15 sentyabrda minlərlə gənc universitet və kolleclərin qapısından içəri daxil olur. Yeni auditoriyalar, yeni müəllimlər, yeni tanışlıqlar və gələcəklə bağlı böyük gözləntilər başlayır. Tələbələr universitetin qapısından keçərkən təhsil müəssisəsinə daxil olmaqla eyni zamanda , qiymətlərinə, davamiyyətlərinə, təqaüdlərinə, imtahanlarına, diplomlarına və nəticə etibarilə gələcək imkanlarına təsir edə bilən bütöv inzibati mexanizmlə münasibətə girirlər. Bu səlahiyyətlər tələbələrin təhsil almasını təmin etmək üçündür, lakin həmin səlahiyyətlər şəffaflıqdan, demokratik nəzarətdən və real hesabatlılıqdan kənarda qalanda başqa məqsədlər üçün də istifadə edilə bilər. Xüsusilə rüşvət tələb etmək, qiymətlə hədələmək, tələbəni alçaltmaq, seksual xarakterli təkliflər etmək, şəxsi sərhədlərini pozmaq, şikayət etdiyinə görə ona təzyiq göstərmək məqsədləri üçün. Bunları tələbə həyatının xoşagəlməz, amma adi hissəsi kimi qəbul etmək olmaz, çünki güc münasibətinin bir tərəfində tələbənin gələcəyinə təsir edə bilən institut, digər tərəfində isə çox vaxt həmin institutdan asılı vəziyyətdə olan gənc dayanır.
Elm və təhsil naziri Emin Əmrullayev 30 iyun 2026-cı ildə Azərbaycanda təhsil sistemində sistemli korrupsiyanın olmadığını bildirib. Bununla yanaşı, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya 2025-ci ildə məhz ali təhsil müəssisələrində korrupsiyaya qarşı maarifləndirməni gücləndirmək məqsədilə ayrıca layihə elan edib. Dövlət qurumlarının açıqladığı konkret cinayət işləri isə problemin nəzəri olmadığını göstərir. Təhsil Nazirliyi və Baş Prokurorluğun birgə məlumat verdiyi hallardan birində kollecdə tələbələrin imtahandan keçirilməsi, davamiyyətinin “düzəldilməsi”, dərsdən buraxılması və başqa təhsil müəssisəsinə köçürülməsi müqabilində kütləvi şəkildə rüşvət alınmasına əsaslı şübhələrin müəyyən edildiyi bildirilirdi. Məhz belə faktlar göstərir ki, korrupsiya təkcə masanın altından ötürülən pul deyil. Qiymət, davamiyyət, köçürülmə, təhsil sənədi və tələbənin başqa inzibati ehtiyacları şəxsi qazanc vasitəsinə çevriləndə artıq təhsilin özü alver predmetinə çevrilmiş olur.
Problem yalnız pulla da məhdudlaşmır. 2024-cü ildə Daxili İşlər Nazirliyinin məlumatları əsasında Azərbaycanda 248 nəfər cinsi zorakılıq qurbanı kimi qeydə alınıb və onların 227-si qadın olub. Bu statistika bütün cəmiyyəti əhatə edir və təhsil müəssisələrində baş verən hadisələri ayrıca göstərmir. Uşaq və yeniyetmələrlə bağlı məlumatlar da diqqətdən kənarda qala bilməz: Azərbaycan Uşaq Qaynar Xəttinə 2024-cü ildə daxil olmuş 3635 müraciətin 816-sı zorakılıqla bağlı olub, onlardan 343-ü fiziki, 237-si psixoloji, 217-si etinasızlıq, 19-u isə cinsi zorakılıq xarakteri daşıyıb. Hesabatda cinsi zorakılıqla bağlı müraciətlərin sayının az görünməsinin insanların belə hadisələr barədə danışmaqdan çəkinməsi ilə əlaqəli ola biləcəyi ayrıca vurğulanır. Baş prokurorun 2026-cı ilin iyununda açıqladığı statistikaya görə isə təkcə 2025-ci ildə Azərbaycanda 784 yetkinlik yaşına çatmayan şəxs müxtəlif cinayətlərin zərərçəkmişi kimi qeydə alınıb. Bu rəqəmlərin heç biri avtomatik olaraq təhsil müəssisələrində baş vermiş hadisələrin sayı demək deyil, lakin onlar cinsi və digər zorakılıq formalarının cəmiyyətdə real problem olduğunu göstərir və belə bir şəraitdə məktəb, kollec və universitetlərin təhlükəsiz məkan hesab edilməsinə əsas vermir.
Əksinə, ən ciddi problemlərdən biri məhz nəyi bilmədiyimizdir. Azərbaycanda müəllim-tələbə və müəllim-şagird münasibətlərində seksual qısnama, seksual istismar və yetkinlik yaşına çatmayanlara qarşı seksual xarakterli pozuntular barədə ictimaiyyət üçün açıq, müntəzəm və ümummilli statistika mövcud deyil. Neçə tələbənin seksual qısnama ilə üzləşdiyini, neçə şikayətin universitet daxilində araşdırıldığını, neçə müəllim və inzibati işçi barədə tədbir görüldüyünü, neçə tələbənin şikayətdən sonra təzyiqlə üzləşdiyini ictimaiyyət sistemli şəkildə görə bilmir. Statistik görünməzlik isə problemin yoxluğu demək deyil. Əksinə, ölçülməyən, açıqlanmayan və ictimai nəzarətdən kənarda qalan sahə pozuntuların gizlədilməsi üçün daha əlverişli mühit yaradır. Halbuki qanunvericiliyin özü yetkinlik yaşına çatmayanların cinsi istismar və cinsi zorakılıq təhlükələri haqqında məlumatlandırılmasını təhsil müəssisələrinin vəzifələrindən biri kimi müəyyən edir.
