyi neytrallıq nümayiş etdirirdi, “Müsavat”ın “Daşnaksütyun”a taktiki ittifaq təklifi də rədd edilmişdi. Lakin 31 mart ərzində vəziyyət dəyişdi və erməni silahlı qüvvələrinin sovet tərəfində hərəkətə keçməsi şəhərdaxili siyasi toqquşmanı sürətlə anti-müsəlman qırğına çevirdi.
“Müsavat”ın 31 mart hadisələrində rolu nədən ibarət idi?
31 mart hadisələrinin mahiyyəti barəsində söhbət açılanda “Müsavat”ın roluna da xüsusi olaraq toxunulmalıdır. Hətta bu gün mövcud hökumətə müxalif olsa da, YAP tarixşünaslığı bəlli ideoloji səbəblərdən bu məqamdan bəhs etmir. Çünki “Müsavat” partiyası həmin dövrdə Azərbaycan burjuaziyası və torpaq sahiblərinin millətçi siyasi aləti idi; açıq şəkildə Azərbaycan burjuaziyası və torpaq sahiblərinin millətçi partiyası olmaqla vətəndaş müharibəsi dövründə ölkədə əsas əksinqilabi qüvvə rolunda çıxış edirdi. “Daşnaksütyun” partiyası ilə yanaşı “Müsavat” da xalq kütlələrinin diqqətini sinfi mübarizədən yayındırmaq üçün milli qarşıdurmanı qızışdırmağa çalışırdı. Yəni 31 martda təkcə “erməni silahlı dəstələri” yox, müsəlman kütlələrini milli blok ətrafında səfərbər edən burjua millətçiləri də iştirak edirdilər. Bütün bunlar isə rəsmi YAP narrativi ilə uyğun gəlmir. Eyni səbəbdəndir ki, 1991-ci ildən etibarən rəsmi tarixşünaslıqda 31 mart hadisələrində paradoksal şəkildə bolşevikləri ya ümumiyyətlə kölgəyə çəkir, ya da onları ayrıca siyasi problem kimi yox, sadəcə “ermənilərin əlavəsi” kimi göstərirlər.
“Müsavat”ın 31 mart hadisələrindəki əsas tarixi rolu müsəlman əhalinin həqiqi sosial parçalanmasını görünməz edib, onları vahid milli blok kimi təqdim etməyə çalışmasındadır. Bu isə sinfi mübarizənin iflici demək idi. Fəhlələr, kəndlilər, yoxsullar, kiçik sənətkarlar və burjuaziya eyni milli tale içində əridilirdi. Belə olan halda hakim siniflər öz maraqlarını “xalqın marağı” kimi təqdim edə bilir. Millətçilik burjua siyasətinin ən qədim fokuslarından biridir: sinfi fərqləri örtür, kütləni simvol altında birləşdirir, sonra isə onu öz maraqları üçün səfərbər edir.
Niyə bütün müsəlmanları “Müsavat”la eyniləşdirmək yanlışdır?
Bu nöqtədə çox vacib məsələ də budur ki, müsəlman əhalini yekcins şəkildə “Müsavat”la eyniləşdirmək kobud səhvdir. Bakı və ümumən Cənubi Qafqazda müsəlman əməkçi təbəqələr arasında bolşevik fəaliyyət də mövcud idi. “Hümmət” təşkilatı bunun ifadəsi idi və Azərbaycan dilində işləyir, müsəlman zəhmətkeşlər arasında sosial-demokratik fəaliyyət aparırdı. “Hümmət” o cümlədən bolşeviklər üçün Bakıdakı milli burjuaziyanın təsirini aradan qaldırmaq istiqamətində mühüm əməkdaş sayılırdı. Lakin “Hümmət”in kəndlilərə və Bakıdan kənar ərazilərə təsiri məhdud idi, bəzən daxilinə millətçi ünsürlər də sızırdı.
