Azərbaycan cəmiyyətində gündəlik xəbərlər çox zaman oxucunun zehnində tez sönən qığılcımlar kimi keçir gedir. Amma bəzən hansı hansı məlumatın içində gizlənən həqiqət bütöv sistemin iyrənc anatomiyasını açıb göstərir. Dünən “AzParking” MMC ilə bağlı yayılan xəbər də məhz belələrindəndir. İşçilərə 8 saatlıq iş günü ərzində cəmi bir dəfə tualet və çay fasiləsi verilməsi kapitalizmin işçiyə baxışının ən açıq, ən rəzil formasıdır.
Marks yazırdı: “Kapital ölü əməkdir, o yalnız canlı əməyin hesabına yaşayır və vampir kimi sorduğu ilə kifayətlənmir”. “AzParking”də gördüyümüz bu vampirlikdir: işçinin bədəni belə artıq özünə məxsus deyil. Onun ayaqları kapitalın icazəsi ilə hərəkət edir, sidik kisəsi belə rəhbərin rüsxətindən asılıdır. İnsan bədəni ən təbii bioloji ehtiyacları ilə artıq kapitalın mülkiyyətinə çevrilib.
Burada söhbət sadəcə “çay fasiləsi”nin məhdudlaşdırılmasından yox, işçinin insan kimi yox, robot kimi dəyərləndirilməsindən gedir. Kapitalistin gözündə işçi nə qədər az yeyib-içsə, nə qədər az nəfəs alsa, bir o qədər çox fayda verir. Bu, əsrlər öncə fabrikin qapalı sexlərində baş verənlərin bugünkü şəhər məkanında təkrarından başqa bir şey deyil.
Əmək Müfəttişliyi isə şikayətləri ya araşdırmır, ya da formal yoxlama ilə “tozunu alıb kənara qoyur”. Əslində isə bu, təəccüblü deyil. Çünki dövlət heç vaxt siniflərdən “yuxarıda” duran nəsnə olmayıb. Lenin bu həqiqəti açıq yazmışdı: “Dövlət hökmran sinfin maşınıdır.”
Azərbaycan reallığında bu MMC oliqarxiya və iri kapitalın əlindədir. Dövlətin “qoruyucu” orqanları işçinin deyil, işverənin qalxanı kimi fəaliyyət göstərir. Dövlət işçinin fəryadını eşitmir, amma kapitalistin xırda pıçıltısını belə dərhal qanuna çevirir. Belə olan halda, işçi haraya müraciət etsin? Cavab sadədir: özünə, öz sinfinə.
“AzParking” MMC-nin yüzlərlə işçisi bu şərtlərlə barışır, çünki bir qarın çörəyə görə işləməyə məcburdurlar. İşini itirmək qorxusu onların boğazından yapışır, susmağa məcbur edir. Bu qorxu təsadüfi deyil, kapitalizmin qurduğu xüsusi mexanizmdir. Marks buna “işsizlər ordusu” deyirdi. İşsizlərin mövcudluğu işləyənlərin boğazına dolanmış ipdir: “Səsini çıxarma, yoxsa sənin yerinə min nəfər hazırdır.”
İşçinin hüquqsuzluğu bütöv iqtisadi sistemin, siyasi quruluşun və ideoloji aparatın nəticəsidir. Kapitalizm işçini qorxutmaqla itaətkar saxlayır; yoxsulluq, işsizlik və ac qalmaq təhlükəsi isə bu qorxunun əsas qidasıdır.
Bu hadisə bir daha göstərir ki, Azərbaycanda işçi sinfinin müstəqil səsi yoxdur, dövlət qurumları – Nazirliklər, Müfəttişliklər – kapitalın gözətçisinə çevrilib, işçilər isə hüquqsuz, təcrid olunmuş, təşkilatsız vəziyyətdə yaşamağa məcbur edilirlər. Bu tabloya baxıb, kimsə hələ də “tək-tük hadisədir” deyə bilərmi? Yox. Bu, istər “AzParking”, istər tikinti sektorunda fəhlələr, istərsə də ticarət mərkəzlərində kassirlər – hər yerdə eyni mənzərədir. Bu, bir müəssisənin yox, bütöv sistemin rəsmi portretidir.
Bütün bunların fonunda tək bir nəticə qalır, Azərbaycan işçi sinfi yalnız və yalnız öz siyasi partiyası, öz təşkilatı vasitəsilə bu zəncirləri qıra bilər. Əks halda, hər gün yeni “AzParking”lər doğulacaq. Kapital insana insaniyyətini qaytarmayacaq, onu yalnız mübarizə qaytara bilər.
“AzParking” MMC-nin qadağası həm də kapitalizmin fəlsəfəsidir, işçi insan deyil, sadəcə “məhsuldarlıq vahidi”dir. Ona görə də bu xəbər bir müəssisənin biabırçılığı kimi deyil, bütöv sistemin ifşası kimi oxunmalıdır. Və biz, zəhmətkeşlərin yanında olan hər kəs, bir daha başa düşməliyik ki, işçi sinfinin partiyası olmadan nə tualetə çıxmaq hüququ qorunacaq, nə də insanlıq.
