Bu gün – 11 mart 2026-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azər Qasımlıya 12 il həbs verildi. Məhkəmə prosesində prokuror onun üçün 13 il cəza istəmişdi, Azər Qasımlı isə daha əvvəl irəli sürülən ittihamları qəbul etməmişdi. Fakt budur və bu faktı yumşaltmağa çalışan hər cümlə gerçəkliyi gizlətməkdən başqa bir işə yaramır.
Bu hökmün təsir dairəsi Azər Qasımlının şəxsiyyəti ilə məhdudlaşmır. Burada müzakirə edilməli olan budur: niyə bu ölkədə tənqid müəyyən həddi keçən kimi “fikir” olmaqdan çıxır və “təhlükə”yə çevrilir? Niyə hakimiyyət üçün ən narahatedici söz söyüş, emosional partlayış və ya təsadüfi narazılıq yox, sistemi adı ilə çağıran sözdür? Çünki kapitalizm hər tənqidə düşmən deyil, yalnız öz təməlini görünən edən tənqidə düşməndir.
Azərbaycan Respublikasının Konstitusiyası deyir ki, hər kəsin fikir və söz azadlığı var, informasiya axtarmaq, əldə etmək və yaymaq hüququ var; və ən maraqlısı da budur ki, dövlət orqanlarını, onların vəzifəli şəxslərini və başqa qurumları tənqid etdiyinə görə vətəndaş təqib oluna bilməz. Kağız üzərində mənzərə kifayət qədər parlaqdır. Amma kapitalizmin köhnə oyunu da elə budur: hüququ elan edir, sonra həmin hüququn real işləmə sərhədini hakimiyyətin mənafeyi ilə cızır.
Deməli, problem “Azərbaycanda söz azadlığı var, ya yoxdur?” sualında deyil. Daha dəqiq sual budur ki, hansı sözə, kimə və nə qədər azadlıq var? Çünki sistem üçün təhlükəsiz tənqid həmişə lazımdır. Hətta bəzən ona ehtiyac var. Dekorasiya kimi. Guya cəmiyyət danışır, guya müxtəlif fikirlər var, guya hər kəs öz sözünü deyə bilir. Elə buna görə ayrı-ayrı sözbaz fiqurlara icazə verilir ki, zaman-zaman guya müxalif libası ilə ayrı-ayrı məmurları tənqid etsinlər. Lakin belə şəxslərə sistemin özünə və onun əsas fiqurlarına qarşı nəsə demək icazəsi verilməyib. Aydındır ki, belə tənqidlər mülkiyyətə toxunmamalıdır, dövlətlə kapitalın qovuşmasını açmamalıdır, inhisarı, korrupsiyanı, repressiyanı və itaət istehsalını eyni zəncirin halqaları kimi göstərməməlidir. Danışanlar və yazanlar bunu elə etməlidirlər ki, hakimiyyətin sütunları yerində qalsın.
Bu, təsadüf yox, yaşadığımız sistemin məntiqidir. Kapitalist dövlət neytral hakim deyil. O, guya hamının üzərində dayanan, hamıya bərabər məsafədə duran fövqəlsinfi arbitraj maşını deyil. O, mövcud mülkiyyət münasibətlərinin, mövcud hakimiyyət nizamının, mövcud itaət rejiminin keşikçisidir. Buna görə də sistemin əsaslarını hədəfə alan tənqid dərhal “qayda pozuntusu”, “ictimai risk”, “təxribat”, “qanunsuzluq” kimi təqdim olunur. Qanun burada çox vaxt ədalətin dili kimi yox, qorxunun ədəbi forması kimi işləyir.
Burada bir məqam xüsusilə aydındır ki, hakimiyyət üçün ən təhlükəli insan həmişə silahlı insan olmur. Bəzən ən təhlükəli insan hər şeyin niyə belə qurulduğunu izah edən insandır. Çünki bəzi fikirlər adamları sadəcə qəzəbləndirmir, onları oyadır. Ayılmış insan isə artıq rahat idarə olunmur. O, yoxsulluğu qismət, susmağı təbiilik saymır, məhkəmə hökmlərini avtomatik şəkildə ədalət kimi qəbul etmir. Ayılmış insan anlayır ki, sistem bəzi şəxsləri ona görə cəzalandırır ki, onların sözləri kütlənin gözünə görünməyən əlaqələri görünən edir.