Maraqlıdır ki, bu təşkilatın yaradıcılarından biri siyasi fəaliyyətinin ilkin mərhələsində sosial-demokrat çevrələrlə bağlı olan Rəsulzadə idi. “Hümmət”in varlığı bir məqamı qəti şəkildə sübut edir ki, 31 mart “ermənilər və bolşeviklər bir tərəfdə, bütün müsəlmanlar o biri tərəfdə” tipli primitiv sxemə sığmır. Həmin dövrdə müsəlman əməkçi kütlələr uğrunda ayrıca siyasi mübarizə gedirdi.
Bu məqam 31 martın məğzini anlamaqla bağlı ən vacib açarlarındandır. Çünki əgər müsəlman kütlələr içində ayrıca sol xətt, ayrıca sosial-demokrat fəaliyyət, ayrıca sinfi yönlü təşkilatlanma olubsa, onda rəsmi milli izahın təməli sarsılır. Deməli, məsələ “xalq və düşmən xalq” qədər sadə deyildi və həmin dövrdə də alternativ var idi. Məhz bu alternativin zəifliyi və məğlubiyyəti millətçiliyin güclənməsinə yol açdı.
Mart qırğınlarından dərhal sonra da bu xətt tam itmədi. “Hümmət”çi bolşeviklər və sol eser çevrələri sovet rəhbərliyindən erməni milli silahlı qüvvələrinin ya sovetə tabe etdirilməsini, ya da şəhərdən çıxarılmasını, müsəlman məhəlləsini qoruyacaq ayrıca müsəlman Qırmızı Qvardiyası yaradılmasını və həmin məhəllədə ərzaq çatışmazlığının aradan qaldırılmasını tələb edirdilər. Bu fakt həm “Müsavat”a alternativin olmasını, həm də həmin alternativin hansı konkret siyasi tələblərlə çıxış etdiyini də göstərir.
Nəriman Nərimanovun mövqeyi niyə ayrıca qeyd olunmalıdır?
Nərimanovu ya “millətçi bolşevik”, ya da bolşeviklikdən kənar sentimental fiqur kimi təqdim etmək yanlışdır. 1918-ci ilin mart böhranında o, “Hümmət” xəttinin və bolşevik-sosialist cərəyanının nümayəndəsi kimi həm sovet düşərgəsində idi, həm də siyasi böhranın etnik qırğına çevrilmə təhlükəsini görürdü. “Hümmət” fəalları ilə birlikdə Nərimanov öz mənzilində keçirilən danışıqlarda götürülən silahların “Hümmət”in nəzarətinə verilməsini və toqquşmanın təxirə salınmasını müdafiə etdi.
31 mart axşamı yaradılan İnqilabi Müdafiə Komitəsinin üzvləri sırasında Narimanovun da adı var idi, həmçinin Komitənin hökumət tipli icra aparatına çevrilməsi zamanı isə ona sosial rifah sahəsi həvalə edildi. Bu, Nərimanovun mart hadisələrinin əsas hərbi qərarvericisi olmadığını göstərir, amma eyni zamanda kənar və təsirsiz fiqur olmadığını da sübut edir. Nərimanovun əhəmiyyəti məhz bundadır ki, o, müsəlman əməkçi kütlələri ilə sovet hakimiyyəti arasında körpü qurmağa çalışan bolşevik-sosialist xəttin mühüm təmsilçilərindən biri idi.
Bakı Soveti nə idi və nədə səhvə yol vermişdi?
