Ağ Evdə sülh şousu: Pərdənin arxasındakı sinfi maraqlar

8 avqust 2025-ci ildə Ağ Evdə İlham Əliyev, Nikol Paşinyan və Donald Trampın iştirakı ilə imzalanan sülh sazişi ABŞ mediası tərəfindən “tarixi dönüş nöqtəsi” kimi təqdim olundu. Rəsmi Vaşinqton, Moskva və Brüssel arasında uzun illərdir davam edən vasitəçilik rəqabətində ilk dəfə olaraq ABŞ açıq şəkildə dominant mövqeyə çıxmış oldu. Lakin marksist analiz göstərir ki, bu “dönüş nöqtəsi” yalnız burjuaziya üçün yeni imkanların, işçi sinfi üçün isə yeni çətinliklərin başlanğıcıdır.

Tarixi konteksti nəzərə aldıqda və həqiqətin meyarı olan müqayisədən istifadə etdikdə bu daha aydın şəkildə nəzərə çarpır.

Məlumdur ki, sülh danışıqlarının başlanğıc nöqtəsi 1994-cü ildəki Bişkek protokoludur. Sovet İttifaqının dağılmasından sonra alovlanan Birinci Qarabağ müharibəsi 1994-cü ilin mayında məhz bu sənədlə dayandırıldı. Bu protokola əsasən, Rusiya və MDB strukturları vasitəsilə təmin edilən, faktiki olaraq status-kvonu donduran atəşkəs idi. Azərbaycan və Ermənistan burjuaziyası üçün bu, iqtisadiyyatın hərbi yönümlü yenidənqurulması və öz daxili hakimiyyət mövqelərini möhkəmləndirmə mərhələsi idi. İşçi sinfi isə bu “sülh”dən yalnız kəsilən sosial xərclər və artan işsizliyi miras aldı.

Bu siyasi tamaşada ikinci pərdə 26 il sonra – 2020-ci il müharibəsi və 10 noyabr bəyanatıdır. İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan ərazilərinin böyük hissəsini nəzarətə qaytardı. 10 noyabr 2020 bəyanatı Rusiyanın vasitəçiliyi ilə imzalandı və Moskva sülhməramlılarının bölgəyə yerləşdirilməsi ilə nəticələndi. Bu mərhələ, Azərbaycan və Türkiyə burjuaziyası üçün regional nüfuzun artması, Ermənistan burjuaziyası üçün isə yeni iqtisadi və siyasi asılılıqlar dövrü idi. İşçi sinfi hər iki tərəfdə ağır müharibə xərclərinin yükünü daşıdı, inflyasiya, sosial proqramların ixtisarı, artan hərbi xərclər həmişə olduğu prinsiplə bölündü: gəlirlər burjuaziyanın, xərclər isə işçi sinfinindir.

2021-2024-cü illəri əhatə edən Brüssel danışıqlarını da diqqətdən kənar qoymaq olmaz. Avropa İttifaqının rəhbərliyi ilə keçirilən Brüssel formatı daha çox Qərb kapitalının regiona nüfuzunu artırmaq, enerji və nəqliyyat marşrutlarında Avropanın payını genişləndirmək məqsədi daşıyırdı. Lakin Aİ-nin siyasi-hərbi gücü məhdud olduğundan, bu format Vaşinqtonun 2025-dəki açıq diplomatik ofensivinə müqavimət göstərə bilmədi.

Tamaşanın hazırki anadək son pərdəsi isə 2025-ci il Ağ Ev sazişidir. İlk dəfə ABŞ həm diplomatik, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində Cənubi Qafqazdakı oyuna açıq lider kimi daxil oldu. TRIPP dəhlizi ilə regionun enerji və tranzit xəritəsi yenidən çəkilir. Yəni cari saziş kapitalın regionkdakı yeni hərəkət xəritəsidir. Bu, Vaşinqtonun Çinə qarşı qlobal strateji rəqabətində ön cəbhə mövqeyi deməkdir.

