Azad mətbuatın qatili onun yoxluğundan danışır: Əliyev hakimiyyətinin böyük səfsətəsi və azad Azərbaycan mətbuatından qorxu

Azad mətbuatın qatili onun yoxluğundan danışır: Əliyev hakimiyyətinin böyük səfsətəsi və azad Azərbaycan mətbuatından qorxu

151 il əvvəl, 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin ilk sayını nəşr etdirdi. Cəmi 56 sayı işıq üzü görən bu qəzetin missiyası hakimiyyət sahiblərini tərifləmək yox, cəmiyyəti maarifləndirmək, geriliyi ifşa etmək və xalqla onun problemləri haqqında öz dilində danışmaq idi. Bu gün isə Azərbaycan dövləti Zərdabinin adını təntənəli mərasimlərdə çəkir, onun gördüyü işi davam etdirən jurnalistləri həbsxanaya göndərir. Milli Mətbuat Günündə ölkənin əsas problemi mətbuatın keçmişi deyil, mətbuatın olmamasıdır.

2026-cı ilin fevralında Münhen Təhlükəsizlik Konfransında müstəqil media nümayəndəsi olduğunu bildirən Emin Hüseynov İlham Əliyevə sual vermək istədi. Əliyev isə sualı dinləmək əvəzinə “dünyada müstəqil media yoxdur” dedi və uzaqlaşdı. İlk baxışda bu cümlə guya dərin skeptisizm təsiri bağışlayır. Əslində isə ibtidai bir səfsətədir. Bəli, kapitalist cəmiyyətdə mətbuat heç vaxt siniflərdən, iqtisadi maraqlardan və mülkiyyət münasibətlərindən kənarda mövcud olmur. Böyük media şirkətlərinin sahibləri, reklam bazarı, banklar, korporasiyalar və dövlət strukturları hansı xəbərin görünəcəyinə, hansının isə görünməz qalacağına təsir göstərirlər. Marksistlər burjua mediasının bu maddi asılılığını liberallardan daha ardıcıl şəkildə tənqid edirlər. Lakin buradan “deməli, jurnalisti həbs etmək olar” nəticəsi çıxmır.

Burjua demokratiyasının məhdud mətbuat azadlığı ilə bütün informasiya məkanının bir ailənin hakimiyyətinə tabe etdirilməsi eyni şey deyil. Maaşlı əmək tam azad olmadığı üçün köləliklə əmək müqaviləsi arasında fərq olmadığını söyləmək nə qədər absurddursa, kapitalist medianın iqtisadi asılılığını göstərib avtoritar senzuranı normallaşdırmaq da bir o qədər absurddur.

Əliyevin sözləri mətbuat haqqında nəzəri mülahizə deyil. Bu, öz hakimiyyəti cinayət yerində yaxalanmış adamın müdafiəsidir: “Hamı belə edir”. Amma hamı 180 ölkə arasında 171-ci yerdə deyil.

“Sərhədsiz Reportyorlar” təşkilatının 2026-cı il Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan 23,95 balla 180 ölkə arasında 171-ci yerə düşüb və dünyanın ən ağır vəziyyətdə olan son on ölkəsi sırasına daxil olub. Təşkilat hazırda Azərbaycanda azı 25 jurnalistin həbsdə olduğunu bildirir. Jurnalistləri Müdafiə Komitəsinin hesablamasına görə isə azı 24 media əməkdaşı məhz peşə fəaliyyəti ilə əlaqədar azadlıqdan məhrum edilib. Azərbaycan 2025-ci ildə dünyada jurnalistləri ən çox həbs edən altıncı dövlət olub. Bunlar təsadüfi həbslər deyil. Söhbət müstəqil medianın bir təşkilat kimi dağıdılması əməliyyatından gedir.

“Abzas Media”nın korrupsiya araşdırmaları aparan yeddi əməkdaşı 7 ildən 9 ilədək həbs cəzası alıb. “Meydan TV” ilə əlaqəli 12 jurnalist və media əməkdaşının məhkəməsi davam edir. “Toplum TV” işi üzrə prokurorlar jurnalistlər, redaktorlar və layihə əməkdaşları üçün 13 ildən 16 ilədək həbs tələb ediblər. Bu işlərin əksəriyyətində eyni ittihamlar təkrarlanır: qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, vergidən yayınma, çirkli pulların yuyulması. Jurnalistika siyasi cinayət elan edilmədiyi üçün hakimiyyət onu maliyyə cinayəti paltarına salır.

Eyni zamanda BBC Azərbaycanca, “Amerikanın Səsi” və “Bloomberg”in yerli fəaliyyət imkanları məhdudlaşdırılıb, əməkdaşlarının akkreditasiyaları ləğv edilib. “Turan” İnformasiya Agentliyi isə maliyyə çətinliklərini əsas gətirərək fəaliyyətini dayandırıb. Deməli, Əliyevin “müstəqil media yoxdur” dediyi ölkədə müstəqil hesab edilən bütün redaksiyaların əməkdaşları təsadüfən eyni vaxtda həbs olunur, sürgünə göndərilir, maliyyə mənbələrindən məhrum edilir və ya fəaliyyətini dayandırmağa məcbur qalır.