Rusiyada 1917-ci il Fevral inqilabından sonra Bakıda, həmçinin digər şəhərlərdə Fəhlə Deputatları Soveti və Hərbi Deputatları Soveti kimi yaradılan ikinci hakimiyyət orqanları idi. Bakı Rayonu Fəhlə Deputatları Soveti ilə Hərbi Deputatları Sovetinin birləşməsi nəticəsində yaradılan Bakı Soveti onların içərisində ən nüfuzlusu hesab edilirdi. O, 7 mart 1917-ci il tarixində təsis edilmişdi və 1918-ci ilin avqustuna qədər Bakıda mühüm siyasi qüvvə kimi fəaliyyət göstərmişdi. Bakı Sovetinin tərkibinə 52 min fəhlə və qulluqçu tərəfindən seçilən 52 deputat daxil idi. Bakıdakı əhali tərəfindən seçilən bu 52 deputatın əksəriyyətini ermənilər təşkil edirdi. Deputatların tərkibi Bakının sənaye və etnik-sosial strukturunu əks etdirirdi, bu isə sovet hakimiyyətinin müsəlman əməkçi kütlələr arasında kifayət qədər geniş dayağa malik olmadığını da göstərirdi. Siyasi baxışlarına görə 52 deputatdan cəmi 9-u bolşevik, digərləri isə menşevik və eserlər idi. Martın 8-də keçirilən iclasda Stepan Şaumyan Bakı Sovetinin sədri seçildi. 31 oktyabr 1917-də Bakı Soveti hakimiyyəti ələ alaraq Cənubi Qafqazda sovet hakimiyyətini elan edən ilk şəhər oldu. 1918-ci ilin yazına gəldikdə Bak Soveti hələ də milli baxımdan parçalanmış, ərzaq böhranı, cəbhə təzyiqi və təşkilati parçalanma içində qalan şəhərdə dayanıqlı hegemonluq qura bilməmişdi, əsas struktur zəifliyi də burada idi.
Bakı Soveti şəhərdə inqilabi mərkəz yarada bilsə də, müsəlman yoxsullar və kəndli kütlələr arasında kifayət qədər dərin siyasi dayaq qura bilmədi. Bu boşluğu “Müsavat” milli şüarlarla doldurdu, “Daşnaksütyun”un silahlı qüvvələri isə hərbi müstəvidə vəziyyəti daha da partlayıcı hala gətirdi. Nəticədə siyasi hakimiyyət uğrunda savaş anti-müsəlman qırğın formasına sürüşdü. Burada günahı bolşevik ideyasında axtarmaq qeyri-elmi sadələşdirmədir. Halbuki məsələ, əksinə, proletar hakimiyyətin milli məsələni yetərincə düzgün həll edə bilməməsində, şəhər proletariatının kəndli-müsəlman dünya ilə qırılmış bağlarında və əksinqilabi millətçiliyin bu boşluqdan faydalanmasındadır.
Bu səhv təkcə taktiki yox, hegemonluq problemidir. İnqilabi hakimiyyət yalnız şəhər fəhləsi ilə möhkəmlənə bilməzdi, o, kəndlilərin yoxsulluğunu, müsəlman əhalinin etimad böhranını və milli alçaldılma qorxusunu da siyasi olaraq həll etməli idi. Bu baş verməyəndə yaranmış boşluğu əksinqilabi və millətçi qüvvələr dərhal doldururlar. Sinfi siyasətin boşluğunu millətçilik ildırım sürətilə doldurur. 31 mart bu mənada bir tarix dərsliyindən çox, inqilabın hansı boşluqlara yol verə bilməyəcəyini göstərən canlı siyasi laboratoriyadır.
Şaumyan məsələsi necə qoyulmalıdır?
Bakı Kommunasının və Stepan Şaumyanın məsələsi də məhz burada düzgün qoyulmalıdır. Şaumyanı nə dövlət təbliğatının istədiyi kimi sadəcə “erməni cəllad” obrazına endirmək, nə də onu tənqiddən sığortalı qəhrəmana çevirmək həqiqəti əks etdirmir. Şaumyan Bakı proletariatının rəhbərlərindən idi, Leninlə milli məsələ haqqında uzun yazışmaları olan bolşevik idi və Bakı Kommunası da çoxmillətli proletariatın yaratdığı sovet hakimiyyət forması idi, onun rəhbərliyində erməni Şaumyan, gürcü Caparidze və azərbaycanlı Vəzirov kimi fiqurlar vardı. Deməli, Şaumyanın siyasi təbiəti etnik yox, sovet-proletar xarakter daşıyırdı.