Azərbaycan burjuaziyası üçün Ağ Ev sazişinin əhəmiyyəti ilk növbədə aşağıdakılarda ifadə olunur:

– Kapital axınının genişlənməsi: TRIPP dəhlizi ilə Azərbaycan regionun enerji və logistika mərkəzinə çevrilir. Bu, dövlətlə sıx bağlı olan oliqarxik qruplar üçün infrastruktur layihələrindən böyük mənfəət, özəl tikinti və logistika şirkətlərinə isə sabit sifariş axını deməkdir.

– Siyasi kapitalın möhkəmlənməsi: Qarabağ üzərində nəzarətin təsdiqlənməsi və “sülh gətirən lider” imici daxili legitimliyi gücləndirir, hakimiyyətin mövcud sosial-siyasi kursunu sorğulayan qüvvələri zəiflədir.

– Qlobal bazarlara çıxış: ABŞ dəstəyi ilə yeni ticarət və maliyyə imkanlarının açılması, xüsusən də neft-qaz sektoru və qeyri-neft ixracında Qərb kapitalının artan iştirakı.

Ermənistan burjuaziyası üçün Ağ Ev sazişini fərqli aspektlərdən vacibdir:

– İqtisadi blokadanın zəifləməsi: Saziş Ermənistan üçün illərlə davam edən iqtisadi təcridin qismən yumşalmasına imkan yaradır. Bu, xüsusən idxal-ixrac sektorlarında yeni gəlir mənbələri deməkdir.

– Xarici sərmayə asılılığının artması: ABŞ və Qərb kapitalının iqtisadiyyata daxil olması yerli burjuaziyanın bəzi seqmentləri üçün yeni ortaqlıq imkanları açır, lakin bu, eyni zamanda daha böyük xarici asılılıq deməkdir.

– Daxili siyasi sabitlik aləti: Sülh imici hakimiyyətə qarşı daxildəki narazılıqları qismən neytrallaşdırır, lakin bu “sakitlik” sosial-iqtisadi problemlərin həllindən çox, xarici dəstəyə söykənir.

 

ABŞ burjuaziyası üçünsə cari saaziş imperialist siyasətin davamı və regionda əsas aktora çevrilmək baxımından önəmlidir:

– Enerji və logistika nəzarəti: TRIPP koridoru ABŞ kapitalına Xəzər dənizi–Avropa enerji xəttinə strateji giriş imkanı verir, həm Rusiya, həm də Çinin marşrutlarını balanssızlaşdırır.

– Hərbi-strateji mövqelərin güclənməsi: ABŞ regionda möhkəmlənməklə İranın şimalında yeni təsir zonası yaradır, eyni zamanda NATO-nun Qafqazdakı potensial hərəkət imkanlarını genişləndirir.

– Kapitalın yeni bazarlara çıxışı: İnfrastruktur, telekommunikasiya, maliyyə və silah sənayesində ABŞ şirkətlərinə uzunmüddətli kontraktlar açılır. Bu, xüsusilə Amerikanın böyük inşaat, enerji texnologiyaları və təhlükəsizlik şirkətləri üçün mühüm bazar qazancları deməkdir.

– Geosiyasi prestij: Bu saziş ABŞ diplomatiyasına “münaqişə həll edən qlobal lider” imicini qaytarmaq üçün bir vasitədir. 2020-lərdə Çin və Rusiyanın bölgədəki mövqelərinin güclənməsinə cavab olaraq, Vaşinqton bu imic vasitəsilə həm Avropa müttəfiqlərinə, həm də qlobal Cənuba mesaj verir.

Regional güclərin mövqeləri və sinfi maraqlar. Ağ Evdə imzalanan saziş yalnız Bakı ilə Yerevanın yox, bütün regionun siyasi ritmini dəyişdi. Ən çox itirən, şübhəsiz ki, Moskva oldu. Onilliklərdir Cənubi Qafqazı öz təsir sahəsi hesab edən Rusiya, indi vasitəçilik kürsüsünü Vaşinqtona vermək məcburiyyətindədir. Bu, Kreml üçün həm geosiyasi, həm də iqtisadi itkilər deməkdir, silah satışı, enerji tranziti və siyasi təsir kanalları daralır.