Son illərin mənzərəsi də bunu təsdiqləyir. “Human Rights Watch 2026” hesabatında Azərbaycanda hakimiyyətin müstəqil mediaya, siyasi opponentlərə və vətəndaş cəmiyyətinə qarşı təzyiqləri davam etdirdiyini və bunun qorxu mühitini dərinləşdirdiyini yazır. HRW 2025-ci ilin sonu və 2026-cı ilin əvvəlində də siyasi opponentlərə və xaricdəki tənqidçilərə qarşı basqıların artdığını ayrıca vurğulayıb. AP isə 2025-ci ildə yeddi jurnalistin 7,5 ildən 9 ilədək həbsə məhkum edildiyini, bu məhkəmə işlərinin beynəlxalq media və hüquq qurumları tərəfindən söz azadlığına zərbə kimi qiymətləndirildiyini qeyd edirdi. Bu mənzərə ayrı-ayrı epizodların cəmi kimi yox, sistemin özünü qoruma refleksi kimi qiymətləndirilməlidir.
Buna görə Azər Qasımlıya verilən hökmü yalnız hüquqi hadisə kimi oxumaq sadəlövhlük olar. Burada siyasi mesaj sərhədi müəyyənləşdirməklə bağlıdır. Bu sərhədi hakim sinfin qorxusu çəkir. Nəyə görə qorxu? Çünki sistem yaxşı bilir ki, bir cəmiyyətin ən təhlükəli anı kasıblığın artdığı məqam yox, kasıblığın səbəbinin başa düşüldüyü andır. Ən riskli məqam repressiyanın güclənməsi deyil, repressiyanın hansı sinfi marağa xidmət etdiyinin kütlə tərəfindən dərk edilməsidir. Yəni problem təkcə narazılıq deyil. Problem şüurlu narazılıqdır. Problem təşkilatlanmağa meyl edən narazılıqdır.
Burada liberal yanaşmanın həddi də görünür. Liberal etiraz çox vaxt məsələni “ədalətsiz məhkəmə”, “pis məmur”, “qüsurlu sistem”, “islahata ehtiyac” səviyyəsində saxlayır. Ancaq məsələ bundan dərindir. Problem bir neçə məmurun qəddarlığı deyil, bu qəddarlığı yenidən və yenidən istehsal edən iqtisadi-siyasi quruluşdur. Problem odur ki, kapitalizm özü yalnız ucuz əmək, qeyri-bərabərlik və sosial asılılıq yaratmır, eyni zamanda bu nizamı qorumaq üçün susqunluq, qorxu və özünüsenzura da istehsal edir. Adamı bəzən həbs etmədən də susdururlar: işsizliklə, sosial zəifliklə, kreditlə, nüfuzla, ailə qorxusu ilə, ictimai damğayla. Açıq repressiya çox vaxt son mərhələdir. Ondan əvvəl uzun bir itaət məktəbi işləyir.
Elə buna görə də Azər Qasımlıya hökm fəhlənin də problemidir, müəllimin də, jurnalistin də, tələbənin də, işsiz gəncin də. Çünki tənqidin cəzalandırıldığı ölkədə əmək hüququ da kağız üzərində qalır, təşkilatlanma hüququ da, söz azadlığı da, hüquqi müdafiə də. Siyasi qorxu ilə iqtisadi istismar ayrı-ayrı mövzular deyil. Onlar eyni qaydanın iki qoludur. Bir əldə maaşı aşağı saxlayırlar, o biri əldə başı aşağı. Quruluş üçün ideal vətəndaş həm ucuz işləyən, həm də az danışandır.
Bu səbəbdən çıxış yolu yalnız mənəvi etiraz, sosial şəbəkə qəzəbi və ya növbəti ədalət çağırışı ola bilməz. Bunlar lazımdır, amma kifayət etmir. Əgər problem sistemlidirsə, cavab da sistemli olmalıdır. Bu ölkədə tənqidin təhlükəyə çevrilməsinin qarşısını almağın yeganə real yolu işçi sinfinin, zəhmətkeşlərin, müstəqil jurnalistlərin, tələbələrin və bütün istismar olunan təbəqələrin müstəqil sinfi təşkilatını qurmaqdır. Qorxu atomlaşmış insanı daha asan əzir, təşkilatlanmış sinfi isə əzmək asan iş deyil. Söz azadlığını kağızdan həyata çıxaran şey də təkcə qanun maddəsi yox, arxasında dayanan kollektiv gücdür. Əgər tənqidi qorumaq istəyiriksə, onu şəxsi cəsarətin ümidinə buraxmaq olmaz, onu sinfi təşkilatın, ortaq mübarizənin və siyasi həmrəyliyin gücünə bağlamaq lazımdır. Yoxsa bu sistem hər dəfə yeni insanları cəzalandıracaq, bizə isə yenə susmağı ağıllı davranış kimi satmağa çalışacaq.
İrəli – işçi sinfinin təşkilatını yaratmağa doğru! ✊🏻🚩