Əgər müstəqil media həqiqətən mövcud deyilsə, hakimiyyət onu məhv etmək üçün niyə bu qədər polis, prokuror, hakim, qanun və inzibati qurum səfərbər edir? Yox olan şeydən bu qədər qorxmazlar.

2022-ci ildə qüvvəyə minən “Media haqqında” qanun dövlət qeydiyyatını, maliyyələşməni və jurnalist fəaliyyətini hakimiyyətin nəzarətinə bağladı. Reklam bazarı və dövlət subsidiyaları hökumətyönlü medianın saxlanmasına xidmət etdiyi halda, tənqidi redaksiyalar rəsmi məlumatlardan, maliyyə mənbələrindən və normal fəaliyyət imkanlarından məhrum edildi. 2026-cı il iyulun 14-də isə Milli Məclis Media və Yayım Şurasının yaradılmasını nəzərdə tutan dəyişiklikləri üçüncü oxunuşda qəbul etdi. Yeni qurum media siyasətini, maliyyələşməni, tənzimləməni və yayıma nəzarəti vahid dövlət mərkəzində birləşdirir. Başqa sözlə, rejim əvvəlcə azad mətbuatı iqtisadi cəhətdən boğdu, sonra hüquqi baxımdan qanunsuzlaşdırdı, nəhayət, jurnalistləri fiziki olaraq həbs etdi. İndi isə yaranmış səssizliyi “media sabitliyi” adlandırır.

Qarabağda keçirilən təmtəraqlı mətbuat tədbirləri də bu sistemin vitrinidir. İlham Əliyevin qarşısına hökumətin əvvəlcədən etibarlı saydığı media nümayəndələri çıxarılır. Mirşahin Ağayev kimi şəxslərin verdiyi, hakimiyyət üçün heç bir siyasi məsuliyyət yaratmayan suallar jurnalistika kimi təqdim edilir. Sualın dişləri əvvəlcədən çəkilir, cavab isə yalnız prezidentin növbəti monoloquna çevrilir. Bu, mətbuat konfransı deyil, saray tamaşasıdır. Həqiqi jurnalist hakimiyyətdən onun eşitmək istədiyini soruşan adam deyil, o, ölkənin neft və qaz gəlirlərinin kimlərin əlində toplandığını, işçilərin niyə yoxsullaşdığını, iri şirkətlərin hansı imtiyazlardan yararlandığını, dövlət büdcəsinin necə bölüşdürüldüyünü, məmur kapitalının necə yarandığını və narazı insanların niyə həbs edildiyini araşdırandır. Məhz buna görə hakim sinif azad mediadan qorxur. Çünki azad jurnalistika yalnız ayrı-ayrı məmurların korrupsiyasını deyil, bütövlükdə sərvəti yaradanlarla ona sahib çıxanlar arasındakı ziddiyyəti görünən edir. Hakimiyyət üçün təhlükəli olan təkcə hansısa faktın yayılması deyil. İnsanların öz həyatları ilə siyasi və iqtisadi sistem arasında əlaqə qurmasıdır.

Rejim xalqın kasıblığını fərdi uğursuzluq, işçinin istismarını “əmək bazarı”, məmurun zənginliyini isə “uğurlu idarəçilik” kimi təqdim etmək istəyir. Müstəqil media bu yalanların üzərindəki örtüyü qaldırdığı üçün məhv edilir. Buna görə də 22 iyul indiki şəraitdə bayramdan daha çox ittiham aktıdır. Jurnalistlər həbsdə olduğu halda mətbuat nümayəndələrinə mənzil, medal və fəxri ad paylamaq mətbuat azadlığı deyil. Bu, itaətin mükafatlandırılmasıdır. Hakimiyyət jurnalistikanı peşədən dövlət xidmətinə, jurnalisti isə ictimai nəzarətçidən saray katibinə çevirmək istəyir.

Biz “azad mətbuat yoxdur” bəhanəsini qəbul etmirik. Kapitalın media üzərində hökmranlığına qarşı çıxmaqla dövlətin media üzərində mütləq hökmranlığını müdafiə etmək arasında heç bir ziddiyyət yoxdur. Əksinə, ardıcıl demokratik mövqe həm oliqarxların informasiya monopoliyasına, həm də avtoritar dövlət senzurasına qarşı mübarizəni tələb edir.

Bütün həbsdə olan jurnalistlər dərhal azad edilməli, “Media haqqında” repressiv qanun ləğv olunmalı, dövlətin reklam və maliyyələşmə üzərindəki monopoliyasına son qoyulmalıdır. Medianın azadlığı bir neçə varlı sahibkarın, dövlət məmurunun və ya xarici fondun iradəsindən deyil, jurnalistlərin, işçilərin və cəmiyyətin demokratik təşkilatlanmasından qaynaqlanmalıdır.

Həsən bəy Zərdabinin irsi onun portretini divardan asmaq deyil, hakimiyyətin qarşısında susmamaqdır. Bu gün Azərbaycanda azad mətbuatın olmadığını söyləmək olar, amma bunun səbəbi azad mətbuatın dünyada mümkün olmaması deyil, səbəb İlham Əliyev hakimiyyətinin onu sistemli şəkildə məhv etməsidir.