Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dizayn fakültəsinin tələbələrindən “Tələbə Mediası”na ciddi şikayət daxil olub. Tələbələrin bildirdiyinə görə, Azərbaycan bölməsində təhsil almalarına baxmayaraq, müəllimlərin əksəriyyəti dərsləri rus dilində keçir. Buna etiraz edən tələbələrə isə problemi həll etmək əvəzinə “rus dilini öyrənin” deyildiyi, bəzi hallarda onların alçaldıcı münasibətlə üzləşdiyi bildirilir.
Şikayətin daha ağır tərəfi isə qiymətləndirmə ilə bağlıdır. Tələbələrin iddiasına görə, rus dilini bilənlər müəllimlərdən daha yaxşı münasibət görür, hətta qiymətləndirmədə üstünlük qazanırlar. Əgər bu iddialar doğrudursa, burada söhbət artıq sadəcə tədris dilindən getmir. Burada tələbələrin dil biliyinə görə qeyri-bərabər vəziyyətə salınmasından, müəllim münasibətinin və qiymətin əlavə bir imtiyaz vasitəsinə çevrilməsindən söhbət gedir.
Azərbaycan bölməsinə qəbul olunan tələbə niyə dərsi başqa dildə dinləməyə məcbur edilməlidir? Niyə tələbə öz tədris dilində dərs tələb etdiyinə görə aşağılanmalıdır? Və ən əsası, niyə onun biliyi yox, hansı dili bilməsi müəllimin münasibətinə və qiymətinə təsir etməlidir?
Məsələ rus dilinə qarşı münasibət deyil. Rus dili də, başqa dillər də öyrənilə və istifadə oluna bilər. Problem o zaman başlayır ki, əlavə dil bilmək üstünlük olmaqdan çıxıb təhsil hüququna giriş bileti kimi təqdim edilir. Universitetdə tələbə müəllimin rahatlığına uyğunlaşmalı deyil. Tədris prosesi tələbənin öyrənməsi üçün qurulmalıdır.
Əgər Azərbaycan bölməsində dərslər sistemli şəkildə rus dilində keçirilirsə, bu, “belə daha rahatdır” məntiqi ilə izah edilə bilməz. Əgər tələbələr etiraz etdiklərinə görə təzyiq və alçaldılma ilə üzləşirlərsə, bu da müəllim-tələbə münasibətində qəbul ediləcək hal deyil. Əgər qiymətləndirmədə dil amili rol oynayırsa, məsələ artıq birbaşa ədalətli qiymətləndirmə prinsipinə toxunur.
“Tələbə Mediası” Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəhbərliyindən tələbələrin səsləndirdiyi bu iddiaları araşdırmağı və ictimaiyyətə açıq şəkildə aydınlıq gətirməyi tələb edir. Dizayn fakültəsinin Azərbaycan bölməsində dərslər faktiki olaraq hansı dildə keçirilir? Müəllimlərin tədris dilinə əməl etməsinə nəzarət varmı? Tələbələrin qiymətləndirilməsində dil biliyinin rol oynaması ilə bağlı iddialar araşdırılacaqmı?
Tələbəyə “rus dilini öyrən” demək cavab deyil. ADRA rəhbərliyi bu iddialara faktlarla cavab verməli və doğru olduğu üzə çıxan hər bir ayrı-seçkilik praktikasına son qoymalıdır – tələbələrin şikayətləri qarşısında susmaq isə problemi həll etmək yox, onun davam etməsinə şərait yaratmaqdır.
#Təhsil #ADRA #Rusdili #Dizayn #Tələbə