İran isə sərhədlərinin şimalında ABŞ-ın möhkəmlənməsini, TRIPP kimi dəhlizin özünü regional blokadaya salmaq potensialını açıq təhdid kimi görür. Tehranın iqtisadi elitası üçün bu, həm yeni risklər, həm də məhdud imkanlar dövrüdür.

Türkiyə tərəfdən isə vəziyyət fərqlidir. Ankara üçün bu saziş, uzun illərdir dilləndirilən Zəngəzur koridoru xəyalını reallığa bir addım da yaxınlaşdırır. Türkiyə kapitalı artıq bu marşrutun infrastruktur layihələrində yer almaq üçün mövqelər tutur.

Gürcüstan, hər zamankı kimi, böyük güclərin oyun meydanında balans siyasəti aparır. Yeni tranzit marşrutlar onu kənarda qoymaq təhlükəsi yaratsa da, Vaşinqtonla yaxınlıq hesabına müəyyən iqtisadi pay qoparmağa çalışır.

Pekin isə hadisələri daha uzaqdan izləyir. “Bir kəmər, bir yol” layihəsinin Qafqaz hissəsinin ABŞ nəzarətinə keçməsi ehtimalı Çin kapitalını ehtiyatlı, amma paralel marşrutlar üzərində daha çox işləməyə vadar edir. Bu, Cənubi Qafqazın yalnız regional deyil, qlobal kapitalist rəqabətin də ön xəttinə çevrildiyini göstərir.

Qlobal sinfi dinamika. Ağ Evdə imzalanan bu sənədin səsi təkcə Vaşinqton, Bakı və İrəvanda deyil, dünyanın böyük maliyyə və siyasi mərkəzlərində də eşidildi. ABŞ kapitalı üçün bu, yeni bazarların qapısının açılması, Xəzərdən Avropaya uzanan enerji damarlarının nəzarət altına alınması, həm də Rusiya və Çin kimi rəqiblərin regiondakı nəfəs yollarının daraldılması deməkdir.

Azərbaycan və Ermənistanın hakim sinifləri üçünsə saziş, xarici sərmayəni ölkəyə cəlb etmək, oliqarxik maraqlarını möhkəmləndirmək, yeni infrastruktur və enerji layihələri üzərindən gəlirlərini artırmaq üçün böyük fürsətdir. Onlar üçün “sülh” iqtisadiyyatın genişlənməsi deməkdir, amma bu genişlənmə əsasən öz ciblərinə işləyir.

İşçi və kəndli sinfi üçünsə mənzərə tam fərqlidir. Bu layihələrdə onlar yenə ucuz əmək qüvvəsi, çevik və asanlıqla əvəzlənə bilən işçi kimi görünürlər. Sosial təminatın artması, əmək şəraitinin yaxşılaşması, müharibədən sonrakı “sülh dividend”ləri – bunların heç biri reallığa çevrilmir. Sərhədlər açılır, amma fabrik divarları daha da hündür qalır.

Marksist perspektivdə “sülh” yalnız müharibə atəşinin susması yox, həm də istismar münasibətlərinin necə davam edəcəyinin göstəricisidir. 1994-dən 2025-ə qədər bütün atəşkəs və sülh mərhələləri göstərir ki, hər dəfə diplomatik sənədlərin qələmə alınması ilə burjuaziya üçün yeni gəlir kanalları açılıb, işçi sinfi isə daha ağır sosial-iqtisadi şərtlərlə üzləşib. Əgər regionun işçiləri öz təşkilatlanmalarını gücləndirməsələr, bu sülh sadəcə sərhədləri rahatlaşdıracaq, amma fabrik divarlarını və istismar mexanizmlərini daha möhkəm edəcək.