Ancaq məhz buna görə onun səhvlərini də marksist meyarla qiymətləndirmək lazımdır. Lenin Şaumyana yazanda Bakı şəraitində “ayıq qiymətləndirmə”, manevr, diplomatiya və hərbi cəhətdən güclənənədək qərarı təxirə salmağı tövsiyə edirdi. Bu, mərkəzin Bakıdakı vəziyyəti sadə “hərbi əzm” məsələsi kimi yox, son dərəcə həssas siyasi düyün kimi gördüyünü göstərir. Sonrakı bolşevik qeydlərində isə Bakı Sovetinin süqutunun səbəblərindən biri kimi proletariatla Azərbaycan zəhmətkeş kəndliləri arasında möhkəm ittifaqın qurulmaması və milli məsələdə buraxılmış səhvlər göstərilir. Bu etiraf prinsipialdır. Deməli, 31 martın marksist oxunuşu Bakı Sovetini təmizə çıxarmaq yox, onun rəhbərlərinin proqramatik beynəlmiləlçiliyini müdafiə etməklə yanaşı, konkret taktiki səhvlərini də deməkdir.
Şaumyan məsələsini düzgün qoymaq vacibdir, çünki rəsmi tarix onun üzərində çox rahat bir şey edir: sovet hakimiyyətinin sinfi mahiyyətini silir, onu etnik etiketə endirir və bununla da bütün problemi “erməni amili”nə çevirir. Bu, siyasi tənbəllikdir. Həqiqətdə isə Şaumyanın problemi onun erməni olması yox, milli məsələni partlayıcı şəraitdə yetərincə düzgün həll edə bilməməsi, proletar hakimiyyətin sosial bazasını müsəlman yoxsullar arasında lazımi dərəcədə genişləndirə bilməməsi və nəticədə siyasi-hərbi böhranın milli qırğına sürüşməsinə mane ola bilməməsi idi.
31 martdan sentyabradək: qırğın, əks-qırğın və vətəndaş müharibəsinin məntiqi
31 martı təcrid olunmuş bir gün kimi oxumaq da yanlışdır. 1918-ci ilin hadisələri bir-birindən qopuq epizodlar yox, eyni vətəndaş müharibəsi dinamikasının müxtəlif mərhələləri idi. Mart qırğınları, sovet hakimiyyətinin möhkəmlənməsi cəhdi, Bakı Kommunasının təcridi, xarici müdaxilələrin dərinləşməsi, Sentrokaspi Diktaturasının yaranması və nəhayət sentyabr hadisələri bir zəncirin həlqələri idi. Bu zənciri qırıb yalnız bir hissəni müqəddəsləşdirmək tarix yox, seçmə yaddaşdır.
Bu baxımdan 31 martdan sonra baş verənləri də düşünmək vacibdir. Çünki vətəndaş müharibəsi bir dəfə başladıqda, milli qırğın çox zaman əks-qırğın üçün zəmin yaradır. Millətçi yaddaş isə həmişə yalnız öz ölüsünü görür, başqasının ölüsünü isə ya unudur, ya da haqq edilmiş hesab edir. Bu məntiq qəbuledilməzdir. Hər iki tərəfdə ölən məzlumlar millətçi siyasətin qurbanlarıdır. Bu səbəbdən 31 martı düzgün başa düşmək üçün onu bütöv 1918-ci il böhranının içində, qarşılıqlı zorakılıq spiralı və vətəndaş müharibəsi məntiqi içində oxumaq lazımdır.
25 iyul 1918-ci ildə Bakı Sovetində menşeviklər, sağ eserlər və daşnaklar hücum təhlükəsini əsas gətirərək Britaniya hərbi köməyinin çağırılması barədə cüzi səs çoxluğu əldə etdilər. Bolşevik komissarlar buna etiraz olaraq istefalarını bildirsələr də, sovet hakimiyyətini qorumaq uğrunda mübarizəni dayandırmadılar. 31 iyulda daxili parçalanma və xarici təzyiq sovet hakimiyyətinin müvəqqəti süqutuna gətirdi, 1 avqustda Sentrokaspi Diktaturası yaradıldı, 4 avqustda isə imperialist ingilis qüvvələri Bakıya gəldi.
Bu xronologiya vacibdir, çünki martdan sentyabra qədər olan zəncir təkcə “milli düşmənçilik”lə yox, həm də beynəlxalq vətəndaş müharibəsi ilə bağlı idi. Osmanlı hərbi təzyiqi və intervensiyası, Britaniya müdaxiləsi, daxili sağ daşnak manevrləri və “Müsavat”ın milli blok siyasəti eyni düyünün müxtəlif tərəfləri idi, sentyabr qırğınlarını da bu daha geniş zəncirin içində təhlil etmək lazımdır.
