Azərbaycanda istirahət günləri həqiqətən çoxdur? Hökumətin sakitləşdirmə siyasəti, sahibkarların narazılığı və bayramlarda istismar edilən işçilər

Azərbaycanda istirahət günləri həqiqətən çoxdur? Hökumətin sakitləşdirmə siyasəti, sahibkarların narazılığı və bayramlarda istismar edilən işçilər

Azərbaycanda rəsmi istirahət günlərinin çoxluğu tez-tez elə təqdim olunur ki, guya dövlət vətəndaşın rahatlığını xüsusi həssaslıqla düşünür. Təqvimə nəzər saldıqda bəzi ard-arda bayramlar, uzadılmış qeyri-iş günləri görünür və belə bir mənzərə yaradılır ki, sanki hakimiyyət xalqın dincəlməsini istəyir. Amma yaşadığımız sistemdə yalan və yanılma çoxdan həqiqətin yerini tutub. Təqvimdəki “qırmızı” günlərin çoxluğu hələ zəhmətkeşlərin insanca yaşadığını göstərmir. Əksinə, çox vaxt bu, ağır və dözülməz həyatın üstünə çəkilmiş rəngli pərdə rolunu oynayır.

İnsanı dincəldən məqam təqvim yox, həyat şəraitidir. Aşağı maaş, qiymətlərin bahalılığı, qeyri-müəyyən gələcək, zəif sosial təminat, iş yerində asılılıq və gündəlik psixoloji gərginlik içində yaşayan insanlar üçün çoxlu istirahət günü rifah göstəricisi deyil. Bu, sadəcə ağır həyatın içinə səpilmiş qısa pauzalardır. Antiproletar mahiyyət daşıyan hakimiyyətin birdən-birə işçiyə məhəbbət bəslədiyini düşünmək sadəlövhlük olardı. Eyni dövlət bir tərəfdən ləyaqətli əməkhaqqını, etibarlı əmək münasibətlərini və real sosial müdafiəni təmin etmir, o biri tərəfdən bayram günlərinin çoxluğunu “qayğı” kimi nümayiş etdirir. Burada ziddiyyət yoxdur. Əksinə, bu, sistemin məntiqidir. Normal həyat verməyən hakimiyyət istismar etdiyi insanlar üçün fasilələri ona görə verir ki, boğulmuş cəmiyyət birdən ya çökər, ya da sorğulamağa başlayar. Hakimiyyət isə nə çöküş, nə də sorğulayan kütlə istəyir.

Bayram günlərinin siyasi funksiyası da elə buradadır. İnsan “niyə bu qədər ağır yaşayıram?” sualını vermək əvəzinə, “bu uzun istirahətdə nə edim?” sualına yönəldilir. Sosial ziddiyyət həll olunmur, sadəcə təxirə salınır. Rifah verilmir, amma rifah görüntüsü yaradılır. Çörək çatmayanda tamaşa verən düzən, insanca həyat yarada bilməyəndə təqvim paylayır.

Bu mənzərənin ikinci üzü daha açıq və daha rəzildir. Azərbaycanda sahibkarların bir hissəsi davamlı olaraq şikayət edirlər ki, bayram günləri çoxdur, biznes zərər görür, dövriyyə azalır, işçiləri işlətmək olmur. Bu narazılığın arxasında işçiyə qayğı yox, mənfəətin az olmasına dair narazılıq dayanır. Sahibkarlar bayram günlərini ona görə problem sayırlar ki, qazanc axını kəsilir. Yəni onların dərdi işçilərin istirahəti yox, öz kassalarının səssizləşməsidir.

Məsələnin riyakarlığı isə bundan sonra başlayır. Çünki həmin sahibkarların, xidmət obyektlərinin, restoranların, mağazaların, müxtəlif müəssisələrin çoxu bayram günlərində işçini yenə işə çağırır, amma onu nə qanuna uyğun əlavə ödənişlə təmin edir, nə də müqavilə şərtlərinə əməl edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin rəsmi mətnində iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunmanın yalnız qanunda nəzərdə tutulan hallarda mümkün olduğu, belə günlərdə görülən işin isə azı ikiqat məbləğdə ödənilməli olduğu göstərilir. Halbuki reallıqda minlərlə işçi bayramda adi günün maaşı ilə, çox vaxt da səsini çıxara bilmədən işlədilir. Bu, sinfi münasibətin, hətta sinfi müharibənin ən çılpaq formasıdır.