Bütün bunları yalnız “pis müəllim”, “rüşvətxor dekan” və ya “əxlaqsız məmur” haqqında ayrı-ayrı hekayələrə çevirmək isə problemin yarısını görmək deməkdir. Əlbəttə, hər pozuntunun konkret məsul şəxsi var və həmin şəxs cavab verməlidir, lakin belə hadisələrin təkrar-təkrar mümkün olmasının səbəbi yalnız ayrı-ayrı insanların xarakterində deyil. Məsələnin kökündə tələbə ilə onun haqqında qərar verən institut arasındakı qeyri-bərabər güc münasibəti dayanır. Müəllim qiymət verir, kafedra və dekanlıq akademik vəziyyətə təsir edir, universitet sənədləri, təqaüdü, davamiyyəti, imtahan prosedurlarını və diplomu idarə edir, tələbə isə çox vaxt həmin qərarların verildiyi mexanizmlərdə real söz sahibi deyil. Şikayət etdiyi qurum bəzən elə şikayət etdiyi şəxsin işlədiyi qurum olur. Belə sistemdə tələbənin hüququ kağız üzərində mövcud ola bilər, amma onu müdafiə etmək üçün institusional gücü yetərli olmaya bilər.
Bu ziddiyyət təhsilin getdikcə daha çox iqtisadi münasibətə çevrilməsi fonunda daha açıq görünür. Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2025/2026-cı tədris ilində universitetlərə qəbul edilən 60 860 nəfərin yalnız 29 962-si dövlət sifarişi əsasında təhsil hüququ qazanıb. Yəni on minlərlə tələbə təhsil almaq üçün birbaşa ödəniş edir, ailələr illərlə bunun üçün çalışır, kredit götürür və gəlirlərinin böyük hissəsini universitetə yönəldirlər. Ancaq tələbə təhsilin maliyyələşdirilməsində bu qədər böyük yük daşıdığı halda universitetin idarə edilməsinə, qiymətləndirmə mexanizmlərinə, müəllim davranışına və inzibati qərarlara nə qədər real təsir edə bilir? Tələbəyə bir tərəfdən müştəri kimi hesab təqdim edib, digər tərəfdən onu söz haqqı olmayan inzibati obyekt kimi saxlamaq mümkün olmamalıdır. Təhlükəsiz universitet yalnız yaxşı niyyətli rektorun, vicdanlı dekanın və ya düzgün müəllimin mövcudluğuna bağlana bilməz. Tələbələrin iştirakı ilə müstəqil şikayət mexanizmləri, seksual qısnama və korrupsiya haqqında anonim və açıq statistika, şikayətçiyə qarşı qisası istisna edən təminatlar, şəffaf qiymətləndirmə və tələbələrin qərarvermədə real iştirakı institusional norma olmalıdır.
Ona görə də, əziz tələbə, səndən qiymət, davamiyyət, imtahan, diplom və ya başqa məsələ müqabilində pul tələb olunursa, bunu “hamıda belədir” deyərək qəbul etmə. Müəllim və ya başqa bir əməkdaş sənə seksual xarakterli mesajlar yazır, görüşə məcbur edir, razılığın olmadan toxunur, qiymət və ya başqa üstünlük müqabilində şəxsi münasibət təklif edirsə, bunu zarafat, kompliment və ya müəllim-tələbə münasibətlərinin adi hissəsi sayma. Səni təhqir edir, hədələyir, şəxsi və ya siyasi mövqeyinə görə sıxışdırır, hüququnu tələb etdiyin üçün cəzalandırmağa çalışırlarsa, baş verəni öz günahın kimi qəbul etmə. Yazışmaları silmə, mümkün sübutları saxla, hadisənin tarixini, yerini və iştirakçılarını qeyd et, etibar etdiyin insanları məlumatlandır və hüquqlarının pozulmasını görünməz etmə.
“Tələbə Mediası” yalnız hadisə baş verəndən sonra onun haqqında xəbər yazmaq üçün mövcud deyil. Biz tələbələrin universitet divarları arasında tək qalmamasını, ayrı-ayrı şəxslərin yaşadığı problemlərin bir-birindən təcrid olunmuş hadisələr kimi yox, bütöv təhsil sisteminin üzə çıxardığı ziddiyyətlər kimi görünməsini istəyirik, çünki eyni problemlə ayrı-ayrılıqda üzləşən yüz tələbə özünü tək hesab edə bilər, amma həmin yüz nəfərin yaşadıqları görünən olanda artıq söhbət fərdi narazılıqdan yox, ictimai problemdən gedir. Şikayət edən tələbə problem yaratmır, o, mövcud problemi görünən edir. Susmaq isə onu aradan qaldırmır, sadəcə növbəti tələbənin də eyni vəziyyətlə üzləşməsi üçün şərait saxlayır.
Bu tədris ilində universitetdə, kollecdə və ya başqa təhsil müəssisəsində rüşvət, seksual qısnama, təzyiq, təhqir, hüquq pozuntusu, əsassız ödəniş, qiymətlə hədələmə və ya başqa ədalətsizliklə üzləşsəniz, “Tələbə Mediası”na yazın. Bir tələbənin danışması yalnız onun problemini görünən etmir. Bəzən bir nəfərin danışması onlarla başqasının susmasına son qoyur.