Rəsmi tarixşünaslığın Bakı Kommunası və bolşevikləri arxa plana çəkməsinin əsl səbəbi nədir? Yoxsa Azərbaycan hökuməti kommunistlərə rəğbət bəsləyir?
Bugünkü rəsmi Azərbaycan narrativi Bakı Soveti və bolşevikləri açıq şəkildə mərkəzə çəkməyə həvəsli deyil. Çünki bunu etsə, 31 martın “milli soyqırımı” formulası dağılacaq. Onda YAP tarixşünaslığı danışmalı olacaq ki, Bakıda çoxmillətli proletariat vardı, Sovet hakimiyyəti milli baxımdan qarışıq sinfi bazaya malik idi, “Müsavat” milli burjuaziya partiyası idi, “Hümmət” və müsəlman bolşeviklər də mövcud idi, Bakı Soveti milli məsələdə səhvlərə yol vermişdi, daha sonra isə Britaniya imperializmi, türk hərbi müdaxiləsi, Sentrokaspi Diktaturası və sentyabr hadisələri bu düyünü daha da qanlı hala gətirdi. YAP hakimiyyəti isə bunların heç birini istəmir. Ona milli-siyasi anatomiyası olan tarix yox, hər il eyni tonda təkrarlanan, idarəolunan yas mərasimi lazımdır. Bunun mahiyyəti isə yaddaş üzərində inzibati nəzarətdir.
Dövlət üçün bu, çox sərfəlidir. Çünki tarixi mürəkkəbləşdirmək siyasi nəticə doğurur, sadələşdirmək isə itaət yaradır. Əgər 31 mart sırf “erməni vəhşiliyi” kimi təqdim olunursa, onda bugünkü hakimiyyət özünü həm milli yaddaşın keşikçisi, həm də tarixi ədalətin yeganə sözçüsü kimi sata bilir. Amma hadisə sinfi və siyasi düyün kimi təqdim olunsa, o zaman sual dərhal bu günə keçir: bəs indi hansı hakimiyyət öz maraqları naminə tarixi yenidən paketləyir? Rəsmi tarixşünaslıq bu sualı sevmir.
Digər tərəfdən isə əgər bu xətt açıq danışılarsa, rəsmi tarix Bakı Soveti düşərgəsinin öz içində də bolşeviklər, menşeviklər, sağ eserlər və daşnaklar arasında kəskin fərq olduğunu etiraf etməli olacaq. Xüsusən 25 iyul səsverməsi göstərir ki, Bakıda Britaniya müdaxiləsinin qapısını bolşeviklər deyil, sovet daxilində onların rəqibləri və millətçi müttəfiqləri açdılar. Rəsmi narrativin buna maraq göstərməməsinin səbəbi də budur. Çünki bu fakt “erməni-bolşevik soyqırımı” kimi kobud şablonu daxildən dağıdır.
Niyə “soyqırımı” termini hakimiyyət üçün bu qədər sərfəlidir?
“Soyqırımı” termini hakimiyyət üçün hüquqi və ya tarixi anlayış olmaqla yanaşı, həm də emosional səfərbərlik alətidir. Bu termin işlədildiyi anda hadisənin siyasi mürəkkəbliyi arxa plana keçir, cəmiyyət isə hazır mənəvi refleksə çağırılır. Beləliklə, tarix sorğulanan müstəvi olmaqdan çıxıb, müqəddəs elan olunmuş sahəyə çevrilir. Müqəddəs elan edilən şeyi təhlil etmək isə dərhal “hörmətsizlik” kimi qələmə verilə bilir.