Burada sahibkarın şikayəti ilə sahibkarın qanunsuz istismarı arasında görünən ziddiyyət əslində saxtadır. Çünki hər iki mövqenin kökündə eyni məntiq dayanır: işçinin vaxtı da, ailəsi də, bayramı da, sağlamlığı da, istirahəti də mənfəət üçün xammaldır. Bayram günlərinin çoxluğuna etiraz da mənfəət üçündür, bayram günü işçini adi maaşla işlətmək də. Birində sahibkar deyir ki, “qazancım azalır”, digərində isə deyir ki, “qanunu boş ver, gəl, işləməlisən”. Məsələnin bütün iyrəncliyi elə bundadır.

Dövlətlə sahibkar burada tez-tez bir-birinə narazı görünə bilər, amma işçinin taleyinə gələndə eyni sinfi səngərdə dayanırlar. Dövlət özünü qayğıkeş göstərmək üçün təqvimi şişirdir, sahibkar isə həmin təqvimin öz mənfəətinə mane olan hissəsinə gileylənir. Amma işçinin hüququnun real qorunmasına gələndə hər ikisinin maskası düşür. Dövlət ciddi nəzarət etmir, sahibkar da bundan istifadə edib qanunu pozur. Nəticədə kağız üzərində bayram olur, həyatda isə növbəti istismar növbəsi.

Bu, Azərbaycan reallığının çox dəqiq mənzərəsidir. Kağız üzərində işçinin hüququ var, lakin praktikada o hüququn arxasında güclü müdafiə mexanizmi yoxdur. Təqvimdə onun istirahət günü var, amma reallıqda çox vaxt həmin gün kassanın arxasında, mətbəxdə, anbarda, taksidə, xidmət zalında keçir. Rəsmi çıxışlarda “qayğı” var, real həyatda isə oğurlanmış vaxt, kəsilmiş haqq və susdurulmuş narazılıq. Ona görə Azərbaycanda istirahət günlərinin çoxluğu sosial dövlətin göstəricisi deyil. Bu, bir tərəfdən cəmiyyəti fasilələrlə sakitləşdirməyin, o biri tərəfdən isə həmin fasilələrin içində belə işçini sıxmağa imkan verən sistemin simptomudur. Dövlət bayram elan edir, sahibkar zərərdən danışır, amma işləyən insanlar yenə də əzilirlər. Bayramın rəsmi pafosu ilə işçilərin real həyatı arasında uçurum var.

Bu reallığın daha kobud tərəfi isə sahibkarın işçiyə açıq və ya dolayı şəkildə dediyi o məşhur cümlədə üzə çıxır: “Xoşun gəlmirsə, işdən çıx”. İlk baxışda adi kobudluq kimi görünən bu yanaşma əslində əmək münasibətlərinin sinfi mahiyyətini bütün çılpaqlığı ilə göstərir. Çünki burada işçiyə seçim təqdim olunmur, ona qanunsuz istismarla işsizlik arasında seçim adı altında məcburiyyət sırınır. Bayram günlərində işləmək istəməyən, qanuni istirahət və ya ikiqat ödəniş tələb edən işçiyə verilən cavab çox vaxt hüquqi arqument yox, iqtisadi şantaj olur. Bu isə artıq təkcə əmək haqqı məsələsi deyil, işçinin iradəsinin, vaxtının və ləyaqətinin bazar hökmü altında sındırılmasıdır. Hüquqi baxımdan da bu yanaşmanın heç bir sağlam əsası yoxdur. Əmək qanunvericiliyi işəgötürənə işçini istədiyi anda, istədiyi səbəblə qapının ağzına qoymaq səlahiyyəti vermir; əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi məhdud əsaslarla mümkündür. Bayram günündə işə cəlb olunma isə ümumi qayda kimi yolverilməzdir və müstəsna hallarda belə əlavə ödəniş tələb edir. Deməli, işçidən qanunsuz şərtə boyun əyməyi tələb edib sonra da “çıx get” demək əmək münasibətinin sərbəstliyi yox, onun deformasiyasıdır. Formal olaraq “azad əmək müqaviləsi” kimi görünən münasibət burada öz həqiqi mahiyyətini göstərir: bir tərəf qanuna söykənir, o biri tərəf isə işsizlik qorxusuna.

Məhz buna görə bu sistemi ayrı-ayrı işçilərin fərdi etirazı ilə kökündən dəyişmək mümkün deyil. Tək qalan işçiyə həmişə “çıx get” demək asandır; təşkilatlanmış işçi sinfinə isə eyni rahatlıqla hökm etmək olmur. Hüququ kağızdan həyata keçirən, bayram gününü həqiqi istirahətə çevirən, qanunsuz istismarı geri oturdan və sahibkarın şantajını sındıran yeganə qüvvə kollektiv şəkildə hərəkət edən işçi sinfidir. Bir sözlə, bu şəraiti, bu sistemi dəyişəcək olan nə hökumətin saxta qayğısı, nə də sahibkarın insafa gəlməsidir; bu reallığı yalnız təşkilatlanmış işçi sinfi dəyişə bilər.