Üstəlik, “soyqırımı” formulu milli yaddaşı mərkəzləşdirmək baxımından da faydalıdır. Çünki o, müxtəlif bölgələrdə, müxtəlif şəraitlərdə, müxtəlif siyasi məntiq içində baş vermiş qırğınları vahid hekayəyə salmağa imkan verir. Tarixdə ziddiyyət çox olur, mif isə ziddiyyəti sevmir. Ona görə də hakimiyyət üçün “soyqırımı” termini həm emosional, həm ideoloji, həm də inzibati baxımdan olduqca rahat alətdir. O, nə qədər gur səslənirsə, bir o qədər az düşünmə tələb edir. Yəni əgər kimsə 31 martda baş verənləri qiymətləndirməyə başlasa, illərlə bu hadisəni soyqırımı kimi dərk edən adi vətəndaşlar belə əslində, bunu onlar üçün edən tarixi həqiqət tədqiqatçılarını tənqid, hətta təhqir edərək hökumətin funksiyasını yerinə yetirmiş olacaq.
31 mart hadisələrinin həqiqi məğzi nədir?
Buna görə 31 martın həqiqi məğzinə varanda anlayırıq ki, bu hadisə nə sırf “erməni vəhşiliyi” idi, nə də sinfi mübarizədən müstəqil baş vermiş abstrakt milli fəlakət. O, neft kapitalizmi, dağılmış imperiya, zəif proletar-kəndli ittifaqı, milli burjuaziyanın səfərbərliyi və milli silahlı qüvvələrin müdaxiləsi fonunda baş vermiş, anti-müsəlman qırğına çevrilmiş sinfi-siyasi partlayış idi. Burada milli forma var idi, amma həmin formanın içində sinfi məzmun gizlənirdi. Həmin məzmunu çıxarıb atanda, geriyə millətçi teologiya qalır.
31 mart hadisəsinin ağırlığı burada həm həqiqi qurbanların, həm həqiqi milli qorxunun, həm həqiqi siyasi korluğun, həm də həqiqi sinfi məğlubiyyətin olmasındadır. Bütün bunlardan yalnız birini seçib qalanlarını görməzdən gəlmək tarixi təhrif etməkdir. 31 martın ciddi təhlili isə qurbanların ağrısını azaltmır, əksinə, onu siyasi klişedən xilas edir və baş verənləri doğuran real mexanizmləri görünən hala gətirir.
Bu səbəbdən 31 martı anlamağın elmi yolu qurbanların sayını müqayisə etməkdən daha çox, qurbanları doğuran siyasi mexanizmi açmaqdır: neft kapitalının qurduğu şəhər, imperialist cəbhələrin çökməsi, zəif proletar-kəndli ittifaqı, milli partiyaların səfərbərliyi və Bakı Soveti hakimiyyətinin dayanıqlı hegemonluq qura bilməməsi eyni düyündə birləşmişdi. Bu hadisəni sinfi-polisentrlik böhranı kimi başa düşmək lazımdır.
31 mart hadisələrinin siyasi dərsi nədən ibarətdir?
31 martın həqiqi dərsi budur ki, Azərbaycan, Ermənistan və bütün Cənubi Qafqaz xalqlarını xilas edə biləcək xətt milli burjuaziyaların blok siyasəti deyildi və indi də deyil. Xilas yolu çoxmillətli proletariatın ortaq siyasi hakimiyyətindən, milli düşmənçiliyi sinfi birliklə dağıtmaqdan, burjua millətçiliyini həm Bakıda, həm İrəvanda, həm də bütün regionda devirməkdən keçirdi və indi də keçir. Bu səbəbdən 31 martı anmağın yolu öldürülənləri dövlət mifinin xammalına çevirmək yox, onların ölümünü mümkün edən sinfi-siyasi mexanizmi açmaqdır. Əgər bu edilmirsə, onda matəm yaddaşa yox, hakimiyyətə xidmət edir.
31 mart hadisələrini düzgün qiymətləndirmək keçmişi həqiqi formada öyrənməklə yanaşı bugünkü siyasəti anlamaq üçün vacibdir. Çünki dünənin qırğınını bugünün ideologiyasına çevirən hər hakimiyyət, əslində, keçmişdən istifadə edir. Ona görə bu tarixə sinfi baxış nə sentimental etiraz, nə də akademik məşğuliyyət deyil. Bu, Cənubi Qafqazda xalqların bir daha eyni qəbiristanlıq siyasətinin girovuna çevrilməməsi üçün zəruri siyasi mövqedir.

